Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2022 11:48

Torpaqların yaralarını da sağaldacağıq!

Vətən müharibəsindən əvvəl bu yüksəklikdə ötərgi yaz yağışı sovuşunca göy üzünün göy qurşağı görünmüşdü. Duyğularım, duyğularıma dirsəklənən düşüncələrim gözə də, könülə də xoş gələn bu görüntüyə sarılmışdı. Mənə elə gəlmişdi ki, bu qənirsiz təmasın cazibəsində ləçəyində şeh görünən çiçəklərin, yarpağında meh görünən ağacların səssiz harayına cavab kimi yüz yerdən, min yerdən Şuşaya sarı "Gəlirik!" deyiləcək...
Həmin yüksəklikdəyik. Həzin-həzin yel əsir. Bu yerlərin əvvəlki görkəmi də dəyişib, mövqedə döyüş növbətçiliyi aparan əsgərlər də dəyişib. Onların da baxışlarında neçə il əvvəl burada, sol tərəfdə "göylərə baş çəkən" dağa baxan əsgərin baxışlarında gördüyüm qətiyyətin eynini görürəm. Bu qətiyyət də kölgəsi kölgələrə qarışan ağacların budaqlarında nəfəs dərən yellərin seyrəkliyindən sıyrılıb qarşı tərəfə baxır. Bu baxışı Azərbaycan əsgərinin qətiyyətini ümumiləşdirən baxış bilirəm. İkinci Qarabağ müharibəsindən əvvəl döyüş növbətçiliyindən qayıdan əsgər demişdi ki, Ali Baş Komandanın döyüş əmrinə buradan qoşulacağıq. Əsgər Şahin Baloğlanov deyir ki, İkinci Qarabağ müharibəsində məktəbdə oxuyurduq. Amma bu yaxınlarda düşmənə qarşı keçirilən "Qisas" cavab əməliyyatında əsgər idik... Əməliyyatda biz də iştirak etmək istəyirdik. İştirakımıza ehtiyac olmadı...
Əsgər Şahin Baloğlanovun fikrini əsgər Rüfət Məmmədov tamamlayır:
- Orta məktəbdə oxuyanda döyüşənlərin sırasına özümüz çata bilməsək də, səsimiz çatırdı. Elə bilirdik ki, biz də qələbə qazananların sırasındayıq. "Qisas" cavab əməliyyatında döyüşə getmək istədik. Hərbi xidmətdə istək olmur, əmr olur. Ordu hissələrimizin qazandığı qələbədə özümüz olmasaq da, ruhumuz iştirak etdi...
Əsgər Samir Alcanovun dedikləri də Rüfət Məmmədovun dediklərinin təsdiqi kimi səslənir:
- "Qisas" cavab əməliyyatında qanunsuz erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi, yerləşdiyi ərazilər darmadağın edildi, düşmənə dərs olacaq qədər qeyri-qanuni erməni silahlısı, eləcə də bir neçə artilleriya qurğusu, hərbi nəqliyyat vasitəsi, xeyli döyüş sursatı məhv edildi. Cəmi bir günlük döyüşdə...  
Əsgərlərin dedikləri də, düşüncələri də bizə könül xoşluğu verir; kəlmələr digər əsgərlərin düşüncələrini tərpədir. Düşüncələrdə qələbəyə görə gözəl sevinc, qələbəni qazananlara qədərsiz sevgi, əməliyyatda iştirak edə bilməməyə görə hiss edilməsi çətin olmayan incə bir təəssüf də var.
Əsgərlərə deyirəm ki, Vətən müharibəsindən əvvəl ön xətdə, səngərlərin o üzündə budaq-budaq uçunan ağacların xırdaca budaqlarını həsrətdən darılan, bezikən əllərə bənzədərdik. Zəfərdən sonra uzaqdan-uzağa gördüyümüz həmin ərazilərdə həmin ağaclar yoxdu - o ağacları işğaldan qurtuluş döyüşündə məğlub olub geri çəkilən düşmənlər kəsib, adda-budda boy atan, böyüyən şivlərin  boyu-buxunu əvvəlki ağacların eyni deyil. 30 il əvvəl əsdiyi kimi əssə də, yellər orada nəfəs dərməyə ağac tapa bilmir...
Əsgərlər duyğulanır. Leytenant Ülvi Sadıqov baxışlarını qarşı yaxadan üzüb döyüş növbətçiliyinə gedən əsgərlərə baxır, inamla "Azərbaycanın ərazi bütövlüyü sizlərə əmanətdi!", - deyir. Kəlmələr zabitin əsgərlərə inamı kimi, sevgisi kimi dinlənilir.
"İşğalçılıq müharibəsi də torpağa görədi, ədalətli müharibə də...", - zabit Yaşar Alıyevin dedikləri gözəl bir söhbətə başlanğıc olur:
- Füzuli işğaldan azad ediləndən sonra kəndlərinə dönən, kəndin evlərini dağılmış görən füzulili ana erməniliyin uçurub-dağıtdığı evinin divarlarına üz sürtür, əli daşları isidir. Evinin, kəndinin görkəmi qəlbini qana döndərsə də, şükranlıqla göy üzünə baxır: "Torpağım bəsdi mənə!", - deyir. Bu kəlmələr Zəfərə görə deyilmişdi, şükranlıq torpağın işğaldan azad edilməsinin şükranlığıydı...
Bu düşüncələri torpaqlarımızın yaralarına məlhəm bilirik. Biz də, əsgərlər də...
Bir qədər aralıdan bir qartal uçur. Qanadları yeri kölgələndirir. Könlümüzü telləndirən bu uçuşu rəmz bilirəm: Yellər əsə bilər, coşa bilər, qayadan heç nə apara bilməz!
Qartal dönür, dövrə vurub uzaqlaşır. Vida uçuşudumu? - duruşu, baxışı, qüruru dağ oğullarla sağollaşıb işğaldan azad edilmiş ərazilərimizə uçacaq?" Kəlbəcərə, Laçına uçacaq yəqin. Neçə-neçə qartalın da qanadları gəriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə xidmət edən əsgərlər qartalların Şişdağda, Qonur dağda, Şahbulaq dağında, Qızılboğaz dağında, Dəlidağda, Qırxqızda, ... bu uçuşunu "Qisas" cavab əməliyyatının iştirakçılarına - o döyüşün qartallarına göylərin qartallarının təşəkkürü kimi izləyəcəklər...", - deyirəm. Qaşları çatılan, yumruqları düyünlənən əsgərlər bir boy da dikəlib qarşı yaxaya baxırlar...
Baxışlarımın qartaldan, qartalın uçuşundan üzülmədiyini görən zabit Ülvi Sadıqov əsgərlərə xitabən deyir ki, qartal da illərlə perik düşdüyü doğma göylərinə dönür. Əsgərlərin necə duyğulandığı duyulandır. Bu duyğulanmanın can köynəyi doğmalıq kəlməsidi, şübhəsiz; qartalı göylərinə qaytaran doğmalıq da Azərbaycan əsgərinin qazandığı Zəfərin qüdrətidi...
Zabit Yaşar Alıyev Vətəndən, torpaqdan, İkinci Qarabağ müharibəsindən, Zəfərdən danışır. Əsgərlər tarix dərsi dinləyirmiş kimi dinləyirlər:
- Azərbaycan Ordusu işğala son qoydu. İkinci Qarabağ müharibəsi xalqın müharibəsi idi. Bu müharibə azərbaycançılığın yenilməzliyini təsdiqlədi. Vətən müharibəsində digər məktəblilər kimi siz də ruhən bu müharibənin iştirakçısı olubsunuz.
Əsgər İbrahim Novruzov deyir ki, İkinci Qarabağ müharibəsi başlayanda orta məktəbdə oxuyurdum. Hamımız döyüşlərə getmək niyyəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsinə müraciət etmişdik. Aparmamışdılar. Yaşımız çatanda hərbi xidmətə çağırdılar. Bu gün hərbi xidmətdəyik. Füzulili ananın dedikləri hamımızı duyğulandırdı. İllərlə həsrətini çəkdiyi evinin görkəmi qəlbini qanatsa da, torpağına qayıdışına ruhun cana qayıdışı deyən ana hamımızın anasıdı...
Əsgər Nəsimi İsmayılov əyilib bir ovuc torpaq götürür. Baxır. Götürdüyü bir ovuc torpağı boyu bərabərinə qaldırır. - Bunu rəmz bilirik: torpaq Vətənə, dövlətə, dövlətçiliyə sevginin bünövrəsidi, - deyir. Nə gözəl fikirdi! Bu gözəl fikir günümüzün göyqurşağıdı, elə bil...
Zabit Ülvi Sadıqov deyir ki, bu gözəl nizamın yaratdığı ovqatın eyni Vətən müharibəsindən söz düşəndə həmişə yaşanılır. Bu da müqəddəsliyin qüdrətidi...
Günəş bu səhər torpağı isidəndən bəri başlayan söhbətimiz torpağa sevgiylə davam etməkdədi. Elə bu sevginin cazibəsində 1993-cü ilin yayını xatırlayıram, xatırladığımı xatırladıram:
- Zəngilanın Şükürataz yüksəkliyindəydik. Bir tərəfə çəkilib torpağa dirsəklənən əsgərin baxışları uzaqlardan üzülmürdü, incəliklə torpağa sığal çəkirdi. "Nə düşünürsən?", - soruşmuşdum. "Torpağı...", - demişdi. Xatırlatmam bitər-bitməz əsgərlər "Biz də torpağı düşünürük, döyüş növbətçiliyimiz torpaq üçündü...", - deyirlər...
Döyüş növbətçiliyinə gedən əsgərlər də, döyüş növbətçiliyindən qayıdan əsgərlər də general-mayor Polad Həşimovun şəhid olduğu yerdə bir anlığa ayaq saxlayırlar. Bu, ehtiramdı, ali rütbəyə, ali rütbənin timsalında orduya ehtiramdı, şəhidliyə ehtiramdı.
Gün çeşt yerindədi...
- Xalq təbabətinə görə, bağayarpağı yara dərmanıdı - yaranı qaysaqladır, sağaldır. Bağayarpağı bitirən bu torpağın özündə də qüdrət var, - deyirəm. İkinci Qarabağ müharibəsində iştirak etmiş qonşumuz ayağından yaralanıb. O anda sarımaq üçün əlinə heç nə keçməyib. Yaranın üstünə bir ovuc torpaq səpib. Qan kəsib, - əsgər Əligül Ağayev belə deyir. Sözümə qüvvət kimi.
Yadıma düşür ki, İkinci Qarabağ müharibəsindən əvvəl Lələtəpənin ətəyində döyüş növbətçiliyindən qayıdan əsgərlərlə qarşılaşanda gördüklərimiz mənə də, həmkarım Vahid Məhərrəmova da hələ neçə illər yaddaşımızdan üzülməyəcək qürur yaşatmışdı: Əsgər ovucundakı bir ovuc torpaqla kəlmələşirdi, elə bil. Nə deyirdi, eşidəmməzdik. Kövrəldiyini duymaq çətin deyildi. Bu mükalimələşmə bizə bir gerçəklik də yaşatmışdı: Azərbaycan əsgəri torpağın "dilini bilir"...
Gümanlarımız düzüymüş. Həmin əsgərlə könül söhbətimizdə öyrəndik ki, bu mükalimələşmə torpağa təsəlli mükalimələşməsiymiş. Belə mükalimələşmə inamdı, Vətənə məhəbbətdi, Hərbi Anda, dövlətə, dövlətçiliyə sədaqətdi. Düşündüklərimi deyincə əsgərlərin baxışlarında yerə-göyə sığışmayan bir niyyət görürəm. "Baxışlarınızın nizamına dönən bu niyyətin yozumunda 2020-ci ilin noyabrının qüdrəti də var sanki. O qüdrətdən boy göstərən niyyət də deyir ki, torpağı dinşəyin, torpağın sözünü eşidin, o səsi Vətənin səsi kimi dinləyin...", - deyirəm.

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"