Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2022 15:53

Beynəlxalq hərbi-texniki əməkdaşlıq milli müdafiə sənayemizin inkişafı üçün yeni imkanlar yaradır

Elmi-texniki tərəqqinin müasir mərhələsində, sosial həyatın bütün sahələrinin rəqəmsallaşdığı bir dövrdə yeni texnologiyalardan istifadə son dərəcə vacib və əhəmiyyətlidir. Bu və ya digər dövlətin inkişaf səviyyəsi, beynəlxalq münasibətlər sistemində yeri onun müasir texnologiyalardan istifadə etmək imkanları ilə bilavasitə əlaqəlidir.  
Müstəqil Azərbaycan Respublikası müasir texnologiya və innovasiyaların tətbiqinə cavab verən innovasiya və startap şəbəkələrinin, yaşıl enerji sistemlərinin yaradılmasına xüsusi əhəmiyyət verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm və texnologiyalar sahəsində Azərbaycanın müəyyənləşdirdiyi strategiya və prioritetlər, əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib. 2021-ci il iyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə İkinci Zirvə toplantısında çıxışı zamanı  Azərbaycanın texnologiya və innovasiyalar sahəsindəki siyasəti barədə deyib: "...Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır. Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür. Bu gün bizim ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün istifadə olunan üç peykimiz var. Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə seçilib. Bu, beynəlxalq kosmik icma tərəfindən Azərbaycanın bu sahədə nailiyyətlərinin tanınmasının təzahürüdür. Bu yaxınlarda Azərbaycanın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair müəyyən etdiyim beş milli prioritet sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması da yer alır. Hökumət innovasiyaların və startap ekosistemlərinin inkişafı ilə bağlı əməli addımlar atır. Azərbaycan Ümumdünya İqtisadi Forumu ilə Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı saziş imzalayıb. Mən işğaldan azad olunmuş bütün əraziləri yaşıl enerji zonası elan etmişəm. Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları tətbiq olunacaqdır". 2021-ci il fevralın 2-də təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində müasir texnologiyalar və innovasiyaların Azərbaycanda tətbiqi məsələləri də öz əksini tapıb.  
Azərbaycan Respublikası müasir texnologiyaların təşviqi məqsədilə beynəlxalq və regional səviyyədə keçirilən müxtəlif tədbirlərdə iştirak edir, belə tədbirlərin təşəbbüskarı və təşkilatçısı olur. Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə qazanan, Silahlı Qüvvələrinin modernləşdirilməsi və müasir silahlarla təchiz edilməsi işini davam etdirən Azərbaycanın texnoloji tərəqqisi üçün əlavə imkanlar yaradan tədbirlər sırasında "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı və "ADEX-2022" sərgisinin özünəməxsus yeri və əhəmiyyəti vardır.  
"TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı 2018-ci ildən başlayaraq, hər il Türkiyədə keçirilir. 2022-ci ildə ilk dəfə olaraq Festival Türkiyə xaricində, Azərbaycanda keçirilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və "Türkiye Teknoloji Takımı" - T3 Vəqfi tərəfindən təşkil edilən və mayın 26-dan mayın 29-dək Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" Festivalı Azərbaycan və Türkiyənin perspektivə istiqamətlənən strateji addımlardan biridir.   
Festivalın mayın 28-də, Azərbaycanın Müstəqillik Günündə keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nobel mükafatı laureatı, professor Əziz Səncər iştirak etdilər. Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə söykəndiyini qeyd edən Prezident İlham Əliyev "TEKNOFEST" Festivalının əhəmiyyətini belə qiymətləndirdi: "Bu gün "TEKNOFEST" bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. "TEKNOFEST" elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, "TEKNOFEST"də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar".  
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu festivalın Azərbaycan gənclərinin bacarıq və istedadlarını nümayiş və inkişaf etdirmək üçün əhəmiyyətli olduğunu qeyd etdi: "Bu gün "TEKNOFEST"i ölkə xaricində ilk dəfə Can Azərbaycanda təşkil etməyin həyəcanını və haqlı qürurunu sizinlə bölüşürük. Bura Azərbaycan gəncliyinin bacarığını, istedadını nümayiş və inkişaf etdirməsi üçün önəmli bir platformadır. "TEKNOFEST" yarışlarında öz işləri ilə fərqlənən siz gənclərimiz sabahın pilotsuz uçuş aparatlarını, süni zəkalarını, rəqəmsal texnologiyalarını istehsal edən və inkişaf etdirən alimləri olacaqsınız. Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyik".  
"TEKNOFEST"in İdarə Heyətinin və T3 Vəqfi Qəyyumlar Şurasının sədri, "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının yaradıcısı Səlçuk Bayraktar "TEKNOFEST Azərbaycan" Festivalının açılış mərasimində çıxışında qeyd etdi ki, "Bir millət, iki dövlət olaraq qardaşlığımız dəfələrlə sınandı və şükürlər olsun, hər dəfəsində könül bağımız daha da qüvvətləndi. Azərbaycanda gözəl bir atalar sözü var: "Dost dar gündə tanınar". Biz hər zaman dar gündə də, şad gündə də bir yerdə olduq. Bakını İstanbuldan fərqləndirməyən Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu da, Qarabağa xidmət edən yüksək texnoloji milli pilotsuz uçuş aparatlarını hazırlayan türk mühəndisləri də eyni ruha sahibdirlər. Bizim ürəyimizdə bir yara olan Qarabağ, eyni zamanda, qardaşlığımızın zirvəsidir. Bu səbəblə Qarabağı yenidən Vətən torpağı edən Zəfərin əsl memarı olan əziz şəhidlərimizi bir daha qarşınızda anıram. Ruhları şad olsun". Özünə inamı uğurun əsası hesab edən Selçuk Bayraktar  gənclərə çalışqan, ailəsinə, millətinə və insanlığa layiq olmağı tövsiyə edib: "Bacaracağına inanmayan insan necə mübarizə apara bilər, məqsədinə necə çata bilər? Buna görə bütün məsələnin kökü özünə inamdan başlayır. İnanaraq başladığınız işlərdə ailənizə, ailənizdən vacib millətinizə, millətinizdən vacib insanlığa faydalı olmağı qarşınıza məqsəd qoyun. Əminəm ki, əgər bu nüanslara dəyər verərək çalışsanız, etdiyiniz bütün işlərdə dünyanın ən yaxşısı ola bilərsiniz".
Festival çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və Türkiyənin "Solo Türk", "Türk Ulduzları", "HÜRKUŞ" aerobatika komandaları, "ATAK" helikopterləri və "Akıncı" PUA-sı ilə uçuşlar həyata keçirildi.  
"TEKNOFEST Azərbaycan" Festivalının sərgi salonunda Azərbaycana aid 24, Türkiyəyə aid 36 stend təqdim olundu. Festivalda iştirak üçün 32 ölkədən 287 startap qrupu müraciət etmiş, onlardan 15-i xarici ölkələrə, 35-i Azərbaycana aid olmaqla 50 startap qrupu seçilmişdi. Tədbirdə texnologiya müsabiqələri, "Take off Baku" startap sammiti, "Smart Qarabağ" Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, "Rocket League" və "TEKKEN" oyunları üzrə Avropa kuboku yarışları və s. ümumilikdə 8 texnoloji müsabiqə və 3 beynəlxalq tədbir keçirildi.
Festivalda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan "İtiqovan", "Baykar" şirkətinin istehsal etdiyi "Bayraktar Kızılelma" və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakültəsinin kursantları tərəfindən hazırlanan "Xilaskar"  pilotsuz uçuş aparatları,  TUSAŞ şirkətinin istehsalı olan T625 "Gökbey"  yüngül çoxməqsədli helikopter və s. nümayiş etdirildi.  
2022-ci ilin sentyabrında təşkil edilən "ADEX-2022" sərgisini "TEKNOFEST Azərbaycan" Festivalının davamı kimi qiymətləndirmək olar. Müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr olunan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi - "ADEX" Azərbaycanda 2014-cü ildən keçirilir. Sərgidə dünyanın aparıcı dövlətlərinin istehsal etdiyi müasir hərbi texnologiyalar, geniş çeşiddə silah və sursat, dəniz, quru və hava qoşunları üçün nəzərdə tutulan digər məhsullar nümayiş etdirildi.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi iştirakçılarına müraciətində sərgini hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah, texnika və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm platforma adlandıraraq qeyd edib ki, "Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır".
"ADEX" və "Securex Caspian" sərgisi çərçivəsində keçirilən tədbirlərdə çıxışında Azərbaycan Respublikasının müdafiə sənayesi naziri general-polkovnik Mədət Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin müdafiə qüdrətinin artırılması məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin uğurlu inkişafı Azərbaycan Respublikasının Prezidentinin müdafiə sənayesi sahəsində həyata keçirdiyi davamlı siyasətin məntiqi nəticəsidir.
Hərbi sənayemizin uğurlarından bəhs edən məruzəçi bildirmişdir: "Bütün hissələri ölkəmizdə istehsal olunan və sərgidə nümayiş etdirilən silahlar sırasında BMP-2 maşınlarının üzərində və helikopterlərdə istifadə olunan 30 millimetrlik avtomatik top, iriçaplı 12,7 millimetrlik pulemyot, "İstiqlal-3" snayper tüfəngi, 7,62 millimetrlik avtomatik rejimdə işləyən snayper tüfəngi, 60, 82 və 120 millimetrlik minalar, 122 millimetrlik artilleriya mərmiləri, 30 millimetrlik avtomatik qumbaraatan, yeddi növ yeni pilotsuz uçuş aparatı,  xüsusi təyinatlılar üçün 200-400 qram sursatı olan kamikadze dronlar, "Gürzə" avtomobili, təyyarəçilərin hazırlanması üçün simulyator, "BTR-70"in bazasında modernizə olunmuş transportyor, uzaqdan idarə olunan stabilizə silah sistemi və s. yer almışdır".  
Vətən müharibəsindən sonra dünya ölkələrinin Azərbaycan silahına və hərbi texnikasına marağı xeyli artmışdır. Həmçinin yerli silahların ixracı ilə bağlı sifarişlərin həddindən artıq olduğunu vurğulayan nazir əlavə etmişdir ki, "...bunu nəzərə alaraq, "ADEX" sərgisində 179-dan çox Azərbaycan silahı, o cümlədən sınaqdan çıxmış silahlar nümayiş etdirilir. Bəzi silahlar isə sərgiyə çıxarılmayıb".  
Nazir bildirmişdir ki, builki tədbir də milli müdafiə sənayesinin nailiyyətlərini nümayiş etdirərək iştirakçılar, ekspertlər və ziyarətçilər üçün yeni məhsullar və texnologiyalarla tanış olmaq məqsədilə son illərdə davamlı inkişafın təzahürünü əks etdirən geniş imkanlar yaradacaq, o cümlədən bilik, təcrübə mübadiləsinin aparılması, müttəfiq və dost ölkələrlə hərbi-texniki əməkdaşlığın gücləndirilməsi istiqamətində səmərəli işgüzar əlaqələrin qurulması, potensial müştərilərlə və təchizatçılarla qarşılıqlı sərfəli müqavilələrin bağlanması istiqamətində öz ənənəsinə sadiq qalacaqdır.
Oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə "SAHA EXPO-2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisində Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəmizi müdafiə naziri general-polkovnik Zakir Həsənovun və müdafiə sənayesi naziri general-polkovnik Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil etdilər.
Müdafiə sənayesi naziri general-polkovnik Mədət Quliyev bildirmişdir ki, xalqımıza qələbə sevincini yaşadan, öz adını Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazdıran ordumuzun daha müasir silah və hərbi texnika ilə təchiz edilməsi, o cümlədən milli müdafiə sənayesinin və hərbi təyinatlı məhsulların yerli istehsalının gücləndirilməsi istiqamətində bundan sonra da tərəfimizdən zəruri tədbirlər həyata keçiriləcəkdir.

Telman ŞAHBAZOV Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutu