Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2023 14:00

Tarix yaradan şəxsiyyət

Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı uğruna böyük işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Ulu Öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ümummilli Lider Azərbaycan xalqının və dövlətinin hər bir problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir.

1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində dünyaya göz açan dahi şəxsiyyət ilk təhsilini də Naxçıvanda alıb. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub. Yalnız İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-1944-cü illərdə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işlədikdən sonra 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. Hər zaman təhsilə böyük önəm verən Heydər Əliyev 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib. Ən önəmli hadisələrdən biri 1969-cu il iyulun 14-də baş verdi. Həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri oldu. Ulu Öndərin Azərbaycanda rəhbər seçilməsi xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda, ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu tarixdir. Ulu Öndər o mürəkkəb tarixi şəraitdə ölkəmizi keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməklə, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoyurdu.

Respublikaya rəhbərliyə gəldikdən sonra Ulu Öndər çox qısa bir müddət ərzində Azərbaycanın ictimai və siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər etdi. Məhz bu səbəbdən Heydər Əliyev 1982-ci ildə sovetlər ittifaqında ali rəhbər vəzifədə olduğu zaman Azərbaycan artıq inkişaf etmiş sənaye respublikası kimi tanınırdı. O illərdə respublikada çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu. 

Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə - müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü - Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi.

1987-ci ildən etibarən sovet rəhbərliyinin himayəsi ilə ermənilər Azərbaycanın tarixi və əzəli torpağını, Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirmək üçün ekstremist fəaliyyətə başladılar. Bu səbəbdən dolayı ayağa qalxan Azərbaycan xalqı öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kütləvi xalq hərəkatına başladı. Bu hərəkatda öndə olan qüvvələr məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdə yaratdığı mühitin yetişdirdiyi insanlar idi. Heydər Əliyevin XX əsrin 70-ci illərində Azərbaycanda yaratdığı ab-hava milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratdı. Belə bir mühit Azərbaycanda yerli kadrların yetişməsinə gətirib çıxarmışdı. Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə kadr siyasətində azərbaycançılıq prinsipinə ciddi riayət edib və bunu məqsədyönlü şəkildə həyata keçirirdi. Bunun nəticəsidir ki, Heydər Əliyevin hakimiyyəti dövründə kadr məsələsində azərbaycanlılar artıq üstünlük təşkil edirdi. Həmçinin o dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskussiyaların aparılması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin inkişafına xidmət edən siyasətinin nəticəsi idi. Azərbaycan xalqının öz tarixini, keçmişini, ədəbiyyatını və keçdiyi inkişaf yolunu öyrənə bilməməsi üçün Moskvadan həmişə bu işlərə mane olmağa çalışırdılar. Yəni, dövlətçilik ruhunun inkişafına ittifaq mərkəzi həmişə əngəl olmağa çalışırdı. Lakin Heydər Əliyev bu prosesləri həyata keçirməyə davam edirdi.

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. O illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Bu gün ölkəmizə gözəllik verən yüzlərlə yaşayış və ictimai binalar, məktəblər, fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən ölkəmizin şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu, eləcə də Xankəndinə dəmir yolunun çəkilməsi Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi.

Xalqımızın güc və potensialına inanan və güvənən Heydər Əliyev böyük qətiyyətlə onu səfərbər edə bilmiş, bugünkü müstəqilliyimizin iqtisadi, siyasi, mənəvi əsaslarını hələ o illərdə yaratmağa başlamışdı. Onun respublikaya rəhbərlik etdiyi sovetlər dönəmində Azərbaycan neft və pambıq xammalı mənbəyindən o dövr üçün ən müasir texnologiyaların geniş tətbiq olunduğu yüksək sənaye respublikasına çevrilmişdi. O illərdə Heydər Əliyev ilk növbədə bugünkü dövlət müstəqilliyimizin əsası olan güclü iqtisadi bazanı yarada bilmiş, respublikanın özünü elektrik enerjisi və digər zəruri vasitələrlə tam təmin etməsinə şərait yaratmışdı. Azərbaycanın mənzərəsi tamamilə dəyişilmiş, respublikanın hər yerində böyük abadlıq işləri getmiş, yeni elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, Azərbaycan üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, ən başlıcası, bu sahələrdə işləyə bilən güclü kadr potensialı yetişdirilmişdi.

Bununla yanaşı, xalqımızın elmi, mədəniyyəti, incəsənəti də yeni inkişaf səviyyəsinə qaldırılmış, Azərbaycanın zəngin tarixi bütün dünyaya tanıdılmışdır. Bunlar hamısı onun zəhmətinin və böyük təşkilatçılıq işinin bəhrəsi idi. Ulu Öndərin fəaliyyətinin əsasını milli-mənəvi, dini dəyərlərimizə sıx bağlılıq, Azərbaycan və dünya tarixini mükəmməl bilməsi, xüsusi xidmət orqanlarında çalışarkən xalqımıza qarşı yönəlmiş siyasəti aydın görüb dərindən araşdırması təşkil etmişdir. Və bu amillər onun millətsevərlik, müstəqil dövlətçilik baxışlarının formalaşmasında çox böyük rol oynamışdır.

Heydər Əliyev xarakterinə görə praqmatik, dərin bilikli, məntiqli, cəsarətli, həyata keçirməyə çalışdığı ideyaları uğrunda əzmlə mübarizə aparan prinsipial rəhbər olmaqla yanaşı, millətini, xalqını, Vətənini sonsuz məhəbbətlə sevən lider idi. Onun hakimiyyətə gəldiyi ilk gündən atdığı çox mühüm, gələcəyə hesablanmış addımlarından biri də azərbaycanlılar arasında birlik yaratması, hakimiyyət strukturlarına əsasən azərbaycanlıların yerləşdirilməsi idi. Ötən əsrin 70-ci illərində gedən iqtisadi tərəqqinin, yeni zavod və fabriklərin tikintisinin bir mühüm cəhəti də Bakı şəhərinin böyüməsi və onun əhalisinin tərkibində azərbaycanlıların tam əksəriyyət təşkil etməsi idi. Yeni tikilən sənaye müəssisələrinə və zavodlara lazım olan işçi qüvvəsi paytaxta bölgələrdən gəlir və Bakı getdikcə milli şəhərə çevrilirdi. Azərbaycanı müstəqilliyə doğru aparmaq üçün Ulu Öndərin qarşısında duran əsas məqsədlərdən biri də iqtisadiyyatı müstəqil ölkə kimi yaşaya biləcək səviyyəyə qaldırmaq idi. Ona görə də 1969-1982-ci illəri bugünkü müstəqilliyin iqtisadi əsaslarının yaradılması mərhələsi adlandırmaq olar. O illərdə Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial siyasət sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının, dövlət idarəçiliyinin və ictimai-siyasi həyatın dərin bilicisi kimi müvəffəq olmaq mümkün idi. Elə bu uzaqgörənliyinə və dərin siyasi baxışlarına görə onu Kremldə çox məsul bir vəzifəyə təyin etmişdilər.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk gündən etibarən sovet rejiminin bütün ideoloji-siyasi baryerlərinə sinə gərərək xalqımızın özünüdərki üçün zəruri addımları atmağa, cəmiyyəti bütün istiqamətlərdə yüksəlişə hazırlamağa başlamışdır. Xalqımızı öz soy-kökünə qaytarmaq, zəngin ədəbi irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün təxirəsalınmaz tədbirləri həyata keçirən Ulu Öndər bu yöndə atdığı hər addımla həyatına təhlükələr yarana biləcəyini də bilirdi. Amma nə olursa-olsun, dahi şəxsiyyət öz yolundan dönən deyildi və dönmədi də. 

Ümummilli Lider cəmiyyətdə milli məfkurənin güclənməsi, dövlətçilik şüurunun yenidən formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini son dərəcə vacib amil hesab edirdi. Buna görə də əminliklə deyə bilərik ki, Azərbaycan tarixində ikinci maarifçilik hərəkatı məhz onun adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi altında təhsilin milliləşdirilməsi, dilimizin inkişafı, ictimai elmlərin tarixi xarakterinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü, zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına tarixi addım atıldı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu oldu. Azərbaycan müstəqilliyini qazanan zaman Vətənin ağır günlərində SSRİ-nin müxtəlif şəhərlərində xidmət edən bu liseyin məzunları ölkəyə qayıtdılar və ordu quruculuğunda, Vətənin müdafiəsində yaxından iştirak etdilər. Böyük strateq illər sonra - 1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən məqamlara toxunaraq demişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə, təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində işləmişdim. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti məni daim maraqlandırmışdı və mən bu barədə xeyli məlumatlara malik idim... Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilib... Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum".

 

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"