Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Dekabr 2022 19:59

Xalqa, dövlətə, dövlətçiliyə görə yaşanılmış əbədiyyət ömrü

Tarixi şəxsiyyətlər xalqın taleyi üçün yaşayır. Belə tarixi şəxsiyyətlərin ömrü xalqının ömrünə düşən işığa dönür. Bu işıq əbədiyyət işığıdı. Xalqımız bu işıqda dövlət oldu, bu işıqda yaşatdı dövlətçiliyini...
Əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər də belə tarixi şəxsiyyətlərin əvəzsiz xidmətləri ilə yaşadılıb...
Qürurla "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" deyən, bu amalıyla hamıya örnək olan, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ümummilli Lider Heydər Əliyev məhz belə dahilərdən olub...
Şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti olmur. Onlar heç bir zaman və məkana sığmırlar. Bu fikir əsrlərin sınağından çıxaraq öz təsdiqini tapıb. Zaman sübut edir ki, xalqın tarixi, tarixi şəxsiyyətin ömür yolu ilə müəyyənləşdirilir...
Dahi tarixi şəxsiyyət Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın son yüz illik tarixidir. O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb.
Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev Sovetlər dönəmində də, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra da xalqımızın sabahlarını düşünərək bu ali amal uğrunda mübarizə aparıb. Müstəqilliyin təməl daşlarını qoyub.
Bir əsrdə iki dəfə dövlət müstəqilliyi qazanan Azərbaycan az saylı ölkələrdəndir.
Milli-azadlıq hərəkatı genişlənəndə sovet imperiyası bu hərəkatı qəddarlıqla yatırtmaq istədi. 20 Yanvar faciəsini törətdi. 1990-cı il yanvarın 21-də dahi tarixi şəxsiyyət Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısında keçirilən mitinqdə son dərəcədə kəskin siyasi bəyanatla çıxış etdi. Bu çıxış azərbaycançılığın təsdiqi idi...
Azərbaycanda milli qarşıdurma, separatçılıq son dərəcədə kəskinləşmişdi. Onda xalq Azərbaycanın dövlətçiliyini qorumaq üçün böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi.
Vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, bunlara və separatizm cəhdlərinə görə müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı - ictimai-siyasi sabitlik təmin edildi. Azərbaycan xalqının və dövlətinin tarixində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev olmuşdur.
Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin azərbaycançılığı, inkişaf strategiyası, müəyyənləşdirdiyi daxili və xarici siyasət  dayanır. Ulu Öndərin istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə respublikamızın iqtisadi və sosial tərəqqisinin təmin olunması, xalqın rifahının daha da yaxşılaşdırılması istiqamətində tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycan 1993-cü ildən bu günə qədər inkişaf yolunda əmin addımlarla irəliləyir, möhtəşəm nailiyyətlər əldə edərək yeni zirvələr fəth edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi: "1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir".
1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi, sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı, inkişafın dinamik əsası qoyuldu.
1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri tədbirlər görüldü. Reallaşdırılan, ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş şərait yaradıldı, geniş miqyaslı islahatlara başlanıldı. Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizlərinin açılması, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəql edilməsi layihələri həyata keçirildi. 1994-cü il sentyabrın 20-də  Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. "Əsrin müqaviləsi" adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi.
Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusilə vurğulanmalıdır.
1995-ci il noyabrın 12-də keçirilən referendumla müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Zaman keçdikcə demokratik yolla prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Qanunvericilik sahəsində aparılan hüquqi islahatlar nəticəsində şəxsiyyət azadlığı və toxunulmazlığına təminat yaradıldı. Siyasi plüralizm, söz və vicdan azadlığına geniş meydan açıldı, mətbuat üzərindən senzura götürüldü. Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv edildi. Siyasi-iqtisadi və sosial-mədəni həyatın bütün sahələrində Avropa Şurasının tələbləri baxımından dəyişikliklərə əsaslı zəmin yaradıldı. Azərbaycan 2000-ci il yanvarın 25-də Avropa Şurasına üzvlüyə qəbul olundu.
Ümummilli Liderimiz Heydər Əliyevin 1993-2003-cü illərdə gördüyü möhtəşəm işlər Azərbaycana rəhbərliyinin birinci dövründəki xidmətlərinin davamı kimi qiymətləndirilir. Əminliklə deyə bilərik ki, ötən əsrin 90-cı illərinin əvvəllərində qazandığımız müstəqilliyin iqtisadi əsası 70-80-ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir.
Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Xalqımızın Ümummilli Liderinin müəllifi olduğu azərbaycançılıq ideologiyası sadəcə öz dövlətimizin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə etdi. Dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi.
Ulu Öndər Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin cəfakeşlərindən idi. Neçə-neçə yazıçının, şairin, bəstəkarın, rəssamın abidələrinin ucaldılması da bu tarixi şəxsiyyətin adı ilə bağlıdır. Filosof-şair Hüseyn Cavidin nəşinin uzaq İrkutskdan Azərbaycana gətirilməsinin təşəbbüskar və icraçısı olan böyük tarixi şəxsiyyət üçün bir amal vardı: azərbaycançılıq...
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi də dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir".
Müasir Azərbaycan Ordusunun formalaşması Heydər Əliyevin dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ Sovetlər dövründən götürüb. Azərbaycanın tarixi ənənələrinin davam etdirilməsi, gənclərin qəhrəmanlıq ənənələri əsasında formalaşması, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun yaşadılması Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi ən ümdə məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi. Çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Xidmətləri və təşkilatçılığı ilə fərqlənən bir sıra zabitlərin və generalların daha yüksək və məsuliyyətli vəzifələrə təyin olunmasına Heydər Əliyev yardımçı olmuşdu və bunu özü də məmnunluqla xatırlayırdı.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb var idi: Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi və Bakı Ali Hərbi Dənizçilik Məktəbi. İttifaq miqyasında böyük nüfuza malik olan bu məktəblərin hər birində təhsil almaq üçün İttifaqın müxtəlif şəhərlərindən həmin məktəblərə axın güclü idi.
Heydər Əliyev Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəhbərliyinə yüksək rütbəli azərbaycanlı kadrların gətirilməsinə nail oldu. Bu məktəbə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər aparıldı. Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin ən gərəklisi  Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbinin açılmasıdır. Bu məktəbin açılması Ulu Öndər Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyətinin, böyük dühanın öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. Çox böyük maneələrə baxmayaraq, milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün fövqəladə əhəmiyyətə malik olan belə bir təhsil ocağının açılması dahi şəxsiyyət Heydər Əliyevin mübarizliyinin, fədakarlığının təntənəsi idi. Bu məktəbin açılışına nail olmaq üçün Ümummilli Lider Heydər Əliyev həm də İttifaq rəhbərliyi ilə çarpışmadan qalib çıxdı və əslində, bu mübarizliyi ilə həmin məktəbdə təhsil alan azərbaycanlılar üçün də canlı bir örnək oldu.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev dəfələrlə demişdi ki, bütün varlığı ilə Vətəninə və xalqına qırılmaz tellərlə bağlıdır: "Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".
Müstəqil Azərbaycan dövləti Ulu Öndərimizin şah əsəridir. O, Azərbaycanı dünyaya tanıdıb, dünyanı Azərbaycana gətirib. Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, üstəlik dünya siyasətinin nəhənglərindən birinə çevirib.
2001-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən fəaliyyət göstərən hərbi məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırılmışdır. Azərbaycan Republikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır.
Hamımız üçün fərəhlidir ki, Azərbaycan xalqı üçüncü minilliyə öz müstəqil dövləti ilə qədəm qoymuşdur. Minilliyin başlanğıcında Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dövlətçilik, iqtisadi-siyasi, sosial-mədəni sahələrdə böyük uğurlar qazandı, dünya birliyində öz yerini möhkəmlətdi.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda görülən işləri və əldə edilən nailiyyətləri onu deməyə əsas verir ki, Ulu Öndər Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Ümummilli Lider Heydər Əliyev müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi davamçısını yetişdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə həm Ümummilli Liderin, həm də xalqın ona bəslənən ümidlərini tamamilə doğrultdu. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar daha da dərinləşdi, ölkəmiz dinamik inkişaf yoluna çıxarıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla başa çatdırdı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik həsrətə 44 gündə son qoyaraq işğal olunmuş əzəli və əbədi torpaqlarımızı azad etdi.
Bütün bunlar göstərir ki, Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində əsasını qoyduğu siyasət bu gün uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Dahi rəhbərin anadan olmasının 100-cü ildönümü ərəfəsində bunu qürurla bir daha qeyd etmək yerinə düşər ki, əbədiyaşar lider Heydər Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şüurunun formalaşmasının əsasını qoyub, bu isə xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu bir daha təsdiqləyir.
Xalqın yaddaşında yaşamaq ömürdən sonra yaşanılan ömürdür...
Ulu Öndər Heydər Əliyev ömrü əbədiyyət ömrüdür. Xalqa görə, dövlətə görə, dövlətçiliyə görə...

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"