Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2022 15:20

Mənəvi-psixoloji hazırlığın təməli Vətən sevgisidir

Şanlı ordumuzun sıralarında xidmət edən hərbi qulluqçularımızın döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlığını da diqqətdə saxlamaq qarşıya qoyulan əsas tapşırıqlardandır. Buna görə də Azərbaycan Ordusunda təsdiq olunmuş günün nizam qaydalarına əsasən, ictimai-siyasi hazırlıq dərsləri keçirilir, asudə vaxtın səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlər təşkil olunur, şəxsi heyətlə milli-mədəni irsimizin bir parçası olan muzeylər və müxtəlif abidələr ziyarət edilir.
Təbii ki, həyata keçirilən bu tədbirlər nəticəsində Vətəninə və xalqına bağlı cəsur əsgərlər formalaşırlar. 44 günlük haqq savaşımızı layiqincə sonlandıran Azərbaycan əsgəri Ali Baş Komandanın və xalqın etimadını doğruldaraq düşməni tarixi torpaqlarımızdan qovdu. Qazanılan qələbədə mühüm rol oynayan əsas amillərdən biri ordumuzda döyüş ruhunun, vətənpərvərlik hissinin böyük olması idi. Bu gün tam əminliklə deyə bilərik ki, müasir standartlar çərçivəsində formalaşdırılıb təkmilləşdirilən Azərbaycan Ordusu təkcə arsenalındakı silah-sursat və texnika sarıdan deyil, o cümlədən şəxsi mənəvi-psixoloji hazırlığına görə də dünyada fərqlənir.
“N” hərbi hssəsində ictimai-siyasi hazırlıq məşğələsində iştirak etdik. İdeoloji otağın divarlarında müasir ordu quruculuğumuzun banisi ümummili lider Heydər Əliyevin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  və ordu rəhbərliyinin  şəxsi heyətlə görüşlərini əks etdirən fotoşəkillər, dövlət atributlarımızdan ibarət məlumat tablolarının mövcudluğu, əsgər üçün kitab guşəsi, hərbi hissədə təbliğat və təşviqat işinin yüksək səviyyədə təşkil olunduğunun göstəricisi idi.
Dərs rəhbəri baş leytenant Orxan Babayev qeyd etdi ki, ordunun qüdrəti onun şəxsi heyətinin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığı ilə birbaşa əlaqəlidir. “Bunun üçün də komandirlər təkcə hərbi bilikləri dərindən mənimsəmiş təcrübəli əsgər deyil, həmçinin milli-mənəvi dəyərlərə sadiq, yüksək vətənpərvərlik hissinə malik əsgər yetişdirirlər. Mənəvi-psixoloji hazırlığın daim nəzarətdə saxlanılması üçün ictimai-siyasi hazırlıq məşğələlərinin də önəmi böyükdür. Keçirilən dərslərdə öz növbəsində əsgərin həm dünyagörüşünə, həm də hərbi fəaliyyətini lazımi səviyyədə təşkil etməsinə müsbət təsir göstərir”.
Əsgər Elnur Əmiri hərbi xidmətin ona qazandırdığı keyfiyyətlərdən danışdı: “Burada təcrübəli komandirlərimiz sayəsində hərbi biliklərimizi, fiziki hazırlığımızı artırmaqla bərabər, milli dəyərlərimiz haqqında məlumat bazamızı möhkəmləndiririk. İctimai-siyasi hazırlıq məşğələsində hərb tariximiz və ordu quruculuğumuz, hərbi nizamnamələr haqqında ətraflı məlumatlar əldə edir, qəhrəman oğullarımızı tanıyırıq”.
Əsgər Əkbər Əzimli də ictimai-siyasi hazırlıq dərslərinin təşkili ilə bağlı fikirlərini bizimlə bölüşdü: “Dərs rəhbəri tərəfindən keçirilən məşğələlərdə həvəslə iştirak edir, hər birimiz fərqlənməyə çalışırıq. Burada əsgər yoldaşlarımızla etdiyimiz nümunəvi xidmətlə komandirlərimizə başucalığı gətirmək istəyirik. Keçirilən növbəti məşğələdə öncəki dərslərin də mövzuları sual-cavab edilir. Bundan başqa xidməti ayıq-sayıq təşkil etmək, hərbi sirlərə dərindən yiyələnmək, intizamlı olmaq qarşımızda duran əsas tapşırıqlardandır”.
İctimai-siyasi hazırlıq məşğələsinin digər iştirakçıları Çingizxan Bəhrəmzadə və Ramil Həsənovun da fikirlərini öyrəndim. Onların hər biri hərbi xidmətin qazandırdığı keyfiyyətlərin mülki həyatlarında da mühüm  rol oynayacağını bildirdilər. Bizimlə söhbət əsnasında qeyd etdilər ki, mənəvi-psixoloji hazırlığın təməli Vətən sevgisidir.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"