Ölkəmiz beynəlxalq sülhyaratma missiyalarında iştirak edərək təkcə regionda deyil, dünyada da sülh və təhlükəsizliyin qorunub saxlanmasına öz töhfəsini verib. Belə ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğundakı islahatların tərkib hissəsi kimi, beynəlxalq əlaqələrin qurulması, bununla da NATO və dünyanın aparıcı ordularına malik ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələsinin həllinə yönəlik qəti addımlar atıldı. Ordumuzun dünya standartları səviyyəsinə çatdırılmasını və qabaqcıl təcrübələrin ordumuzda tətbiq edilməsini prioritet elan edən Dahi Rəhbər səmərəli, ciddi nəticələrin əldə olunmasına nail oldu. Hərbi əməkdaşlıqların qurulması məsələsini əsas prinsipə çevrildi. Bu istiqamətdə görülən işlər bu gün də beynəlxalq sülhə öz töhfəsini verməkdədir. Beləliklə, Azərbaycan Ordusunun hərbi qulluqçuları 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda uğurla iştirak edirlər.
Belə ki, ilk dəfə 1999-cu ilin sentyabrında Azərbaycan Ordusunun sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə aparılan NATO-nun KFOR missiyasında iştirak üçün göndərildi. Türkiyəli qardaşlarımızla birgə iştirak etdiyi missiyada taqımımızın cavabdehlik ərazisi Draqaş şəhərinin Brod yaşayış məntəqəsi olub. 2008-ci ilin aprelində Kosovo Respublikasının müstəqilliyinin birtərəfli elan olunması ilə əlaqədar taqım tam heyətlə Kosovodan geri çağırıldı.
20 noyabr 2002-ci il tarixindən etibarən ilkin mərhələdə sülhməramlılarımız NATO-nun Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 2010-cu ildən etibarən isə şəxsi heyətin sayı artırılıb. Sülhməramlılarımız missiya müddətində Kabil şəhərində yerləşən əsas televiziya qülləsinin və İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib, eyni zamanda, patrul xidmətini həyata keçirib. 2015-ci il yanvarın 1-dən etibarən Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə başladılan "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq Kabilin Həmid Kərzai beynəlxalq hava limanının təhlükəsizliyinin təmin edilməsi vəzifəsini üstlənərək fəaliyyətlərini davam etdiriblər. Missiyanın sona çatması ilə əlaqədar, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri qaytarılmışdır. Müttəfiq və tərəfdaş ölkələrin ordu heyətlərinin, həmçinin missiya ilə əməkdaşlıq edən digər yerli vətəndaşların ölkədən təhlükəsiz çıxarılmasını təmin edərək oranı ən son tərk edən Azərbaycanın hərbi kontingenti NATO-nun siyasi rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
15 avqust 2003-cü il tarixindən etibarən Azərbaycan Ordusunun Sülhməramlı bölüyü İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində sülhməramlı missiyaya cəlb olundu. Missiya dövründə İraqın Hadita şəhəri yaxınlığında Amerika Birləşmiş Ştatlarının Dəniz Piyadası Komandanlığı tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirən sülhməramlılar, Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 7 dekabr 2008-ci il tarixində missiyasını yekunlaşdıraraq ölkəmizə geri qayıtmışdır.
Beynəlxalq təhlükəsizliyə dəstəyin davamı olaraq, 73 ölkədən mülki, polis və hərbçi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mandatı əsasında üzərlərinə düşən vəzifələri icra edirlər ki, 2019-cu ilin yanvarından etibarən Azərbaycan Ordusunun 2 (iki) zabiti də Cənubi Sudan Respublikasında həyata keçirilən BMT-nin UNMİSS (United Nations Mission in South Sudan) Missiyasında hərbçi müşahidəçisi qismində 6 aylıq rotasiya əsasında tapşırıqlarını yerinə yetirirlər. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən sülhməramlı qüvvələr quruma üzv olan ölkələrin ordusunun hərbi qulluqçuları hesabına təşkil olunur. Dünyanın ən gənc ölkələrindən biri olan Cənubi Sudanda mülki insanları qorumaq, insan hüquqlarının pozulması hallarını araşdırmaq, humanitar yardımı təşkil etmək və dəstəkləmək, sülh sazişinin həyata keçirilməsini təşviq etmək üçün həyata keçirilən bu missiyada bizim zabitlər də fəal iştirak edir, yüksək səriştə sərgiləyirlər. Bu missiyanın 4 istiqaməti var - Mülki əhalinin müdafiəsi; Humanitar yardımın çatdırılması üçün əlverişli şəraitin yaradılması; Sazişin və sülh prosesinin həyata keçirilməsinə dəstək; İnsan hüquqlarının monitorinqi və təhqiqatı.
Azərbaycan Ordusunun hərbi qulluqçuları, dünyanın müxtəlif nöqtələrində sülhməramlı missiyalarında xidmətləri zamanı yüksək peşəkarlıq nümayiş etdirib. Bunun nəticəsi olaraq hərbi qulluqçularımız da iştirak etdikləri missiyalarda ölkəmizi layiqincə təmsil etmiş və bu gün də bu proses uğurla davam etdirilir. Bu peşəkarlıq hər zaman yüksək qiymətləndirilmiş, hərbçilərimiz BMT-nin, NATO-nun və ABŞ-ın xidmət medalları və digər fəxri mükafatları ilə təltif ediliblər.
Sülhməramlı missiyanın tarixinə və təyinatına nəzər salaq. Adıçəkilən missiya davamlı sülhün təminatı üçün əlverişli şəraitin yaradılmasına yönəlik fəaliyyətlər planıdır. Sülhməramlı missiyada iştirak edən əsgər, polis və mülki personal aidiyyəti üzrə göndərildikləri regionda mülki insanların sağlamlıq, təhlükəsizlik məsələlərini nəzarətdə saxlayır, ölüm və müharibə riskini azaltmağa yönəlik tapşırıqları icra edirlər. Birləşmiş Millətlər Təşkilatının "Mavi dəbilqəlilər" adlandırılan sülhməramlıları konfliktlərin qarşısının alınması və ya münaqişələrin tənzimlənməsi üçün istifadə olunan kontingentdir. BMT ilk sülhməramlı missiyasına 1948-ci ildən başlayıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ərəb-İsrail müharibəsi sonrasında imzalanan barışıq müqaviləsinin gedişatını izləmək üçün silahsız hərbi müşahidəçilərinin Orta Şərqə göndərilməsi barədə qərar qəbul edilməsi ilə BMT-nin ilk sülhməramlı missiyasına start verildi. Yarandığı gündən dünyanın müxtəlif təhlükə ocağı olan nöqtələrində baş verən münaqişələrin qarşısını almaq məqsədi ilə başladılan sülhün təminatına hesablanan missiya bu gün də davam etdirilir. Birləşmiş Millətlər Təşkilatından savayı, müxtəlif beynəlxalq təşkilatların da tərkibində sülhməramlı missiya fəaliyyəti ilə məşğul olan bölmələr mövcuddur. Belə ki, NATO (North Atlantic Treaty Organization) və digər qurumları misal çəkmək olar. Təsdiq olunmuş qaydalara əsasən yuxarıda sadalanan qurumlar yalnız BMT TŞ-nın mandatına əsasən sülhməramlı missiyalara qoşula bilərlər. Bundan başqa iki münaqişə tərəfinin razılığı ilə BMT mandatı olmadan bir ölkənin sülhməramlı qüvvələri də müvəqqəti olaraq münaqişə zonasına yerləşdirilə bilər. Sülhməramlı missiya özündə bir neçə fəaliyyəti tərənnüm etdirir. Belə ki, münaqişə sonrası imzalanan atəşkəs dövrünün razılaşmasında göstərilən şərtləri izləmək məqsədli müşahidə missiyaları; Döyüşən qruplar və tərəflər arasında bufer rolu oynayan kontingentin icra etdiyi fəaliyyətlər; müxtəlif ölçülü missiyalar. Sülhməramlılar münaqişə tərəflərinin razılığı əsasında bölgəyə gətirilir. Sülhməramlı hər zaman neytral və qərəzsiz olmalıdır. Missiyanın başlıca vəzifəsi iki tərəf arasında olan razılaşmaların yerinə yetirilməsində dəstək göstərməkdir.
Həmçinin 2002-ci ildən etibarən Azərbaycan Ordusunun zabitləri "Tərəfdaşlığın Qərargah Vəzifələri" Konsepsiyası çərçivəsində NATO-nun müxtəlif taktiki, əməliyyat və strateji səviyyəli qərargahlarında 3+1 illik rotasiya qaydası əsasında xidmətə göndərilib və hal-hazırda da Azərbaycan Ordusunun zabitləri NATO-nun qərargahlarında xidmətlərini davam etdirirlər. Burada xidmət edən zabitlərimiz NATO-dakı həmkarları ilə tam qarşılıqlı fəaliyyət göstərərək, müxtəlif təlim proqramlarında, konfranslarda, dərs və məşğələlərdə iştirak edirlər. Bu fəaliyyət istiqamətinə əsasən hərbi qulluqçularımız müvafiq ixtisas və səviyyə üzrə xarici həmkarları ilə əməliyyat uyarlılığı səviyyəsini nəzarətdə saxlayır. Bundan başqa eyni qərargah və binalarda çiyin-çiyinə işləyərək təcrübə və bilik əldə etmək imkanı qazanır, qarşılıqlı təcrübə mübadiləsi aparır. NATO-nun müxtəlif mənzil-qərargahlarında xidmət edən hərbi qulluqçularımız, həmçinin NATO standartları və proseduraları, beynəlxalq qərargahların iş metodikası ilə tanış olurlar. Xidmətlərini orada başa vurduqdan sonra ölkəmizə qayıdan və ordu sıralarında xidmətini davam etdirən zabitlərin təcrübə və biliklərindən aidiyyəti ixtisaslar üzrə səmərəli istifadə olunur. Əldə olunmuş bilik və təcrübə ordumuzun mexanizminə inteqrasiya olunaraq döyüş qabiliyyətinin və özünümüdafiə bacarığının artırılmasına böyük töhfə verir.
Ümummilli Lider Heydər Əliyev və onun uzaqgörən siyasətinin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev apardığı düşünülmüş və uzaqgörən xarici siyasəti ilə hər zaman regionda və dünyada sülhün tərəfdarı olduğunu həm sözündə, həm də əməlində sübut edib. Azərbaycan tərəfi Ermənistanla münaqişənin həlli, sülhü təmin etmək məqsədilə bütün imkanlardan istifadə edirdi, beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzün bərpası üçün aparılan müzakirələrdə tarixi reallıqlara söykənən dəlil və sübutları ortaya qoyurdu, danışıqlarda sülhsevər siyasətini diqqətə çatdırırdı. Bunun nəticəsidir ki, Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin sülhlə nəticələnməsi üçün uzun müddət danışıqlar aparıldı, saysız-hesabsız görüşlər keçirildi. Beynəlxalq təşkilatlar və hegemon dövlətlər bu məsələnin həlli ilə bağlı müxtəlif səviyyələrdə işlər görsə də, atılan addımlar həlledici xarakter daşımadı. Azərbaycan beynəlxalq səviyyədə sülhü və humanizmi dəstəklədiyi üçün bu münaqişənin hərb yolu ilə həllini arzuolunan hesab etmirdi. Lakin bu o demək deyildi ki, bu məsələ sonsuzadək həllini tapmayacaq. Belə olan təqdirdə "sülh istəyirsənsə, gərək müharibəyə də hazır olmalısan" prinsipi işə düşürdü ki, ölkə rəhbərliyi bu istiqamətdə ciddi addımlar atdı. Öz havadarlarına arxalanan ermənilər atəşkəs rejimini pozaraq bölmələrimizlə yanaşı, mülki infrastrukturu da müxtəlif çaplı silahlardan atəşə tutdular. Məlumdur ki, düşmənin cavabı şanlı ordumuz tərəfindən layiqincə verilirdi. Lakin separatçı qüvvələrin törətdiyi son təxribat onlara ömürboyu yadından çıxmayacaq bir dərs oldu. Odlar yurdumuzun qüdrət nümunəsi olan şanlı ordumuzun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatı 44 günlük Zəfər salnaməmizə dönüşdü. Uzun illər həsrətində olduğumuz Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Xocavənd, Suqovuşan və Şuşamız bu gün azaddır. O əzəli və əbədi torpaqlarda bu gün şanlı üçrəngli bayrağımız dalğalanır. Məlumdur ki, hər günü min illiklərə bərabər olan Vətən müharibəsində qəhrəman oğullarımızın yazdığı şanlı tarixdən günlərlə, aylarla uzun-uzadı danışmaq olar. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş tarixi ərazilərimizdə tikinti-quruculuq, abadlıq işləri tam sürətlə davam etdirilir. Ölkəmiz uzunmüddətli sülhün təmin olunması məqsədilə böyük işlər görür. Görüşlər keçirilir, işğaldan azad olunmuş ərazilərimizə müxtəlif səviyyəli qonaqlar dəvət edilir, böyükmiqyaslı mötəbər tədbirlər, idman yarışları təşkil olunur. Azərbaycan yürütdüyü siyasət ilə regionda münaqişənin başa çatmasına, əməkdaşlıq və münasibətlərin güclənməsinə və dərinləşməsinə xidmət göstərdiyini bütün dünyaya nümayiş etdirir. Və Ermənistan tərəfi də artıq anlamalıdır ki, sülh müqaviləsinin imzalanması regionun gələcəyi üçün ciddi perspektiv vəd edir, sülh prosesinin gecikdirilməsi isə Ermənistan tərəfi üçün vaxt itkisidir. İtirilmiş zaman isə məhz onların ziyanınadır. Görülən işlərin hər biri uzunmüddətli sülhə dəstək vermək, firavanlığı təmin etmək məqsədi daşıyır. Bu gün regionda sülhün qısa müddətdə təmin olunması üçün Ermənistandan tələb olunanlar nədir, imzalanmış sənədlərdə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin, sülh müqaviləsi imzalansın, delimitasiya və demarkasiya işləri sonlandırılsın, Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanısın. Lakin hazırkı gedişat, havadarlarının dəstəyi ilə Ermənistan tərəfində qeyri-ciddilik və mövqesizlik yaradıb ki, bu gedişat da erməni tərəfinin heç xeyrinə olmayacaq. Çünki Azərbaycan tərəfi BMT Nizamnaməsinin tələblərini rəhbər tutaraq öz ərazilərini işğaldan azad edib, bu gün həmin ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Azərbaycan Respublikası BMT-yə üzv olduğu müddətdə öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarıb. Hər zaman sülh və təhlükəsizlik, davamlı inkişaf və insan hüquqlarının qorunub saxlanması üzrə fəaliyyətlərini yüksək səviyyədə icra etməsi üçün böyük səy nümayiş etdirib. Dünya auditoriyası da artıq qəbul edib ki, Azərbaycan Ordusu 44 günlük haqq savaşında qazandığı Zəfər ilə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi məlum 4 qətnaməsini icra etdi.
Fuad CƏFƏROV "Azərbaycan Ordusu"