Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2022 13:10

“Hər kəs Xüsusi Təyinatlı Rüstəm gəlir” - deyəcək

Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən biri olan Kitabi-Dədə Qorqud dastanlarından görürük ki, Oğuz elinin ərənləri üçün torpaq, Vətən sevgisi hər şeydən ucadır. Əsrlər keçsə də, bu sevgi əli qılınc tutanları Vətən naminə qələbəyə aparıb. Dövlətçilik naminə həmişə belə olub. 2020-ci ilin sentyabrında da belə oldu. Şəhidliyə hazır olan oğullar əllərində silah, könüllərində isə "Qarabağ Azərbaycandır!" şüarı ilə irəli atılaraq düşmənin kinli niyyət və planlarını darmadağın etdilər. 2020-ci ilin 27 sentyabr tarixindən başlayan Vətən müharibəsi düşmənin sinəsinə dağ çəkdi, torpağımızdan yapışmış yad əlləri qoparıb atdı.
Tanıyanlar Rüstəm Atakişiyevdən ağızdolusu danışırlar. Rüstəm hər kəsin doğması, sevimlisi olmağı bacarmışdı. Onun qəbrini ziyarət etdik. Xatirə bulağının qarşısında dayanıb, şəkildəki baxışlarında duyduğumuz saflığı, məsumluğu könlümüzə köçürdük.
Rüstəm Atakişiyev 2000-ci il dekabrın 24-də anadan olub. İki qız övladından sonra evin sonbeşiyi olan Rüstəm bacılarının dediyinə görə evin istəklisi idi. Bacısı Həzin Məmmədova doluxsunaraq qardaşının uşaqlığını xatırlayır: "Rüstəm sakit uşaq idi. Heç vaxt bizi incitməz, sözümüzdən çıxmazdı. Hər kəslə yola gedərdi. O, 2007-ci ildə ibtidai sinifdə təhsil alırdı. Hər dəfə qardaşımı məktəbə aparıb-gətirdikdə müəllimlərinin razılıqlarını eşidib sevinirdim.  Boş vaxtlarında futbolla məşğul olmağı sevirdi. Bir dəfə gördüm ki, telefonda videogörüntüyə baxaraq doluxsunub. Səbəbini soruşduqda mənə həmin görüntünü göstərdi. Şəhid övladının ağlayaraq şeir deməsi onu kövrəltmişdi. İndiyə kimi Rüstəmin bu qədər kövrəldiyini görməmişdim. Bilirdik ki, uşaqlıqdan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyi arzulayır. Hətta sosial şəbəkələrdə bioqrafiyasına "Hər şeyin bitdiyi yerdə Xüsusi Təyinatlılar başlar", - deyə bir hissə əlavə etmişdi. Birlikdə oturub söhbət etdikdə bizə deyərdi ki, bir gün əsgərlikdən qayıdacam və hər kəs "Baxın, Xüsusi Təyinatlı Rüstəm gəlir" - deyəcək.
Ona 2019-cu ilin yanvarında hərbi xidmət üçün çağırış gəlməli idi. Ancaq çağırış vərəqəsi almamışdı. Bu hadisə Rüstəmi dərindən sarsıtmışdı. Hərbi xidmətə yollanmağı arzulayırdı. Həmin ilin iyul ayında əsgər forması geyinərək hərbi xidmətə yollandı", - Həzin dedi.
Rüstəm "N" hərbi hissəsində xidmət edirdi. Xüsusi Təyinatlı Qüvvələrə seçimlər zamanı o da seçilənlər sırasındaydı. Ailəsi bildirdi ki, hər sözünü, sirrini bizlərə açıb deyən Rüstəm artıq heç nə demirdi. Onun hərbi xidmətdə bütün göstəriciləri yüksək olub. Rüstəm qarşısına qoyduğu məqsədlərə iradəsi hesabına nail olmağı bacarırdı. Komandirlərinin hər dəfə ağızdolusu ondan danışması ailəsini fərəhləndirirdi.
Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində o, əsgər idi. Rüstəmgil Kəlbəcər, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etdikdən sonra Füzuli istiqamətində döyüşürlər. Döyüşlər zamanı çiyin nahiyəsindən üç qəlpə yarası alır. Hospitalda ona tibbi yardım göstərilir. Dörd gün orada qaldıqdan sonra döyüş yoldaşlarının, həkimlərin və komandirlərinin təkidlərinə baxmayaraq yenidən ön xəttə yollanır. Yaralı-yaralı Vətənin yaralarına məlhəm olmaq üçün yenidən ön xəttə yollanır.
Rüstəm də anlayırdı ki, hər döyüş onun sonuncu döyüşü ola bilər. Ancaq heç bir şübhə, heç bir qorxu onu bu yoldan döndərə bilmədi. Xocavəndin Qırmızı Bazar  istiqamətində döyüşdükdən sonra Şuşaya çatmağa az qalmış qəhrəmancasına şəhid oldu. Müharibədə göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeninə, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda", "Şücaətə görə", "Cəsur döyüşçü" medallarına layiq görüldü.
Anası Arifə Atakişiyeva bir qədər kövrəkliklə sözə başladı: "Rüstəm yaralandığını və döyüşlərdə iştirak etdiyini mənə deməmişdi. Hər dəfə onunla danışdıqda hərbi formanı daşımaq fəxarətindən, sevincindən söz açardı. Hospitalda müalicə olunduğu vaxt mənə zəng edib heç nə demədən bacılarının nömrələrini istədi. Sanki ürəyinə dammışdı şəhid olacağı. Sonuncu danışığımız şəhid xəbəri gəlməzdən üç gün qabaq olmuşdu. Mənə "Özündən muğayət ol", - dedi. Üç gün sonra Rüstəmin şəhid xəbəri gəldi...".
Müəllimləri Əlvan və Ramilə ibtidai sinifdə ona dərs deyiblər. "Biz Rüstəmi həmişə dərsə hazır, ağıllı, sakit uşaq kimi tanımışıq. Onun oxumağa nə qədər həvəsli olduğunu bilirdik. Rüstəmin də ən böyük arzusu hərbçi olmaq olmuşdu. Heç birimiz onun şəhidliyinə inana bilmədik. Gözləyirdik ki, Rüstəm bu saat sinfin qapısını açıb yenə həmişəki kimi gəlib bizimlə görüşəcək. Ölümündən sonra kəndimizdə ona ehtiram kimi abidə-bulaq kompleksi ucaldıldı. Qəhrəmanlıq dolu həyat yolu bulağın qarşısından keçən hər bir şagirdə Rüstəmi xatırladır. Müəllimləri olaraq şagirdimizin şücaətindən olduqca qürurluyuq".
Bir uşağın ürəyində Vətəninə, elinə sevgi, istək yoxdursa, ona aşılanan hisslər hədər olacaq. İkinci Qarabağ müharibəsində Rüstəm kimi oğulların timsalında hər bir gəncin Vətənə sevgilərinin qədərsizliyinin şahidi olduq. Məhz bu igidlər sayəsində Azərbaycan əsgəri səhəri Şuşada, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə, Laçında açır. Əsrlər keçsə də, xalqımız heç vaxt bu Zəfəri unutmayacaq. Nağıllardan eşitdiyimiz Xeyirin Şərə qalib gəlməsi deyimini onlar gerçəkləşdirdilər. Rüstəmlər həmişə olub, var, olacaq...

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"