İnsanın formalaşmasında aldığı təlim-tərbiyə ilə yanaşı, onu əhatələyən mühitin çox böyük rolu vardır. Mənəvi cəhətdən kamilləşdikcə həyatı daha dolğun və düzgün başa düşürsən.
İnsan həyatının hər anı mübarizədir. Belə mübarizələr insanı kamilləşdirir, mətinləşdirir, reallaşması çətin, bəlkə də mümkün olmayan hesab edilən arzuların həyata keçməsinə aparır, daha parlaq gələcəyə səsləyir. Bu mübarizədən qalib çıxanlar ictimaiyyətdə də, ailədə də öz həyatını məqsədyönlü qurmağı bacarırlar.
Belə mübarizlərdən biri Hərbi Dəniz Qüvvələrinin baş miçmanı Mahrux İlham qızı Ağayevadır. 1990-cı ildə Astara rayonunun Pensər kəndində dünyaya göz açıb. Vətənsevər bir ailənin övladı olan Mahrux xanım 2008-ci ildə, bəlkə də, elə bu hisslərin təsiri ilə Vətən keşiyində dayanmağı özünə həyat amalı seçən gizir Rusif Ağayevlə ailə həyatı qurur. Hərb sənətinə ölçüyəgəlməz sevgisi və marağından danışan Mahrux xanım deyir ki, hər dəfə Rusifin hərbi mundirini sevgi ilə yuyub ütüləyər, onun peşəsi ilə qürurlanardım. "Bir gün özümün də bu formanı daşıyanlarla eyni sırada durmağın xəyalını qurardım. Hərbi hissədə onunla birlikdə qadınların da xidmət etdiyini bilirdim. Hətta bir dəfə bununla bağlı söhbətimiz də olmuşdu. İstəyimi deyəndə Rusif "Hərbçi olmaq çox çətindir", - demişdi. "Amma çox şərəflidir, qürurvericidir", - dedikdə gülümsəyərək mənə bu haqda düşünəcəyini bildirmişdi".
Şəhidlik çox uca bir məqamdır. O məqama yalnız seçilmişlər ucalırlar.
"Rusif 2016-cı ilin Aprel döyüşlərində şəhid oldu. Məni onun xidmət etdiyi hərbi hissədə keçirilən tədbirə dəvət etmişdilər. Tədbirdə olarkən komandanlıqdan burada xidmət etmək barədə təklif aldım. Onda yaram təzə idi. Bu da mənə normal düşünməyə imkan vermirdi. Hisslərimlə hərəkət edirdim. Ən böyük arxamı, dayağımı itirmişdim. Düşünürdüm ki, bu, mənə hədsiz dərəcədə ağır olar. Hər gün onun keçdiyi yollardan keçmək, onun iş yoldaşlarını görmək... Həyat öz axarı ilə davam edərkən onun olmaması mənim qəlbimi göynədirdi", - dedi Mahrux xanım.
Keçmiş xatirələri xatırlaya-xatırlaya sözlərinə davam edən şəhid xanımı dedi ki, Rusif şəhid olandan sonra dövlətimiz, Müdafiə Nazirliyinin rəhbərliyi, xidmət etdiyi hərbi hissənin komandanlığı və xidmət yoldaşları mənə və övladlarıma xüsusi diqqət və qayğı göstərdilər. Məni yenidən ayağa qaldıran da gördüyüm bu diqqət və qayğı oldu. Düşündüm ki, Rusifin əmanət qoyub getdiyi balaları yaşatmaq, onun adına layiq böyütmək üçün yaşamaq lazımdır...
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Bu qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir ki, Mahrux xanım da dövlət tərəfindən mənzillə təmin olunub.
İki ili Rusifsiz arxada qoyub daha sakit düşünəndə görüb ki, onun xidmət etdiyi yerdə, dostlarının, yoldaşlarının yanında olmaq Mahrux xanıma daha yaxşı təsir edəcək.
"2018-ci ildə qərar verdim ki, mən elə məhz onun xidmət etdiyi hərbi hissədə xidmət etmək istəyirəm. Müdafiə Nazirliyi tərəfindən müraciətimə müsbət cavab verildi. Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı kursu" keçərək xidmətə başladım...
Onun xidmət etdiyi hərbi hissədə xidmət etməyimlə qürurlanır, daim onun adına layiq olmağa çalışıram".
- Vətən müharibəsində Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu qazandığı Qələbə ilə bütün şəhidlərimizin qisasın aldı. Mənə elə gəlir ki, indi Rusifin də ruhu təsəlli tapıb. Çünki daha yuxularımda da onu narahat yox, gülümsəyən görürəm.
İnsan möhkəm iradə sahibi olmaqla yanaşı, həm də əzmkar olmalıdır. Arxasınca getdiyi işi layiqincə həyata keçirməlidir. Söhbətləşərkən baş miçman Mahrux Ağayevada da bu xüsusiyyətlərin şahidi oldum.
Əzm və iradə insan xarakterinin ən müsbət cəhətlərindən biridir. Bu cəhətlərə malik olan insanlar həyatda bir çox uğurlara nail olurlar. Hərbi xidmətdə olduğu müddətdə daim nizam-intizamı ilə seçilən xanım hərbi qulluqçu Zəfər bayramı ərəfəsində Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov tərəfindən baş miçman rütbəsinə layiq görülüb.
Mahrux xanım kövrəkliklə bildirdi ki, yaşasaydı Rusifə veriləcəkdi bu rütbə. Komandanlıq tərəfindən təltif olunarkən mənə elə gəldi ki, sanki Rusif də mənimlə rütbə alanların sırasında dayanıb...
Mahrux xanım dedi ki, Rusif çox vətənpərvər, qorxubilməz bir insan idi. Övladlarına danışdığı nağıllar belə Vətəni düşməndən qoruyan, azad edən qəhrəmanlar haqqında olardı. Tez-tez Mübariz İbrahimovdan danışardı. Övladlarına da Mübariz kimi vətənpərvər, igid, mərd olmağı arzulayardı.
O bu gün Müasir İnnovasiyalar liseyində təhsil alan övladlarının Vətənlərinə, atalarına layiq formalaşmasından, gələcəkdə Zəhranın həkim, Əlinin hərbçi olmaq istəyindən danışdı.
Atası ilə bağlı xatirələrini kövrəkliklə xatırlayan Zəhra Lənkəranda atasının dünyaya göz açdığı küçənin onun adını daşımasıyla qürurlandı. Əli də atasının yolunu davam etdirərək, onun adına layiq vətəndaş olacağına söz verdi...
Təkcə öz ömrünü deyil, Rusifin də ömrünü yaşayır Mahrux xanım. Rusifi yaşada-yaşada onun dünyasını da yaşadır. “Bir ömürdə iki həyat yaşayıram”, - deyir Mahrux xanım...
Günay TAĞIYEVA "Azərbaycan Ordusu"