Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Oktyabr 2022 11:55

Kursantların tarixi abidələrə ekskursiyası

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının asudə vaxtının səmərəli keçməsi üçün mütəmadi olaraq ölkəmizin tarixi yerlərinə, muzeylərə ekskursiyalar  təşkil olunur. Belə tədbirlər kursantların dünyagörüşünün zənginləşməsində, biliklərinin artırılmasında və ən əsası vətənpərvər bir şəxsiyyət kimi formalaşmasında böyük əhəmiyyət kəsb edir. Bunu nəzərə alan hərbi təhsil müəssisəsinin rəhbərliyi tez-tez belə gəzintilər təşkil edir. Hərbi liseydə bu tədbirlər artıq ənənə halını alıb.
Bu günlərdə kursantlar Şirvanşahlar Sarayını, Bakı Fotoqrafiya Evini, Azərbaycan İstiqlal, Azərbaycan Musiqi və Miniatür Kitab Muzeylərini ziyarət etdilər. Ekskursiya zamanı öyrəndikləri gənclərimizə kimliyini, nəyə qadir olduğunu xatırlatmaqla yanaşı, onlarda Vətənə aşiqlik, sadiqlik hisslərini daha da böyüdərək bir sonsuz ümmana çevirir.
Təşkil olunan ekskursiyaların əhəmiyyətindən söz açan mayor Orxan Ağasoy bildirdi ki, kursantlarımızın istirahət günlərinin səmərəli keçməsi üçün mümkün olan bütün imkan və vasitələrdən istifadə edirik. "Tarixi yerlərlə tanışlıq kursantlarımızın ürəyincədir. Bələdçilər bu tarixi yerlərlə bağlı geniş məlumat verdilər. Onları maraqlandıran sualları cavablandırdılar. Vətənimizin tarixini gözlər önündə canlandıran Şirvanşahlar Sarayını, qədim və əzəmətli tikili olan Zəncirli Binada açılmış Bakı Fotoqrafiya Evini, dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi "Ginnesin rekordlar kitabına" düşən Miniatür Kitab Muzeyini ziyarət etmək kursantlarımızın yaddaşında dərin iz buraxdı".
- Ziyarətimiz əsnasında Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biri sayılan Şirvanşahlar Sarayı haqqında ətraflı məlumat aldıq, - deyə kursant İsmiyar Qasımov təəssüratlarını bizimlə bölüşdü. - Öyrəndik ki, Bakının tarixi tikililəri arasında mühüm yer tutan Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah I Xəlilullah (hakimiyyət illəri 1417-1462) tərəfindən 10 ilə yaxın müddət ərzində tikilib. İçəri şəhərdə yerləşən bu saray kompleksi ilə yaxından tanışlıq sayəsində sanki XV əsrə səyahət etdik. Saray Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biri sayılır. Bu bizim tariximizdir. Biz bunu bilməliyik. Bakı Fotoqrafiya Evi və Miniatür Kitab Muzeyi ilə də yaxından tanışlıq mənə və yoldaşlarıma könül xoşluğu yaşatdı. İnanıram ki, növbəti ekskursiyalarımız da maraqlı və yaddaqalan olacaq.
Ekskursiya zamanı kursantlardan Aydın Əliyev, Nurşan Hüseynov, Paşa Qədirli və başqaları da "İçərişəhər" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bu abidələrə ekskursiya barədə fikirlərini bölüşərkən gəzintinin gələcəyin zabitləri üçün həm asudə vaxtı keçirmək, həm də biliklərini zənginləşdirmək baxımından səmərəli olduğunu qeyd etdilər”.
Ekskursiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı tarixi Sərəncamıyla ucaldılan böyük xeyriyyəçi, mesenat, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin möhtəşəm abidəsinin ziyarəti ilə başa çatdı.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"