Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2022 17:10

Vətən haqqında qalibiyyət nəğməsi

İşğaldan azad edilmiş ərazilərimizdə söhbətləşmişdik. Döyüşlərdən danışmışdıq, döyüşçülərimizin qələbə əzmindən danışmışdıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsinin xarakteri haqqında dediyi kəlamları xatırlamışdıq: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". Bu qüruru neçə aylardan sonra yenidən yaşamışdıq. Biz əsgərlərin əhatəsində, əsgərlər bu qürurun əhatəsində. Zəfərin qüdrətidir ki, olmuşlar həmişə xatırlanır, hər xatırlananda ömürlərə bunca duyğusal anlar yazılır...
Kapitan Gülməmməd Rzazadə əsgərlərimizin Vətən müharibəsindən əvvəlki döyüş əzmindən, qələbə ruhundan söz açmışdı. Demişdi ki, Azərbaycan əsgəri bu ruhu Zəfərə yetirdi. Dünya ictimaiyyəti işğalın sonlandığını eşitdi. Bu Zəfərdən heyrətlənənlər bir daha əmin oldular ki, Azərbaycan Ordusu güclüdür. Əsgər Elşad Səlimov demişdi ki, hərbi xidmətə gələndə əsgər yoldaşlarım kimi mən də torpaqlarımızı işğaldan azad edəcək döyüşlərin başlamasını arzulayırdım. Əsgər yoldaşım Samir İbrahimovun tərxis ediləndə dediyi sözləri indi də xatırlayıram: "Tərxis edilməyimə ürəklə sevinmirəm. Qələbənin əsgəri ola bilmədim. Ali Baş Komandan əmr verəndə döyüşlərə könüllü gedəcəm. Bəlkə döyüş yolumuz eyniləşdi". Samir tərxis edildikdən üç ay sonra Vətən müharibəsi başladı...
Əsgər Elşad Səlimovun xatırlatması əsgərlərin baxışlarında anlaşılması o qədər də çətin olmayan bir təəssüf yaratmışdı. Bu təəssüf hərbi xidmətə bir-neçə ay gec başlamanın təəssüfü idi...
Öyrənmişdik ki, Elşad Vətən müharibəsi iştirakçısıdı. Suqovuşan istiqamətində döyüşüb. Düşmənin bir neçə əlverişli yüksəklikdən uzaqlaşdırılması ilə nəticələnən döyüslərdə fəal iştirak edib. Elşad özünün necə döyüşməsindən, döyüşçü yoldaşlarının döyüşlərindən danışmışdı. Qürurlanmışdıq. Bu qürur Azərbaycan Ordusunun qüdrətinin qüruruydu. Döyüş növbətçiliyinə gedən əsgərlərin yerişini gözlərimə, gözlərimdən könlümə köçürmüşdüm. Və onları "Zəfərin işığı baxışındadı, Zəfərin qüdrəti yerişindədi, Azərbaycan əsgəri. Sən qüdrətinlə yalçın qayaların ayaq dəyməyən çıxıntılarıyla Şuşaya yetirdin. Döyüşdə şəhid olanlarımız da, yaralılarımız da sıranızdaydı. Müharibələr tarixində yaralının da, şəhidin də qaliblərin sırasında olduğunu kimsə xatırlaya bilməyəcək (olmayıb deyə yazıya da alınmayıb). Sən belə bir ordunun əsgərisən!" kəlmələriylə uğurlamışdım. "Azərbaycan Ordusu" adından, "Azərbaycan Ordusu"nun timsalında Azərbaycan jurnalistikasının adından...
Əsgər Rabil Səbizadə Vətən müharibəsi iştirakçısıdı. Suqovuşan istiqamətində döyüşüb. Vətən müharibəsində bir döyüşçü haqqında eşitdiklərini xatırlamışdı: Füzuli istiqamətində ağır döyüşlər gedib. Döyüş səngiyəndə yaralı döyüşçü kimsəyə hiss etdirmədən sol ayağından aldığı yarasını özü sarıyıb. Ayağını azca çəkməsi diqqətdən yayınmayıb. Yoldaşları bunun səbəbini soruşanda deyib ki, ayağım burxulub. Döyüş ərəfəsində hiss ediblər ki, burxulma belə olmur, döyüşçü yeriməyə çətinlik çəkir. Onu müayinəyə göndəriblər. Sonrakı döyüşlərdə iştirak etmək üçün yaralandığını gizlədən döyüşçünü hospitala təxliyə ediblər...”
 Gizir Mirismayıl Zeynalov demişdi ki, hospitalda sonacan müalicə olunmaq istəməyən döyüşçülər çox olub. Hər biri döyüşə qayıtmağa, döyüşçü yoldaşlarının sırasında olmağa can atıb. Belə müqəddəs niyyətlərə təbabətin imkanı həddində yox deyilməyib. Qayıdıblar, döyüşüblər, qələbə qazananların sırasında olublar, Zəfərdən sonra medallarla təltif ediliblər. Vətən müharibəsində düşmənin illərlə möhkəmləndirdiyi, təkmilləşdirdiyi sədlərini darmadağın edən Azərbaycan əsgəri belə mənəvi-psixoloji hazırlığa malik olub.   
Baş leytenant Ruhi Cavadov demişdi ki, bu döyüşlər Vətən müharibəsi idi, Vətən müharibəsi - vətənpərvərliyin kükrəyişi. Neçə-neçə ailə iki qardaşın, ata ilə iki oğulun döyüşlərdən qələbə ilə dönəcəyini gözləyirdi. Bu döyüşçülərin döyüş yolu yeniyetmələrin, çağırışçıların öyrənməli olduğu və öyrəndiyi tarixi vətənpərvərlik fəlsəfəsidir: Vətən müharibəsinin iştirakçıları Vətəni necə sevməyin düsturunu yaratdılar...
"Sən tarixin bağrından qopan qadir əsgərlərin davamçısısan, Azərbaycan əsgəri! Sən Azərbaycanın ərazi bütövlüyünü qorumaqla bəşəriliyi qorudun, indi də qoruyursan. Buna görə dünyanın bəşəri dövlətlərinin də ehtiramı ilə əhatələnibsən. Torpaqlarımızı işğaldan azad etdiyinə görə, geniş miqyaslı bir terror şəbəkəsini məhv etdiyinə görə",  - demişdim.
Kapitan Gülməmməd Rzazadə fikrimi bəyənmişdi. Ehtiramlarla əsgərlərə baxmışdı. "Hərbi xidmətə Vətən müharibəsindən sonra çağırılıblar. Hər biri Vətən müharibəsi haqqında təəssüratları vətənpərvərlik dərsi kimi dinləyir. Vətən müharibəsində hər bir Azərbaycan əsgəri Şuşa uğrunda gedən döyüşdə yaralanan həmin döyüşçü kimi edərdi. O döyüşlərdə şəhid olanların nəfəsi çatsaydı, onlar da qayalara Azərbaycana sevgilərini ifadə edən nəsə yazardı..." - demişdi...
Mayor Mirseyid Zeynalov Vətən müharibəsində yaralandığını kimsəyə bildirməyən, yarasını özü sarıyan, az sonra sağında döyüşən döyüşçünün yaralandığını duyan, ona kömək yetirəndə şəhid olan döyüşçüdən danışmışdı. Tanımadığımız, ad-soyadını bilmədiyimiz həmin döyüşçünü Azərbaycan əsgəri kimi anırıq. Ehtiramlarla, sevgilərlə, minnətdarlıqlarla.
Vətən müharibəsində döyüşlərə ezam edilmişdik. Döyüşlər gedən əraziyə hərbi yük maşını ilə gedirdik. Yollar boyunca yeniyetmələrin, uşaqların, anaların əlləri arxamızca bayrağa dönmüşdü. Bu da ruhun qüdrətiydi. Maşınımız işıqforun tələbinə görə dayananda 10-12 yaşlı oğlanın sürücüyə hərbi salam verməyi qəlbimizi dağa döndərmişdi. Bu sevgi sizə sevginin təzahürüydü, Azərbaycan əsgəri! Xalq sizi həmişə sevib. Vətən müharibəsində ruhu kimi sevirdi, Vətən kimi sevirdi. Bu sevgi Yeri Göyə dikəltməyə, Göyü Yerə endirməyə qadir olan sevgiydi. Səni tanımayan ananın yazdığı məktub birinizə çatsa da, hamınıza yazılmışdı: "...Hər birinizi oğlum əvəzi sevirəm, ay bala. Qazanacağınız qələbə anaların dərdini yüngülləşdirəcək. Qələbədən sonra hansınız qarşıma çıxsanız, şəhid oğlumun əvəzinə bağrıma basacam..."...
Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bu, Ermənistanın məğlubiyyət sənədi idi. Ermənilik xisləti bu bəyanata əməl edilməsinə imkan vermir. Hərdən bitmiş, başa çatmış müharibəni başqa formatda davam etdirmək, Azərbaycan Ordusunun işğaldan azad etdiyi əraziləri yenidən işğal etmək niyyəti ilə təxribatlar törədir. Bu təxribatların da qarşısını qətiyyətlə alırsınız. Bu təxribatlar erməniliyin son nəfəsinin tərpənişləridi.
Zəngəzurdasan, Azərbaycan əsgəri! Qüdrətinlə Qaragölün həndəvərlərində Azərbaycanın dövlət sərhədlərinin hüdudlarındasan!
İşğaldan azad edilmiş ərazilərdə başlayan geniş miqyaslı quruculuq işlərindən danışmışdıq. Tanıdığım bir ailənin oğlu Vətən müharibəsi iştirakçısı olub. Tərxis edildikdən sonra tikinti şirkətində işləyir. İşğaldan azad edilmiş ərazilərdədi. Ermənilərlə döyüşdü, indi erməniliyin fəsadları ilə döyüşür...
Dediklərim əsgərlərin düşüncələrində tərpəniş yaratmışdı. Əsgərlərdən biri demişdi ki, hərbi xidmətdən tərxis edildikdən sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində iştirak etmək üçün müraciət edəcəyik...
Göy üzündə bir topa bulud görünürdü. Anlar sonra axıb - görünməzliyə getdi.
2020-ci ilin payızından üzü bu yana təbiət də sənin qüdrətinin carçısıdı, Azərbaycan əsgəri! Gecələr Ay, gündüzlər Günəş salamlayır səni. Qadirliyini göylər də bilir...
Bu qüdrətin ətəyində biz də salamlayırıq...
Dünya hələ də Vətən müharibəsində Şuşa uğrunda döyüşlərdə yaralanmış Azərbaycan əsgərinin son nəfəsində Şuşanın dağlarına yazdığı sədaqət andı kimi yaşanılacaq kəlmələrini unutmayıb. Unudulası kəlmələr deyil. Bu kəlmələrin mahiyyəti Vətən haqqında qalibiyyət nəğməsidi...
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"