Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2022 17:10

Hərbi Orkestr Xidmətinin yaranmasından 30 il keçir

1992-ci il 3 dekabr tarixində yaradılan Hərbi Orkestr Xidməti Azərbaycanın müasir ordu quruculuğunda - 30 illik fəaliyyəti dövründə şanlı yol keçərək, hərbi musiqimizin inkişafına böyük töhfələr bəxş edib. Azərbaycan Ordusunun inkişaf tarixində xüsusi əhəmiyyət kəsb edən  hərbi musiqimiz yarandığı gündən  şəxsi heyətin döyüş əzminin  və hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, mənəvi-psixoloji hazırlığının artırılmasında böyük rol oynayıb. Hərb tariximizin səhifələrində bir daha şahidi oluruq ki,  hərbi musiqi dövlətin və ordunun   əhəmiyyətli sahəsidir. Artıq qürurla deyə bilərik ki, 30 illik dönəmdə Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri  peşəkarlığını daima artıraraq, ölkəmizin ön sırada dayanan musiqi kollektivlərindən birinə çevrilib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hər zaman orduya yüksək diqqət və qayğısı nəticəsində ölkənin hərbi quruculuq sahəsindəki yüksək inkişaf dinamikası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Müasir Azərbaycan Ordusunun bütün sahələrində gedən güclü inkişaf prosesləri Hərbi Orkestr Xidmətinin də fəaliyyət istiqamətlərində mühüm rol oynadı.
Hərbi musiqimiz təkmilləşmə mərhələlərini uğurla başa vuraraq, bu sahədə tarixi ənənələrin yaşadılmasına və yeni-yeni axtarışlar nəticəsində mükəmməl işlərin görülməsinə nail oldu.
Ordu ənənələrində hərbi musiqinin öz dili, öz yeri və öz gücü var. Hərbi musiqi ordumuzun atributudur. Yüksək inkişaf yolu keçən Hərbi Orkestr Xidməti  hərbi musiqiçi və dirijor kadrların hazırlanması, bütün qoşun növləri üçün hərbi orkestrlərin yaradılması, yeni repertuarın formalaşması, zənginləşdirilməsi və s. istiqamətlərdə böyük işlər gördü, ordumuzun əhəmiyyətli sahəsi kimi yaradıcılıq imkanlarını genişləndirdi.  
Hərbi orkestr dövlət səviyyəli rəsmi tədbirlərdə, Azərbaycan Ordusunun keçirdiyi bütün paradların açılış mərasimlərində,  ölkəmizdə reallaşdırılan idman yarışlarında, eyni zamanda, mədəni-kütləvi tədbirlərdə geniş konsert proqramları ilə çıxış edir. Həmçinin qeyd olunmalıdır ki, ölkəmizdə xüsusi əhəmiyyətli dövlət tədbirləri hərbi orkestrin müşayiətilə təmin olunur. Xarici ölkələrin dövlət başçılarının rəsmi qarşılanma, beynəlxalq idman yarışlarının açılış və bağlanış mərasimlərini Əlahiddə Nümunəvi Orkestrin yaradıcı heyəti uğurla həyata keçirir və şöhrətini daha da ucaldır. Hərbi Orkestrin çıxış etdiyi tədbirlər silsiləsindən Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsinin anım mərasimləri,  8 Noyabr - Zəfər Bayramı, 28 May - Azərbaycan Respublikasının Müstəqilliyi Günü, xüsusi təyinatlı  təhsil müəssisələrində buraxılış mərasimlərini qeyd etmək yerinə düşərdi.
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra  ordu quculuğunda hərbi musiqinin də inkişafı zəruri  olmuşdur. Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən hər zaman Azərbaycan Ordusunun Hərbi Orkestr Xidmətinə böyük önəm və dəyər verilib. Belə məqamlar ordunun orkestr xidmətinin inkişafında mühüm rol oynayıb.
Hərbi musiqinin mahiyyətindən danışılarkən  onun  döyüş ənənələrində, qoşunların hərəkət istiqamətlərində önəmliliyi  vurğulanıb. Bu sahədə aparılan tədqiqatlarda qeyd olunur ki, döyüşdə zəfərin qazanılmasında hərbi marşların, musiqinin rolu böyükdür. Mənəvi-psixoloji hazırlıq işlərində musiqi qoşunların döyüş gücünə təsirini artırır, vətənpərvərlik ruhunu coşdurur, əsgərlərin qələbə əzmini artırır. Koroğlu uvertürasının, Cənginin sədaları altında düşmən üzərinə gedən əsgər döyüş meydanında yenilməz gücə çevrilir.   
Necə ki, Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək səviyyədə mənəvi-psixoloji hazırlığı  Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında başlayan  44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatmasını təmin edib. Zəfər paradında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin Azadlıq meydanında Zəfər marşını səsləndirməsi paradı izləyən bütün dünya azərbaycanlılarını qürurlandırdı.
Bu gün Əlahiddə Nümunəvi orkestrin yaradıcı heyəti Şuşada - Cıdır düzündə və digər işğaldan azad edilmiş doğma torpaqlarımızda Koroğlu uvertürasını, Cəngi havasını, Zəfər marşını əsgər və zabitlərimiz qarşısında səsləndirir, hərbi vətənpərvərlik mövzularından ibarət konsert proqramları təşkil edir. Məhz belə məqamlar düşmən üzərində qələbəyə çağırış deməkdir.
30 ildir ki,  Xalq artisti, professor general-mayor Yusif Axundzadə Azərbaycan Ordusunda hərbi musiqimizin inkişafına və hərbi orkestr xidmətinin qurulmasına misilsiz töhfələr verib. Hazırda o, Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinə rəhbərlik edir. Yusif müəllim Azərbaycan Ordusunda hərbi musiqinin nəzəri və praktiki cəhətdən inkişaf etdirilməsində fədakarcasına çalışıb. Bu gün də fəaliyyətini yorulmadan davam etdirir.
Hərbi Orkestr xidmətinin yaranmasının 30 illiyi münasibətilə hörmətli Yusif müəllimi və onun rəhbərlik etdiyi yaradıcı kollektivi səmimi-qəlbdən təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"