Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının professor, müəllim, tələbə heyəti, ölkəmizin bir qrup tanınmış incəsənət, mədəniyyət xadimləri və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə tədbirin aparıcısı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Günel Zeynallı 24 dekabr tarixinin xalqımız üçün əlamətdar günlərdən biri olduğunu qeyd edərək, müstəqil dövlətimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, adını ölkə və dünya hərb tarixinə həkk etdirmiş müzəffər sərkərdə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, dövlət rəhbərinə ən xoş arzularını dilədi.
Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Baş müəllim Günel Zeynallı çıxışında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin keçdiyi 30 illik şərəfli fəaliyyətindən geniş bəhs edərək, müasir Azərbaycan Ordusunda gedən güclü inkişaf proseslərinin, irimiqyaslı islahatların Hərbi Orkestr Xidmətinin fəaliyyətinə də öz təsirini göstərdiyini vurğuladı. "1992-1993-cü illərdə Azərbaycan Dövlət müstəqilliyinin yenidən bərpa olunduğu bir dönəmdə Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində, Xalq artisti, professor general-mayor Yusif Axunzadənin təşəbbüsü ilə yaradılan Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidməti Azərbaycanın müasir ordu quruculuğunda şanlı yol keçərək, bu gün 30 illik fəaliyyətini qürur hissi ilə qeyd edir. Bu hərbi musiqi kollektivi inkişaf yolunda daima inamla irəliləyərək, milli hərbi musiqi tariximizdə önəmli səhifə açmışdır. Hərbi orkestr dövlət səviyyəli rəsmi tədbirlərdə, xarici ölkələrin dövlət başçılarının, müdafiə nazirlərinin, baş qərargah rəislərinin qarşılanma mərasimlərini orkestrlə müşayiət edir, eyni zamanda, mədəni-kütləvi tədbirlərdə geniş proqramla çıxış edir. Əlbəttə, bu kimi əhəmiyyətli və məsuliyyətli işin öhdəsindən gəlmək orkestrdən böyük peşəkarlıq və hərbçi nizam-intizamı tələb edir. Yusif müəllimin böyük əməyi və cəsarətli addımları sayəsində orkestr uzun illərdir ki, professional səhnədə öz səviyyəsini və liderliyini qoruyub saxlamaqdadır".
Orkestr xidmətinin peşəkar kadrlarla təmin olunmasından danışılarkən bildirildi ki, bu xidmətin təşəkkülü və inkişafında ən önəmli faktorlardan biri işçi kadrlarının seçilməsi və yönləndirilməsidir. "Bu baxımdan ölkənin ən qabaqcıl nəfəs alətləri ifaçıları orkestrə cəlb olunub. Hərbi musiqiçi kadrların, xüsusilə hərbi dirijorların yetişdirilməsində general-mayor Yusif Axundzadənin pedaqoji fəaliyyətinin böyük rolu var. Bu gün ordumuzda onlarla peşəkar hərbi dirijor xidməti vəzifəsini layiqincə yerinə yetirir. Yusif müəllimin sənətinin davamçısı olan Əməkdar İncəsənət xadimi, dosent polkovnik Rüfət Axundzadə bu gün Əlahiddə Nümunəvi Orkestrə uğurla rəhbərlik edir. O da, həmçinin yüksək səviyyəli kadrların hazırlanması işində iştirak edir və öz davamçılarını yetişdirir. Onlar müxtəlif musiqi kollektivlərində, orkestrlərdə fəaliyyət göstərirlər. Orkestr rəisinin şəxsi təşəbbüsü ilə xaricdən 100-ə yaxın not nümunəsi əldə edilib və orkestrin not təchizatı bazası zənginləşdirilib. 15 adda yeni zərb aləti və qeyri-adi səslənməyə malik pan fleyta xaricdən alınaraq orkestrin çalğı alətlərinin siyahısına daxil edilib. Milli alətlərə daima yüksək dəyər verən orkestrin rəhbərliyi milli və Avropa musiqi alətlərini qarşılaşdıraraq orkestrə - tar, balaban, zurna, tütək, qanun, davul, zərb və nağara alətlərini daxil edib".
Günel Zeynallı hərbi musiqinin mahiyyətindən danışarkən bildirdi ki, döyüş ənənələrində, qoşunların hərəkət istiqamətlərində, düşmən üzərində zəfərin qazanılmasında hərbi marşların rolu böyükdür. “Hərbi musiqi, mahnılar, xüsusilə marşlar ordumuzun əsgərlərini döyüşə, mübarizəyə, qəhrəmanlığa ruhlandırır, onlara ruh yüksəkliyi bəxş edir. Hərbi musiqimiz daima əzəmətlə səslənir. Orkestrin ifasında müxtəlif janrlı əsərlər - klassik akademik əsərlərdən başlayaraq müasir caz-estrada kompozisiyaları da məharətlə ifa edilir”.
Çox sevindirici haldır ki, general-mayor Yusif Axundzadənin rəhbərliyi altında yaranmış Əlahiddə Nümunəvi Orkestr bu gün öz tərkibində Azərbaycanın peşəkar ifaçılarını toplamışdır. Bakı Musiqi Akademiyasında təhsil almış peşəkar ziyalı kollektiv formalaşmışdır. Polkovnik Rüfət Axunzadə, polkovnik-leytenant İmran Allahverdi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, kapitan Orxan Zeynallı, baş leytenant Azad Qurbanov, baş leytenant Elnur Qurbanov, baş gizir Orxan Piriyev və başqaları ordumuzun hərbi musiqisinin müasir səviyyədə inkişaf etdirilməsində uğurlu fəaliyyət göstərirlər.
Əlahiddə Nümunəvi Orkestrin 30 illik yubileyinə həsr olunmuş tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bədii hissə - konsert proqramı təşkil edildi.
Musiqili gecədə orkestrin bədii rəhbəri və baş dirijoru general-mayor Yusif Axundzadə, orkestrin rəisi polkovnik Rüfət Axundzadə, baş leytenant Elnur Qurbanovun rəhbərliyi ilə solistlər Əməkdar artist Xəyyam Mustafazadə, Aynur İsgəndərli, Kənan Qədimov, Züleyxa Usubova, Elman Mustafayev, Anar Hüseynov, Namiq Qurbanov, Sərxan Fətəliyev Azərbaycan və xarici ölkə bəstəkarlarının müsiqisindən ibarət ifalarını tədbir iştirakçılarına təqdim etdilər.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"