Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2022 14:55

Xislətindən əl çəkməyən düşmənə qarşı daha ciddi tədbirlər görüləcək!

Həmvətənlərimizə qarşı apardıqları etnik təmizləmə və Vətənimizin dilbər guşələrini özününküləşdirmək istəyi ilə "Böyük Ermənistan" yaratmaq xülyası ermənilərin ən məkrli siyasətidir. Tarix boyu Qafqaz xalqları ilə uzaqdan-yaxından əlaqəsi olmayan ermənilərin hər zaman hegemon dövlətlərin vassalı olaraq yaşaması heç kəsə sirr deyil. Bu millət saxta tarix formalaşdırmaq üçün hər cür riyakarlığa əl atıb və atmaqdadır. Tarixin müəyyən mərhələsində mənfur planları ilə özlərinə aid olmayan torpaqlarda dövlət yaratmaq istəyini reallaşdırmaq üçün çar imperiyasının yanında yer aldı. Və təəssüf ki, ermənilərin maraqları ilə I Pyotrun marağı üst-üstə düşürdü. Maraqlar üst-üstə düşdüyü üçün münasibətlər genişləndi və çar imperiyası ermənilərin tarixi ərazilərimizdə yerləşdirilməsini "xüsusi əhəmiyyətli məsələ" elan etdilər. Rus-İran müharibələrindən sonra imzalanan Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri ilə Azərbaycan əraziləri bölündü. Bununla da ərazilərimizə ermənilərin kütləvi axını başladı.
Tarixi sənədlərə əsasən, 1828-1830-cu illər arasında Zaqafqaziyaya, yəni Azərbaycan ərazilərinə İrandan 40 min, Türkiyədən isə 84 mindən çox erməni köçürüldü. Beləliklə də milyondan çox soydaşımızın taleyinin dəyişəcəyi və gələcəkdə üzləşəcəyi faciələrin və xaosun qapıları aralanmış oldu. Xislətində humanizmdən əsər-əlamət olmayan qanunsuz erməni silahlı dəstələri illər boyunca milli qırğınlar törətdi, neçə-neçə azərbaycanlının və türkün həyatına son qoydu. Qoca, qadın, körpə demədən insanların başına olmazın müsibətlər gətirdi, işgəncələrə məruz qoydu. İnsanları qətl etməklə yanaşı, evləri taladılar, yandırırdılar. Sonra ata-baba yurdumuz İrəvan, Zəngəzur, Göyçə və digər yerlərdən həmyerlilərimizin məcburi deportasiyasına başlanıldı. Mənfur düşmən işğal planı hazırlayaraq, Şuşa, Kəlbəcər, Laçın, Xankəndi və digər əzəli və əbədi ərazilərimizi də işğal edərək yerli əhalini qətlə yetirərək doğma elindən didərgin saldı.
Həm ümummilli lider Heydər Əliyev, həm də onun siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev bu münaqişənin sülh yolu və humanizm dəyərlərinə hörmətlə həll olunmasına çalışsa da, qarşımızdakı düşmənin təxribatları və özbaşınalıqları get-gedə daha da artdı və danışıqlar uzandı. Bundan əlavə beynəlxalq qurum və təşkilatların qəbul etdiyi böyük hüquqi əhəmiyyətə malik sənədlərə məhəl qoyulmaması münaqişənin həllini gecikdirirdi. Erməni vandalizminə qarşı BMT-nin məlum dörd qətnaməsi olsa da, beynəlxalq nüfuz sahibi qurum və təşkilatlar, ədalətin bərpa edilməsinin vacibliyini qeyd etsələr də, erməni hərbi-siyasi rəhbərliyi bu çağırışlara heç bir məhəl qoymadı.
30 ilə yaxın nəticəsiz qalan danışıqlar, atəşkəsin olmasına baxmayaraq, mənfur düşmənin tez-tez əl atdığı təxribatlar və cəbhə xəttindən gələn şəhid xəbərləri müharibəni daha da labüdləşdirirdi. Düşmən bilirdi ki, Azərbaycan xalqının nə qədər səbri olsa da, tükənməz deyil. Prezident İlham Əliyev də dəfələrlə Azərbaycan xalqı və dövlətinin ermənilər tərəfindən bizə qarşı törədilən işğal və etnik təmizləmə siyasəti ilə heç zaman barışmayacağını və torpaqlarımızı azad etmək üçün kifayət qədər əsasımızın olduğunu, bunları beynəlxalq hüquq normaları çərçivəsində həll etmənin mümkün olduğunu qeyd etmişdi. Dövlət başçısı erməni əsgərlərinə xəbərdarlıq edərək demişdi: "Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!"
Vəziyyətin belə gərgin qalması ölkəmizdə ordu quruculuğunda islahatların surətlə aparılmasına təkan verdi. Atəşkəs dövründə ordumuzun döyüş qabiliyyətinin artırılması üçün zəruri addımlar atıldı. Maddi-texniki təminat yüksəldildi. Dövrün tələblərinə, müasir standartlara cavab verən silah və texnikalar arsenalımıza daxil edilməklə yanaşı, ölkəmizin milli müdafiə sənayesi də gücləndirildi. Hərbi təyinatlı məhsullar istehsal olundu. Görülən işlərin hamısı düşmənin cavabının layiqincə verilməsi, torpaqlarımızın qısa zamanda işğaldan azad edilməsi və ədalətin bərpa olunması üçün idi.
2020-ci ildə erməni təxribatlarının sayı artmışdı. Ermənilərin Tovuz istiqamətində sərhəd ərazilərə hücum cəhdi və digər təxribatlar müharibəni qaçınılmaz edirdi. 2020-ci il sentyabrın 27-də düşmənin əl atdığı genişmiqyaslı təxribat onun məğlubiyyətinin başlanğıcı oldu. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin bir günü min ilə bərabər qəhrəmanlıq, birlik və rəşadət döyüşü oldu. Döyüşlər Azərbaycanın Böyük Qələbəsi, Ermənistanın kapitulyasiya aktına imzası ilə başa çatdı. 44 gün ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası məhv edildi. Düşmən dağıdıcı zərbələrə tab gətirməyərək döyüş meydanından qaçdı. Azərbaycan Ordusu Füzulini, Cəbrayılı, Qubadlını, Şuşanı və digər torpaqlarımızı işğaldan təmizlədi. Kəlbəcər, Ağdam və Laçın şəhid verilmədən, qan tökülmədən bizə qaytarıldı.
Bir an belə tərəddüd etmədən irəli atılan, canından və qanından keçməyə hazır oğullarımız tarix yazdılar, torpağı qanları ilə Vətənləşdirdilər. Amma Azərbaycan əsgərinə gücü çatmayan düşmən Vətən müharibəsi boyunca və əvvəlki illərdə etdiyi kimi yenə də mülki əhalini hədəf alırdı. 44 gün ərzində Gəncə, Bərdə, Ağcabədi və digər ərazilərimiz ağır artilleriya ilə atəşə tutuldu. Törətdiyi terror aktı nəticəsində gecə evində xəbərsiz yatan mülki insanlar həlak oldu, yaralandı, evləri dağıdıldı. Körpələr anasız, analar balasız qaldı...
Artıq müharibənin ikinci ildönümünə az bir müddət qalıb. Düşmən kapitulyasiya aktına qol çəksə də, öz üzərinə öhdəliklər götürsə də, bunları yerinə yetirmir. Bununla yanaşı, yenə də təxribatlara əl atır, mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutaraq, atəşkəs rejimini bilərəkdən kobudcasına pozur. Qanunsuz erməni silahlı dəstələrinə müzəffər ordumuz layiqincə cavab verir.  
Ermənistanın cari ayın əvvəllərində yenə də silahlı təxribata əl atdı və bunun nəticəsində bir hərbi qulluqçumuz şəhid oldu. Azərbaycan Ordusu dərhal "Qisas" cavab əməliyyatı keçirərək şəhidimizin qisasını aldı və düşmənə sarsıdıcı zərbələr endirdi. Cavab əməliyyatının sonunda bölmələrimiz Qırxqız, Sarıbaba və Buzdux strateji yüksəkliklərini nəzarətə götürdü.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"