Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2022 18:20

Ermənistan Hindistandan hansı artilleriya sistemlərini almaq istəyir?

Ermənistan məğlub ordusunu dirçəltmək üçün Hindistandan silah almaq istəyir. Kəmiyyətin keyfiyyəti üstələdiyi, bütün fizika qanunlarının pozulduğu fantastik hind filmlərindən ruhlanan erməni hərbçiləri bu dəfə də hind silahlarından feyziyab olmaq istəyirlər.
Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan "ATAGS" haubitsaları tədarük ediləcək. Ermənistan mətbuatında şəninə təriflər yağdırılan 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd "ATAGS"-ın daxil edildiyi bildirilir.
Reallığa gəldikdə isə bu artilleriya qurğularının istehsalı çox məşəqqətli bir yol keçib. 2013-cü ildə hindlilər öz köhnə silahlarını müasir hesab etdikləri 155 mm-lik artilleriya silahı ilə əvəz etmək qərarına gəldilər və "ATAGS" adlı haubitsanın istehsalına başlanılması üçün yeni bir layihəyə start verildi.
Silahın layihəsinin hazırlanması təqribən 4 il çəkdi və 2017-ci ilin martına qədər başa çatdırılması gözlənilirdi. Lakin layihənin tamamlanması işi nəzərdə tutulan vaxtda baş vermədi. Sursat çatışmazlığı, haubitsanın əsas sistemlərinin istehsal xərcləri və təchizat problemi ilə əlaqədar olaraq layihə ləngidi. 2017-ci ilin avqust-sentyabr aylarında "ATAGS" müxtəlif şəraitdə və səviyyələrdə sınaqdan keçirildi. 2020-ci ildə keçirilən sınaq atışlarından biri zamanı baş verən qəzanı ictimaiyyətdən gizlətməyə çalışdılar.
Bu haubitsaların istehsalı o qədər ürəkaçan olmasa da, özünə düşmən hesab etdiyi Pakistanın inkişaf edən müdafiə sənayesinin qarşısında Hindistan dövlətinin daha da aciz duruma düşməməsi üçün planladığı bir layihədir.
Əgər istehsal varsa, niyə də xaricə satılmasın? Müştəri ermənilər oldu. Ermənistana təxminən 260 milyon dollar dəyərində silah-sursat tədarük edəcək Hindistan tarixdə ilk dəfə xaricə öz istehsalı olan raket sistemlərini satmağı planlaşdırır.
Ermənistan Müdafiə Nazirliyinin digər bir açıqlamasında alınan silah sistemlərinin yük maşınlarına quraşdırılmış 155 mm-lik haubitsalardan ibarət olduğu təsdiqlənib. Yük maşınına quraşdırılmış "MARG 155" haubitsasını erməni və hindlilər hətta bir az da irəli gedərək "M-777" topları kateqoriyasına aid etməyə çalışırlar.
Hindistan istehsalçı ölkə olsa da, indiyə qədər öz ordusunda "MARG 155" özüyeriyən artilleriya qurğularını silahlanmaya daxil etməyib. Yenə də Ermənistan acgözlüklə bu silah sistemlərinin ilk müştərisi oldu.
Hindistanda ən böyük artilleriya istehsalçısı olmağı hədəfləyən "Bharat Forge" şirkəti "ATAGS" və "MARG"-ları Ermənistana satmaq niyyətindədir.  Seriyalı istehsalına hələ başlanılmayan bu silahların deyəsən elə ilk sınaq atışlarını da erməni topçular edəcək.
2023-cü ildə müdafiə büdcəsini 47 faiz artırmağı planlaşdıran Ermənistanın hərbi büdcəsi ilk dəfə olaraq 1 milyard dolları keçəcək. Ermənistana silah tədarükü ilə bağlı öhdəlikləri yerinə yetirmədiyinə görə Rusiyanı ittiham edən Paşinyan, həm də Ermənistana silah ixracının qarşısını aldığı üçün Azərbaycandan xeyli gileylənmişdi. Görünən odur ki, Azərbaycanın hərbi qüdrəti və uğurlu diplomatiyası qarşısında tab gətirə bilməyən Ermənistan dövləti Hindistandan silah almaq niyyətinə düşüb.
Hindistan mətbuatı yazır ki, sentyabrın əvvəlində iki ölkənin hökumətləri arasında müvafiq müqavilələr imzalanıb. Mənbələr bildirirlər ki, Hindistan Ermənistana "Pinaka" raket sistemləri, tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatlar da verəcək. Müqavilə çərçivəsində Sovet-Rusiya modeli olan tank əleyhinə "Konkurs" raketinin alınması haqqında da müzakirə aparılıb. Bundan başqa, 80 mm-lik artilleriya qurğularının və "Akaş" zenit-raket kompleksinin alınmasına dair müzakirə aparıldığı da qeyd olunub.
Hindistanın Ermənistana silah sistemlərinin ixracı bundan əvvəl də olub. 2020-ci ildə Hindistan Ermənistana təxminən 40 milyon dollara dörd "Svati" əks-artilleriya radarı tədarük edib. 2017-ci ildən Hindistan ordusunda tətbiq edilən bu əks-artilleriya sistemi Cammu və Kəşmir bölgələrində Pakistanın artilleriya atəşlərinin qarşısını almaqda aciz olub. Pakistanın artilleriya zərbələrini aşkar edə bilməyən "Svati" kimi digər hind silahları da erməniləri yarı yolda qoyacaq. Çünki Vətən müharibəsində də bu sistemlər özünü doğrultmadı və Azərbaycan Ordusunun artilleriya silahları qarşısında aciz qaldı.

Nəriman NƏCƏFOV hərbi jurnalist