Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2023 16:45

20 Yanvar - müstəqillik tariximizin şərəf səhifəsi

İllər ötür, hadisələr tarixləşir. Tarixləşən hadisələr unudulmur...
XX yüzillik Azərbaycan xalqının taleyində müstəqillik və azadlıq uğrunda mübarizə, milli oyanış və özünüdərk əsri oldu. Milli birliyə və sarsılmaz iradəyə hansı dərəcədə malik olması qarşılaşdığı çətin anlarda xalqın  iradəsi kimi ortaya çıxır. 1988-ci ildən başlayan milli-azadlıq hərəkatı belə iradə idi. Bu iradə də tarixləşdi, bu qətiyyətə qarşı sovet imperiyasının qəddarlığı da...
Tarixə və qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi mübarizənin şərəfli tarixidir. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin bir başlanğıc mərhələsi oldu.
1990-cı il yanvarın 20-də baş verən qanlı hadisədən 33 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd olunan 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi, milli iradəmizin imperiya üzərində zəfər çaldığı gün kimi daxil olub. Bu tarix azərbaycançılığın qüdrətinin dünyaya bəyan edilməsinin başlanğıcı idi.
Sovet İttifaqında uzun müddət davam edən durğunluğu tədricən iqtisadi böhran əvəz etmişdi. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumətin əməli tədbirlər görməməsi və digər neqativ hallar vaxt keçdikcə haqlı narazılığı artırırdı. Digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağda separatizm meyillərinin qızışdırılması onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirirdi. Bu amillər və onlardan rişələnənlər açıq mübarizə müstəvisində Azərbaycan xalqının müstəqillik arzusunun gerçəkləşməsinə zəmin yaradırdı.
Beləliklə, bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinin hazırladığı planın həyata keçirilməsi üçün də bir fürsət oldu. Azərbaycana qarşı sərt tədbirlərin görülməsi  üçün şərait yarandı.
1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, digər xüsusi təyinatlı hərbi qurumların iyirmi mindən çox əsgər və zabiti Bakıya və şəhər ətrafındakı hərbi hissələrə yerləşdirildi. Bu ordu hissələrinin tərkibinə Stavropol, Rostov və Krasnodardan əsasən erməni zabit və əsgərlər, hərbi məktəblərdə təhsil alan erməni kursantlar da cəlb edilmişdilər.
1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Soveti hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 19-dan 20-nə keçən gecədən etibarən "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman qəbul etmişdi.
Yanvarın 19-da SSRİ DTK-nın "Alfa" qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladıldı ki, buna görə də Bakıda fövqəladə vəziyyətin elan edilməsi və şəhərə qoşun yeridilməsi barədə əhaliyə rəsmi məlumatı çatdırmaq mümkün olmadı, yəni, qırğının miqyası bu şəkildə daha da artırılacaqdı.
Fövqəladə vəziyyət yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməliydi, ancaq qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən əvvəlcə Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na SSRİ Müdafiə naziri Dmitri Yazov, SSRİ Daxili İşlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov rəhbərlik etmişdilər.
 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən qoşun hissələri küçələrə çıxıb istər erməniliyin törətdiklərinə, istərsə də sovet imperiyasının bu hadisələrə biganəliyinə  etirazlarını bildirən dinc əhaliyə qarşı bəşər tarixinin insanlığa sığmayan ən faciəvi hadisələrindən biri - dinc nümayişçilərin gülləbaranı baş verdi. Ağır hərbi texnika barrikadaları çox asanlıqla dağıtdı. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.
Əhaliyə fövqəladə vəziyyətin elan olunması çatdırılanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra - yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyət elan olunmayan rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi.
İnsanlığa sığmayan qəddarlıqla milli-azadlıq hərəkatını, 1920-ci il ilhaqına qarşı mücadiləni boğmaq, yatırtmaq məqsədilə Azərbaycana yeridilən imperiya qoşunları Bakıda və respublikanın müxtəlif rayonlarında 146 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirdi. 700-dən çox adam yaralandı, 841 nəfər qanunsuz həbs olundu.
O vahiməli gecənin aydınlığa çıxması Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə işıq saldı. Xalq düşmən tankının tırtılları altında parçalanmış, sinələri düşmən güllələrindən deşik-deşik olmuş övladlarını qan gölünə dönmüş küçələrdən tapdı. Bu, Azadlığın bərpasına gedən yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi...
Nə qədər hüznlü və acı olsa da, xalq öz mübariz, qəhrəman övladlarını son mənzilə yola salmağa özündə güc tapdı. Haqq, azadlıq yolunda şəhidlik zirvəsinə ucalmaq qədər şərəfliydi düşmən silahının nişangahında Vətənin şəhidlərini layiqincə son mənzilə yola salmaq. Var olduğu gündən işğalçılar qarşısında baş əyməyən xalqımız sarsılmadı, əyilmədi, qorxmadı. Müqəddəs zirvənin fatehləri yüz minlərin çiynində əbədiyyətə qovuşdu.
Azərbaycan xalqı yüz illiyin sonunda böyük qurbanlar verdi, tarixinin taleyüklü günlərində milli ruhunun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədə susdurmaq, mübarizədən çəkindirmək, qorxutmaq, dayandırmaq mümkünsüzdür.
Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təşkilatçıların, günahkarların cəzalandırılmasını tələb etmişdi. Ulu Öndər həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk siyasi qiymət vermişdir.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə-kompleksi ucaldılmışdır. Həmçinin,  Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara "20 Yanvar Şəhidi" adı verilmişdir.
Ulu Öndər sonradan o günləri xatırlayarkən deyirdi: "Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi".
Bu siyasəti Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev bu gün də uğurla davam etdirir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslər və şəhid ailələri üçün təqaüdlərin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Şanlı Zəfərimiz xalqımızın qəhrəman oğullarının hər an Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olduğunu bir daha təsdiqlədi.
Torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda mübarizədə qurban getmiş şəhidlər heç vaxt unudulmayacaq. Ucaldıqları müqəddəslik onları ölməzliyə - Əbədiyyətə, xalqımızı isə Azadlığa qovuşdurdu.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"

 

* * *



20 Yanvar faciəsi hər bir azərbaycanlının həm qəhər, həm də qürur günüdür.
Ermənistanın Azərbaycandan torpaq iddiası siyasi mübarizəyə səbəb olmuşdu. Bu mübarizə Azərbaycan xalqının milli-azadlıq hərəkatı idi. Bu hərəkat milyonların mitinqi ilə davam edirdi. Xalq mübariz şair X.R.Ulutürkün dediyi kimi, azadlığı zərrə-zərrə, qram-qram istəmirdi, sovet imperiyasının müstəqilliyin qollarına vurduğu zəncirləri qırmaqda qətiyyətliydi. Bu mübarizə həm Ermənistanın işğalçılıq niyyətinə, həm də Azərbaycanda Sovet imperiyasının müstəmləkəçilik siyasətinə yönəl-mişdi. Nəticədə İmperiya Azərbaycanda başlayan milli-azadlıq hərəkatından qorxuya düşmüşdü. Bu hərəkatı boğmaq üçün müxtəlif tədbirlər görsə də, istəyinə nail ola bilməmişdi. İmperiya Bakıya qoşun yeritdi. 1990-cı ilin 19 yanvar gecəsi təməli xəyanətlə qoyulan, dünya dövlətlərinə "müttəfiq respublikaların birliyi" kimi tanıdılan sovet imperiyası bu siyasətə etirazını bildirənləri sərt cəzalandırırdı. Azərbaycanın azadlıq mübarizləri bundan çəkinmədilər. İmperiyanın göndərdiyi qoşunun da qarşısına bu müstəqillik əqidəsiylə çıxdılar...
Sovet dövlətinin göndərdiyi qoşun Bakıda dinc insanları, evləri, dövlət idarələrini, yaralananlara köməyə gedən təcili yardım maşınlarını güllələyir, tanklar qarşısına çıxan maşınları əzib keçirdi. O gecə 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi, neçələri itkin düşdü...
33 il əvvəl törədilmiş faciə indi də qəhərlə xatırlanır. Qəhərlə xatırlanan bu faciə həm də xalqımızın azadlıq, müstəqillik mübarizəsinin bir mərhələsi kimi yaddaşlarda yaşayır və yaşayacaq. Dövlət müstəqilliyimiz bu mübarizədən keçərək bərpa olundu...
İmperiyanın öyrədilmiş caniləri o günlərdə neçə-neçə qocanı, uşağı da qətlə yetirdilər. Faciənin səhərisi gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəyə siyasi qiymət verilməsini, onun təşkilatçılarının da, icraçılarının da cəzalandırılmasını tələb etmişdi...
Qanlı Yanvar faciəsi xalqımızın mübarizə əzmini qıra bilmədi. Xalq şəhidləri Azadlıq meydanından Dağüstü parka kimi çiyinlərində apardı. Dağüstü park Şəhidlər xiyabanına çevrildi. Şəhidlər xiyabanı hamımızın ziyarətgahımız oldu.
Xalq daha da dəyanətlə müstəqillik uğrunda mübarizəni davam etdirdi. Azərbaycanda azadlıq mübarizəsi dövlət müstəqilliyimizin bərpası ilə nəticələndi...
20 Yanvar faciəsi azadlıq, müstəqillik tariximizin şərəfli səhifəsidir. Bu tarix heç zaman unudulmayacaq!..

Ülviyyə YUSİFOVA Bakı şəhəri