Azərbaycan xalqı tarixin bütün dönəmlərində özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah qadınları ilə qürur duyub. Mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilən Azərbaycan qadını da xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Azərbaycan qadınının ictimai həyatda fəallığı tarixi ənənələrlə səsləşir. "Kitabi-Dədə Qorqud" dastanlarında kişilərlə qoşa yay atan, cıdırda öndə gedən Burla xatun, Banu Çiçək, Selcan xatun, massagetlərin məğrur hökmdarı Tomris, qəhrəman qadın hökmdar Nüşabə, Şirvana hücum edən Krım xanının qoşunlarını məğlub etmiş Heyran Nisə Bəyim, orta əsrlər tariximizdən Qızıl Arslanın həyat yoldaşı Qətibə xanım, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin qurucusu Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Şuşada ilk ədəbi məclis yaratmış Xurşidbanu Natəvan və adları unudulsa da, fəaliyyətləri əfsanəyə çevrilərək təfəkkürümüzə hopan neçə-neçə Azərbaycan qadını tariximizin silinməz səhifəsidir.
Azərbaycan Demokratik Respublikası Şərqdə qadın hüquqlarını tanıyan ilk dövlətdir!
Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbəyə də qəhrəman Azərbaycan qadınları öz töhfələrini veriblər. Onlardan ilk təyyarəçi qadınlardan biri olan Sona Nuriyeva, təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini kimi 500-dən artıq döyüş uçuşu həyata keçirmiş kapitan rütbəli Züleyxa Seyidməmmədova, Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi aviasiya mayoru rütbəsinə yüksəlmiş Leyla Məmmədbəyova, o dövrdə dünyada iki qadın gəmi kapitanından biri olan Şövkət Səlimova və başqalarının adlarını çəkmək olar. Onlar qədim qəhrəmanlıq ənənəsinə malik bir xalqı təmsil edirdilər.
Tarixin müxtəlif dönəmlərində mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi kimi qəbul edilmiş, döyüş meydanlarında kişilərin yaxın silahdaşları, arxa-dayağı olmuş qadınlarımız Qarabağ müharibəsinin gedişində də kifayət qədər böyük şücaət və mərdlik göstərmişlər. Xalqımız Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Salatın Əsgərova, Gültəkin Əsgərova, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Qaratel Hacımahmudova kimi qəhrəman qadınlarla bu gün də qürur duyur, onların xatirəsini əziz tutur.
Son onilliklər ərzində cəmiyyətdə qadının rolunun inkişaf etdirilməsi, gücləndirilməsi istiqamətində ölkəmizdə yüksək templi dövlət siyasəti həyata keçirilir. Bu siyasətin təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin siyasəti nəticəsində Azərbaycan qadını cəmiyyətdə çox əhəmiyyətli bir yerdə qərar tutub. Cəmiyyətdə onun rolunun artırılması üçün davamlı olaraq çox böyük layihələr hazırlanır, həyata keçirilir. Bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurlu bir şəkildə davam etdirilir və qadınların cəmiyyətimizdə rolu durmadan artmaqdadır.
Keçmişə nəzər salanda görürük ki, Azərbaycan tarixinin bütün dövrləri qadınlarımızın qəhrəmanlıq, uğur, mərdlik və cəsarət nümunələri ilə zəngindir. Vətənpərvər qadınlarımız ən ağır işlərin yükünü belə kişilərimizlə çiyin-çiyinə daşımağı bacarırlar. Azərbaycan Ordusunda da şərəfli, mərd, savadlı, bacarıqlı, peşəkar, döyüş təminatı və təminat sahələrinə cəlb olunan, xidmət edən, qarşıya qoyulan tapşırıqları uğurla icra edən, kişilərlə birlikdə hərbi xidmətin çətinliklərinə sinə gərən hərbçi xanımlarımız var. Belə xanımlardan biri də Azərbaycan Ordusunun zabiti Reyhan Murad qızı Maniyevadır.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə psixoloq vəzifəsində xidmət edən kapitan Reyhan Maniyeva Bakı şəhərində anadan olub. Orta təhsilini şəhid Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseydə alıb. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya ixtisası, magistratura təhsilini Bakı Dövlət Universitetində hüquqi psixologiya ixtisası üzrə alıb. 2014-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə mülki işçi psixoloq-mütəxəssis kimi fəaliyyətə başlayıb. 2015-ci ildə indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı" kursunu bitirdikdən sonra ona “leytenant” hərbi rütbəsi verilib.
Kapitan Reyhan Maniyeva deyir ki, vətənpərvər bir ailənin övladıyam. "Valideynlərim mənə hər bir kəsin Vətənini öz şəxsiyyətində, mənində yaşatmalı olduğunu öyrədib. Yaşatmalıyıq ki, Vətən yaşasın. Türklər tarix boyu Vətəninin mənfəətini öz mənfəətindən, Vətəninin gələcəyini öz gələcəyindən üstün tutan bir anlayışa, dərin bir Vətən sevgisinə sahib olub.
Uşaqlıqdan hərbi formaya çox böyük marağım və sevgim olub. Düzdü, bu, ilk öncə görüntüylə bağlı olsa da, sonradan ədəbiyyat və tarix dərslərində yaxından tanış olarkən igid, uzaqgörən, müdrik, qəhrəman Azərbaycan xanımlarının cəsarəti məni daha da həvəsləndirib, onların öz sözlərini hər sahədə layiqincə deyə biləcəkləri fikri formalaşdırıb. Bugünkü müasir Azərbaycan cəmiyyətinin əldə etdiyi nailiyyətlər məhz bu tarixi örnəklərə və təcrübəyə söykənir. Soykökümüzdə belə qəhrəman qadınların olması da bu istəyin yaranmasına bir təkandır deyə bilərəm".
Azərbaycan qadını tarixin müxtəlif mərhələlərində cəmiyyət və dövlət üçün faydalı olmağa çalışıb. Müasir dövrdə dünyanın istənilən güc strukturlarında qadınlar fəaliyyət göstərirlər. Respublikamızda da bu təcrübəyə rast gəlirik.
Kapitan Reyhan Maniyeva deyir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə orduda aparılan uğurlu islahatlar bütün sahələrdə səmərəli nəticələr verir. “Bu uğurlu islahatlardan biri də qadınların orduya cəlb olunmasıdır. Buna görə də dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Düşünürəm ki, ürəyində Vətən sevgisi varsa, hərbi xidmətdə qadın və ya kişi olmağın fərqi yoxdur. Xalqını, millətini, dövlətini sevirsənsə, onu qorumağa da hazır olmalısan. Bir də atalarımız nahaq yerə deməyiblər ki, "Aslanın erkəyi dişisi olmaz". Bu gün mən fəxr edirəm ki, qalib ordunun qadın hərbi qulluqçusu olaraq xidmət edirəm”.
Reyhan xanım bildirdi ki, magistr təhsilini, başa vurduqdan sonra Azərbaycanda hərbi psixologiya sahəsində ixtisaslı kadrlara ehtiyacın olması fikri məndə bu sahəyə olan marağı daha da artırdı. "Xidmət etdiyim Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılmış Hərbi lisey ordumuzun zabit korpusunun yaradılmasında mühüm və aparıcı rol oynayır. Apardığım xidmət çətin olduğu qədər də şərəflidir. 16-17 yaşlı yeniyetmə gənclərin mülki məktəbdən ayrılıb hərbi təhsilə qədəm qoyması çox məsuliyyətli bir dövrü əhatə edir. Ona görə də onlar liseyə daxil olan kimi nəzarətə alınır və uyğunlaşmalarına xüsusi diqqət yetirilir. Ordumuzun gələcək zabitlərinin intellektli, dünyagörüşü zəngin, iradəli, emosional cəhətdən dayanıqlı şəxsiyyət kimi formalaşması diqqət mərkəzində saxlanılır. Onların mənəvi-psixoloji rifahı üçün apardığım hər bir söhbətə və hər bir mövzuya öncədən ciddi hazırlaşıram.
Hərbi liseydə xaricdə xüsusi təyinatlı təhsil müəssisələrində tətbiq olunan korreksiya inkişafetdirici proqramını tətbiq edirik. Aparılan statistik təhlil proqramın effektiv olmasını təsdiqləyir. Hərbi liseydə psixoloji maarifləndirmə, psixoprofilaktika, psixoloji diaqnostika, konsultasiya-korreksiya işləri aparırıq. Müharibədən sonrakı dövrdə kursantların psixoloji müdafiə mexanizmlərini daha da gücləndirməyə çalışırıq. Şahid olduqları müharibə onların idrak prosesinə təsir edirdi. Biz də maksimum dərəcədə kursantların müvəffəqiyyət göstəricilərini artırmaq istiqamətində psixoloji iş aparırıq".
Söhbətlərindən öyrənirəm ki, Reyhan xanımın bibisi oğlu Kamran Ağayev Birinci Qarabağ müharibəsində Tərtər istiqamətində gedən döyüşlərdə şəhidliyə yüksəlib.
- Şəhid qanı axmayan torpaqdan Vətən olmaz, - kapitan Maniyeva deyir. - Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə şəhadətə yüksələn gəncliyin olması xalqımızın aliliyinin, böyüklüyünün göstəricisidir. Şəhid verməyən xalqın mənliyi olmaz. Biz xalq olaraq daim şəhidlərimizi ehtiramla anır və gənc nəsli də belə formalaşdırırıq.
Reyhan xanım, həmçinin Milli Müdafiə Universitetinin dissertantıdır. Hal-hazırda da hərbi psixologiya sahəsi ilə bağlı dissertasiya işi üzərində işləyir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi, mədəni sahələrdə çoxşaxəli və səmərəli fəaliyyəti Azərbaycan qadınının hərtərəfli inkişafı üçün, sözün əsl mənasında, bir stimuldur. Bu baxımdan Mehriban xanımın dediyi bir kəlamı xatırlayıram: "Hər kəsin yerini və taleyini tarix özü müəyyən edir. Odur ki, həyatda böyük və kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi dərk edilmiş məsuliyyətin imkan verir". Düşünürəm ki, insanların fəaliyyətinin uğur formulu məhz bu dərk olunmuş məsuliyyətdən keçir. Kapitan Reyhan Maniyeva ilə söhbətləşərkən mən də məhz o məsuliyyəti hiss etdim. Qadının həm təbiət, həm də cəmiyyət tərəfindən üzərinə qoyulmuş vəzifələri, həmçinin tarixin müəyyən etdiyi taleyin qisməti kimi dəyərləndirilən missiyaları vardır. Məsuliyyətini dərk edən insan bütün sahələrdəki fəaliyyətini əlaqələndirməyi və hər birinin öhdəsindən gəlməyi bacarır.
Üç övlad anası olan Reyhan xanımın həyat yoldaşı polkovnik-leytenant Tural Maniyev də Azərbaycan Ordusu sıralarında xidmət edir. O, Vətən müharibəsi iştirakçısıdır.
Azərbaycan qadını tarixin bütün dönəmlərində ailə dəyərlərini, ailədəki missiyasını, övlad qarşısındakı borcunu, gələcək nəslə gözəl bir vətəndaş təqdim etməli olduğunu ən ümdə vəzifəsi hesab edib. Bunlarla yanaşı, iş həyatında da uğurlar qazanıb. Deməli, istək, səriştə və məsuliyyətli yanaşma olduğu təqdirdə ən ağır işlərin öhdəsindən gəlmək mümkündür. Reyhan xanımın timsalında düşünürəm ki, Azərbaycan qadını nə ictimai, nə də ailə həyatındakı çətinliklərdən çəkinməməli, onun üzərinə cəsarətlə getməlidir. Çünki bunun üçün bizim həm tarixi, həm də müasir örnəklərimiz var.
Xanım psixoloq onu da vurğuladı ki, 8 ildir hərbi psixologiya istiqamətində işləyir, özünü inkişaf etdirmək üçün davamlı mütaliələr edir. "İşimdə tətbiq edə biləcəyim kurslar olduqda mütləq qatılıram. Psixologiya elə bir elm sahəsidir ki, ildən-ilə yeniliklər artır. Bu yenilikləri öyrənməklə yanaşı, apardığımız işlərdə də istifadə etməyə çalışırıq. Müharibə iştirakçısı olan hərbi qulluqçularımızla psixoloji iş daim diqqət mərkəzimizdədir. Vətən müharibəsində şəhid olanların ailə üzvlərinə də əlimizdən gəldiyi qədər psixoloji dəstək göstəririk".
Bir millətin genində qəhrəmanlıq varsa, o lazımi məqamda özünü büruzə verəcək. Reyhan xanım qeyd etdi ki, 44 günlük Vətən müharibəsində biz bunun şahidi olduq. "Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu Böyük Qələbə qazanaraq dünya hərb tarixinə şanlı səhifələr yazdı".
Cəmiyyətin aydın sabahları qadınlardan da asılıdır. Bu gün Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit qadınlarımızın zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Dövlətimizin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldırır, qadınların bərabər hüquqlarını və bərabər imkanlarını təmin etməyə imkan verir. Əminliklə demək olar ki, bu siyasət qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir.
Hər insan cəmiyyətdə malik olduğu mənəvi keyfiyyətlərlə tanınır. Kapitan Reyhan Maniyeva kimi...
Günay TAĞIYEVA "Azərbaycan Ordusu"