Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qarantı olan rəşadətli Azərbaycan Ordusu bu gün dünyada sözünü deyən regionun ən güclü ordusudur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində apardığı uğurlu islahatların və göstərdiyi qayğının nəticəsində dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılması ilə nəticələnib. Gündən-günə qüdrətini daha da artıran ordumuz həm güclü maddi bazaya, həm müasir silah və texnikaya, həm də peşəkar və savadlı hərbi kadrlara malikdir. Dövlətimizin qüdrətinin nümunəsi, xalqımızın iftixar yeri olan yüksək hazırlıqlı ordumuz istənilən şəraitdə və iqlimdə çətinlik bilmədən üzərinə düşən vəzifələrin öhdəsindən qətiyyətlə gələrək ərazi bütövlüyümüzü inamla qoruyur.
Azərbaycan Ordusunun - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövülüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti tərəfindən təşkil edilən silahlı birləşmədir. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərin böyük əksəriyyəti dağlıq ərazilərdir. Dağlıq ərazilərin çətin reylefi, dəyişkən iqlimi isə burada döyüş növbətçiliyinin təşkilini daha da çətinləşdirir, şəxsi heyətdən daha çox diqqət və məsuliyyət tələb edir. Dağlıq ərazilərin xüsusiyyətlərinin öyrənilməsi, burada xidmətin təşkili, təlimlərin, əməliyyatların planlaşdırılması və keçirilməsi zamanı diqqət yetirilməli olan ən vacib məsələlərdən biridir. Bu xüsusiyyətlər öyrənilməsə və nəzərə alınmasa, uğurdan danışmaq olmaz.
Bildiyimiz kimi, dağlıq ərazi şəraitləri həmişə qoşunlar tərəfindən döyüş tapşırıqlarının yerinə yetirilməsi üsullarına təsir edib və edəcək. Bu tapşırıqları yerinə yetirərkən ərazinin xarakteri, relyefi, qruntu, iqlimi, hidroqrafik və digər şərtləri mütləq nəzərə alınmalıdır. Dağlarda xidmətin təşkilinə ən çox bu relyef amillərinin təsiri olur.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Səməndər Məmmədov dağların xüsusiyyətlərinin qoşunlarımızın fəaliyyətlərinə ümumi təsiri mövzusunda yazdığı məqalədə qeyd edirdi ki, Qarabağın ərazisi müxtəlif yüksəklikdə dağlar olan sahələrdən ibarətdir. Ərazilər, dəniz səviyyəsindən yüksəkliyinə görə alçaq (500-1000 m), orta hündürlüklü (1000-2000 m) və hündür (2000 m-dən yuxarı) dağlar olan ərazilərdir, ona görə də burada xidməti təşkil edərkən onların fərqləri və özünəməxsus təsirləri nəzərə alınmalıdır. Məsələn, kiçik dağlar olan ərazilərdə təxribat törətmək istəyən düşmənin iri qruplaşmalarının fəaliyyətləri mümkündür. Nəzərə almaq lazımdır ki, bu ərazilərdə çoxlu əlverişli keçidlər və vadilər var, nisbətən inkişaf etmiş yol şəbəkəsi mövcuddur. Bütün bunlar imkan verir ki, qarşı tərəf yüksək tempdə və bütün növ döyüş texnikasını tətbiq etməklə təxribat törətsin.
Orta hündürlüklü dağlar olan ərazilər tərəfdən olan təxribatların qarşısının alınması daha da asanlaşır. Çünki burada düşmən qüvvələri artıq bəzi çətinliklərlə üzləşir. Bu dağlarda sərt, bəzi hallarda məskunlaşmış, bir çox yerlərdə isə dağıdılmış yaşayış məntəqələri olan yamaclar üstünlük təşkil edir, qışda aşırımlar hərəkət üçün çətin keçilən olur, qoşunların manevrləri məhduddur, ağır texnikanın yollardan kənarda tətbiqi çətinləşir.
Hündür dağlar olan ərazilərdə isə düşmən qruplarının gəlişi əsasən yol istiqamətləri boyu gözlənilir. Belə ərazilərdə hücum edən bölmə üçün ağır texnikanın tətbiqi məhdudlaşır, demək olar ki, mümkün olmur. Çünki aşırımlar ilin böyük hissəsi qarla örtülü və hərəkət üçün yararsız olur, tez-tez qar və daş uçqunları, sellər baş verir ki, bu da müdafiəni daha da gücləndirir. Bu ərazilərdə yollar azdır, hündürlüklərə qalxdıqca onların keyfiyyəti əsasən pisləşir. Mövcud yolların əksəriyyəti isə sərt döngəli, ensiz və dolayı serpantinli, sərt yoxuş və sərt enişlidir.
Hərbi ekspertin qeyd etdiyi xüsusiyyətlər və hava şəraitinin yaratdığı çətinliklər dağlıq ərazilərdə xidmətin olduqca çətin olduğunu gözlər önünə sərir. Lakin bu ağır şəraitlər yüksək dağ silsilələrində döyüş növbətçiliyini təşkil edən bölmələrimizdə xidmətin təşkilinə heç bir mane törətmir. Çünki orada xidmət edən bölmələrimizin qış təminatı əvvəlcədən təmin olunur. Həmçinin bölmələrimiz qarlı və buzlu yollarda hərəkəti təmin etmək üçün tırtıllı və xizəkli texnikalarla təchiz edilib. Eynilə Mühəndis Qoşunlarının dağlıq ərazilərdə uğurlu fəaliyyəti nəticəsində dar yollar daha da genişləndirilir, daha əlverişli yeni yollar çəkilir. Qış aylarında fasiləsiz olaraq yolların qardan təmizlənməsi işləri aparılır. Bu da şəxsi heyətin, eləcə də maşınların və texnikaların maneəsiz və fasiləsiz hərəkətinə zəmin yaradır. Bir sözlə, dövlətimizin gücü nəticəsində zəngin maddi-texniki bazaya malik olan Azərbaycan Ordusunun şəxsi heyəti çətinliyi ilə seçilən dağlıq relyefli ərazilərdə də xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlir.
Kəlbəcərdə, Daşkəsəndə, Gədəbəydə, Laçında, Şuşada erməni silahlı birləşmələrinin dəfələrlə təxribatlara cəhd etməsi və uğursuzluğa düçar olaraq geri çəkilməsi bir daha əminlik yaradır ki, Azərbaycan əsgəri ərazinin reylefindən asılı olmayaraq xidməti vəzifələrinin öhdəsindən bacarıqla gəlir, daim ayıq-sayıq xidmət aparır. Rəhbərlik tərəfindən dağlıq ərazilərin xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş və maddi-texniki təminatının həyata keçirilməsi ilə əlaqədar bütün işlər uğurla yerinə yetirilir. Çətin relyefə malik olan dağlıq ərazilərdə döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili, şəxsi heyətin təhlükəsizliyini maksimal təmin etmək məqsədilə xüsusi texniki vasitələrdən geniş istifadə edilməsi, eləcə də qış mövsümünə hazırlıq işləri daima xüsusi diqqətdə saxlanılır.
Bu gün əminliklə deyə bilirik ki, Azərbaycan Ordusunun dağ şəraitində və yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılıb. Yüksək döyüş və mənəvi-psixoloji hazırlıqlı, qələbə əzmində olan əsgərlərimiz də Vətən sərhədlərini və torpaqlarımızı etibarlı müdafiə edirlər.
Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"