Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Dekabr 2022 14:50

“Hərbi xidmət Vətənə sədaqətdir”

Azərbaycanda vətənpərvər gənclər çoxdu. Bunlardan biri də kapitan Fizuli Fəzli oğlu Səyyadovdur. Fizulinin hərb sənətinə marağı, sevgisi hələ uşaqlıq illərindən yaranıb. Hərbi formanın həsrətilə böyümüş gənc bu gün Azərbaycan Ordusunun zabitidir. Fizuli deyir ki, hər peşənin özünəməxsus incəlikləri, xüsusiyyətləri var. Sözsüz ki, hərb sənəti ən zəngin xüsusiyyətləri özündə birləşdirən sahədir...
- Əvvəlcə sizi tanıyaq...
- 1993-cü il fevralın 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində anadan olmuşam. Orta məktəbi də həmin kənddə oxumuşam. İbtidai sinfi bitirib, 5-ci sinfə başlayanda artıq sinif yoldaşlarımla hansı peşəni seçəcəyimiz haqqında söhbətlər etməyə başlamışdıq. Müəllimlər də arada bu mövzuda sual verirdilər. Sinif yoldaşlarımın əksəriyyəti hər dəfə fərqli peşənin adını çəkirdilər. Uşaq ağlı ilə hərdən bir düşüncəyə düşürdük. Mənsə həmişə qəti şəkildə zabit olmaq istədiyimi bildirirdim. Səbəbini anlamırdım, amma məndə hərbi formaya məhəbbət yaranmışdı. Hələ bu peşənin nə olduğunu, çətin və ya asan tərəflərini analiz edə bilmirdim. Sadəcə hərbi mundirə aşiq idim. Atamın əmisi Kərəm Zeynalabdinov zabit idi. Hazırda ehtiyatda olan polkovnik-leytenantdı. Kərəm əmi mənim ən sevimli qohumum idi. Boş vaxt tapan kimi onlara qaçırdım. Hərbi ilə bağlı suallar verirdim. Yazıq kişi işdən yorğun gəlirdi. Sağ olsun, heç yoruldum demirdi, həvəslə bütün suallarımı cavablandırırdı. Mənlə zarafat da edərək deyirdi ki, hərbçi olmasam, məni bu qədər sevməyəcəkdin, bizə belə tez-tez gəlməyəcəkdin. Ürəyimdəki bu sevgiylə böyüdüm. Valideynlərimin dəstəyi ilə Heydər Əliyev adına Hərbi Liseyə sənədlərimi verdim və yüksək nəticə ilə qəbul oldum. Kursant formasını geyinəndə keçirdiyim qürur və həyəcan qarışıq hisslərimi sözlərlə ifadə edə bilməyəcəm. Şükürlər olsun ki, seçdiyim bu şərəfli yolda inamla addımladım. Hərbi Liseydən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul oldum. Hələ 7-8 yaşında tumurcuqlayan böyük arzum 2015-ci ilin yayında həyata keçdi. Leytenant hərbi rütbəsi alıb "N" hərbi hissəsində xidmətə yollandım. Hazırda təlim mərkəzindən birində təlimatçı kimi xidmətimi davam etdirirəm.
- Sevgi məfhumu qanadsız quş kimidi. Necə ki, birini sevəndə səbəb axtarmırsan, niyəsini belə bilmədən aşiq olursan, siz də səbəbini anlamadan hərbi formaya aşiq olmusunuz. Həm də peşələrin ən şərəflisinə... Zəhmət olmasa, sonsuz məhəbbətlə bağlandığınız xidmətinizdən, İkinci Qarabağ müharibəsində iştirakınızdan danışasınız?
- Kursant vaxtlarımda olduğu kimi, xidmətimdə də həmişə ən yaxşı olmağa can atmışam. Bunun üçün gecəmi gündüzümə qatıb oxuyur, öyrənir, öyrəndiklərimi praktikada möhkəmləndirirdim. Bir sözlə, nümunəvi zabit, komandir olmaq üçün səylə çalışırdım. Əziyyətim yuxarı komandanlıq tərəfindən qiymətləndirildikdə daha da həvəslənir, əzmkarlıqla xidmət edirdim. Sonra bölük komandiri təyin olundum. Bu, ilk böyük uğurum idi.
İkinci Qarabağ müharibəsi başlayanda da elə həmin vəzifədəydim. Əks-hücum əməliyyatının ilk günündən döyüşlərə atıldım. Ağdağ, Murovdağ və Hinaldağ istiqamətlərində gedən çətin döyüşlərdə iştirak etdim. Oktyabrın 7-də ağır yaralandım və təxliyə olundum. Müharibədən sonra Cənab Prezidentimiz tərəfindən "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edildim.
- Tarixi Zəfərimizdən sonra ordu quruculuğu istiqamətində atılan uğurlu addımlardan biri də Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasıdır. Bəs sizin Komandoya gəlişiniz necə oldu?
- İkinci Qarabağ müharibəsindən sonra Əməliyyat (Komando) hərbi hissələrinin yaradılması orduda aparılan əsaslı islahatların ən bariz nümunəsidir. Ali Baş Komandanın tapşırığı ilə azad edilmiş ərazilərdə, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə Türkiyə modelinə uyğunlaşdırılan Əməliyyat (Komando) hərbi hissələri yaradılmağa başladı. Mənim isə komando zabiti olmağım daha əvvəl - 2017-ci ildə olub. 2017-ci ildə qardaş Türkiyə Respublikasında təşkil olunmuş "Komando İxtisas" kursuna qatıldım. Kursu müvəffəqiyyətlə başa vurdum. Yüksək nailiyyətlərimə görə kursun sonunda təlimatçı dərəcəsinə layiq görüldüm. Təlim mərkəzi yaradılanda təlimatçı kimi bura təyin olundum. Belə mühüm və məsuliyyətli vəzifəyə təyinat almaq, mənə olan etimad və inam idi. Bu məni çox qürurlandırdı və sevindirdi.
- Niyə məhz Komando? Komando nədir? Digərlərindən nə ilə fərqlənir?
- Komandolar Vətən uğrunda xüsusi əməliyyatlar və çətin tapşırıqları yerinə yetirən, xüsusi təlim keçən, ən çıxılmaz anlarda situasiyanı qiymətləndirərək vəziyyətdən çıxış yolu tapmağı bacaran hazırlıqlı, yüksək döyüş qabiliyyətli hərbi qulluqçulardan ibarətdir. Onlar istənilən vaxt və hər yerdə - quruda, dənizdə və havada döyüşmək üçün təlim keçirlər. Buna görə də mən həm çətin, həm məsuliyyətli, həm də bu şərəfli yolu seçdim. Komando bölmələri yarandığı andan bu sahədə fəaliyyət göstərirəm. Keçirilən nəzəri və praktiki dərslərdə kursa gələn şəxsi heyətə öyrəndiklərimi aşılamaq üçün bütün bilik və bacarıqlarımı səfərbər edirəm.
- Komando üçün fiziki güc, yoxsa iradə daha vacibdir?
- Komando üçün ilk növbədə iradə, daha sonra isə ona verilmiş tapşırığı qanı-canı bahasına çevik və dəqiq  yerinə yetirmək üçün fiziki güc lazımdır. Bundan başqa mütəmadi olaraq təlim-məşqlərdə iştirak vacib şərtdir. Yəni, vərdişləri təkmilləşdirmək lazımdır. Müxtəlif şəraitlərdə çətin döyüş tapşırıqlarını yerinə yetirərkən fiziki güc, dözüm və iradə tələb olunur. Bir sözlə, Komando olmaq üçün hərbi qulluqçuda fiziki güclə iradə vəhdət təşkil etməlidir.
- Komando hərbi hissələrinin yaranmasının ölkəmizin ərazi bütövlüyünün müdafiə gücündə rolu nədən ibarətdir?
- Bu qüvvələrin yaradılmasından danışsaq, müxtəlif ölkələrin ordularında olan komandolar, həmin ölkələrin müdafiəsində ən çevik qüvvələrdən biri olaraq qəbul edilir. Məhz İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, müasir döyüşdə Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyəti həlledici rol oynayır. Çünki onlar həm fiziki cəhətdən hazırlıqlı olurlar, həm də ən çətin şəraitdə belə qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirə bilirlər. Onların təyinatı düşmənin arxasında fəaliyyət, yaxın döyüşdə düşmənə sarsıdıcı zərbə endirmək, həmçinin şəhər döyüşlərində iştirak edərək anti-terror əməliyyatları keçirtməkdir. Bunlara misal olaraq cari ildə komandolarımız digər qoşun növləri ilə birlikdə işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına layiqli cavab verərək düşmənə ağır zərbələr endirib, strateji yüksəklikləri nəzarətə götürdüyünü misal göstərmək istərdim.  
- Ölkəmizdə çox sayda Komando hərbi hissəsi yaradılıb. Hər il minlərlə gənc Komando olmaq üçün müraciət edir.  Bəs Komando kursu necə təşkil olunur? İştirakçılar kursu hansı səviyyədə mənimsəyirlər?
- Döyüş hazırlığı planına əsasən, il ərzində müxtəlif vaxtlarda komando təlim mərkəzində və bölgələrdəki birliklərimizdə komando başlanğıc və digər kurslar təşkil edilir. Kursda iştirak etmək üçün birinci növbədə könüllülük əsasdır. Sonra isə hərbi həkim komissiyası və fiziki hazırlıqda fərqlənən namizədlər kursda iştirak etmə hüququ qazanırlar. Onlar əvvəl xidmət etdiyi bölmələrindən asılı olmayaraq Komando kursunun planına əsasən müxtəlif dərəcəli psixoloji, fiziki və zehni imtahanlardan keçirlər. İndiyə kimi bir neçə Komando başlanğıc kursu keçirilib, kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçular sertifikat və “Komando” döş nişanı ilə təltif olunublar.
Kursun bütün müəllim və təlimatçı heyəti  peşəkar, vəzifələrinin öhdəsindən layiqincə gələn zabitlərdir. Hər birimiz kursantlara tələbkarlıqla yanaşır, səmimi və qayğıkeş münasibət bəsləyir, onlara keçirilən mövzuları hər incəliyinə kimi öyrətməyə çalışırıq. Bu günə kimi keçirilən bütün kurslarda şəxsi heyətin kursu mənimsəmə səviyyəsi yüksək olaraq qiymətləndirilib. Bu nəticə isə bizi sevindirir və daha da ruhlandırır. Bu, hər işdə belədir. Zəhmətinin bəhrəsini görəndə xoşbəxt olursan, işinə daha möhkəm  sevgi ilə bağlanırsan.
- Kurs müddətində namizədlərə hansı  xüsusi bacarıqlar və döyüş vərdişləri öyrədilir?
- Əvvəldə də vurğuladığım kimi, komandolar işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılıb. İşğaldan azad olunan torpaqlarımızın çətin, xüsusən də dağlıq relyefdə yerləşməsi Komando birləşmələrinin əhəmiyyətini bir daha göstərir. Ona görə də kurs müddətində komando olmaq istəyənlər əlbəyaxa döyüş növləri, paraşütlə atlamaq, dağ xizəkçiliyi, snayper və digər fiziki hazırlıq kurslarından keçirlər. Onlar sırf texnikaların keçməsinin mümkün olmadığı ərazilərdə əməliyyatlar yerinə yetirmək üçün hazırlanırlar.
Komandoların hazırlıq kursunda öyrəndikləri bütün bilik və bacarıqları təlimlər zamanı daha da möhkəmlənir. Belə ki, komandolar mütəmadi olaraq  real döyüşə yaxın ssenari əsasında təlimlərə cəlb olunurlar. Təlimlər  zamanı onlar  taktiki yerdəyişmə fəaliyyətlərini icra edir, maskalanma tələblərinə əməl etməklə sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə kəşfiyyat aparma, şərti düşmən sığınacaqlarının aşkar edilməsi, eləcə də kəşfiyyat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetirirlər.  
- Təminat və sosial-məişət şəraiti döyüş ruhuna təsir edən əsas amillərdir. Ruh yüksəkliyi olmayan yerdə döyüş qabiliyyətindən danışmaq olmaz. Bəs komandoların təminatı, maddi bazası və sosial-məişət şəraiti hansı səviyyədədir?
- Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bütün Əməliyyat (Komando) hərbi hissələrində sosial-məişət şəraiti yüksək səviyyəyə çatdırılıb. Hərbi hissələrin hamısında binalar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Şəxsi heyət geyim, qidalanma və digər bütün növ təminatlarla ən yüksək səviyyədə təmin olunub. Maddi-texniki bazamız günü-gündən möhkəmləndirilir, ən müasir hərbi texnika, silah və sursatlar alınır. Belə müasir şərait və yüksək təminat isə hər kəsin döyüş ruhunu daha da artırır, döyüş hazırlığına müsbət təsir edir.
- Komando olmaq istəyənlərə tövsiyələriniz?
- Vətən torpaqlarını göz bəbəyi kimi qorumaq hər bir azərbaycanlının vəzifəsidir. Bu vəzifə hər birimiz üçün müqəddəsdir. Hər kəs yaxşı bilsin ki, xalqına, yurduna sədaqət andı içən və əyninə hərbi mundir geyinən hər bir kəs üçün onun Vətəninə, xalqına, dövlətinə olan sədaqəti, məhz onun şərəfidir. Bir komando nəfərinin möhkəm iradəsi və sonsuz sədaqəti olmalıdır. Çünki hərbi xidmət Vətənə sədaqətdir. Hər an Vətən uğrunda ən çətin tapşırığı belə yerinə yetirməyə ilk növbədə psixoloji hazır olmalısan. Komandonun  psixologiyasına isə vətənpərvərlik, Vətənə sonsuz sevgi və sədaqət hakim olmalıdır. Hamımız  "Hər şey Vətən üçün" şüarı ilə yaşamalıyıq. Türk tarixçisi, yazıçı Hüseyn Nihal Atsız belə deyirdi: "İnsan doğar beşikdə, məzarda yatmaq üçün, Qəhrəmanlar can verər, yurdu yaşatmaq üçün". Biz də yurdumuzu yaşatmaq üçün hər an can verməyə hazır olan qəhrəmanlarıq.
- Müsahibə üçün təşəkkürlər. Sizə şərəfli və məsuliyyətli xidmətinizdə uğurlar. Sağ olun.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"