Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm"dür. İllərdir ki, bu bəla müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, narkomaniyanın əsas qurbanları olan gənclərin sayı bütün dünyada durmadan artır. Gəncliksə hər bir dövlətin, millətin, xalqın sabahı, gələcəyidir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi cəmiyyətin əsas vəzifəsi hesab olunur.
Narkomaniya insan həyatında, bəşəriyyət üçün dövründə böyük fəsadlar verən taun xəstəliyi kimi bəlaya çevrilən, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Dünyada yaşayan bütün xalqların, millətlərin təhlükə mənbəyinə çevrilən narkomaniya qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə "Narkotiksiz gələcək naminə" milli proqramların qəbulu da, təbii ki, məsuliyyət hissindən yaranan vətəndaşlıq borcudur. Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya "Yox!" deyib, bu ölüm kabusuna qarşı birgə mübarizə aparmalıyıq.
Günümüzdə narkotik maddə alverçiləri gəncləri öz girovlarına çevirməyə cəhd göstərirlər. Beləliklə, gəncliyin məhvi və ölümü üzərində özlərinə kapital toplamaq əsas məqsədə çevrilir. Bu zaman nəinki bir ölkənin, eyni zamanda, dünyanın gələcəyi təhlükə qarşısında qalır. Ölümün sindromu olan narkomaniya ilə mübarizə aparmaq o qədər də asan məsələ deyil. Narkotik maddə alverçilərini "ölüm kabusları" da adlandırmaq olar.
Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX əsrin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək, müxtəlif xalqların genefonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə çevrilib. Narkomaniyanın daha çox yayıldığı dövrü araşdırarkən məlum olur ki, hələ keçən əsrin 60-cı illərində gənc sənət adamları arasında narkotik maddələrin qəbulu özünəməxsus həyat tərzinə çevrilmişdi. Hətta onlar bunu gizlin saxlamır, əksinə, bəzən sənət uğurlarını narkotik maddələrin qəbulu ilə əlaqələndirirdilər. Bu sənətçilərin pərəstişkarları da özlərini onlara oxşatmağa çalışaraq narkotik maddə qəbul edirdilər. Həmin dövrdən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də narkomaniya ilə məşğul olanlar bu aludəçiliyin insanı ağır problemlərdən xilas etməsi kimi zərərli fikirlərini yaymaqda davam edirlər. Bəşəriyyət isə sanki "ağ ölüm"lə mübarizədə acizliyini göstərməkdədir.
Narkotik maddələrin gənc nəsil arasında yayılmasının qarşısını almaq məqsədilə dünyanın bir çox ölkələrinin qəbul etdiyi milli proqramlarda nəzərdə tutulan müddəalar fasiləsiz yerinə yetirilir. Bu proqramlara əsasən, təhsil ocaqlarının, ictimai təşkilatların əsas vəzifələrindən biri narkomaniyaya qarşı maarifləndirmə və təbliğat işinin aparılmasıdır. Bu mübarizə işi kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə həyata keçirilir.
Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz buna görə Ümummilli Lider Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə 2000-2006-cı illərədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilib və bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdı. Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində bu sahədəki fəaliyyətini daima uğurla davam etdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci və 2007-ci illərdə verdiyi fərman və sərəncamlar "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan məsələlərin həlli istiqamətində atılan uğurlu addımlar idi. Ölkə rəhbəri Dövlət Proqramının davamı olaraq 2013-2018-ci illər üçün növbəti sərəncam imzalayıb. Bu dövlət başçısının dəhşətli bəlaya qarşı mübarizə sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətin bir hissəsi kimi dəyərləndirilməlidir.
Hər şeydən öncə, narkotiklə və narkobizneslə mübarizə cəmiyyətin sağlamlığının qorunması zərurətindən irəli gəlir. 20 ildən artıqdır ki, Azərbaycan narkomaniyanın dünyada yayılmasının qarşısının alınmasına dair BMT-nin üç konvensiyası ətrafında digər ölkələrlə sıx əməkdaşlıq şəraitində mübarizədə öz köməyini əsirgəmir.
Bu gün bəşəriyyətin ən qorxulu xəstəliklərinin mənbəyi də elə narkomaniyadır. Ona görədir ki, bu bəlaya mübtəla olan insanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bu, Sibir meşələrindəki bataqlıqlara bənzəyir ki, orada yaşayan heyvanlar o bataqlığa düşür və sonra ordan çıxmaq üçün çırpınır, amma əksinə, hər hərəkətində daha da batır. Bunlar eynilik təşkil edir. Narkotikdən istifadə insan həyatı üçün həmin o bataqlıqdan heç də az təhlükəli deyil. Asılılıq bu maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Bu bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə, bu bataqlıqda məhv olub gediblər.
Bəs narkotik nədir? Narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniyaya aludəçilik orqanizmin zəifləməsi, bədənin arıqlaması və fiziki gücün düşməsi ilə nəticələnir. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zədələnməsinə gətirib çıxarır. Narkomaniyanın yaratdığı ən geniş yayılan xəstəlik "Hepatit B"-dir. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşır. Bu zaman hər bir xəstəliyə, o cümlədən də "HİV" və "QİÇS"-ə yoluxma halları çoxalır.
Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı "Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizədə atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan düzgün perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün stimul yaranır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi dövlət başçısının 22 iyul 2019-cu il 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nı rəhbər tutaraq illik fəaliyyət planı hazırlayıb. Azərbaycan Ordusunda bu fəaliyyət planının reallaşması məqsədilə aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT və KİV-lə birlikdə tədbirlər həyata keçirilib.
Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatlar çərçivəsində ordu gəncləri arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında onlarda düzgün təsəvvürün formalaşması, maarifləndirici tədbirlərin görülməsi əsas amillərdən biri kimi hər zaman diqqətdə saxlanılır. Orduda ictimaiyyət nümayəndələri ilə birgə "Bəşəriyyətin təhlükə mənbəyi - narkomaniya", "Narkomaniya nədir?", "Narkomanın aqibəti", "Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur", "Narkomaniyaya yox deyək!", "Gənclər sağlam həyat tərzi seçir", "Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir" mövzularında mütəmadi olaraq təlim-metodiki məşğələlər, tərbiyəvi iş saatları, konfranslar, "dəyirmi masa"lar və seminarlar təşkil edilir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun düşmən üzərində tarixi Zəfər qazanması da məhz fiziki və mənəvi sağlam gənclərin sayəsində mümkün olmuşdur.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"