Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2022 11:58

Əsrlərə sığmayacaq şərəf dolu ömür yolu

Gün günortanı keçsə də, havanın istisi davam edirdi. Bir az iti addımlarla gedirəm ki, gecikməyim, deyilən vaxt təyin olunmuş yerə çatım. Ötən gün şəhid anası Mehriban Qurbanova ilə telefonla danışmışdıq ki, görüşüb, İkinci Qarabağ müharibəsində yurdumuzun azadlığı uğrunda canından keçən oğlu Murad haqqında söhbət edək. Bir müddətdən sonra axtardığım ünvanı tapdım.
Evin  qapısı açıq idi. Asta səslə Mehriban xanımı səslədim. Bir-iki dəqiqə sonra Mehriban xanım göründü. Əl verib ehtiramla görüşdük. Kövrək addımlarla yurdumuzun azadlığı uğrunda şəhid olmuş Muradın bir vaxtlar yaşadığı  evə daxil oldum. Divarlara Muradın hərbi formada olan müxtəlif ölçülərdə böyüdülmüş şəkilləri vurulub. Şəkil o qədər canlı çəkilib ki, sanki bu dəqiqə dil açıb bizimlə danışacaq, əl uzadıb görüşəcək.
Şəhid Murad Qurbanovun xatirəsini özündə yaşadan albomlara və bu albomlardakı şəkillərə baxa-baxa Mehriban xanımla yaxından tanış olduq. Mehriban Qurbanova uzun illərdir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsində çalışır. Oğlu Muradı da elə buradan müharibəyə yola salıb.  
Mehriban xanım söhbətin yönümünü oğlunun ömür və döyüş yoluna kökləyir. Muradın tərcümeyi-halından sətir-sətir söz açır. Şəhid anası danışdıqca cəsur Vətən oğlunun ömür yolu gözlərimiz qarşısında oxunmamış maraqlı bir kitab kimi səhifələnir. Öyrəndim ki, Murad Qurbanov 23 mart 1996-cı ildə Salyan rayonunda dünyaya göz açıb. Birinci sinfə rayondakı 2 nömrəli orta məktəbdə gedib. Bir ildən sonra ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə köçüblər. Murad təhsilini 20-ci sahədə yerləşən 51 nömrəli məktəbdə davam etdirib. Orta təhsilini bitirdikdən sonra Bakı Maliyyə-İqtisad Kollecinə qəbul olub. Kolleci başa vurduqdan  sonra 2015-ci ildə ordu sıralarına yollanıb. Cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində xidmət edib. İlk günlərdən silah və hərbi texnikanın sirlərini həvəslə öyrənib, təlim-məşqlərdə döyüş vərdişlərinə mükəmməl  yiyələnib. Bacarığı ilə bölüyün fərqlənən əsgərlərindən biri olub. Əsgəri xidməti dövründə Murad ordumuzun böyük uğuru ilə başa çatan Aprel döyüşlərində də iştirak edib. Onun xidmət etdiyi bölük Tərtər və Goranboy rayonlarının müdafiəsində dayanıb. Əsgər kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib. 2017-ci ildə xidmətini başa vuraraq, ordu sıralarından tərxis olunub. 2020-ci il avqustun 20-də sevib-seçdiyi Nəzrin xanımla nişanlanıb. Ailə yavaş-yavaş toya hazırlaşmağa başlayıb. Murad arzusuna, istəyinə çatacağı, xoşbəxt anlarını yaşayacağı günü intizarla gözləyib...
Əks-hücum əməliyyatı ilə başlayan İkinci Qarabağ müharibəsi Murad Qurbanovun da planlarını dəyişdi. Toya hazırlaşmaq işləri təxirə salındı. Çünki doğma yurda düşmən hücumu, yağı təcavüzü başlamışdı. Ürəyi Vətən sevgisi ilə döyünən Murad belə çətin günlərdə yalnız şəxsi həyatını düşünə, öz qayğıları ilə yaşaya bilməzdi.Müharibənin başladığı ilk gündən Murad könüllü olaraq döyüşə can atırdı. Qarabağa yollanmaq, erməni qəsbkarları ilə vuruşmaq, şəhidlərin qisasını almaq üçün tələsirdi. Murad istəyinə 2020-ci il sentyabrın 29-da çatdı. Bir neçə gündən sonra onun zəngi cəbhə xəttindən gəldi. Əvvəlcə döyüşmək üçün onları Füzuli istiqamətinə, beş-altı gündən sonra Cəbrayıl rayonu uğrunda gedən döyüşlərə, oktyabrın 7-də isə gərgin döyüşlər gedən Xocavəndə gətirdilər. Muradgil Hadrut qəsəbəsinin azadlığı uğrunda vuruşdular. Həmin günlər Azərbaycan Ordusu düşməni addım-addım geri oturdaraq torpaqları azad edirdi. Muradın başı nə qədər döyüşlərə qarışsa da, vaxtaşırı evə zəng vuraraq, anasına sağ-salamat olduğunu deyirdi. Oktyabrın 10-dan sonra telefon susdu, doğmalarına Muraddan zəng gəlmədi. Ayın 12-də isə Muradın torpaqlarımızın azadlığı uğrunda şəhid olduğu xəbərini aldılar. Ertəsi gün - oktyabrın 13-də Murad böyük izdihamla Səbail rayon Badamdar qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı. Murad qısa, amma mənalı, əsrlərə sığmayan şərəf dolu bir ömür yaşadı.
Kövrək duyğulara köklənmiş şəhid anası oğlunu xatırladıqca fikirlərini bölüşürdü:
- Murad çox mehriban, qayğıkeş və dəcəl bir uşaq idi. Ürəyi həyat eşqi ilə dolub-daşırdı. Uşaqlığı dəcəlliklər içində keçmişdi. Həm hərbi xidmət, həm də ömür yolunda qazandığı təcrübə hiss olunmadan onu gələcək həyata hazırlayırdı. İllər keçdikcə dəcəlliyi arxada qalır, ömür yolunu nizama salırdı. Sabaha böyük ümidlərlə baxan Murad artıq ailə qurmaq üçün ilk addımlarını atmışdı. Özünə həyat yoldaşı seçmişdi, nişanlanmışdı. Vətən müharibəsinin başladığını eşidəndə dedi ki, torpaqlarımız uğrunda gedən döyüşlərə qatılacağam. Elə bu amalla da sentyabrın 29-da gecə saat üç radələrində onu döyüşən ordunun sıralarına yola saldım. Ertəsi gün aparıldığı hərbi hissəyə getmişdim. Artıq əsgər forması geyinmişdi, gur saçlarını qırxmışdılar. Hələ mənimlə zarafat edərək "Heyf saçlarımdan", - dedi. Onunla sağollaşanda dedi ki, döyüşlərdən sonra qələbə ilə qayıdacağam. Bu, mənim oğlumla son görüşüm oldu.
- Muradı döyüşə yola salandan sonra gözümüz yolda, qulağımız səsdə qaldı. Tez-tez zəng vurub iştirakçısı olduğu döyüşlərdən, azad etdikləri şəhər və kəndlərdən, qazandığı uğurlardan danışırdı. Ondan zəfər dolu sözləri eşitdikcə sevinirdik. Amma təəssüf ki, sevincimiz uzun sürmədi. Oktyabrın 10-da ondan son mesaj gəldi - "Nigaran qalmayın, mən sağ-salamatam". Oktyabrın 12-də iş yoldaşlarım dedilər ki, sizin ünvanınıza şəhid gətirirlər. Bu xəbəri eşidəndə az qaldı ki, həyəcandan ağlım başımdan çıxsın. Sonra dedilər ki, şəhid olan sənin oğlun deyil, Əli Tağıyev adlı bir əsgərdir. O da bizim küçəmizdə yaşayırdı. Əli üçün üzüldüm, göz yaşı tökdüm. Allah Muradımı, onun timsalında bütün əsgərləri qorusun dedim. Amma həmin gün axşam saat yeddi radələrində qapımızı bəd xəbər döydü: Murad Hadrut uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı.  Murad döyüşlərdən qayıtmışdı. Bu dəfə evimizə yox, əbədi olaraq könüllərə, qəlblərə və ürəklərə qayıtmışdı. Düşmən mərmisindən qopan qəlpə oğlumun ürəyindən dəymişdi. Oktyabrın 13-də Muradı ictimaiyyətin böyük izdihamı ilə torpağa tapşırdıq. Oğlum sağ vaxtı da həmişə başımızı uca etmişdi, ölümü ilə də bir daha bizi yüksəkliklərə qaldırdı. Övladımın xatirəsini əziz tutanların hamısına minnətdarlığımı bildirirəm. 51 nömrəli məktəbdə Muradın büstü qoyulub. Təhsil ocağının önünə xatirə lövhəsi vurulub. Bütün bunları görəndə az da olsa təskinlik tapırıq.
Bacısı İlahə Qurbanova da qardaşını kövrək hisslərlə xatırladı:
- Qardaşım haqqında keçmiş zamanda danışmaq istəməzdim. Çünki onun ölümünə hələ də inanmıram. Uşaqlığımız çox şən keçib. Anam bizi ərköyün böyüdüb. Özü əziyyət çəksə də, atasızlığı bizə hiss etdirməyib. Müharibənin başladığını eşidəndə Murad dedi ki, mən döyüşlərə gedəcəm. Xasiyyətinə yaxşı bələd idim. Bilirdim ki, əgər Murad dedisə, mütləq gedəcək. Getdi də. Vaxt tapdıqca cəbhədən zəng vurub anamla da, mənimlə də danışırdı. Oktyabrın 10-dan sonra zənglərinin arası kəsildi. Narahatçılığımıza son qoymaq üçün nömrəsini yığdım. Telefonunu başqa bir əsgər açdı. Qardaşımı soruşanda dedi ki, hansı Muradı deyirsiniz? Mən qardaşımın soyadını, seçilən əlamətlərini nişan verdim. Əsgər dedi ki, şəhid şəkilləri göndərəcəm, görün qardaşınız hansıdır. İki-üç dəqiqə sonra telefonuma şəhid şəkilləri göndərdilər. Çox təəssüflər ki, şəkildəki şəhidlərdən biri qardaşım idi. Həmin anda keçirdiyim sarsıntını sözlə ifadə etmək  çox çətindir. Dünyalarca sevdiyim qardaşım yurdumuzun azadlığı uğrunda şəhid olmuşdu. Bir evin oğlundan, bir elin oğluna çevrilmişdi. O, övladlarım Firdovsini də, Gülçiçəyi də çox istəyirdi. Murad qəlbimizdə elə bu cür istəkli də qalacaq. Vətən uğrunda şəhid olmuş qardaşımla həmişə fəxr edəcəyəm...
Bu məqamda söhbətimizə üç nöqtə qoyub doğmaları ilə evlərində Muradın xatirəsinə düzəldilmiş guşəyə baxırıq. Buradakı əşyalarda onun pozulmaz izləri var. Muradın nişan üzüyü də guşəyə qoyulub. Mehriban xanım dedi ki, oğlumun nişanlısına aldığım üzüyü geri almadım. Qoy o üzük həmişəlik olaraq Nəzrində Muraddan xatirə qalsın. Guşədəki  medalların vəsiqələrinə baxanda öyrəndik ki, İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.
Muradın adını dilimizə gətirəndə gözlərimiz önündə "Ağ atlı oğlan" filmindəki balaca Murad canlandı. O Murad ki, valideynlərindən xəbərsiz cəbhə bölgəsinə yollanıb. Gedib ki, yurdu qoruyan döyüşçülərə qoşulsun, onlara kömək etsin. Belə duyğulu anlarda düşünürəm ki, bəlkə də ömür və döyüş yolu haqqında söhbət açdığımız Murad Qurbanov elə kinodakı həmin Muraddır. Böyüyüb, silaha sarılaraq döyüşlərə yollanıb. Döyüşüb, vuruşub, erməni qəsbkarlarını məhv edərək qələbə qazanıb, torpaqlarımızı işğalçılardan təmizləyənlərin sırasında olub.
Oğul və qardaş itkisi ilə yaşayan bu kövrək insanlarla sağollaşdıq. İlahə xanım bizi bir anlıq yoldan saxlayıb başımızın üstündəki işığı göstərərək dedi ki, bunu Murad döyüşlərə getməzdən bir az əvvəl boya qabından düzəltmişdi. İndi hər axşam biz "Muradın işığı"nın ətrafına yığışırıq. İki ildir ki, bu işıq qaranlıqlara nur çiləyir. Evdən addım-addım uzaqlaşdıqca fikirləşirəm ki, "Muradın işığı" heç vaxt sönməyəcək, tükənməyəcək. Bu işıq təkcə qaranlıqları deyil, doğmalarının ürəklərini də, qəlblərini də daim işıqlandıracaq.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"