Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Yanvar 2023 10:27

İki ömür - iki şəhid

Müstəqillik anlayışını sözlə ifadə etmək olduqca çətindir. Mübarizə aparanda nə uğrunda mübarizə apardığının fərqinə varırsan... Müharibə mübarizənin silahlı formasıdır və Azərbaycan əsgəri 30 il düşmən tapdağı altında olan torpaqlarımızı azad edərək, bizə qələbə hissini yaşatdılar. Şanlı tariximizə qızıl hərflərlə yazılan bu günün canlı şahidi olduğumuz üçün çox şanslıyıq. Azərbaycan bu gün dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə deyib: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". Dövlət başçımızın qətiyyəti və siyasi iradəsi ordumuzun gücünü artırdı, şəxsi heyətin döyüş hazırlığını yüksəltdi. Bu, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.
Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib. Son bir neçə ildə Azərbaycanın dövlət büdcəsindən kifayət qədər vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəldilməsinə ayrılır. Qafqazda ən güclü ordu olan Azərbaycan Ordusu Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarından ibarətdir. Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordulardan biridir. Bu ordu İkinci Qarabağ müharibəsində qələbə qazandı.
2016-cı ilin Aprel döyüşləri bizə Qarabağa gedən yolu göstərdi.
Aprel döyüşləri (2016-cı il) 44 günlük Vətən müharibəsinin (2020-ci il) başlanğıcı idi. Aprel döyüşləri də tarixdir. Bizim Qarabağa qayıdışımızın təməli Aprel döyüşlərində qoyuldu. Bu döyüşlər ordumuzun gücünü, yenilməzliyini təsdiqlədi. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər ruhumuzun qələbəsi oldu.
44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin şərəf, şöhrət, zəfər salnaməsidir. 27 sentyabrda başlayan Vətən müharibəsilə biz Qarabağa qayıtdıq. Vətən müharibəsi tarixdir və fəxrlə deyirik ki, Qarabağ Azərbaycandır! Bunu təkcə biz demirik, dünyanın bəşəri dövlətləri də deyir.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyib: "Azərbaycan Bayrağı sadəcə bayraq deyil. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsüsən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun."
Azərbaycan əsgəri bu bayrağın müqəddəsliyini tarixləşdirən döyüşlərlə torpaqlarımızı işğaldan azad etdi. Bu bayrağı Vətənin ruhu bilənlərimiz gözü yolda qalanların, ata yolu gözləyən körpələrin, ömrü paralananların ümidini gerçəkləşdirmək üçün döyüşdülər...
Şəhidlik zirvəsinə yalnız müqəddəs amallar uğrunda vuruşan, qorxu hissinin nə olduğunu bilməyən, Vətən və xalq uğrunda canını fəda etməkdən çəkinməyən cəsarətli igidlər yüksələ bilərlər. Onlar ölmürlər, ölümləri ilə əbədilik qazanırlar. Şəhidlik ömür payını Vətən üçün, dövlət üçün, xalq üçün yaşayanların bu ömrü sonda - son nəfəsdə gələcək nəsillərin xoşbəxtliyi naminə qurban verməkdir.
Vətən üçün ölümə gedənlərə qəhrəman deyilir. Onların yoxluğu bizim üçün çətin olsa da, adlarını tarixə həkk edən qürur ömür fəlsəfəsi olur. Vətən yolunda dastana dönənlər Vətən qədər uca və müqəddəs olmaqla qəlbimizdə yaşayırlar. Vətənini bütöv, xalqını xoşbəxt edən zəfərimizin - böyük qələbəmizin şəhidləri, sizi qürur və sevgi ilə anırıq, siz həmişə ehtiramla anılacaqsınız.
"Həyat var ki, ölüm qədər zəhərli, Ölüm var ki, həyatdan da dəyərli" misraları həyatın mahiyyətini dərk etmək üçün insanın düşüncələrini öz məcrasına yönəldir. Onda xalqın ruhu dönməzləşir. Dönməz ruh dövlətçiliyin yolgöstərəni, Vətən naminə dünyadan köçən insan millətin ruhunun zərrəsi olur.
Ölümü ilə Zəfər tarixinin başlanğıcını yazan, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov, Azərbaycanın Milli Qəhrəmanı polkovnik İlqar Mirzəyev, Elnur Vəliyev, Muxtar Qasımlı,  Rüfət Gözəlov, Fəqan Zalov, Malik Xeyirbəyov, Cəbrayıl Dövlətzadə, Elcan Məmmədov, Əmrah Xəlilzadə,  Seymur Cabbarov, Cəmil Həşimli, Fəxri Qəribzadə, Elməddin Hüseynzadə... Qazilərimiz Afiyəddin Əliyev, Tərlan Nəbiyev, Polad Rzayev, Fərhad Abbasov, Pərvin Abdullayev, Elnur Əkbərov  və digər qəhrəmanlarımızın... həyatı, müqəddəs amallarla Vətən uğrunda döyüşləri, göstərdikləri şücaət, qəhrəmanlıq hər bir azərbaycanlı üçün örnəkdir. Azərbaycan gənclərinin rəşadəti sayəsində əldə olunan bu Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Onları tanımaq, tanıtmaq, xatirələrini əbədiləşdirmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur
Vətən müharibəsi şəhidləri gizir Cəmil Həşimli və kiçik miçman Fəqan Zalov da belə bir döyüşçü ömrü yaşadılar....
Cəmil Həşimli 1995-ci il 11 avqustun 11-də Kürdəmirdə anadan olub. 2002-ci ildə 3 saylı tam orta məktəbdə təhsil alıb. Orta məktəbi 2013-cü ildə bitirib. Həmin ildə hərbi xidmətə Astara Sərhəd Xidmətinə göndərilib. Cəmil 6-cı sinifdən maşın təmiri ustasının yanına sənət öyrənməyə gedib. 2015-ci ilin aprelində hərbi xidmətdən qayıtdıqdan sonra yenidən ustasının yanına gedib, sənətini davam etdirib. 2016-cı ilin Aprel döyüşlərində artıq o, qardaşı ilə birgə gizir və zabit kimi xidmət edirdilər. Cəmil gizir rütbəsində xidmətə başlayıb. 2020-ci ilin fevralından Türkiyədə Xüsusi Təyinatlılar qrupunda təlimi müvəffəqiyyətlə bitirib sertifikatla təltif olunub. İkinci Qarabağ müharibəsinə Füzuli rayonunun Əbdürrəhmanlı kəndindən başlayıb. Oktyabrın 5-i şəhid olub. Oktyabrın 6-sı Kürdəmir Şəhidlər xiyabanında dəfn edilib. Cəmilin yoldaşları onun qorxmaz, cəsur döyüşçü olduğunu bildirirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə III dərəcəli "Vətənə xidmətə görə" ordeninə və "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülmüşdür.
Simuzər ana şəhid oğlu Cəmilin şəkillərinə baxıb belə yad edir: "Bu mənəm... Şəhid gizir Həşimli Cəmilin anası. Vüqarlı, əzəmətli, vətənpərvər bir oğulun anası... Bu mənəm, həmişəki illərin Simuzəri... Ayaqları üstündə illərdi duran ana... Bu mənəm... Şəhid anası..."...
Fəqan Zalov 1997-ci il aprelin 1-də Sabirabad rayonunun Qalaqayın çadır  şəhərciyində dünyaya göz açıb. 2 qardaş 1 bacının sonuncusudur. 2003-cü ildə Füzuli rayonunun Babı kəndində Markıs Hacıyev adına tam orta məktəbin 1-ci sinfində oxuyub. İdmanın sərbəst güləş növü ilə məşğul olub, nailiyyətlər qazanıb. Təhsilini 2010-2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayonu Alı Mustafayev adına Zilanlı kənd orta məktəbində davam etdirib. 2015-ci ildə hərbi xidmətə çağırılıb, artilleriyaçı olub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2017-ci ilin yanvarında xidmətini bitirib. Vətən sevgisi onu yenidən hərbi xidmətə qaytarıb. 2017-ci ilin dekabrında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kursunu bitirib.
Gözətçi Gəmilər Divizionunda xidmət edib. Xəzəryanı dövlətlərin iştirakı ilə keçirilən "Dəniz kuboku" yarışlarında fəal iştirak edib.
2018-ci ilin martından 2018-ci ilin dekabrınadək "N" hərbi hissəsinin nəzdində Xüsusi Təyinatlı kursu bitirərək kiçik miçman rütbəsi alıb. 2019-cu ilin martından Xüsusi Təyinatlı Dəstədə xidmət edib. Vətən müharibəsində hərbi hissənin tərkibində kəşfiyyatçı kimi döyüşlərə qatılıb. Döyüşlərdə dəfələrlə düşmənin mövqelərinin, sığınacaqlarının məhv edilməsində fəal iştirak edib. Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Şükürbəyli kəndlərinin azad olunmasında mərdlik və şücaət göstərib. Oktyabrın 10-da Əmirvarlı yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə  ayağından qəlpə yarası alıb. Füzuli rayon hospitalında, sonra Hacıqabul rayon xəstəxanasında müalicə olunub. Ayağındakı qəlpəni çıxarmağa qoymayıb. Yenidən döyüş yoldaşlarının yanına qayıtmaq istədiyini bildirib. Yaralanması ilə əlaqədar verilən məzuniyyətdən imtina edərək döyüş yoldaşlarının yanına qayıdıb. Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, xüsusi rəşadət göstərib. Döyüş yoldaşının dilindən: "Qızğın döyüşlərin birində biz düşmənin yerləşdiyi mövqeyi almışdıq, növbəti mövqe uğrunda döyüş gedirdi. Mən  düşmənin mövqelərinə qumbaraatandan atəş açırdım. Mərmim qurtardı. Fəqan güllələr altında sürünə-sürünə mənə mərmi gətirdi".
Fəqan Zalov Xocavənd rayonunun bir çox adsız yüksəkliklərinin azad edilməsində iştirak edib. Noyabrın 9-da Qızıl qaya əməliyyatında qəlpə yarası alıb. Qəlpə boyun hissəsindən girib ağciyərini və ürəyini parçalayıb. Kiçik miçman Fəqan Zalov şəhid olub. Döyüş yoldaşlarının dediklərindən: "Fəqan dedi ki, yaralandım, biz onu arxa tərəfə çıxardıq. Onu yerə uzatdıq, gözlərini yumdu. Simasında təbəssüm vardı...". Kiçik miçman Fəqan Zalov Füzuli rayonu Babı kənd qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  "Vətən Müharibəsi Qəhrəmanı" adına, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Bizim hamımızın bir Vətəni var, bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Milli-mənəvi dəyərlər millətin varlığını təsdiq edən əsas amillərdən biri kimi mənəviyyatla sıx bağlıdır. Xüsusən biz gənclərin, gələcək nəslin üzərinə daha böyük missiya düşür. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında da fəal iştirak ediblər, bu gün də edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq, Vətən uğrunda vuruşurlar. Şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbəmizi şərtləndiriblər". Şəhidlərimizim ruhunu yaşatmaqla Vətənin müqəddəsliyinin cəfakeşi olan gənclərimiz bütün şəhidləri əzizi bilir... Biz gənclər güclü Azərbaycanın gələcəyiyik.
Bir türk şairinin bir şeirinin bir misrasını xatırlayıram: Bu Vatan kimin? Vətən onu varlığıyla sevənlərindi, Vətən onu yad nəfəsindən qoruyanlarındı, onun hər qarışının müqəddəsliyini qorumağı ömür üçün şərt bilənlərindi. Cəmil Həşimli də, Fəqan Zalov da ömür payını belə yaşadı, bu amal uğrunda şəhid oldu; müqəddəs Vətən naminə müqəddəs şəhidlik - hər birimiz bu düşüncələri varlığımıza hopdurmuşuq...

Mənzər SÜLEYMANOVA Bakı şəhəri