Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Yanvar 2023 12:40

Azərbaycanın hərbi əməkdaşlıq və tərəfdaşlıq siyasəti uğurla davam etdirilir

Ümummilli Lider Heydər Əliyev:

Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir.

Dünyada yaranmış mürəkkəb geosiyasi vəziyyət fonunda Azərbaycan Respublikasının xarici siyasət strategiyası milli maraqlarla yanaşı, regional və dünyəvi sabitliyin və təhlükəsizliyin təmini üzərində qurulmasını vacib şərtə çevirir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət konsepsiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan xarici siyasət Azərbaycanı beynəlxalq münasibətlər müstəvisində nüfuzlu söz sahibinə çevirir. Belə ki, bu gün Azərbaycanın regionda apardığı mehriban qonşuluq siyasəti, dünyada isə etibarlı əməkdaşlıq fəaliyyəti layiqincə təşkil edilir. Dövlət rəhbərliyi xarici münasibətlərin mühüm hissəsini tənzimlənmiş strategiya üzərində qurur və beynəlxalq dayaqların möhkəmləndirilməsi üçün həyata keçirilən qlobal layihələr dünyada ölkəmizin nüfuzunu daha da artırır. Xarici siyasətimizin qarşısında duran əsas vəzifə dövlətlərarası münasibətlərin bərabərhüquqlu və qarşılıqlı formada təşkilidir. Sevindirici haldır ki, son illərdə beynəlxalq aləmdə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlı olan ölkələrin sayı mühüm dərəcədə artıb. 44 günlük haqq savaşında qazanılan Böyük Qələbə, işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq və abadlıq işləri, beynəlxalq arenada cari geostrateji vəziyyətlə bağlı ortaya qoyduğumuz aşkar mövqeyimiz dünya ölkələrinin bizim ölkəmizə artan marağı və verilən dəyəri şərtləndirən amillərdəndir. Məlumdur ki, bu gün regionda Azərbaycanın razılığı və iştirakı olmadan heç bir layihənin həyata keçirilməsi mümkün deyil. Azərbaycan BMT-nin, Qoşulmama Hərəkatının, Avropa İttifaqının və digər dünya səviyyəli təşkilatların üzvü olaraq da qarşısında duran vəzifələri layiqincə icra edib, bu gün də edir.
Bunun nəticəsidir ki, Azərbaycan istər regional, istərsə də dünyəvi təhlükəsizliyin əldə edilməsində və enerji təhlükəsizliyinə nail olunmasında etibarlı tərəfdaş hesab olunur.

 

Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətləri


Digər sahələr kimi, beynəlxalq hərbi əməkdaşlıq da ölkəmizin ən əsas və vacib fəaliyyət istiqamətlərindən biridir. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi, bir sıra dövlət qurumları, xüsusilə Xarici İşlər Nazirliyi ilə sıx əlaqəli şəkildə hərbi əməkdaşlıq istiqamətində əlaqələrin və kommunikasiyaların qurulması işlərini həyata keçirir. Sözügedən fəaliyyətlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyasına, eləcə də dövlətin xarici siyasət kursuna uyğun təşkil olunur.
Beynəlxalq hərbi əməkdaşlıq üç əsas istiqamətdə aparılır: hərbi, hərbi-siyasi və hərbi-texniki. Adıçəkilən sahələrdə Müdafiə Nazirliyi və xarici dövlətlərin aidiyyəti hərbi qurumları, beynəlxalq təşkilatları müxtəlif tərəfli formatda görüşlər və tədbirlər həyata keçirir.
Beynəlxalq hərbi əməkdaşlığın qarşısında duran məqsəd və tapşırıqlar hansılardır? - Bu əməkdaşlığın məqsəd və tapşırıqları dövlətimizin milli maraqları, onun özünü müdafiə və xarici siyasəti ilə tənzimlənir. Belə ki, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi; beynəlxalq və regional təhlükəsizliyə töhfənin verilməsi; döyüş qabiliyyətinin artırılması, xarici ölkələrin orduları ilə qarşılıqlı uzlaşmanın təmin edilməsi və digər nəticələrə hesablanıb.

 

Hərbi sahədə əməkdaşlıq


Hərbi sahədə əməkdaşlıq - Azərbaycan Ordusunun döyüş və özünümüdafiə qabiliyyətinin (döyüş, əməliyyat və səfərbərlik hazırlığının) yüksəldilməsi, onun qorunub saxlanılması, hərb elminin və hərbi təhsil sisteminin inkişaf etdirilməsi, hərbi quruculuq sistemində müasir dünya təcrübəsinin öyrənilməsi, innovativ yeniliklərin ordumuzda tətbiqi, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi üzrə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatları ilə Müdafiə Nazirliyinin qarşılıqlı fəaliyyət istiqamətidir.
Sözügedən sahədə Azərbaycan Ordusunun region, Şərq və Avropa ölkələri ilə geniş əlaqələri mövcuddur. Azərbaycan Ordusunun hərbi hazırlığını daim yüksək səviyyədə saxlamaq üçün, xüsusilə hərbi-elm və hərbi-təhsil sahəsində xarici ölkələrlə hərbi əməkdaşlıq böyük önəm kəsb edir.
Ümumilikdə Azərbaycan Ordusu bu istiqamətdə dünyanın 38 ölkəsi ilə əməkdaşlıq edir. Bəzi ölkələrlə tədbirlərin daha effektiv planlanması və icrası üçün hər il Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və digər ölkələrin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq planları icra olunur.
Bütün sahələrdə olduğu kimi, hərbi əməkdaşlıq sahəsində də Azərbaycanın ən yaxın tərəfdaşı Türkiyə Respublikasıdır. Hərbi-elm və hərbi-təhsil sahəsində Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə geniş əlaqələri mövcuddur. Hər il Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin hərbi-təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə təhsil alır, həmçinin digər qısa və uzun müddətli ixtisas kurslarında iştirak edirlər. Xüsusilə müxtəlif təyinatlı  birgə təlimlər, komando kursları, pilotsuz uçuş aparatlarının idarə olunması, həmçinin digər mövzular və ixtisaslar üzrə kurs və təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasında müstəsna yer tutur. Hər iki ölkənin hərbçiləri həm Azərbaycanda, həm də Türkiyədə təşkil olunan müxtəlif miqyaslı təlimlərdə iştirak edirlər. Ötən ilin sonunda yüksək səviyyədə keçirilən "Qardaş yumruğu" təlimi də bu iki ölkə arasında dünyada analoqu olmayan birliyin, qardaşlığın, müttəfiqliyin və yüksək səviyyədə qurulan əməkdaşlığın bariz nümunəsi oldu.
Əlavə olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Almaniya, Belarus, Bolqarıstan, Böyük Britaniya, Gürcüstan, İtaliya, Latviya, Litva, Özbəkistan, Pakistan, Polşa, Qazaxıstan, Qırğızıstan, Rumıniya, Rusiya, Serbiya və Ukrayna ilə ikitərəfli əməkdaşlıq planları mövcuddur və sözügedən ölkələrlə birlikdə müxtəlif kurslar, konfranslar, təlimlər və digər zəruri tədbirlər planı həyata keçirilir.

 

Hərbi-siyasi sahədə əməkdaşlıq


Hərbi-siyasi sahədə əməkdaşlıq - Azərbaycan Respublikasının xarici və müdafiə siyasətinə uyğun olaraq, Müdafiə Nazirliyinin milli, beynəlxalq, regional və kollektiv hərbi təhlükəsizliyin, sabitliyin təmin edilməsinə, eləcə də beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə yönəlmiş fəaliyyətidir.
Müdafiə Nazirliyi Xarici İşlər Nazirliyi və digər dövlət qurumları ilə əlaqəli şəkildə, öz səlahiyyəti çərçivəsində dövlətin siyasi kursunu davam etdirir. Belə ki, mütəmadi olaraq Müdafiə Nazirliyinin rəhbər heyəti öz xarici həmkarları ilə həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda görüşlər keçirir, regionda və dünyada baş verən prosesləri müzakirə edir və Azərbaycanın mövqeyini xarici həmkarlarının diqqətinə çatdırırlar. 2022-ci il ərzində Müdafiə Nazirliyinin rəhbər heyətinin xarici dövlətlərə ümumilikdə 12 səfəri reallaşıb. Xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin isə ölkəmizə 23 rəsmi və işgüzar səfəri baş tutub.

 

Hərbi-texniki sahədə əməkdaşlıq


Hərbi-texniki sahədə əməkdaşlıq - silah, döyüş texnikası və digər hərbi təyinatlı texnika, döyüş sursatı, yanacaq, ərzaq, əşya, mühəndis və digər bölmələrin hərbi təchizat və təminat vasitələrinin, iş və xidmətlərə olan ehtiyacların təmin edilməsi (istehsalı, alınması, hazırlanması, modernləşdirilməsi, təmiri və s.) sahəsində Müdafiə Nazirliyinin fəaliyyətidir.
Hərbi-texniki təminatının yüksək səviyyədə saxlanılması Azərbaycan Ordusunun qarşısında duran əsas tapşırıqlardan biridir. Bir sıra ölkələrdən silah və sursatın alınıb tədarük olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan Ordusunun, xüsusilə Türkiyə və digər dövlətlər ilə hərbi-texniki sahədə əməkdaşlıq əlaqələri vardır. Sözügedən ölkələrdən müasir hərbi texnikanın tədarük olunması istiqamətində lazımi tədbirlər həyata keçirilir. Həmçinin qoşunların istifadəsində olan hərbi texnikanın modernləşdirilmə prosesinin aparılması istiqamətində fəaliyyətlər icra edilir və işçi qrupların görüşü təşkil olunur.

 

Yekun


Müasir, qloballaşan dünyada yeni çağırış və təhdidlərə hazır olmaq üçün, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də  beynəlxalq əməkdaşlıq olduqca vacibdir. Bununla bağlı yaxın gələcəkdə xarici dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığın səmərəliliyinin daha da artırılması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Əlavə olaraq sülhməramlı əməliyyatlarda Azərbaycan Ordusunun nümayəndələrinin iştirakı ölkəmizin və ordumuzun əməkdaş və tərəfdaş imicinə müsbət təsir göstərən amillərdən biridir.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması və inkişaf etdirilməsi istiqamətində hərbi quruculuq işlərində müasir dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üzrə xarici dövlətlərin silahlı qüvvələrində və beynəlxalq təşkilatlarda tətbiq olunan yeni proqram və mexanizmlərin araşdırılması da ölkə rəhbərliyi tərəfindən seçilmiş prioritet istiqamətlərdəndir. Azərbaycan hər zaman regionda əhəmiyyətli tərəfdaş olaraq, dünya ölkələri ilə əlaqələrin genişləndirilməsində maraqlı olub. Belə ki, qurulan səmərəli əməkdaşlıqlar sayəsində Azərbaycan Ordusunda beynəlxalq təcrübənin öyrənilməsi və uğurlu tətbiqinə nail olmaq mümkündür ki, bu gün bu proses dövrün tələbləri əsasında inkişaf etdirilir. Bunun nəticəsi olaraq dünyada və regionda təhlükəsizliyin təmin olunmasına yönəlik keçirilən görüşlər və qurulan əlaqələr bu gün ölkəmizin də, ordumuzun da nüfuzuna müsbət təsir edir, dünya coğrafiyasında dövlətimizin hərbi-siyasi mövqeyini daha da gücləndirir.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"