Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2022 19:14

Nə döyüşlər unudulacaq, nə də döyüşənlər

İkinci Qarabağ müharibəsi kimi tarixləşən döyüşlər həm Müzəffər Ali Baş Komandanın sərkərdəliyinin, həm də rəşadətli Azərbaycan Ordusunun qüdrətinin tarixinə çevrildi. Milli kimliyimizin, varlığımızın, həqiqətin aynası olan bu qürurlu günlərimiz 30 illik işğala son qoydu.
Qüdrətli Azərbaycan Ordusunun qəhrəman döyüşçülərinin Vətən sevgisi, məhəbbəti, torpağa bağlılığı Vətən müharibəsində qələbəmizi şərtləndirən amillərdəndir. Onların hər biri uşaq yaşlarından düşmənin xalqımıza qarşı hansı ağrı-acıları yaşatdığını, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, həmvətənlilərimizin doğma yurdlarından necə didərgin salındıqlarını, törədilən vəhşilikləri, Xocalı soyqırımının qurbanlarını heç zaman unutmurdular. Şəhidlərimizin xatirəsini daim əziz tutan, torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimiz Vətən müharibəsində şücaət göstərərək, şanlı Zəfər çaldılar. Bu müharibədə rəşadətli Azərbaycan Ordusunun igid, qorxubilməz şəxsi heyəti hünərlə döyüşərək qalib gəldilər.
Vətən müharibəsinin hər gününü dərindən araşdırmaq, döyüşən igidlərimizi tanımaq və tanıtmaq, döyüşlərin hər anını qələmə almaq və olduğu kimi oxuculara çatdırmaq bizim vəzifə borcumuzdur.
Bunun üçün Vətən müharibəsinin iştirakçıları olmuş ehtiyatda olan mayor Rövşən Tağıyev və baş gizir Faiq Əmirovla əks-hücum əməliyyatlarının gedişi, nəticələri, yaratdığı dəyişikliklər haqqında söhbətləşdik.
Mayor Rövşən Tağıyev 12 dekabr 1986-cı ildə Bakı şəhərində anadan olub. Vətənpərvər bir ailənin övladı olan Rövşən uşaq yaşlarından hərb sənətinə böyük maraq göstərib. Dostlarından birinin bu sənəti seçərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olması onun bu istəyini qarşısıalınmaz ümmana çevirib.  
- 2002-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul oldum, - ehtiyatda olan mayor Rövşən Tağıyev bildirdi. - 2005-2009-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsilimi başa vurduqdan sonra "leytenant" hərbi rütbəsi aldım. 2009-2010-cu illərdə isə indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ixtisas hazırlığı kursu keçmişəm.
Sonra ön xətt hərbi hissələrindən birində xidmətə başlayan zabit xidmət illərində mütəmadi olaraq keçirilən ixtisasartırma kurslarında da iştirak edərək təhsilini təkmilləşdirib.
Baş gizir Faiq Əmirov 27 yanvar 1982-ci ildə Neftçala rayonunda anadan olub. O da məktəb illərindən hərbi formaya maraq salıb və bir gün hərbçi olmaq arzusuyla böyüyüb.
- Əmim polkovnik Fərhad Əmirov Hərbi Hava Qüvvələrində xidmət edirdi. Artıq vəfat edib. Hər dəfə rayona gələndə atamla söhbətləşərkən deyərdi: "Bu uşaq hərbçi olacaq. Mən onda hərbçi cəsarəti, qətiyyəti görürəm". Bu sözlər mənim hərbçi olmağıma təsirsiz ötüşə bilməzdi.
2000-ci ildə Naxçıvanda "N" hərbi hissəsində Vətən qarşısında müqəddəs borcunu yerinə yetirərkən onun hərb sənətinə olan marağı daha da güclənir. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra bir gün belə ara vermədən indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə müraciət edərək sənədlərini təqdim edir. "Gizir hazırlığı kursu"nu müvəffəqiyyətlə başa vuraraq ön xətt hərbi hissələrindən birində xidmətə başlayır.
İllərlə müxtəlif hərbi hissələrdə xidmət edən bu hərbçilər Vətən müharibəsi başlamazdan bir neçə ay öncə eyni hərbi hissədə xidmət ediblər. Hər ikisinin də səhəri sentyabrın 27-də həyəcan siqnalı ilə açılıb. Onlar Vətənin azadlığı uğrunda başlayan əks-hücum əməliyyatlarına atılanlar sırasında yer alıblar.
- Füzuli istiqamətində döyüşlər başlamışdı. Şəxsi heyətlə birgə Füzuli rayonunun Bayraq meydanında avtomobillərdən düşüb təchizatımızı komplektləşdirdik. Düşmən fasilə vermədən toplardan atəş açırdı, - deyə mayor Rövşən Tağıyev bildirdi.
Baxışları uzaqlara dikilən baş gizir Faiq Əmirov sanki o anları yenidən yaşayırmış kimi söhbətə qoşularaq qeyd etdi ki, o günləri hər bir döyüşçü qələbə ruhu ilə yaşayıb və yaşadıqca xatırlayacaq. "Təyinat nöqtəsinə çatdıqda mərmi bölüyümüzün yanına düşdü. Yaralı və şəhidimiz oldu. Lakin bunlar bizim döyüş ruhumuzu sarsıtmadı. Əksinə, qisas hissimizi, qələbə ovqatımızı daha da kükrətdi. İlk dəfə orada yaralandım. Qapalı kəllə beyin travmasını aldığım üçün iki gün həkim nəzarətində qaldım, lakin davamlı israrlarımdan sonra döyüşə qaytardılar.
Torpağa qan qarışarsa, adına Vətən deyilər. Ordumuzun addım-addım, qarış-qarış azad etdiyi torpağın hər zərrəsi şəhidlərimizin qanı ilə müqəddəsləşib. Çiyin-çiyinə döyüşdüyün yoldaşının şəhid olması nə qədər çətindirsə, onun qisasını almaq, Vətənimizi qorumaq da o qədər şərəflidir. Çünki döyüşən hər kəsin bir amalı vardı - Qarabağı azad görmək.
- Alıxanlıdan Yuxarı Seyidəhmədliyə gəldik. Tapşırıq Aşağı Seyidəhmədlidə düşmənin bunkerini ələ keçirmək idi. Ərazi relyef baxımından çətin görünürdü. Çünki düşmən hündürdə mövqelənmişdi. Düşmən müşahidəsindən yayınmaq üçün çətinliklə irəliləyirdik. Oktyabrın 14-də biz hədəfin yaxınlığında cəmləşdik. Az sonra hücum əmri aldıq. Mən iki qrupa rəhbərlik edirdim. Hərbi Hava Qüvvələrinin heyətləri də həmin hədəfə atəş zərbələri endirirdilər. Bu atəşlərdən istifadə edərək hədəfə doğru irəliləyirdik. Düşmənsə hər vəchlə bizi dayandırmağa çalışırdı. Həmin vaxt mən sol ayağımdan yaralandım. Hava tam qaraldıqdan sonra yaralılar və şəhidlərlə Əhmədbəyli hospitalına təxliyə edildim. İlkin tibbi yardım edildikdən sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına gətirilərək əməliyyat olundum.
Döyüş meydanından çıxarılsam da, şəxsi heyət döyüş planına uyğun olaraq hədəfi ələ keçirmiş və düşmənin təminat yollarını kəsmişdi, - mayor Rövşən Tağıyev bildirdi.
Baş gizir Faiq Əmirov dedi ki, Füzuli istiqamətində gedən döyüşlər zamanı hərbçilərimizin qətiyyəti Qələbənin uzaqda olmadığını göstərirdi. Hərbi hissə komandirimiz öndə, şəxsi heyət də onun arxasınca gedirdi. Yüngül yaralılarımız döyüş meydanından çıxmaq istəmirdilər. Müalicə üçün tibb məntəqələrinə təxliyə olunan yaralılar sanki ürəyi də, ruhu da yoldaşlarının yanında qalırdı. Bütün yaralılar tezliklə sağalaraq döyüşlərə qayıtmağa tələsirdi.
Baş gizir F.Əmirov növbəti dəfə yaralanıb ağır qapalı kəllə-beyin travması aldıqdan sonra döyüş meydanından çıxarılıb.
- Öncəki travmalarda təxliyə olunmağı düşünmədim, döyüşü davam etdirdim. Belə hallar tabeliyindəki döyüşçülərdə ruh yüksəkliyini, əzmkarlığı daha da artırır.
Ordu sıralarından Vətən müharibəsi qazisi kimi tərxis olunan mayor dedi ki, döyüşdə komandir olmaq çox çətin və məsuliyyətlidir. "Şəxsi heyətin gözü, fikri hər an səndə olur. Hansı tapşırığı verəcəyini gözləyir. Çünki ölümü gözə ala-ala döyüşürsən. O anda tək məqsədin olur - Vətən azad olsun. Çox ağır döyüşlərdən keçdik. Biz döyüşçülər o anları son nəfəsimizə kimi yaşayacağıq. Mənimlə üz-üzə dayanan yoldaşımın bir anın içində hansı vəziyyətdə şəhid olmasını ömrümün sonuna kimi unutmayacam... Elə şəxslər var ki, sən yaşadıqca onlarda səninlə yaşayacaq. Yaddaşında, gözlərində, sözlərində, qəlbində yaşayacaq..."
- Qələbə xəbərini aldığım anda ilk olaraq şəhidləri düşündüm, - baş gizir F.Əmirov dedi. - Çiyin-çiyinə döyüşdüyüm, son nəfəsini qucağımda, qollarım arasında verərək şəhid olanların nurlu siması canlandı gözlərim önündə. Qeyri-ixtiyari başımı qaldırıb göy üzünə baxdım. Düşündüm, illərdir Qarabağ səmasında gəzən nigaran ruhların sevincini hiss etdim. Əzizlərini Vətən, torpaq uğrunda şəhid verənləri xatırladım. Həmyerlim şəhid kapitan Samid Əsgərovun nəşini ailəsinə təhvil verərkən keçirdiyim hissləri, atasının qürurlu dik duruşunu xatırladım. Bu döyüşlərdə mən də şəhid vermişəm. Sevdiklərimin müqəddəs bayrağımızı qəbul edib şəhid tabutunu necə ağrı və qürurla qucaqladıqlarını mən də yaxşı bilirəm. Zəfər xəbəri ağrı-acıdan gözlərindən yaş axan bir atanın, ananın, yoldaşın, övladın qürurlu çöhrəsinə yenidən sevinc, gülüş qondurdu. Bu gözlər nələr görüb nələrə şahidlik etmədi ki...
Söhbət zamanı öyrənirəm ki, Faiqin dayısı oğlu Xəyal Əhmədov Qubadlı döyüşlərində şəhid olub.
İşğaldan azad edilmiş torpaqlarımızın hər qarışında, hər daşında şəhid qanı var. Şəhid qanı axan torpağın daşı da, qayası da müqəddəsdir.
Ümummilli Lider Heydər Əliyevin bir kəlamını xatırlayıram: "Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır". Vətən müharibəsində biz xalqımızın sərgilədiyi bu hisslərin şahidi olduq. Azərbaycan xalqı əzmi ilə bütün dünyaya birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi.
Müsahiblərim yaralı olarkən onlara tibbi yardım göstərən bütün tibb işçilərinə də öz minnətdarlıqlarını bildirdilər. "Hərbi tibb xidmətinin rəhbərliyindən tutmuş kiçik tibb işçisinə kimi hər birinə minnətdarıq. İstər döyüş meydanında, istərsə də təxliyə olunduqdan sonra tibb işçilərinin vəzifə borclarını peşəkarcasına, ləyaqətlə, vicdanla yerinə yetirdiklərinin şahidi olduq. Hərbi həkimlərimiz hər bir yaralının xilası, tam sağalması, normal həyata qayıtması uğrunda eyni əzmkarlıqla çalışdılar”.
Hər iki hərbçi Zəfər paradının təntənəsini qürur, fəxarət hissi, vəsfəgəlməz duyğularla yaşadıqlarından da söz açdılar. Bildirdilər ki, xalqımız Vətən, torpaq nisgili, ağrıları ilə yaşadığı 200 ildə belə bir möhtəşəm bayram ovqatı yaşamamışdı. Qələbəmiz bəşər aləmində torpağı işğalda olan xalqlara müharibənin hərbi, siyasi yolunu göstərdi, mübarizələrinə inam yaratdı. "Biz qan tökməyi sevən bir millət deyilik, amma mövzu Vətəndirsə, dünyanın şah damarını kəsərik", - dedilər.
Mayor Tağıyev döyüşlərdə olarkən qızı Ayşən hər gün atasına məktublar yazar, dərs masasının siyirməsində saxlayırmış. Atası evə qayıtdıqdan sonra məktubları sahibinə - atasına verib. Ata bu gün də o məktubları oxuyarkən keçirdiyi hissləri qürur qarışıq kövrəkliklə xatırlayır.  
Baş gizir Əmirov qızları Nigar və Sevincin, oğlu Mehdizamanın xalqımıza layiqli vətəndaş kimi formalaşdığını vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən mayor Rövşən Tağıyev "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Döyüşdə fərqlənməyə görə", "Vətən müharibəsi iştirakçısı" medalları, baş gizir Faiq Əmirov isə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunublar.
Bu yaşananları nə iləsə müqayisə etmək mümkünsüzdür. Vətən müharibəsində çəkilən əziyyətləri, yaşanan hadisələri, bir addım, bir qarış torpağın azad olunması üçün gedən döyüş əməliyyatlarını, qazanılan qələbə sevincini sözlərlə ifadə etmək çətindir. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, "Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. 44 gündə əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı hesabına qazanılıb".
Sonda hər iki döyüşçü onların rifahı, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, müayinə və müalicəsi üçün aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını bildirdilər, hər cür diqqət və qayğı ilə əhatə olunduqlarına görə dövlətimizin başçısına, Birinci vitse-prezidentə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"