Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2022 15:46

Azərbaycançılığın ilkin şərtlərindən biri - həmrəylik

Hər tarixi günün öz mahiyyəti olur. Bilavasitə dövlətçiliklə səsləşən bu mahiyyət dövlətçilik naminə vətəndaşlıq borcu kimi yaşadılır. 1918-ci ilin 28 may günü təkcə tarixdə deyil, məfkurədə də, məfkurənin dünyəviliyi kimi milli-azadlıq hərəkatında da yaşadıldı. Ötən əsrin sonlarında bu mübarizə xalqın həmrəyliyinin kükrəyişi oldu, mənəvi qüdrət olan bu böyük həmrəylik Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə nəticələndi. Həmrəylik məfkurəmizdə dövlət müstəqilliyimizin bərpasından sonra da azərbaycançılığın şərti kimi yaşadılıb.
Böyük tarixi şəxsiyyətlər zamanın axarını xalqının, dövlətin, dövlətçiliyin sabahlarına yönəltməyi bacarır.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev bəşəriliyi həmişə azərbaycançılığın işığında yaşadıb. Sovetlər dönəmində də belə olub, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da. Həmrəylik məfhumunu da təşkilatlanma amili kimi leksikamıza, dövlət siyasətinə  gətirən Ulu Öndərin təşəbbüsü böyük sevgilərlə gerçəkləşdirildi. Bu da Azərbaycan naminə böyük xidmət kimi tarixən yaşadılacaq. 31 ildi həmrəylik milli-mənəvi dəyər kimi azərbaycançılığın, azərbaycançılığın işığında Azərbaycan dövlətçiliyinin yaşadılma vasitələrindən biridir. Ulu Öndər bu amili də dahiyanəliklə milli məfkurənin tərkib hissələrindən birinə çevirdi. Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndər bu amili xatırladaraq demişdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Həmin vaxtdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həm də milli-mənəvi dəyərlər sisteminin mühüm tərkib hissələrindən biri kimi yaşadılır.
Həmrəyliyin böyük mənəvi güc, mübarizələr üçün böyük stimul olduğunu yüksək dəyərləndirən böyük tarixi şəxsiyyət Heydər Əliyev dünya azərbaycanlılarını eyni məfkurə ətrafında birləşdirməyi qərara almışdı. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi.
Milli dəyərlər min illərlə, yüz illərlə yaradılır, mərhələlərlə formalaşdırılır. Yaradılan, formalaşdırılan belə dəyərlərin bütün azərbaycanlılara, xüsusilə də gənclərə aşılanması cəmiyyətin vəzifə borcuna dönür. Tarixin bütün dönəmlərində belə olub. Belə mənəvi dəyərlər, əslində, xalqın formalaşma prosesi ilə səsləşir. Belə dəyərlərin ən alisi həmişə Vətən sevgisi olub. Dövlətçiliyin ilk vaxtlarında da, sonralar da bütün etik-əxlaqi keyfiyyətlər bu sevgi əsasında formalaşıb.
Milli-mənəvi dəyərlər fərdlikdə, həmrəylik vəhdətdə yaşadılır. Vətən sevgisi fərdi xüsusiyyətdir, Vətən sevgisini yaşadan vasitələrdən biri kimi Vətən naminə həmrəylik fərdləri eyni amal naminə birləşdirən ali mənəvi keyfiyyətdir.
Dövlətçiliyimizlə bağlı həmrəyliyin bir məqamını xatırlayaq: 1920-ci ilin aprelində Rus imperiyası Azərbaycan Demokratik Respublikasını ilhaq etmişdi. Xalq Azərbaycan dövlətçiliyini bərpa etmək üçün mübarizə aparırdı. Təqiblər, sürgünlər xalqın mübarizə əzmini qıra bilmirdi. Bu əzm ötən əsrin sonlarında böyük bir hərəkat yaratdı. Xalq milli-azadlıq hərəkatında dönməzliklə həmrəy oldu. Bu həmrəylik imperiyanın dayaqlarını titrətdi. İmperiya xalqın iradəsini sarsıtmaq üçün Bakıda faciə törətdi. Milli-azadlıq hərəkatı xalqın mübarizə əzminin təşkilatlanması idi və son dərəcədə yüksək səviyyədə həmrəyliyə söykənirdi. 20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycanın daimi nümayəndəliyi qarşısında azərbaycanlı olmasıyla həmişə qürur duyan dahi şəxsiyyət Heydər Əliyevin tarixi çıxışı da xalqla həmrəyliyin təzahürü idi. Bu çıxış xalqın dövlətçilik mübarizəsini daha da dönməzləşdirdi.
Son otuz ilin tarixi hadisələri təsdiqləyir ki, həmrəylik azərbaycançılığın tərkib hissələrindən biri kimi yaşadılmaqdadır.
Bəşərilik naminə həmrəylik dünyanın axarını dəyişməyə qadirdir. Milli-azadlıq hərəkatı xalqın həmrəyliyi idi və bu həmrəylik Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə nəticələndi.
Azərbaycan Ali Sovetinin sədri kimi Heydər Əliyevin 1993-cü il iyunun 18-də respublika televiziyası ilə xalqa müraciəti də xalqın sevdiyi, inandığı siyasi liderin xalqla həmrəyliyi kimi yaşanıldı. Bu müraciət də xalqın dövlət başçısı ilə böyük coşqu səviyyəsində həmrəyliyinin təsdiqi kimi tarixləşdi. Dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycanda xalq Prezidenti ilə Vətənin müqəddəsliyi səviyyəsində həmrəydir. Böyük tarixi şəxsiyyətin hadisələr arasında dialektik vəhdəti bütün çalarları ilə dəyərləndirmə, fenomenal səviyyədə ayırd etmə, dövlətçiliklə əlaqələndirmə qabiliyyəti respublikada siyasi sabitliyi təmin etdi, Azərbaycan bu sabitlik hesabına dünyəvi dövlətlərdən biri oldu.
Milli-mənəvi dəyərlər cəmiyyətdə, cəmiyyət vasitəsilə cəmiyyətə görə formalaşdırılır. Bu prosesdə cəmiyyətin bütün təbəqələri iştirak edir. Bu baxımdan digər milli-mənəvi dəyərlər kimi, hərbi vətənpərvərliyin də elmi əsaslarla aşılanması hərbi təhsil sisteminin vəzifə borcları sırasındadır. Hərbi təhsilin dünyəvi elmlərə inteqrasiyası da, milli-mənəvi dəyərlərin dünyəvi, bəşəri dəyərlərə inteqrasiyası da bu tezis əsasında aparılır.
Xalq 2003-cü il oktyabrın 15-də də Azərbaycan naminə həmrəylik göstərdi, Heydər Əliyevin inandığı, etimad göstərdiyi İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu həmrəylik Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələ oldu.
Son illərin ən duyğusal, ən gərəkli həmrəyliyi mahiyyəti etibarilə Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsində yaşanıldı...
2016-cı ilin Aprel döyüşləri ordumuzun qələbəsi ilə başa çatmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu döyüşlərin dərsliklərə salınmasını tövsiyə edirdi. O döyüşlər həm ordunun gücünü göstərmişdi, həm də ordu ilə xalqın birliyinin, həmrəyliyinin dönməzliyini. Onda xalqın Prezidentin siyasi kursuna böyük inamı, sevgisi, etimadı, həmrəylik, birlik manifesti oldu. İkinci Qarabağ müharibəsi, mahiyyəti etibarilə Vətən müharibəsi bu həmrəyliyin, bu birliyin dönməz davamı, davamın kükrəyişi kimi tarixləşdi. Müharibə başlayan kimi müharibə veteranları, tələbələr, müəllimlər, həkimlər döyüşlərə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət edirdilər. Bu həmrəylik döyüşən ordunun döyüş əzmini, qələbə ruhunu yüksəldirdi.
Uzun illər işğalda qalan ərazilərimizdə düşmən güclü mühəndis-istehkam sədləri qurmuşdu. Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə hücumunu dayandırmağı planlaşdıran düşmənin sədlərini qısa müddətdə darmadağın etdi. Bu, ordunun dövlətə, dövlətçiliyə, Hərbi anda sədaqətinin ifadəsi, Ali Baş Komandanın döyüş əmrini Zəfərlə tamamlama niyyəti idi.
2020-ci il sentyabrın 27-də əks-hücum kimi başlayan, İkinci Qarabağ müharibəsi kimi davam edən ədalətli müharibənin mahiyyəti Ermənistan silahlı birləşmələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmaq, işğalı sona çatdırmaq idi. Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə buna nail oldu - ordumuz gücü ilə, qüdrəti ilə, yüksək döyüş əzmi ilə, qələbə ruhu ilə, düşmənin illərlə yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi sədlərini darmadağın etdi. Güc, qüdrət, yüksək döyüş və mənəvi-psixoloji hazırlıq ordu-xalq həmrəyliyi ilə daha da dönməzləşdi. Həmrəyliyin Azərbaycanda böyük mənəvi güc olması dünya ictimaiyyətini heyrətləndirdi...
2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi. Şuşanın işğaldan azad edilməsi dünya müharibələr tarixində həmişə ehtirama söykənmiş heyrət kimi xatırlanacaq. Bu Qələbə Azərbaycan Ordusunun tarixi qələbəsi oldu. Xalqın ordu ilə birliyinə, bu anlamda həmrəyliyinə, xalqın müharibəsində döyüş əzminin, qalibiyyət ruhunun qələbəsinə Zəfər dedik. Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində mərhələ oldu...   
Azərbaycan Respublikasının siyasi rəhbərliyinin iradəsinin və Silahlı Qüvvələrinin hərbi gücünün təsdiqi kimi yaşanılan Vətən müharibəsi həmrəyliyin ən ali səviyyəsi kimi tarixləşdi. Həmrəylik müzəffər xalq, müzəffər ordu, müzəffər sərkərdə vəhdətinin qüdrətindədir...
Həmrəylik əqidədir, amaldır. Hərbçilərin əqidəsi, amalı Vətənə sevgidir, dövlətin ərazi bütövlüyünü qorumaqdır. Xalqın inamının, güvəncinin əsgəri olanların əqidəsi də, amalı da həmrəylikdir. Onlara "Azərbaycan Ordusu" qəzetinin şəxsi heyəti adından və şəxsən öz adımdan Vətən naminə yenilməzlik, qüdrət, qətiyyət, daha uğurlu xidmət yolu, daha dönməz həmrəylik arzulayıram.

Məhəmməd NƏSİRLİ "Azərbaycan Ordusu"