Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2022 17:20

Ömrü Vətən üçün yaşayan oğul

Azərbaycanın ən dilbər guşələrindən biri - şairlər, sənətkarlar ocağı, eləcə də zəngin qızıl yataqları ilə digər bölgələrdən fərqlənən Kəlbəcər rayonu cəsur oğulları ilə hər zaman seçilib.
Belə igid oğullardan biri də şəhid polkovnik-leytenant Anar Əliyevdir. 1980-ci il avqustun 28-də Kəlbəcərdə ziyalı ailəsində dünyaya göz açan Anar təkcə Kəlbəcərin ilk sakinlərindən hesab olunan "Kalvavəllər" nəslinin deyil, doğma yurdunun, elinin, bütün Azərbaycanın fəxrlə andığı qəhrəmanlardan biridir. Müəllim ailəsində böyüyən, hələ uşaqlıqdan yaşıdlarından hər zaman fərqlənən Anar öz davranışı və tərbiyəsi ilə hamının diqqət mərkəzində olmağı bacarırdı. Düşmən tərəfindən 1993-cü ildə Kəlbəcər rayonunun işğalı doğma yurd-yuvasından ayrı düşən, köçkün həyatı yaşayan kəlbəcərlilərdən, eləcə də şəhid Anar Əliyevin ailəsindən yan keçmir. Hələ uşaq ikən qisas hissi ilə böyüyən Anar hərbçi olmaq qərarına gəlir və ömür yolunu C.Naxçıvanski adına Hərbi Liseydən salır. 1997-ci ildə isə  Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olur və 2001-ci ildə hərbi məktəbi "Qoşun kəşfiyyatı" ixtisası üzrə müvəffəqiyyətlə bitirir. O, "leytenant" hərbi rütbəsindən "polkovnik-leytenant" hərbi rütbəsinədək yüksəlir və qoşunlarda müxtəlif vəzifələrdə xidmət edir. Anar harada xidmət etməsindən asılı olmayaraq, komandanlıq tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir.
Erkən yaşlarından məcburi köçkün həyatı yaşaması, dədə-baba yurdundan ayrı düşməsi onda düşmənə qarşı ikiqat nifrət hissi yaratmışdı. Doğma el-obasının azadlığı naminə və şəhidlərimizin ruhu qarşısında verdiyi qisas andına sədaqəti Vətən müharibəsində özünü göstərdi. Polkovnik-leytenant Anar Əliyevin rəhbərlik etdiyi heyət qarşıya qoyulan döyüş tapşırıqlarının müvəffəqiyyətlə icra edilməsinə nail oldu. Füzulinin, Cəbrayılın, və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan polkovnik-leytenant Anar Əliyev 21 oktyabr 2020-ci il tarixində vəzifə borcunu yerinə yetirərkən döyüş meydanında şəhidlik zirvəsinə ucaldı. Ömür yolunun 40-cı ilində əbədiyyətə qovuşdu. Ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirdiyi zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Anar Əliyev (ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb və eyni zamanda, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Şəhid polkovnik-leytenant Anar Əliyev haqqında onun tabeliyində olan zabit və əsgərlər böyük fəxarət hissi ilə danışırlar. Bildirirlər ki, gələcək nəslə örnək həyat yaşayan zabitin qəhrəmanlığı dillərə dastan oldu. Bu gün xalq olaraq təsəllimiz ondadır ki, şəhid oğullarımızdan xoş xatirələr və örnək izlər qalıb.
Ömrünün 40-cı yaşında ailəsinə, övladlarına şərəfli ad - şəhid adı əmanət edən Anarın xatirəsi hər zaman ehtiramla anılacaq. Göy üzünü bəzəyən üçrəngli bayrağımız dalğalandıqca şəhadətə yüksələnlər qəlblərdə yaşayacaqlar.

Nərgiz HÜSEYNOVA Bakı şəhəri