Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 2022 10:50

Vətən müharibəsi - Qələbə fəlsəfəsi

İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin iki illiyinə
 
Müharibə döyüşdü, döyüş qəhrəmanlıq deməkdi, qəhrəmanlıq isə döyüşə-döyüşə yazılan tarixdi...
Xalqın qələbəyə inamı döyüşçünün inamıyla taraz olanda, xalqın nəfəsi döyüşçünün kürəyini isidəndə, zabit əsgərinin qələbə ruhuna inananda, əsgər sərkərdəsinə, sərkərdə əsgərlərinə güvənəndə qazanılır qələbə...
2020-ci il sentyabrın 27-dən Azərbaycan əsgərinin atacağı sonuncu güllənin səsinə - Qələbə anına tələsirdik, Zaman tələsmirdi. Azərbaycan əsgəri döyüşərək həmin ana yaxınlaşırdı...
Ədalətli müharibələrdə döyüşlərin fəlsəfəsi qələbədi, qələbənin fəlsəfəsi - xalq hikməti. İkinci Qarabağ müharibəsi başlayanda bir ana döyüşə göndərdiyi oğluna demişdi: "Atan Birinci Qarabağ müharibəsində döyüşmüşdü. Sən İkinci Qarabağ müharibəsində döyüşə gedirsən. Torpaqlarımızın işğaldan qurtuluşu üçün döyüşəcəksən. Elə döyüş ki, atanın ruhu səndən narazı qalmasın. Atanın kəlamını unutma: Vətən olmayandan sonra mən nəyə lazımam, siz nəyə lazımsınız".
"Ohanyan səddi"ni Ağdamın Güllücə kəndindən keçəndə görmüşdüm. Az sonra əsgərlərimizlə kəlmələşəndə demişdim ki, qəhrəmanlıq Vətənə sevgidən yaranır. Qəhrəmanlığın başlanğıcı bir andır, ömrü - əbədi. "Ohanyan səddi"ni yıxıb keçdiniz. Tarix o səddi quranları kinayəylə xatırlayacaq, yarıb keçənləri ehtiramla. Tarix onu da deyəcək ki, Azərbaycan əsgəri bundan da möhkəm sədləri yarıb ke-çərdi!..
Əsgərlərimizin baxışlarında bir şükranlıq çırpınmışdı. Bu çırpıntı qələbə ruhunu ifadə edən duyğuların ifadəsiydi. Bu duyğu qalibiyyət fəlsəfəsinin dərkinin carçısıydı.  
Xalq əzizləri döyüşən müharibənin başlanmasını Vətən naminə arzulayırdı, bu müharibəni işğaldan qurtuluş bilirdi, illər çəkən işğal dövründə bütün sıxıntıları, ağrı-acıları kürüyəcəyinə əminliklə arzulayırdı müharibəni. Xalq bilirdi ki, yüz illərdi ordu işğalı döyüşə-döyüşə, qaziliklə, şəhidliklə sonlandırıb. İndi də sonlandıracaq.
Dünyanın heç yerində, heç zaman müharibəyə görə camaat bir-birinə gözaydınlığı verməyib - İkinci Qarabağ müharibəsi başlayanda kiminin oğlu döyüşlərdəydi, kiminin qardaşı, kiminin əri, kiminin nişanlısı. Müharibənin həm də ölüm-itim olduğunu bilsə də, camaat müharibə istəyirdi; müharibə başladı... Çünki bu, 30 illik işğala son qoyacaq müharibə idi!..
Müharibənin ilk günləriydi. Murovdağ istiqamətində gedən döyüşlərdə əsgərlərdən biri şəhid olmuşdu. Bu, bölüyün ilk şəhidiydi. Ayın şöləsinin titrəyişinin döyüşçülərin qəhərini yumşaltmağa, qaranlığı əritməyə gücü çatmırdı. Müharibə başlayalı belə çalpaşıq gecə olmamışdı. Bu gecənin ilmələri düyün düşmüşdü elə bil...
Bölükdə baş leytenant Elvin Şükürlünün düşmənin mövqeyinə yaxınlaşmasından kimsənin xəbəri olmadı. Elvin gözucu göy üzünə baxdı. Axan ulduzlar gördü, batan ulduzlar gördü, doğan ulduzlar gördü. Bir anlığa, tək bircə anlığa qanrılıb geri baxdı. Heç nə ayırd edə bilməsə də baxdı...
Düşmənin mövqeyinin üç addımlığındaydı. Silahsız gəlmişdi...
Mövqedə qarşısına çıxan düşmən əsgərini səssizcə öldürərək bir tərəfə atdı. Xırdaca addımlarla irəlilədi. Düşmən döyüşçüsü var-gəl edirdi. Ayağının ucunda ona yaxınlaşdı. Onu da məhv etdi, onu da bir tərəfə atdı. Bir az da irəlilədi. Burada da bir düşmən əsgərini səssiz öldürdü...
Az sonra dördüncü erməni əsgəri Elvinin barmaqları arasında xırıldayırdı...
Yaxınlaşan erməni Elvini güllələdi...
Döyüşdə şəhid olmuş əsgərimizin qisasını alan Elvin şəhid oldu. Bu şəhidlik döyüşçülərin qələbə ruhunu kükrətdi...
Üç gündən sonra döyüşçülərimiz döyüşlə erməniləri həmin mövqedən geri çəkilməyə məcbur etdilər, Elvinin nəşi əsirlikdən xilas olundu...
İkinci Qarabağ müharibəsində bir ana döyüşən orduya göndərdiyi məktubda yazmışdı ki, qələbədən sonra qarşıma çıxan ilk əsgəri şəhid oğluma əvəz bağrıma basacam. Müqəddəs niyyətiydi. Həmin Ana döyüşdən qələbəylə qayıdan əsgəri bağrına basanda kürəyinə göz yaşları düşən əsgər Ananın pıçıltısını eşidə bilibmi? - "Oğluummm!". Eşidincə Ananın boynuna sarılıbmı?..
Sentyabrın 27-sinin səhəri müharibə ovqatıyla açıldı.
Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlər gedirdi. Döyüşçüləri şəhid ruhları, bir də Qorqud Dədənin ruhu uğurlamışdı. Azərbaycançılığın erməniliklə tarixi döyüşləri idi. O döyüşlərdə döyüşçülərdən biri yaralananda barmağını qanına batırıb Şuşanın dağlarının sinəsinə "Qarabağ Azərbaycandır" yazmışdı. Bilmirəm, yağan yağışlar, əsən yellər o canım yazını silibmi? Azərbaycan əsgərinin ruhunun Şuşanın dağlarına yazılan yazısı ürəklərə yazılıb. Budur, azərbaycançılığın bəşəri düşündürən qüdrəti! Bu qüdrətin də mahiyyəti qalibiyyət fəlsəfəsidi.
Topxanada başından yaralanan döyüşçüyə yardım göstəriləndə onun qırıq-qırıq dedikləri həkimin ürəyini qana döndərib: "Döyüşə biləcəmmi, həkim?". Həkim yaralı döyüşçüyə təsəlli verib, ümid verib. Məqamında təsəlli də dərmandı, ümid də. Yaralı döyüşçünün həkimdən sorğusu  yaralıların da, döyüşənlərin də döyüş əzmini qələbə ovqatıyla ovxarlayıb; yaralının döyüşə can atması qələbə ruhuydu, döyüşənlər bu ruhun döyüşçüləriydi. İkinci Qarabağ müharibəsində bu biçim qoşalaşma xalqın müharibəsinin, xalqın müharibəaparma fəlsəfəsinə sədaqətinin qüdrətiydi...
Zəfərdən sonra işğaldan azad edilmiş Qızılı Kəngərli kəndində əsgər Kamran Muradov əsgər dostunun, döyüşçü dostunun fikirlərini bir qədər duyğusallıqla tamamlamışdı:
- Mən hərbi xidmətə başlayanda əsgər yoldaşlarımdan biri kövrəkliklə demişdi: "Atam cəbrayıllıdı. Mən Bakıda doğulmuşam, Bakıda böyümüşəm. Evimizdə əksər söhbətlərdə Cəbrayıl xatırlanırdı. İllər sonra ordu sıralarına çağırıldım, xidmət etdim, indi tərxis olunuram. Atamın cavanlığının keçdiyi yerlər uğrunda gedəcək döyüşlərdə mən də iştirak etmək istəyirdim. Qismət olmadı...", - demişdi.
Cəbrayıllı əsgərin Cəbrayıla sevgisi elə Vətənə sevgiydi.
Üç dostuydular. Hərbi xidmətə eyni gündə gəlmişdilər. Üçü də ali təhsilliydi. İlham filoloquydu, Rəhman rejissoruydu, Mikayıl rəssam. İlhama şair deyirdilər, Rəhmana maestro, Mikayıla rəssam. Qələbədən üçlükdə bir musiqili əsər yazmağa niyyətliydilər.  
Müharibə başladı. Onlar da döyüşürdülər. Döyüşə-döyüşə bir-birini qoruyurdular, bir-birini qoruya-qoruya döyüşürdülər, döyüşə-döyüşə Qələbəyə yaxınlaşırdılar...
Oktyabrın 17-də Füzuliyə hücum olacaqdı. Yanaşı döyüşəcəkdilər. Zaman dayanmışdı elə bil. Donmuş zaman içində Şairə elə gəlirdi ki, barmağıyla torpağa misralar düzür. Rəssam xəyalında rənglərlə Qələbə anını yaradırdı, Maestro qənşərindəki kiçicik daşları royalın dilləri kimi dilləndirirdi. Çağıran olmasa nələr yazılardı, nələr çəkilərdi, nələr eşidilərdi?!..
Bir-birinə çataqlı üç güllə səsi eşidildi - döyüş başlamışdı. Şair ortada döyüşürdü. Maestro Şairin sağında, Rəssam solunda. "Şair!", - Bəstəkarın səsiydi, səsindən hiss elədi ki, yaralanıb, köməyə səsləyir. Ona sarı getmək istəyirdi ki, Maestronun səsini eşitdi: "Şair!". O da yaralanmışdı. O da köməyə çağırırdı Şairi. Ona sarı getmək üçün sağa döndü...
Beş-üç anın içində bir addım sola atdı, bir addım sağa. Azca dikəldi və üzü üstə torpağa döşəndi. Güllə ürəyindən dəymişdi...
Şair də şəhid olmuşdu, Bəstəkar da, Maestro da....
Üç döyüşçünün şəhidliyi, həm də belə şəhidliyi döyüşçüləri bir boy da dikəltmişdi...
Vətən müharibəsi ərəfəsində bir əsgər söhbət zamanı komandirinə deyib ki, atam 1992-ci ildə Şuşada xidmət edib, Şuşada döyüşüb, Şuşada yaralanıb. Atam indi də deyir ki, Şuşanı görmədən ölsəm, illəri ömrümə haram bilərəm. O əsgərin atası Şuşanı görə bilməyib. Həmin əsgər Vətən müharibəsində Şuşa uğrunda döyüşüb, Şuşanı azad edənlərin sırasında olub. "Mən xoşbəxt əsgərəm ki, Vətən müharibəsində iştirak etmişəm. Şuşa uğrunda döyüşmüşəm, atamın ruhunu nigarançılıqdan qurtarmışam...". Qalib əsgərin kövrəlməsi döyüşçü yoldaşlarını da kövrəldib. O anları heç birinin unutmayacağına zərrəcə şübhəm yoxdu: Şuşaya görə, Zəfərə görə...
Bu olmuş da qalibiyyət fəlsəfəsinin zərrəsi deyilmi?
Şuşalılar Şuşaya qayıdacaq! Ruh cana qayıdan kimi qayıdacaq! Cıdır düzü yenə qarış-qarış güllənəcək, çiçəklərin ləçəkləri tellənəcək, ağacların doğma səsə, doğma nəfəsə boylanan budaqları yarpaq-yarpaq yellənəcək. Bunlara da Qələbənin qüdrəti deyəcəyik. Hər qüdrət özlüyündə bir fəlsəfədi...
O niyyət hələ ürəyimdə qalıb, yaxınlarda gerçəkləşəcəyinə Azərbaycan əsgəri zəmanət verir!..
Həmin gün Vətən müharibəsinin döyüşlərinin iştirakçılarının adından, qəhrəmanlarının adından, şəhidlərimizin ruhunun adından deyəcəm ki, Vətən müharibəsi ruhumuzun döyüş bayrağı oldu, Qələbənin fəlsəfəsi - sərhəd bütövlüyümüzün zəmanəti. Həm də yaxın vaxtlarda gerçəkləşəcək zəmanəti...
Qələbə fəlsəfəsi Azərbaycan əsgərinin ruhudu!..
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"