Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Noyabr 2022 11:50

Atasının döyüş yolunu davam etdirən oğul...

Yolumuz Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış zabit Nurlan Zeynalovun yaşadığı ünvanadır.
Bir az həyəcanlı olduğumuz üçün ünvanı tapmaqda çətinlik çəkdik. Buna görə şəhid atası Rəfail Zeynalovla telefonla əlaqə yaratdıq. O, yolumuza istiqamət verə-verə bizi qarşıladı. Şəhid atası ilə görüşüb, yaşadıqları ünvana yollandıq. Binalarına çatmağa beş-altı addım qalmış həyətdə "Şəhid bulağı" gördük. Rəfail Zeynalov dedi ki, bulaq Nurlanın xatirəsinə ehtiram olaraq bina sakinlərinin vəsaiti hesabına düzəldilib. Nurlan çox səmimi, qayğıkeş oğlan idi. Hamı ilə mehriban danışar, bacardığı qədər qayğı göstərərdi. Necə deyərlər, böyüklə böyük, kiçiklə kiçik idi. Nurlanın şəhid olması onu tanıyanların hamısını kədərləndirdi. Şəhid olandan sonra sakinlər "Şəhid bulağı" inşa etdilər. Qısa müddət ərzində tikinti işlərini başa çatdırdılar. Açılışda uşaqdan tutmuş böyüyə qədər hamı iştirak etdi.
Şəhid atası sözünü bitirəndən sonra biz də "Şəhid bulağı"ndan su içib, Nurlanın ruhuna dualar oxuyub, evlərinə qalxdıq.  
Dəhlizdə, otaqlarda, hətta evdəki əşyalarda da qəribə bir kövrəklik hiss olunur. Valideynləri otaqların birində Nurlana guşə düzəldiblər. Onlar bu guşə ilə nəfəs alır, təskinlik tapırlar. Guşəyə Nurlanın müxtəlif illərdə, müxtəlif yerlərdə çəkdirdiyi şəkillərini qoyublar. Biz də maraqla guşədəki şəkillərə baxırıq. Yerindən, vəziyyətindən asılı olaraq Nurlan şəkillərinin hərəsində bir ovqatda düşüb. Hərbi formadakı şəkillərdə daha ciddi, daha ötkəmli, mülki şəkillərdə isə bəzən gülümsər, bəzən incə təbəssümlü. Şəkillərində Nurlanın üzündə adına münasib olan bir nur, bir işıq var. Bu nur, bu işıq onun çöhrəsindən heç vaxt çəkilməyəcək.
Sonra Nurlanın ömür və İkinci Qarabağ müharibəsindəki göstərdiyi qəhrəmanlıqla dolu döyüş yolu ilə tanış olduq. Atası ilə söhbət edəndə məlum olur ki, Rəfail  Zeynalov da Birinci Qarabağ müharibəsinin iştirakçısıdır, müharibə veteranıdır. Bir ailədə ata Birinci Qarabağ müharibəsində, oğul isə İkinci Qarabağ müharibəsində vuruşub. Nurlan atasının yarımçıq qalmış döyüş yolunu davam etdirib.  
Rəfail Zeynalovla söhbət edib, onun Birinci Qarabağ müharibəsində hansı istiqamətlərdə döyüşdüyü ilə maraqlandıq. Öyrəndik ki, o, Qarabağ hadisələrinin ən qaynar vaxtlarında Xankəndidə olub. Həmin günləri xatırlayan şəhid atası dedi:
- 1988-ci il fevral ayının 24-də erməni separatçıları Xankəndidə mitinq keçirib Qarabağın Ermənistana birləşdirilməsini tələb edəndə bizi hadisələrin qarşısını almağa göndərdilər. Həmin günlərdə Qarabağda vəziyyət gərgin idi. Sonradan bu mitinqlər qanlı döyüşlərə gətirib çıxartdı. Biz müharibədə də işitirak etdik. Ağdam, Cəbrayıl və Füzuli rayonlarının müdafiəsində dayandıq. Təəssüflər olsun ki, ermənilər bu ərazilərdə işğalçılıq planlarını həyata keçirə bildilər. Şəhər və kəndlərimiz ermənilər tərəfindən işğal olundu. Atəşkəsdən sonra xidməti yerimizə qayıtdıq. Birinci Qarabağ müharibəsindən 28 il sonra erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlandı. Nurlan ehtiyatda olan zabit kimi müharibəyə yollandı. Torpaqlarımızın erməni işğalçılarından azad olunmasında igidlik və qəhrəmanlıq göstərdi. 2020-ci il noyabrın 9-da Xocavənd rayonunun ərazisi uğrunda gedən döyüşlərdə şəhid oldu. Ertəsi gün isə artıq döyüşlər dayandırıldı, silahlar susdu...
Atanı dinlədikdən sonra cəsur zabit Zeynalov Nurlan Rəfail oğlunun ömür yolunu vərəqlədik. Nurlan 25 noyabr 1989-cu ildə Sabirabad rayonunda dünyaya göz açıb. Uşaqlıq illəri öz axarı ilə keçib. 1996-cı il sentyabrın 1-də valideynlərinin əlindən tutaraq dahi şairimiz Mirzə Ələkbər Sabirin adını daşıyan 1 nömrəli orta məktəbə gedib. Təhsil yollarında gələcəyə doğru kövrək addımlarını burada atıb. Zaman keçdikcə bu kövrək addımlar daha da möhkəmlənib. Orta məktəbi bitirəndən sonra ali təhsil almaq üçün Bakı şəhərinə üz tutub. Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olub və 2011-ci ildə ali təhsilini bitirib. Gələcək həyat önündə geniş açılsa da,  qarşıda onu hərbi xidmət gözləyirdi. Övladlıq borcunu yerinə yetirmək üçün Nurlan Vətənə əsgər olmalıydı, əyninə hərbi forma geyinməliydi, vətəndaşlıq borcunu yerinə yetirməliydi.
2011-ci ilin oktyabrında Nurlan Zeynalov böyük həvəslə, Vətənə əsgər olmaq arzusu ilə ordu sıralarına yollandı. Kiçik yaşlarından Nurlanın hərbi həyata böyük marağı var idi. Özü yaşa dolduqca ürəyindəki bu maraq da böyüyürdü. Artıq istəyinə çatmağın ikicə addımlığındaydı. Nurlanın əyninə əsgər forması geyindiyi gün həyatının ən unudulmaz günü oldu. Arzusuna çatan Nurlan xidmətinə böyük həvəslə başladı. Gənc əsgər kimi qısa müddət ərzində zəruri hərbi biliklərə yiyələndi. Həyatının qürur və iftixar dolu unudulmaz günlərini yaşadı.
Bir müddətdən sonra öz arzusu ilə əsgər Nurlan Zeynalov ehtiyat zabit hazırlıq kursuna oxumağa göndərilir. Nurlan zabit olmaq, çiyinlərində doğma ordumuzun paqonlarını gəzdirmək istəyir. Gələcəyin zabiti Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təşkil olunmuş kursda həvəslə oxuyur. Yeni biliklərə yiyələndikcə hərbi sahəyə olan marağı daha da artır. Arada valideynlərinə zəng vurur, dərslərinin gedişindən danışır, onlara böyük əminliklə zabit rütbəsi alacağını deyir. Sanki günlər çox sürətlə keçir. Zabitlik kursu yavaş-yavaş sona yaxınlaşır. Nurlan bütün sınaqlardan uğurla keçərək arzusuna çatır, zabit olur. Sevinə-sevinə valideynlərinə zəng vuraraq: "Məni təbrik edə bilərsiniz, artıq “leytenant” hərbi rütbəsini almışam, zabitəm" - deyir. Beləcə, Nurlanın zabitlik həyatı başlayır. 2013-cü ildə ordu sıralarından ehtiyata buraxılır.
2014-cü ildə Nurlan Sabirabad regional "ASAN" xidmət mərkəzində Notariat kontorunda aparıcı mütəxəssis kimi işə düzəlir. Elə sevgisi, məhəbbəti də burada qarşısına çıxır. Yeni düzəldiyi iş yerində Kübra adlı xanımla tanış olur və 2018-ci ildə onunla ailə həyatı qurur. Təcrübəsini nəzərə alaraq Nurlan Zeynalovu 2019-cu ilin iyununda atasının da çalışdığı Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda kadrlar şöbəsinin rəisi kimi işə götürürlər. 2020-ci ilin sentyabrında isə ermənilərin təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayır. Qəflətən alovlanan müharibə başqaları kimi Nurlanın da planlarını yarımçıq qoyur.
İkinci Qarabağ müharibəsi başlayan günün ertəsi Nurlan Zeynalov ehtiyatda olan zabit kimi könüllü olaraq döyüşlərə yollanır. Yollanır ki, vətəndaşı olduğu ölkəsinin işğalda qalmış torpaqlarını erməni işğalçılarından azad etsin. Nurlan Zeynalovun döyüş yolu Murovdağdan başlayır. Bir müddətdən sonra isə onları Füzuli istiqamətinə aparırlar. Həmin günlər Füzuli rayonunun ərazisində gərgin döyüşlər gedirdi. Burada möhkəmlənən düşmən geri çəkilmək istəmirdi. Buna görə ordu hissələri hücumlarına ara vermir. Nurlan əsgərlərini ardınca döyüşlərə  aparır, komandanlığın əmr və tapşırıqlarını bacarıqla yerinə yetirir. Füzuli rayonu erməni işğalçılarından azad olunandan sonra Nurlanın xidmət etdiyi hərbi hissənin şəxsi heyəti Xocavənd istiqamətinə göndərilir. O, həmişə öndə vuruşur, əsgərlərini təhlükəsiz yollarla erməni qəsbkarlarının üzərinə aparır. Xocavənd rayonunun bir çox kəndləri, həmçinin Hadrut qəsəbəsi düşməndən azad olunur.
Getdikcə zəifləyən düşmən ağır itkilər verə-verə geri çəkilir. Nurlan döyüşlərə gəldiyi ilk günlərdən azad olunan ərazilərin gözəlliyinə heyran qalır. Bu yerlərin hər qarışı ona doğma gəlir. Uzun illər bu cür gözəl yerlərin işğalda qalmasına çox təəssüflənir. Qarabağın gözəl kəndlərini darmadağın etdiyinə görə düşmənə nifrət edir. Günlər keçdikcə kənd-kənd, ev-ev torpaqlarımız ermənilərdən azad olunur. Noyabrın 8-də Nurlan Qarabağın tacı olan Şuşanın azad olunduğunu eşidəndə sanki dünyanı ona verirlər. Ertəsi gün yenə də Xocavənd rayonunun ərazisi uğrunda döyüşlərə atılır. Amma təəssüflər olsun ki, Nurlan səhər ertədən başladığı döyüşü sona çatdıra bilmir. Həmin gün həm döyüş, həm də ömür yolu yarımçıq qalır. Erməni snayperin gülləsinə tuş gəlir. Nurlan Zeynalov dünyaya göz açdığı həyatda 31 il ömür sürdü. Amma şərəflə, ləyaqətlə yaşadı. Özündən sonra şərəfli bir iz qoydu.
Yaxınları Nurlanı Sabirabad rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırdılar. İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa görə Zeynalov Nurlan Rəfail oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeni, həmçinin "İgidliyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.
Nurlanın yaxınlarının, doğmalarının onunla bağlı xatirələrini də dinlədik. Atası Rəfail Zeynalov dedi:
- Nurlan hərəkətlərinə, sözlərinə çox ciddi fikir verən insan idi. Onun dilindən heç vaxt artıq bir söz çıxmazdı. Sirrini kimsəyə verməzdi, bir az qapalı idi. Həmişə özündən böyüklərlə yoldaşlıq edərdi. Lazım gələndə dost-tanışlarına ağıllı məsləhətlər verərdi. Bu xüsusiyyətinə görə tələbə yoldaşları zarafatla ona "dədə" deyərdi. Qəhrəmanlara, qəhrəmanlığa münasibəti çox müsbət idi. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı dilindən düşmürdü. Döyüşlərə gedəndən sonra ara-sıra zəng edib danışardı. Amma harada, hansı istiqamətdə döyüşdüyünü deməzdi. Soruşanda deyirdi ki, təlimdəyik. Şəhid olduğunu eşidəndə elə bil dünya başıma uçdu. Oğul itirmək çox ağır dərddir. Yeganə təskinliyimiz odur ki, Nurlan torpaqlarımızın azadlığı uğrunda şəhid olub. 2019-cu ilin avqustunda qızı dünyaya gəlmişdi. Onun adını özününkünə yaraşdırıb Nuray qoymuşdu. Nuray ondan bizə qalan yeganə canlı yadigardır. Nurlanın xatirəsini dostlarım, iş yoldaşlarım çox əziz tuturlar. Onların hamısına minnətdarlığımı bildirirəm.
Bacısı Nuranə qardaşı haqqında çox danışmadı. Qısaca olaraq: "Mən həmişə qardaşımla fəxr edəcəm, onun qəhrəmanlığını, igidliyini heç vaxt unutmayacam", - dedi.
Şəhid anası Məleykə xanım oğlu haqqında danışdıqca göz yaşlarının saxlaya bilmir. Deyir ki, Nurlan döyüşlərə yola düşəndən sonra rahat günlərimizə son qoyuldu. Oğlum arada zəng vurub danışırdı. Bir dəfə danışanda güllə səsləri eşitdim. Soruşdum ki, ay Nurlan, deyirsən döyüşlərdə deyiləm, bəs o güllə səsləri nədir? Elə yenə də "təlimdəyik", - dedi. Noyabrın 9-da qapımızı oğlumun ölüm xəbəri döydü. Dünya başıma fırlandı. Ölüm xəbərini bizə deyənlərdən soruşdum ki, Nurlan necə şəhid oldu, axı o, döyüşə getməmişdi, əsgərlərə təlim keçirdi.
Məlum oldu ki, oğlum elə cəbhə bölgəsinə gedən gündən döyüşə yollanıb. Sadəcə olaraq, mən narahat olmayım deyə belə edib. Oğlum ölümü ilə sanki bizim sevinc dolu dünyamızı da özü ilə apardı. İnanıram ki, Nurlan xatırlandıqca xatırlanacaq, daim yaddaşlarda yaşayacaq. Onun İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq, igidlik dillərdən düşməyəcək.
Şəhid atasının işlədiyi Müdafiə Sənayesi Nazirliyində də şəhidlərin xatirəsi əziz tutulur. Vətən müharibəsində nazirliyin 3 əməkdaşı şəhid olub. Onların şərəfinə nazirliyin həyətində abidə qoyulub. Bundan əlavə, "Tarix yazan qəhrəmanlar" adlı kitab nəşr olunub. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ətraflı işıqlandırılıb. Nurlanın bir ildən çox çalışdığı Milli Aerokosmik Agentliyinin həyətində onun və Birinci Qarabağ müharibəsi şəhidinin şərəfinə bulaq tikilib. Bütün bunları şəhid ailəsindən eşidəndə bir daha əmin olduq ki, dövlətimiz hər zaman şəhid ailəsinin yanındadır. Onlara daim diqqət və qayğı göstərilir.
Nurlanın doğmaları ilə sağollaşıb evlərindən çıxırıq. Şəhidin şərəfinə tikilmiş bulağın qarşısında baş əyib bayaq gəldiyimiz istiqamətlə də geri qayıdırıq.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"