Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 2022 10:00

Azərbaycan Ordusunun hərbi tibb sahəsi müasirliyi və döyüş meydanında qazanılan peşəkarlığı özündə əks etdirir

Məlumdur ki, müasir ordu quruculuğunun əsas əhəmiyyət kəsb edən təminat növlərindən biri tibbi təminatdır. Hərbi təbabətimizin modern standartlar çərçivəsində qurulması və müasir innovasiyaların tətbiqi ilə daha da möhkəmləndirilməsi üçün dövlət başçısının qarşıya qoyduğu konkret tapşırıqlara əsasən, hərbin bu sahəsində ordu rəhbərliyi tərəfindən davamlı olaraq məqsədyönlü fəaliyyətlər planı həyata keçirilir. Görülən işlərin məntiqi nəticəsidir ki, bu gün ordumuzun tibb sahəsinin maddi-texniki bazası güclənir, müalicə-diaqnostika imkanları artırılır və peşəkar kadr siyasəti dövrün tələbləri çərçivəsində qurulur və inkişaf etdirilir. Ordu rəhbərliyinin imzaladığı ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq çərçivəsində həm hərbi tibb sahəsinin tədris prosesində dünya ölkələrinin qabaqcıl hərbi tibbi təcrübələri dərindən öyrənilir, həm də öyrənilənlər real şəraitdə tətbiq edilir. Görülən işlərdən danışarkən mütləq qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun tibb xidmət zabitləri dünyanın müxtəlif ölkələrində təşkil olunan kurs, elmi simpozium və beynəlxalq konfranslarda, həmçinin hərbi tibbi təlimlərdə iştirak edir və etməkdədirlər. Bu gün hərbi tibb sahəmizdə NATO standartları uğurla tətbiq olunur və aparılan islahatlar sayəsində daha çox irəliləyişlər əldə edəcəyik. Tibb xidmətinə olan diqqət əbəs yerə deyil. Çünki dövr keçdikcə silahların müasirləşməsi, texnikaların təkmilləşdirilməsi döyüşün taktiki gedişatının və onun müqəddəratının dəyişməsinə birbaşa təsir edir. Hər bir halda döyüşün nəticəsinə birbaşa və ya bilavasitə təsir edən amilin insan amili olduğunu lazım bilərək, şəxsi heyətin müasir döyüşlərdə itkilərinin minimuma endirilməsi və döyüş meydanında yaralanan hərbçilərə operativ və zəruri tibbi yardımın göstərilməsi mütləq şərtdir. Bunun üçün də yaralılara düzgün və vaxtında tibbi yardımın göstərilməsi insan itkisinin azalması ilə nəticələnir. Azərbaycan Ordusunda da dünya hərbi tibb sahəsində qəbul edilmiş standartlarda nəzərdə tutulduğu kimi tibbi yardımın göstərilməsi 3 səviyyəli sistem əsasında qurulur. Dünyanın aparıcı güc qurumlarından birincisi olan NATO-nun hərbi tibbi təminat sistemində mərhələli tibbi yardım və təyinatı üzrə tibbi təxliyə fundamental prinsipdir. Sevindirici haldır ki, artıq uzun illərdir həm real döyüş əməliyyatlarında əldə olunan təcrübə və bu təcrübənin günbəgün daha da uğurlu tətbiqi Azərbaycan Ordusunun dünyada nüfuzunun artmasına təsir edən amillərdən birinə çevirib.
NATO sistemində Roll 1 adlanan I səviyyəli (qoşun tibb xidmətinin göstərdiyi) tibbi yardım - yaralanma yerində və ya onun yaxınlığında əsgərlərin özlərinə və komandirin tapşırığı ilə hərbi qulluqçunun digər silahdaşına, eyni zamanda, tibbi yardım məntəqəsində sanitar təlimatçılar, feldşer və qoşun həkimlərinin göstərdiyi yardımdır. I səviyyəli tibbi yardım yaralı və ya xəstənin həyatının xilas olunmasına - zərərverici amilin təsirinin dayanmasına və ya azalmasına, həyat üçün təhlükəli fəsadların qarşısının alınmasına, yaralının (xəstənin) döyüş meydanından çıxarılmasına yönəldilir.
Roll 1 tibb xidmətinin qüvvə və vasitələrinin effektiv təşkil edilməsi bu gün Azərbaycan Ordusunda real şəraitdə uğurla tətbiq olunur.
Roll 2 və yaxud II səviyyəli (ümumi cərrahi və ümumi terapevtik, ixtisaslaşmış) tibbi yardımı əsasən formalaşdırılmış tibbi qurumlarda (ərazidəki hospitalda, birliyin hərbi hospitalında, mobil hospitalda) həyat üçün təhlükəli olan nəticələrin aradan qaldırlması, ağırlaşmaların qarşısının alınması və yaralının sonrakı təxliyəyə hazırlanması məqsədilə cərrah və terapevt ixtisaslı həkimlər göstərirlər. Burada təxirəsalınmaz cərrahi yardım (asfiksiyanın aradan qaldırılması və adekvat tənəffüsün bərpa edilməsi, daxili və xarici qanaxmanın birdəfəlik dayandırılması, açıq pnevmotoraks zamanı yaranın cərrahi işlənilməsi və bağlanması və s.) və təxirəsalınmaz terapevtik yardım, əməliyyatdan sonrakı tədbirlər; həyati funksiyaların bərpası və digər fəaliyyətlər yerinə yetirilir.
III səviyyəli (ixtisaslaşmış və yüksək texnologiyalı) tibbi yardım və müalicə Silahlı Qüvvələrdə göstərilən tibbi yardımın ən yüksək formasıdır, mərkəzi tabelikdə olan hospitallarda, o cümlədən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında mütəxəssis həkimlər (neyrocərrahlar, torokal cərrahlar, psixiatrlar və s.) zəruri tibbi təchizat növləri istifadə etməklə göstərilir.
Düşmənin son təxribatlarının qarşısının alınması zamanı Azərbaycan Ordusunun qarşısına qoyulan tapşırıqların uğurla yerinə yetirilməsində tibb xidmətimizin də rolu danılmazdır. Məlumdur ki, döyüş varsa, qüvvələr arasında itki(lərin) və yaralı(ların) olması qaçılmazdır. Döyüş toqquşmaları dövründə tibb işçilərinin qarşısına qoyulan əsas tapşırıq hərbi qulluqçulara zəruri tibbi yardımı göstərmək, onların müalicəsini təmin etmək, təxliyəsinə və qısa vaxt ərzində reabilitasiyasına nail olmaqdır.
Son günlərdə erməni qanunsuz silahlı birləşmələrinin bölmələrimizin yerləşdiyi mövqeləri tez-tez müxtəlif çaplı silahlardan atəşə tutması, sonda mənfur qonşularımızın genişmiqyaslı təxribatı ilə nəticələndi. Sentyabrın 12-si gecə saatlarında erməni silahlı qüvvələri artıq növbəti dəfə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini və bununla yanaşı beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Azərbaycan Respublikasının Daşkəsən, Kəlbəcər, Zəngilan və Laçın rayonları istiqamətlərində təxribat törətdilər və bir daha öz revanşist hisslərini aşkar nümayiş etdirdilər. Erməni silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtından, ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək bölmələrimizin mövqeləri arasındakı ərazi və təminat yollarının minalanmasını həyata keçirdilər. Xain hücum nəticəsində itkilərimiz və yaralılarımız oldu. "Qisas" əməliyyatında şəhidimizin qisası necə sarsıdıcı idisə, "Qətiyyətli cavab" əməliyyatı düşmən üçün daha dağıdıcı oldu. Bu əməliyyatlar dövründə hərbi tibbimizin fəaliyyətindən və göstərdiyi yüksək nəticələrdən danışmaq yerinə düşərdi. Qısa vaxt ərzində təxribatın baş verdiyi ərazilərə yaxın nöqtələrdə mobil səhra hospitalları fəaliyyətə başladı.
Mobil səhra hospitalı 2500 kvadratmetr sahədə açılır və açılmağa başladıqdan iki saat sonra xəstələri qəbul edə bilir, 4-6 saatdan sonra isə öz funksiyasını tam yerinə yetirir. Burada gündəlik 150-dək xəstəyə tibbi xidmət göstərmək mümkündür. 2 cərrahi əməliyyat, 2 intensiv terapiya bloku və hər birində 6 çarpayı olan 6 yaralı və xəstə çadırı və ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş Mobil hospital yaralıların və xəstələrin qəbulu, qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə və rabitə çadırlarından, eyni zamanda, diaqnostika, cərrahi əməliyyat və reanimasiya konteynerlərindən ibarətdir.
Diaqnostika konteynerində tibbi müayinə aparmaq üçün rəqəmsal rentgen, USM (ultra səs müayinə) və 12 kanallı elektrokardioqraf, göz, QBB (Qulaq-burun-boğaz) müayinə cihazları mövcuddur.
Cərrahiyyə konteynerində ən müxtəlif cərrahi və travmatoloji əməliyyatları aparmaq mümkündür.
Mobil hospital şəxsi heyət üçün yataqxana, aptek, səyyar mətbəx, hamam və sanitar qovşaqla təchiz olunmuşdur. Bütün konteyner və çadırlarda işıq, mərkəzləşdirilmiş isitmə-soyutma və yanğın əleyhinə xüsusi sistemlər quraşdırılmışdır.
Bu hospitalın əsas özəlliyindən biri də onun konteyner və çadırlarının qısa müddətdə hazır vəziyyətə gətirilməsidir (konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür) və bu da öz növbəsində hospitalın daşınma prosesini asanlaşdırır.
Mobil səhra cərahiyyə hospitallarının daxilindəki təchizat və avadanlıqlar da müasir standartlara cavab verir. Elektrokardioqrafiya - ordumuzda istifadə olunan ən müasir EKQ cihazları süni intellektə əsaslanır. Çox kanallı elektrokardioqrafiya cihazları Eindhovenin P, Q, R, S və T bölgələri əsasında müayinə nəticələri alınır, süni intelekt vasitəsilə təhlil edilir və müayinə cavablarını avtomatik olaraq qeyd edir. Defibrilyator - Fibrilasiya olan bir ürəyin normal ritmə geri qaytarma üçün ürəyə qısamüddətli yüksək gərginlik verən cihazlardır. Xüsusi sinxron rejimi ilə və yüksək həcmli batareyalarla təchiz ediliblər. Elektrokoaqulyator - toxumanı yandıraraq kəsmə və birləşdirmə əməliyyatlarını aparan bir cihazdır. Monopolyar və Bipolyar rejimləri var. Monopolyar ucluq sadəcə təkyönlü kəsim işlərini həyata keçirir. Bipolyar isə bıçağın 2 üzü ilə kəsərkən, eyni zamanda kəsilən toxumanın içindəki kapilyar damarları yandıraraq birləşdirir və qanama prosessini dayandırır. Bundan başqa, səyyar diaqnostika kabinetləri, müxtəlif kateqoriyalı anesteziya cihazları və s. mövcuddur. Həmçinin bu hospitallarda müasir rentgen cihazı da fəaliyyət göstərir.
Təxliyənin vaxtını (müddətini) azaltmaq və yaralıya qısa vaxt ərzində ixtisaslı cərrahi yardımın göstərilməsini təmin etmək məqsədi ilə müasir avadanlıqlarla təchiz edilmiş sanitar helikopterlər də tibbi təminat tapşırıqlarının yerinə yetirilməsində uğurla iştirak edirlər.
Mobil səhra hospitalları Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində əvəzolunmaz missiyanı yerinə yetirmişdir. Döyüşlər zamanı mobil hospitallarda döyüş meydanında yaralanmış hərbçilərə lazımi tibbi yardım göstərilmiş və onların müayinə və müalicəsi həyata keçirilmişdir. Ən müasir silahı, texnikanı və avadanlığı da insanın idarə etdiyini düşünsək, mütləq qeyd etməliyik ki, hərbçilərimizin canını öz canı bilən təcrübəli hərbçi həkim kadrlarımız son əməliyyatlarda da qarşıya qoyulan tapşırıqların öhdəsindən ləyaqətlə gəlməyi bacardı. Əldə edilən nəticələr buna ən yaxşı sübutdur. Təcrübəli həkimlərimiz gündən-günə daha da peşəkarlaşırlar. Real şəraitdə qazanılan təcrübə isə heç zaman boşa getmir. Bu gün əminliklə deməliyik ki, düşmən təxribatının qarşısının alınmasında hərbçi həkimlərimizin əməyi danılmazdır. Çünki revanşist istəyindən əl çəkmək istəməyən Ermənistan bizə daha çox itki vermək istəyir və bunun üçün müxtəlif təxribatlara əl atır. Lakin cari vəziyyətdə hər iki tərəfin canlı qüvvəsi arasında statistika aparsaq görərik ki, düşmənin itkisi bizim itkilərdən dəfələrlə çoxdur. Və bunun da əsas səbəblərindən biri yaralılara vaxtında və düzgün tibbi müdaxilə və qarşıya qoyulan tapşırıqları peşəkarcasına yerinə yetirməyi bacaran hərbi həkimlərimizdir. Əldə olunan uğurlara baxmayaraq ordumuz bu gün dövrün tələblərinə əsasən daha da təkmilləşdirilir və quruculuq işləri uğurla davam etdirilir. Qabaqcıl təcrübəyə malik ölkələrlə bu gün qarşılıqlı əməkdaşlıq çərçivəsində inkişaf perspektivləri müzakirə edilir. Ölkəmizə gələn xarici ölkələrin nümayəndələri qətiyyətlə bildirirlər ki, döyüş təcrübəsinə malik ordunun peşəkarlığından faydalanmaqda maraqlıdırlar.
Azərbaycan Ordusunun şəxsi heyəti həqiqi hərbi xidmət müddətində hərbi tibbi hazırlıq məşğələsində də öz biliklərini artırır. Çünki döyüş meydanında sənin yoldaşına göstərəcəyin dəqiq və operativ ilkin tibbi yardım onun həyat riskini aradan qaldıra bilər. Bundan başqa düşmənin əsir düşmüş hərbçilərinə də ilkin tibbi yardımın göstərilməsi vacib şərtdir. Son döyüşlərdə hərbi qulluqçularımızın erməni yaralılarına göstərdikləri ilkin tibbi yardımın videogörüntüləri ordumuzun həm humanizmə, həm də peşəkarlığa verdiyi dəyərin göstəricisi oldu. Məlumdur ki, Azərbaycan əsgəri beynəlxalq hüquq normalarına sadiqliyini hər zaman yüksək səviyyədə sərgiləyib. Dünya ölkələrinin ordumuzun fəaliyyəti ilə yaxından maraqlanması və analitik şərhlərin hazırlanması bu gün Silahlı Qüvvələrimizin gücündən və peşəkarlığından xəbər verir.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"