Tarixi günlərin də kövrəkliklə anılanı, həsrətlə gözləniləni olur. Torpaqlarımızın işğaldan azad ediləcəyi gün belə gözlənilib. O günün başlanğıcı oldu 2020-ci ilin 27 sentyabrı...
Hər şey həmin gün, tarixi əks-hücum əmrinin verilməsi ilə başladı. Ermənistanın növbəti hərbi təxribatına qarşı başlayan, 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Tarixi ədalət bərpa edildi. O Zəfər tarixi qələbəmizi şərtləndirdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla, əminliklə bildirirdi. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə qeyd etmişdi: "Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik". İnanırdıq, Xalq olaraq inanırdıq... Bu inam 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında, 2020-ci ilin Tovuz, həmçinin avqust təxribatlarında təcavüzkara layiqli cavab verildikdə daha da gücləndi. Həmin gün - 27 sentyabrda əks-hücumun ilk həmləsindən rəşadətli ordumuz tərəfindən kəndlərimizin azad olunması bu inamı bir əminliyə çevirdi. Xalqımız "Dəmir yumruq" ətrafında, sözün həqiqi mənasında, yumruq kimi birləşdi. Müzəffər Ali Baş Komandan xalqa müraciətində dediyi "Bizim işimiz haqq işidir, biz qalib gələcəyik" kəlamı hər bir vətəndaşımızda qürur, fərəh hissi doğurmaqla ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.
Tarixi torpaqlarımızı işğaldan azad etmək uğrunda apardığımız bu müharibə tarixə İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi kimi həkk olundu.
Şanlı ordumuz 3 oktyabrda Suqovuşanı, 4 oktyabrda Cəbrayılı, 9 oktyabrda Hadrutu, 17 oktyabrda Füzulini, 20 oktyabrda Zəngilanı, 25 oktyabrda Qubadlını və nəhayət, 8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi. Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın Azərbaycana qaytarıldı.
Şuşanın azad olunması Vətən müharibəsinin ən uğurlu, inanılmaz əməliyyatıdır. Bu döyüş İkinci Qarabağ müharibəsində həlledici məqam oldu. Hərbi cəhətdən Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi. Noyabrın 9-da rəşadətli Azərbaycan Ordusu 70-dən çox yaşayış məntəqəsini və bir neçə mühüm strateji əhəmiyyətli yüksəkliyi işğalçılardan azad etdi.
Noyabrın 8-də Şəhidlər xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan etdi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! ... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa döyüşləri barədə bunları dedi: "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir".
İkinci Qarabağ müharibəsində istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur. Azərbaycan Ordusunun Şuşa uğrundakı döyüşlərdə sıldırım qayaları dırmaşaraq düşməni yalın əl, bıçaq və yüngül atıcı silahlarla məğlub etməsi dünyanın ən məşhur hərbi institutları, ABŞ, Rusiya, Çin və s. dövlətlər tərəfindən araşdırılmaqla ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciət edərək şanlı Qələbəmizi elan etməsi o günlərdə həmrəylik nümayiş etdirən dünya azərbaycanlıları tərəfindən böyük coşqu, sevinc hissi ilə qarşılandı.
Xalqımızın ədalətli mübarizəsinin - Vətən müharibəsinin 44 günün hər günü şanlı tarixdir. Azərbaycan Ordusu hər gün irəli gedərək yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Rəşadətli Azərbaycan Ordusunun qüdrətinə müqavimət göstərə bilməyən düşmən dinc əhalini hədəfə almaqla müharibə cinayətləri törətdi. Şəhərlərimiz ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutuldu. Müharibə dövründə 100-ə yaxın mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak oldu. 400-dən çox mülki şəxs yaralandı, 5 mindən çox ev dağıdıldı. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Müharibənin getdiyi o günlərdə münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyətə də çatdırıldı.
Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş "Zəfər Paradı" təntənə ilə keçdi, təkcə ölkəmizdə deyil, dünyada da canlı olaraq izlənildi. Zəfər Paradı Böyük Vətən müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən tarixi hərbi paraddan sonra post-Sovet məkanında keçirilən ilk qələbə paradı kimi tarixə düşdü. Azərbaycan Ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə rəşadətli ordumuzun düşməndən qalan hərbi qənimətlərinin bir qismi bu paradda nümayiş etdirildi. Ən əsası isə bu paradın özünəməxsus özəlliyi, bir fərqliliyi vardır. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi - "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq" bu fikir öz təsdiqini tapdı. Gözlənilən o gün - "Zəfər Paradı"nda Şuşaya sancılmış Qələbə bayrağını Azadlıq meydanına Şuşanın azad edilməsində müstəsna xidmətləri olan, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendantı general-mayor Zaur Məmmədov gətirdi...
Dövlət başçısı öz məzmunlu çıxışında bildirdi ki, "Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi". Paradda Vətən müharibəsinin 44 gün müddətinə mənən yanımızda olan qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da geniş məzmunlu, qardaşlıq, birlik bağlarımıza əsaslanan çıxışında vurğuladı ki, Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin "İki dövlət bir millət" şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir.
Bu paradda ölkələrimiz arasındakı qardaşlığın bariz nümunəsi kimi, Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər türk əsgərlər iştirak etdilər.
Bu müharibə bir daha dünya azərbaycanlılarının birliyinin təsdiqi oldu. O günlərdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə, Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı ayağa qalxdılar. Müharibənin getdiyi günlərdə xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Vətəndaşlarımız etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirərək ön və arxa cəbhədə mükəmməl birlik yaratdılar. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular.
Dövlətimiz şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində deyib: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq".
Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir.
Prezident İlham Əliyevin sərəncamları ilə 27 sentyabr - Anım Günü və 8 noyabr - Zəfər günü kimi tariximizə daxil oldu.
Dövlətimiz "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, "Zəfər" və "Qarabağ" ordenləri, "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə" və digər medallar təsis etdi. Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi müxtəlif orden, medal və fəxri adla təltif edildi.
Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları və mənfi düşüncələri darmadağın etdi. Ermənistanın və onun havadarlarının planları alt-üst oldu.
Ölkəmizdə müharibədən dərhal sonra "Böyük Qayıdış" proqramının icrasına başlanılaraq kompleks tədbirlər həyata keçirilir, müasir texnologiyaların potensialından geniş istifadə edilməklə çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr uğurla icra olunur. Müasir texnologiyalar əsasında yenidən qurulması istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində start verildi. Mayın 27-də isə artıq "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu və sakinlər öz doğma yurdlarına köçürüldülər.
İkinci Qarabağ müharibəsi qlobal pandemiyanın baş verdiyi şəraitdə böyük Zəfərlə başa çatdı. Azərbaycan Qələbə qazandı, tarixi ədalət bərpa olundu. İşğaldan qurtuluşu sonlandıran Zəfərin başlanğıcı 27 sentyabrdı. Bu tarix Azərbaycan Ordusunun qüdrətini tarixləşdirən qələbənin ilkidir...
Günay TAĞIYEVA "Azərbaycan Ordusu"