Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2022 17:20

Bir millət iki dövlətin qürur günü

Türkiyənin hərb salnaməsi qurtuluş savaşları, milli mübarizə illəri ilə çox zəngindir. Bu savaşların, mübarizələrin önündə dayanan Meydan savaşı türk dünyasının dirçəliş tarixidir.
Böyük türk xalqının qürur tarixini yaşadan 30 Avqust - Zəfər bayramı, Silahlı Qüvvələr Günü hər il Türkiyədə böyük çoşqu, təntənə ilə qeyd olunur. "Bir millətin azadlıq günü" kimi qeyd olunan 30 Avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.
Birinci Dünya müharibəsindən sonra Türkiyə çox ağır günlər yaşadı. Osmanlı dövlətinin torpaqlarının müstəmləkəçi dövlətlər arasında bölüşdürülməsi planı türk millətini ayağa qaldırdı. Xalq imperialistlərin bu mənfur planını qətiyyətlə rədd edərək, milli azadlıq hərəkatına başladı və bu mübarizədə qalib gəldi.
…1919-cu ildə Anadolunun işğalı türk xalqının yaddaşında ağır izlər buraxıb. Düşmən qüvvələrin donanması İstanbulu zəbt edib, fransız ordusu Adanada, ingilislər Urfa, Maraş, Samsun və Merzifonda, italyanlar Antalya və Anadolunun cənub-qərbində yerləşiblər. Müttəfiq qüvvələrin hazırlığı ilə 1919-cu il mayın 15-də yunan qoşunlarının İzmirə çıxması vəziyyəti daha da ağırlaşdırıb.
Osmanlı ordusunun generalı Mustafa Kamal Paşa milli iradəyə əsaslanan yeni türk dövlətinin qurulmasından başqa nicat yolu görmürdü. Odur ki, Anadoluda milli azadlıq hərəkatına başlamaq üçün 9-cu ordunun müfəttişi kimi 1919-cu il mayın 16-da "Bandırma" gəmisi ilə İstanbuldan yola çıxır və üç günə Samsuna çatır. Bölgədə vəziyyətlə yaxından tanış olan böyük sərkərdə mayın 21-də İstanbula - Baş Qərargaha göndərdiyi teleqramda yazırdı: "Yunanlar bu bölgədə Pontus dövləti qurmaq kimi bir səfsəfə ətrafında toplaşmış və yunan quldur dəstələri bütünlüklə siyasi təşkilata çevrilmişlər. Vətənin bütünlüyü və millətin istiqlalı təhlükədədir. Millətin istiqlalını yalnız millətin əzm və qərarı qurtaracaqdır".
Mustafa Kamal Paşanın komandanlığı ilə yenidən milli-azadlıq mücadiləsinə qalxan torpaqsevər türk xalqı 1921-ci ildə Sakaryanı qəhrəmanlıqla qorudu. Sakaryada 22 gün gecə-gündüz döyüşən türklər avqustun 23-də düşmənin hərəkət istiqamətini dayandırıb ona sarsıdıcı zərbələr vurdular. Bu savaşda türk ordusu böyük itki versə də, geri çəkilmədi, düşmən hücumunun qarşısını cəsarətlə aldı. Sakarya savaşında çox sayda zabit şəhid olduğu üçün bəzi tarixçilər, tədqiqatçılar bu döyüşləri "zabitlər savaşı" kimi də adlandırırlar.
Anadolunun düşməndən azad olunması uğrunda gedən növbəti savaşların da başlanğıcı avqust ayına təsadüf edir. 1922-ci il avqustun 26-da Mustafa Kamal Paşanın komandanlığı ilə bütün cəbhə boyu hücuma keçmək əmri alan türk ordusu hər tərəfdən düşməni geri çəkilməyə məcbur edir. Avqustun 30-da Kutahyanın işğaldan azad edilməsi xəbəri düşmən ordusunu qorxuya salır. İşğalçı dövlətlərin qüvvələri bütün istiqamətlərdə geri çəkilir və məğlub olurlar. Bu döyüşlər türk xalqının şanlı azadlıq tarixinin dönüş nöqtəsi idi.
30 Avqust zəfərindən bir neçə gün sonra - sentyabrın 12-də Mustafa Kamal Paşa Türkiyə Böyük Millət Məclisində çıxış edərkən demişdir: "Böyük Türk Milləti! Ordularımız İzmirimizi, Bursamızı zəfərlə qurtardılar. Aralıq dənizi əsgərlərimizin zəfər təranələri ilə dalğalanır. Böyük Türk Milləti! Ordularımızın qabiliyyət və qüdrəti düşmənlərimizə dəhşət, dostlarımıza əmniyyət verəcək şəkildə özünü göstərdi".
Qurtuluş savaşını Böyük Zəfərlə başa vuran, qısa müddətdə beynəlxalq aləmdə tanınan Türkiyə Cümhuriyyətinin adı zaman keçdikcə  dünyanın ən güclü dövlətləri sırasında çəkildi.
Tarixin müxtəlif dönəmlərində yaşadıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan qardaş xalqlar kimi hər zaman bir-birinin yanında oldu. "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən böyük Atatürkün, və "Bir millət, iki dövlət" deyən ümummilli lider Heydər Əliyevin kəlamları və bu prinsip əsasında möhkəmlənən əlaqələrimiz davamlı olaraq inkişaf edir. Qardaş ölkə ilə  münasibətlərə xüsusi əhəmiyyət verən ulu öndər Türkiyə Böyük Millət Məclisinin kürsüsündən çıxış edərkən deyirdi: "Türkiyə Böyük Millət Məclisi böyük öndər Mustafa Kamal Atatürkün, onun silahdaşlarının, həmkarlarının səyləri nəticəsində, o dövrdə Türkiyədə xalqı daha da irəli aparmaq, mədəniyyətə, demokratiyaya qovuşdurmaq istəyən mütəfəkkir adamların səyləri nəticəsində yaranmışdır..."
Qardaş Türkiyə ərazilərimizin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanıldığı, talan edildiyi 30 ilə yaxın dövrdə bütün beynəlxalq kürsülərdə Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Tarixi ədalətsizliyə son qoymaq üçün apardığımız mübarizədə hər zaman yanımızda oldular.
İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri yalnız regionda yox, həm də beynəlxalq miqyasda bütün dövlətlər üçün önəmli nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" festivalında çıxışı zamanı bəyan etdi ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır, deyən dövlət başçısı vurğuladı ki, bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük.
Türk xalqı həmişə haqlının yanında yer alıb. Necə ki, İkinci Qarabağ müharibəsi zamanı, 44 günlük Zəfər salnaməsinin yazıldığı günlərdə qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla 85 milyonluq Türkiyə "Can Azərbaycan" deyib bu dəfə də  siyasi və mənəvi dəstəyini əsirgəmədi.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"