Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 2022 10:50

Şəhidliyə yüksələn zabit ömrü

Mayor Vidadi Əhmədov Vətən müharibəsi şəhidlərindəndir. Hələ gənclik illərindən torpaq həsrəti, Qarabağ nisgili ilə yaşayan, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləyən Vidadi Aprel döyüşlərinin də fəal iştirakçısı olub. O, ordudan tərxis olunmasına baxmayaraq, Vətən müharibəsi başlayanda ölkədə elan edilən qismən səfərbərlik əmri ilə döyüşənlərin sırasına geri dönüb.
Vidadi kimi qorxmaz, vətənsevər oğullar mərdliklə döyüşdülər, meydanda hünər göstərib erməni işğalçılarını torpaqlarımızdan qovdular. Onlar Vətən torpaqlarının bütövlüyü, xalqımızın xoşbəxt, firavan gələcəyi naminə canlarından keçdilər. O qəhrəman oğulların adları, xatirələri yüz illər keçsə belə xaqımızın yaddaşında yaşayacaq.
Qanı ilə torpağı Vətən edən oğullardan biri olan şəhidimizin doğulub boya-başa çatdığı Salyan rayonundakı evindəyik. Həyat yoldaşı Zəhra xanım və qızı Yasəmən bizi ölümü ilə ölümsüzlüyə qovuşan Vidadinin əşyalarından ibarət hazırladıqları guşənin önünə dəvət edirlər. Belə guşələrlə qonağı olduğum bütün şəhid evlərində rastlaşmışam. Bu guşələri doğmalarının şəhidi yaşatmaq istəyi, vəfa borcu kimi qəbul edirəm. Sanki hər düşüncədə "dünya durduqca bizimlə yaşayacaqsan" hayqırtısı var. Guşədə şəhidin fotoşəkilləri, müxtəlif təltifləri, diplomları, hərbi geyim formaları diqqətimizi cəlb edir. Evə daxil olduğumuz andan gördüyümüz səliqə-sahman, şəhidə məxsus əşyaların nizam-intizamlı düzülüşü burada əsl hərbçi ailəsinin yaşadığından xəbər verirdi.
Zəhra xanım şəhid həyat yoldaşının əşyalarını,  hərbi xidmət dövründə, Vətən müharibəsində təltif olunduğu orden və medalları göstərərək, 20 illik Azərbaycan Ordusunda qüsursuz xidmətindən böyük maraq, səbir və təmkinlə danışır...
Həmin anda diqqətimizi cəlb edən dünyadan xəbərsiz əlindəki gəlinciyi ilə  oynayan şəhid mayorun yadigarı 4 yaşlı Güldür. Atası haqqında Güllə ancaq bacısı Yasəmən söhbət aparır. Yasəmən yaddaşının dərinliyində iz salan atalı günlərindən danışır və onları "Güllərim" adlandırdığını deyir...
"Vidadi ordumuzun sıralarında şərəfli xidmət və şərəfli döyüş yolu keçdi. Vətənə əsl oğul oldu. Vətənin dar günündə yenidən silaha sarılıb müdafiəsinə qalxdı. Torpaqlarımızın  azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi onun həyat amalı idi. Ona görə də ömrünü müqəddəs hərb peşəsinə bağlayıb, Vətənə sədaqət Andını qəbul edib, 20 il hərbin ən çətin yollarında uğurla addımladı", - Zəhra xanım deyir.
Öyrənirik ki, şəhidimiz zəhmətkeş bir ailədə doğulub böyüyüb. Ailədə iki qardaş, bir bacı olan Vidadigil zəhmətə, əməyə bağlılıqları valideynlərindən öyrəniblər. Hər iki qardaş öz arzu və istəkləriylə hərbçi peşəsini seçib. Şəhidin qardaşı Xəqani Əhmədov ehtiyatda olan mayordur. Bu gün Vidadi tək salyanlıların deyil, bütün Azərbaycan xalqının mərd, döyüşkən oğludur. Onun gülümsər çöhrəsi, səmimiliyi, dostcanlılığı heç vaxt yaddaşlardan silinməyəcək.
Vətən müharibəsi şəhidi Vidadi Murad oğlu Əhmədovun həyat hekayəsi ilə tanış oluruq. O, 12 iyul 1979-cu ildə Salyan şəhərində doğulub. 1996-cı ildə Salyan şəhər 1 saylı orta məktəbi başa vurub sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstituta) təqdim edib. Hərbçi olmaq, Vətənin müdafiəsində dayanmaq, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, hərbi mundir geyinmək arzularını reallaşdırıb. O, xüsusi təyinatlı təhsil müəssisəsinin fəal kursantlarından biri olub. Nəzəri, təcrübi biliklərini daim artırıb. Keçirilən məşğələlərdə, təlimlərdə hərbi vərdişlərə dərindən yiyələnib. 2000-ci ildə zirehli tank və avtomobil texnikasının istismarı texnikası üzrə mühəndis kimi ali hərbi təhsil alaraq, zabit kimi Murovdağda xidmət edib. Sonra Vidadi hərbi xidmətini İraqda Sülhməramlı Qüvvələrin sıralarında davam etdirib. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində bölük komandiri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) müəllim, "N" hərbi hissəsində komandirin şəxsi heyətlə iş üzrə müavini kimi Vətənə şərəflə xidmət edib. Aprel döyüşlərinin iştirakçısı olan mayor Vidadi Əhmədov 20 illik qüsursuz xidmətdən sonra Azərbaycan Ordusu sıralarından tərxis olunub. Onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarında xidməti layiqincə qiymətləndirilib, dəfələrlə medallara layiq görülüb.
İkinci Qarabağ müharibəsi başlayandan iki gün sonra Vidadi də təcrübəli zabit kimi Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlər onun son döyüşü olub. Düşmənin atdığı top mərmisinin partlayışı nəticəsində aldığı qəlpə yarasından şəhidlik məqamına ucalıb. Vətənpərvər zabit oktyabrın 12-də Salyan rayonunda ailə məzarlığında dəfn edilib. Vidadi Əhmədovun 2 qız övladı - 14 yaşlı Yasəmən və 4 yaşlı Gül canından artıq sevdiyi Vətəninə əmanət qalıb...
Şəhid mayorun həyat yoldaşı Zəhra xanım deyir ki, hərbçiylə ailə həyatı qurmaq nə qədər şərəflidirsə, bir o qədər də çətindir. Çünki sən də hərbin çətin yollarında onunla birgə addımlayırsan."Vidadi torpaqlarımızın azadlığı, xalqımızın xoşbəxt gələcəyi, övladlarımızın firavan həyatı, ölkəmizdə sülhün, əmin-amanlığın qorunması naminə canından keçdi. Onunla bağlı xatirələrimiz çoxdur, danışmaqla bitmir. Vidadi əsl hərbçi, çox nizam-intizamlı insan idi. Bu intizamı hətta ailəyə belə gətirmişdi. Ailədə gülərüz, mehriban ata kimi həmişə uşaqları əzizləyərdi. İki qızımızı - Yasəmən və Gülü birlikdə "güllərim" deyə çağırardı. Onları vətənpərvərlik ruhunda tərbiyə edirdi. Çox ailəcanlı idi.
Vidadi ətrafda baş verənlərə soyuqqanlı yanaşmağa çalışsa da, bir gün evə gəlib hönkür-hönkür ağlamışdı. Dostu general-mayor Polad Həşimov şəhid olmuşdu o gün... Oktyabrın 5-də zəng vurub dedi ki, "Məndən bir müddət xəbər olmasa, narahat olma, irəliyə gedirik". O mənə həmişə deyirdi ki, "Sən qorxma, düşmən məni nə üzbəüz, nə də snayperlə vura bilməz. Məni yalnız onda vura bilər ki, göydən yanıma nəsə atsınlar..." Elə belə də oldu... Düşmənin top mərmisi atması nəticəsində oktyabrın 8-də şəhid oldu Vidadi. Birgə arzularımız çox idi, qismət olmadı. Vətən sağ olsun..."
Vaxtilə şəhid mayorun yaşadığı evin önündə xatirəsinə ehtiram əlaməti olaraq abidə-bulaq kompleksi tikilib. Şəhidin mövludunun birinci ildönümündə həmin abidə-bulaq kompleksinin təntənəli açılış mərasimi keçirilib.
Şəhid zabitin qızı Yasəmən də atası haqqında xatirələrinin çox olduğunu vurğulayır: "Atam nə qədər ciddi, tələbkar olsa da, ailədə çox mehriban idi. Hər səhər oyananda atamın şəkillərdən boylanan gülərüz simasına baxıram. Əlbəttə ki, onun yoxluğunu biz daim hiss edirik. Bacım Gül mənim qədər atamızı yaddaşında saxlaya bilməzdi. Atamız şəhid olanda Gül yaş yarımlıq idi. Mən bacıma atamızdan, onun şəhidliyindən, qəhrəmanlığından hələ çox danışacam. Yeganə təsəllimiz torpaqlarımızın, Qarabağımızın azadlığa qovuşduğudur".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid mayor Vidadi Əhmədov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Bu da Azərbaycan Ordusunun şəhid mayoru Vidadi Əhmədovun həyat hekayəsinin sonu, şəhidliyə yüksələn zabit ömrü...
İnanırıq ki, həyat yoldaşı Zəhra xanım onun yarımçıq qalmış arzularını həyata keçirib, yadigarlarını özü kimi Vətənə, xalqa, dövlətə layiqli vətəndaş olaraq yetişdirəcək.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"