Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 2022 17:15

“Öncə Vətən, sonra ana!” - deyən şəhidimiz

Pedaqoji fəaliyyətə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışam. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu liseydə ilk dərsim 1 sentyabr 2002-ci il tarixində olub. Sinfə daxil olanda məni gülərüzlü, eyni zamanda, yaşlarına müxalif olan ciddi simalı kursantlar qarşılamışdılar. Onların içərisində Ceyhun Həsənov da var idi. O, manqa komandiri kimi mənə raport verib, dərsə hazır olduqlarını bəyan etdi. Elə o an başa düşdüm ki, Ceyhun komandir olmaq üçün doğulanlardandır.
İki tədris ili ərzində (Mən onlara II kursda müəllim təyin olunmuşdum) əksər kursantlarla aramızda müəllim-şagird münasibətindən daha çox, dost, böyük-kiçik qardaş münasibəti yaranmışdı. Axı onlar ilə aramda cəmi 5-6 yaş fərq var idi. Mütəmadi təşkil olunan hərbi vətənpərvərlik tədbirləri, fənn gecələri çoxda böyük olmayan yaş fərqini daha da azaldır, azaltdıqca doğmalaşdırırdı. Lisey divarları arasında hər şənbə "Kursant səhəri" radiosunda "Naxçıvanskinin səsi" divar qəzetində gənc müdavimlər vətənpərvər mövzuda şeirlər, məqalələrlə çıxış edirdilər. Çalışırdıq ki, kursantları gələcəyin komandirləri kimi tərbiyə edək. Onların hər biri ictimai işlərdə fəal iştirak edir, maraqlı təkliflərlə çıxış edirdilər. Kursantların içərisində Ceyhun Həsənov xüsusi seçilirdi. Gözəl natiqlik qabiliyyəti olduğundan hər tədbirdə aparıcı olur, şeir oxuyur, səhnəciklərdə baş rolda iştirak edirdi. Ceyhun həm də liseydə fəaliyyət göstərən “Gənc natiqlər” dərnəyinin də üzvü idi. Yaxşı yadımdadır, böyük türk ədəbi və mütəfəkkiri Namik Kamalın həyat və yaradıcılığına həsr etdiyimiz ədəbiyyat gecəsində o, böyük vətənpərvər şairin obrazını canlandırmışdı. Bu uğuru sonralar qələmə aldığım və ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyim "Həmişəyaşar məhəbbət" adlı bir pərdəli dram əsərində baş qəhrəmanı canlandırmaq üçün seçim edərkən onun üzərində dayanmağıma səbəb oldu. Ceyhun da ona tapşırılan bu məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gəldi.
O, əslən Tovuzdan idi. Azərbaycanın bu dilbər guşəsindən olub, ədəbiyyata, şeirə, sənətə həvəs göstərməmək mümkün deyil. Liseydə kursantlar arasında təşkil olunan hərbi vətənpərvərlik mövzusunda inşa və bədii qiraət müsabiqələrində də Ceyhun həmişə qaliblər sırasında olurdu. Müəlliminin başını həmkarları arasında uca edirdi. Onun lətif nitqinə hər şeir uyuşur, Nizami, Füzuli əsərləri Ceyhunun ifasında daha gözəl səslənir, Səməd Vurğun, Bəxtiyar Vahabzadə Ceyhunun dili ilə daha inamla, daha qətiyyətli danışırdı.
O, eyni zamanda, dərslərini də yaxşı oxuyurdu. İdmanla məşğul olan Ceyhun liseyi bitirəndə boylu-buxunlu, enlikürək gənc olmuşdu. Güləş yarışlarında təmsil etdiyi liseyin komandasına dəfələrlə fəxri fərman, kubok və medal gətirmişdi. Əlamətdar günlərdə sıra toplantılarında, hərbi keçidlərdə liseyin bayrağını daşıyan üçlükdə Ceyhun daim yer alırdı, avtomatı sinəsinə sıxıb, üçrəngli bayrağa qürurla baxaraq mətn addımlarla irəliləyirdi.
Hamı Ceyhunu sevir, onunla fəxr edirdi. O, dostlarının da istəklisi idi. Artıq danışmaz, yersiz zarafat etməz, boş vaxtlarında mütaliə edərdi.
Ceyhun heç zaman nailiyyətləri ilə qürrələnməzdi, əksinə, müəllimləri və komandirləri onu tərif edəndə yanaqları qızarar, başını aşağı salardı.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirəndən sonra uzun müddət onu görməmişdim. Ali məktəbi "Motoatıcı" ixtisası üzrə bitirən Ceyhun Naxçıvanda, Beyləqanda xidmət etmişdi. Eşitmişdim ki, kapitan rütbəsinə qədər yüksəlib, uğurlu xidmət tarixçəsi var, şəxsi heyət də, komandirləri də onu sevir, ona hörmət edirlər.
27 sentyabr 2020-ci il tarixində kapitan Ceyhun Həsənovun Füzuli döyüşləri zamanı şəhadət şərbətini içdiyi xəbərini aldım. Televiziya ekranında onun nurlu şəklini görəndə sarsıldım. Hər zaman birincilər sırasında olan Ceyhun Vətən müharibəsi şəhidləri arasında da birincilərdən oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Ceyhun Həsənovun ölümündən sonra Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi igidliyinə və şücaət nümayiş etdirdiyinə görə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülməsi, "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildiyi xəbərlərini aldıqca bu Vətən oğlunu tanıdığım üçün qürur duyur, hər dəfə daha çox fərəhlənirdim. Gözümün önündə Ceyhunun: "Müəllim, yenə medalla təltif olundum", "Yenə birinci yerə çıxdım", - deyərək auditoriyaya daxil olduğu günləri xatırlayırdım.
Onun haqqında mətbuatda, sosial şəbəkələrdə çox yazılır, televiziya ekranlarında çox danışılır. Lakin bunlar Ceyhunu anlatmağa yetmir. Onun içi bir dərya, çölü bir əzəmətli qaya kimi idi. Nə qədər sərt idisə, bir o qədər həssas idi Ceyhun.
Ceyhunun həyatının böyük bir hissəsi Bakı şəhərinin Xətai rayonu ilə bağlıdır. O, bu rayonun ərazisində yaşayıb, boya-başa çatıb, orta məktəbə gedib, hərbi liseydə oxuyub. Bu xatirələrin əbədiləşdirilməsi üçün artıq bir sıra mühüm addımlar atılıb. 29 iyul 2021-ci il tarixində Xətai rayonu ərazisində möhtəşəm xatirə lövhəsi ucaldılıb. 1 noyabr 2021-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə Sadıqcan küçəsinə, 4 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə Bakı şəhəri Xətai rayonu 48 saylı tam orta məktəbə onun adı verilib.
İndi "Vətən Müharibəsi Qəhrəmanı" kapitan Ceyhun Həsənovdan bizə iki əkiz oğul övladı - Cahid və Cavidan yadigar qalıblar. Onun atası, anası, həyat yoldaşı bu gün bizə, dövlətimizə, xalqımıza əmanətdirlər. Çünki Ceyhun həmişə: "Öncə Vətən, sonra ana!" -  deyərdi.
Bu günlərdə İctimai Televiziya Ceyhun haqqında sənədli film çəkilişləri edirdi. Mən də Ceyhunun müəllimi kimi atası Aydın müəllim tərəfindən çəkilişdə iştirak etmək üçün dəvət olunmuşdum. O zaman balaca Cahid və Cavidanın əlində üçrəngli bayraq, "Azərbaycan" deyərək atalarının abidəsinə doğru qaçdıqlarını görəndə ürəyim fərəhlə doldu. Anladım ki, nə qədər qəlbində Vətən eşqi olanlar var, bu elin-obanın igidləri tükənməyəcək.
Mənim bu həyatda çox nailiyyətlərim olub. Onlarda mənim müəllimlərimin, valideynlərimin, ustadlarımın rolu böyükdür. Lakin vaxtilə hərbi liseydə dərs dediyim Ceyhun kimi kursantlarım mənə bir şərəfli ad da qazandırıblar: "Vətən Müharibəsi Qəhrəmanı"nın müəllimi. Ceyhun, buna görə sənin ruhun qarşısında baş əyir, səni dünyaya gətirən, tərbiyə edən ata-ananın əllərindən öpürəm. Sənin xatirən mənim qəlbimdə əbədi yaşayacaq, çöhrən gözümün önündən heç zaman getməyəcək, səsin hər zaman qulaqlarımda səslənəcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ruhun şad olsun, öpüb and içdiyin o üçrəngli bayrağın kölgəsində rahat uyu. Qarabağ azaddır, bunda sənin də payın var. Sən öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bildin. Şəhidlər ölmür, sən də əbədi yaşayacaqsan.

Əzizağa NƏCƏFZADƏ filologiya üzrə fəlsəfə doktoru, dosent