Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 2022 10:50

Azərbaycan ilə NATO münasibətləri qarşılıqlı etimad üzərində qurulub

Fundamenti müasirliyə, xoş mərama əsaslanan xarici siyasətimizin bugünkü əsas qollarından biri olan ordu sistemində dünyanın nüfuzlu ölkə və beynəlxalq miqyaslı təşkilat və qurumları ilə qurulan əməkdaşlıq və tərəfdaşlıqlardan ibarətdir. Azərbaycan Respublikası dünyanın yüksək nüfuzlu siyasi hərbi təşkilatı olan NATO (North Atlantic Treaty Organization) ilə arasındakı əməkdaşlıq bu gün də uğurla inkişaf etdirilir. Sevindirici haldır ki, tarixi uzun illərə dayanan Azərbaycan ilə NATO münasibətləri qarşılıqlı etimad üzərində qurulub. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra hərbi qüdrətimizin artması və xarici siyasətimizin möhkəmləndirilməsi məqsədi ilə atdığı uzaqgörən addımlardan biri məhz Şimali Atlantika Alyansı ilə əlaqələri dərinləşdirmək idi. 1994-cü il mayın 4-də Belçika Krallığının Brüssel şəhərində NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramının çərçivə sazişini imzalamaqla Azərbaycan-NATO münasibətlərinin beynəlxalq müstəvidə təməli qoyuldu. Ötən illər ərzində Azərbaycan Ordusu NATO-nun müvafiq proqramına əsasən təhlil, təhsil, təlim, sülhyaratma missiyaları sferasında müvəffəqiyyətlə iştirak etmiş və böyük təşəbbüs nümayiş etdirmişdir. Ümumiyyətlə, ölkəmiz NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal şəkildə istifadə edir və mühüm sənədlərdə öz əksini tapmış məqsəd və prinsiplərin yerinə yetirilməsində öz istəyini açıq şəkildə bəyan edir. Azərbaycan-NATO münasibətləri 8 plan və istiqamət üzrə nizama salınır: PFP (Partnership for Peace) - SNT (Sülh Naminə Tərəfdaşlıq); İPP (İndividual Partnership Program) - Fərdi Tərəfdaşlıq Proqramı; PARP (Planing and Review Process) - Proseslərin Planlaşdırılması və Analizi Proqramı; İPAP (İndividual Partnership Action Plan) - Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı; OCC (Operational Capabilities Concept) - Əməliyyat İmkanları Konsepsiyası; PAP DİB (Partnership Action Plan On Defence İnstitution Building) - Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planı; PSE (Partnership Staff Post) - Tərəfdaşlığın Qərargah Vəzifəsi; PAP-T (The Partnership Action Plan Against Terrorism) - Terrorizm Əleyhinə Tərəfdaşlıq Fəaliyyət Planı. İPP (İndividual Partnership Proqram) - Fərdi Tərəfdaşlıq Proqramı.
Sülh Naminə Tərəfdaşlıq Proqramı tərəfdaş ölkənin NATO ilə əməkdaşlığının birinci səviyyəsi hesab olunur (Adı çəkilən proqrama əsasən tərəfdaş ölkənin qoşulmaq istədiyi fəaliyyət istiqamətinin geniş siyahısı öz əksini tapır. Belə ki, Azərbaycan Respublikası proqrama uyğun olaraq istədiyi və maraqlandığı fəaliyyət sahəsini seçir və NATO-ya aidiyyəti üzrə təqdim edir). Görülən işlərin əsas məqsədi tərəflərin qarşılıqlı əlaqələrinin səmərəsi və tərəflərə qazandırdığı təcrübələrin sayəsində regionda sülhə, sabitliyə və inkişafa təkan verməkdir. Məhz bu nöqteyi-nəzərən Azərbaycan dünyanın ən böyük hərbi alyansı olan NATO ilə qarşılıqlı əlaqələri xüsusi önəm nümayiş etdirmiş, sülhü dəstəkləmə missiyalarına öz töhvəsini vermişdir. Azərbaycan-NATO əməkdaşlığı müddətində ölkəmiz çoxsaylı müxtəlif təyinatlı təlimlərdə, treninqlərdə, təhsil və digər proqramlarda iştirak edib. NATO-nun, həmçinin ölkəmizdə də çoxsaylı tədbirləri və treninqləri keçirilib. Müxtəlif proqramlar çərçivəsində qarşılıqlı səfərlər və görüşlər də təşkil olunub. Azərbaycan, NATO təcrübəsindən yararlanaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların maddi-texniki təminat və təchizat səviyyəsini müasir standartlar çərçivəsində qurmaq, həmçinin şəxsi heyətin döyüş hazırlığını NATO standartları əsasında təşkil etmək məqsədi ilə həyata keçirdiyi tədbirlər planı bu gün də uğurla yerinə yetirilir.
"Əməliyyat İmkanlar Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramı" ordumuzun inkişafına xidmət edən və NATO-nun çoxmillətli müasir ordu quruculuğu təcrübəsini özündə cəmləşdirən əhəmiyyətli mexanizmlərindən biridir. Bu proqram çərçivəsində ordu tərkibində olan müvafiq bölmələrinin müasir döyüşün tələblərinə və inkişaf etmiş dövlətlərin standartlarına uyğun işlənib hazırlanması, habelə NATO-nun zəruri "əməliyyat qabiliyyətləri"nə nail olması baxımından çox mühüm mexanizmlərdən biridir. Azərbaycan tərəfi bu proqrama 2004-cü ildə qoşulmuşdur. Adı çəkilən sənədə istinadən Azərbaycan Alyansın çevik əməliyyat qüvvələrinin tərkibində iştirak etmək və bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin tərkibində adı çəkilən bölmələrin yaradılması şansını qazanmışdır. Bu proqramla qazanılmış təcrübə və bilik bölmələrimizin beynəlxalq əməliyyatlarda və təlimlərdə peşəkar səviyyədə iştirakını təmin edərək, təmsilçilik imkanlarının və nüfuzunun artırılmasına imkan yaradır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri NATO-nun ƏİK proqramına 2006-cı ildə ƏİK Ortaq Qüvvələr birliyinə "N" hərbi hissəsinin müvafiq bölməsinin elan edilməsi ilə həmin bölmənin adı ƏİK bölüyü olaraq dəyişdirilmişdir.
2010-cu ildə müdafiə nazirinin müvafiq əmrinə əsasən, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş ƏİK bölüyünün ƏİK taboru elan olunması üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə müvafiq əmr imzalandı. 2015-ci ildə ƏİK Ortaq Qüvvələr Birliyinə əlavə olaraq 1 (bir) kəşfiyyat bölüyü, 2016-cı ildə Hərbi Hava Qüvvələrinin 1 (bir) "Mİ-17" helikopter cütlüyü və Hərbi Dəniz Qüvvələrinin 1 (bir) Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə-Axtarış qrupu bəyan edilmişdir. Yarandığı gündən sonrakı müddət ərzində ƏİK taboru 1-ci səviyyəli və 2-ci səviyyəli (özünüqiymətləndirmə və NATO qiymətləndirmə) təlimlərində müvəffəqiyyətlə iştirak edib. 2014-cü ildə ƏİK taborunun 2-ci səviyyəli (qiymətləndirmə) təlimi keçirilmiş və tabor NATO-nun "Döyüşə Hazır" sertifikatını almışdır. 2017-ci ildə isə ƏİK taborunun 2-ci səviyyəli (NATO qiymətləndirməsi) təlimi keçirilmiş və tabor NATO-nun "Döyüşə hazır" sertifikatını təsdiq etmişdir. 2018 və 2019-cu illərdə ölkəmizdə NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları üçün "ƏİK məlumat bazası üzrə təlim kursu" ilə bağlı tədbirlər keçirilmişdir. 2021-ci ildə NATO-nun ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə-Axtarış qrupunun 2-ci səviyyəli (NATO qiymətləndirmə) təliminin keçirilməsi məqsədilə Aralıq Dənizinin Şərq hissəsində keçirilmiş "Doğu Akdeniz-2021" adlı təlimində Azərbaycan Ordusunun 27 (iyirmi yeddi) hərbi qulluqçusu iştirak etmiş, "Döyüşə hazır" sertifikatını almışdılar.
Ölkəmizin beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyəti bu gün məlum həqiqətdir. Ordumuzun hərbi qulluqçuları həm müxtəlif kurs və təlimlərdə iştirak etməsi, həm də ölkəmiz NATO-nun müxtəlif təyinatlı kurs və təlimlərinə ev sahibliyini yüksək səviyyədə təşkil etməsi haqqında məlumat vermişdik. Sentyabrın 26-dan 30-na kimi paytaxtımızda artıq 2-ci dəfə ƏİK Məlumat Bazası kursu (OCC E&F Database Training Course) keçirildi. Öncəliklə NATO-nun "Əməliyyat İmkanları Konsepsiyasi (ƏİK) Proqramı” və bu proqramın Azərbaycan Silahlı Qüvvələrində tətbiqi haqqında qısa məlumat vermək yerinə düşərdi. ƏİK 1999-cu ildə Vaşinqton Sammitində təsdiq edilmişdir. Proqramın əsas məqsədi tərəfdaş qüvvələrin qarşılıqlı fəaliyyətini daha da yaxşılaşdırmaq (uyarlılıq və imkanların, bacarıq və qabiliyyətlərin inkişaf etdirilməsi), onların əməliyyat imkanlarını gücləndirmək və s.-dən ibarətdir. ƏİK Proqramı NATO-nun tərəfdaşı olan ölkələrlə təlim proqramı deyil, qiymətləndirmə proqramıdır. NATO burada tərəfdaşlarına standartlara giriş imkanı verir ki, tərəfdaşlar öz bölmə və hərbi qulluqçularını qiymətləndirməyə hazırlasınlar. Ölkəmizdə keçirilən ƏİK Məlumat Bazası kursunun (OCC E&F Database Training Course) da keçirilməsində əsas məqsədlərdən biri ƏİK Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin qiymətləndirilməsində istifadə olunan zəruri proqram təminatının son təkmilləşdirmələrə əsasən öyrədilməsi oldu.
OCC Database Training Course-un direktoru NATO SHAPE PD - Partnership Director OCC bölməsinin qərargah zabiti, Bosniya və Hersoqovina Silahlı Qüvvələrinin nümayəndəsi polkovnik-leytenant Fariz Fadzandan kursun təyinatı, şərtləri və qarşıya qoyulan məqsədləri ilə bağlı məlumat aldıq. "Bildiyiniz kimi, Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirilməsi və Rəy (OCC E&F) Proqramı tərəfdaş dövlətlər tərəfindən seçilmiş və bəyan edilmiş bölmələrin qarşılıqlı fəaliyyət qabiliyyətini və əməliyyat imkanlarını təkmilləşdirməyi hədəfləyən NATO proqramıdır. Bu məqsədə nail olmaq üçün NATO-nun sertifikatlı hərbi ekspertləri tərəfindən aparılan qiymətləndirmə vacib şərtdir. OCC E&F proqramına dəstək olaraq "NATO OCC E&F Database Tool” adlı xüsusi proqram təminatı hazırlanıb. Bu proqram təminatı ƏİK qiymətləndirməsini planlaşdırma, hazırlıq, icra və rəy hesabatının aparılmasına mərhələli şəkildə imkan verir. Bu proqramın vacibliyi, mürəkkəbliyi və onun dəstəkləmə tələblərinə görə ƏİK əməkdaşları xüsusi təlimə ehtiyac duyurlar. Bunun üçün də ƏİK Məlumat Bazası kursu (OCC E&F Database Training Course) hazırlanıb və dinləyicilərin bu proqramı dəqiq yerinə yetirməsi üçün təqdim olunur. NATO və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə səyi ilə keçirilən kursda ƏİK heyətinə bu proqramdan səmərəli istifadə etmənin yolları təcrübəli təlimatçılar tərəfindən əhatəli izah olunur. Bu kursda iştirak edən dinləyicilər iki qrupa bölünürlər - Database managers (Məlumat bazası proqramçıları) və Advanced users (Qabaqcıl istifadəçilər). Birinci qrupda qiymətləndirmə zamanı qiymətləndirilənlərə fasiləsiz və optimal texniki dəstək göstərmək üçün tələb olunan İT infrastrukturunu və OCC E&F alətini qurmağı və idarə etməyi öyrənirlər. Qabaqcıl istifadəçilər isə ƏİK qiymətləndirilməsinin hazırlıq, planlama, qiymətləndirmə və rəy mərhələlərində bu proqram təminatının tətbiqini mənimsəyirlər. İştirakçı ölkələrə gəldikdə, NATO-nun tərkibində 5 ölkə (Albaniya, Almaniya, Fransa, Çexiya, İspaniya) və 9 tərəfdaş ölkədən (Avstriya, Azərbaycan, Bosniya və Hersoqovina, Kolumbiya, Finlandiya, Gürcüstan, Koreya, Mərakeş, Tunis) hərbi qulluqçular bu kursda iştirak etdilər.
Kursdan kənar fəaliyyətimiz və istirahətimiz də yüksək səviyyədə təşkil olundu. Kurs iştirakçıları üçün burada mədəni tur təşkil edildi. İlk öncə onu vurğulamalıyam ki, paytaxt Bakı şəhəri çox gözəldir. Burada biz Xalça Muzeyi, Şirvanşahlar Sarayı və Heydər Əliyev Mərkəzində olduq. Biz qədim Azərbaycanın zəngin tarixi və mədəniyyəti, həmçinin istiqanlı və qonaqpərvər insanları haqqında təsəvvürümüzü təzələməyə imkan qazandıq. Vaxtımızın məhdud olmasına görə Küləklər şəhəri ilə tam tanış olmadıq. Amma ümidvaram ki, kurs başa çatdıqdan sonra da öz ailəmizlə buraya turist kimi qayıtmağa və Odlar Yurdu Azərbaycanı qarış-qarış gəzməyə imkan tapacağıq".
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra daim dünya dövlətləri və xalqları ilə sülh, əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verib. Beynəlxalq hüquq subyekti kimi qonşu dövlətlərlə birlik və bərabərlik, sadiqlik prinsipinə hər zaman hörmətlə yanaşıb. Ölkəmiz regionda sabitliyin qorunub saxlanmasında, təhlükəsizliyin təmin olunmasında və bunun üçün nüfuzlu ölkə və beynəlxalq təşkilatlar ilə əlaqələrin qurulub möhkəmlənməsində maraqlı olduğunu əməli ilə daim sübut edib. Qısa müddət ərzində uzun keşməkeşli yol qət edən ölkəmizdə dövrlə ayaqlaşmaq və dövrünün müasir standartlarının vaxtlı-vaxtında uğurla tətbiqi üçün xeyli işlər görülüb. Bu gün dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatları ilə qurulan möhkəm əlaqələr ölkəmizin nüfuzuna müsbət təsir edən vacib amillərdən biridir. Çoxşaxəli xarici strategiyanı bu gün uğurla həyata keçirən Azərbaycan hər zaman beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri o cümlədən, əməkdaşlıq və tərəfdaşlıq missiyalarını layiqincə yerinə yetirməyi bacarıb. Azərbaycanın bundan sonra da dünya ölkələri və nüfuzlu təşkilatları ilə əlaqələrin genişləndirilməsi və mövcud münasibətlərin dərinləşdirilməsi, ölkəmizin dünyaya inteqrasiya olunmasında, dövrün tələblərinin ölkəmizdə uğurla tətbiq edilməsində seçilmiş prioritet istiqamət olaraq daha da möhkəmləndiriləcək.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"