Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 2022 14:55

İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri işğaldan azad olunmuş ərazilərdə səfərdə oldular

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər etdilər. Onlar ilk olaraq Ağdam şəhərinin mərkəzinin, Cümə məscidinin, Şəhidlər xiyabanının və Şahbulaq qalasının işğaldan sonrakı vəziyyəti ilə tanış oldular.
Polkovnik Qiyas Abbasov səfər iştirakçılarına bildirdi ki, belə səfərlərin təşkili mühüm və əhəmiyyətlidir. "Heç kəsə sirr deyil ki, işğal dövründə Ağdam rayonu erməni vandalizminin qurbanı olmuş, bütün infrastruktur yerlə yeksan edilmişdir. Hətta, Ağdama Qafqazın Xirosiması da deyirlər. İşğaldan azad olunmasından 2 ildən az müddət keçməsinə baxmayaraq, müsbətə doğru çox böyük dəyişiklik var. Bərpa və yenidənqurma işləri sürətlə aparılır. Biz sizi əmin edə bilərik ki, bir müddət sonra Qafqazın Xirosiması adlandırılan bu torpaqlar dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək".
İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyətinə Ağdam rayonunun tarixi, işğaldan öncəki vəziyyəti barədə məlumat verildi, fotoşəkillər təqdim olundu. Həmçinin Pənahəli xanın sarayının ermənilər tərəfindən dağıdılıb təhqir olunması, imarət kompleksinin tarixin səhifələrindən silinməsinə çalışılması diqqətə çatdırıldı. Bildirildi ki, kompleks böyüklüyünə, arxitekturasına və ağ daşdan tikilməsinə görə yaşayış evlərindən fərqlənir. Bu səbəbdən də Pənahəli xanın imarəti adlandırılır. İşğal dövründə digər ərazilərdə yerləşən tarixi-mədəni, dini abidələr kimi bu saray da erməni barbarlığının qurbanı olub.
Həmçinin Q.Abbasov qeyd etdi ki, burada Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Bu nəsildən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra şəhidlər xiyabanı, kənd və şəhər qəbiristanlıqları kimi bu qəbirüstü türbələr də erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.
İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Ağdam Cümə məscidində də erməni barbarlıqları ilə tanış oldular. Qonaqların diqqətinə çatdırıldı ki, 30 illik işğal dövründə burada mal-heyvan, donuz saxlanılması ermənilərin müsəlmanlara qarşı nifrətinin bariz nümunəsidir. Polkovnik Qiyas Abbasov ermənilərin müharibə cinayətləri barədə məlumat verərək, işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamın da ekologiyasına qarşı misli görünməmiş vandalizm həyata keçirdiklərini, bütün yaşıllıqları məhv edərək ekoloji terror törətdiklərini bildirdi. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid "Qarabağ məscid memarlığı" məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Sonra qonaqlar Ağdam Cümə məscidində namaz qıldılar.
Şahbulaq qalası ilə tanışlıq zamanı nümayəndə heyətinə məlumat verildi ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda "Şahbulaq qəsri" adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıblar, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.
Sonra proqrama uyğun olaraq, İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Füzuli və Xocavənd rayonlarında oldular. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və işğaldan sonra görülən işlərin canlı şahidi olmaqdır.
Qonaqlar Ermənistan işğalından azad olunmuş Füzuli rayonunda inşa edilən hava limanını ziyarət etdilər. General-mayor Mayis Bərxudarov bildirdi ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Həmçinin qonaqlara hava limanı və ətrafında aparılan geniş abadlıq-quruculuq işləri barədə məlumat verildi.
O da qeyd olundu ki, hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək.
Füzuli şəhərinin tarixi, düşmən vəhşiliklərinin qurbanı olması, dağıdılan kəndlər, məhv edilən infrastruktur haqqında ətraflı məlumatlandırılan heyət daha sonra Hadrut qəsəbəsində yerləşən komando hərbi hissəsini ziyarət etdi, şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri qoydular. Hərbi hissə ərazisində yaradılan infrasturktur, qərargah, əsgər yataqxanaları və yeməkxana ilə tanış oldular.
Sonra keçirilən brifinqdə çıxış edən general-mayor Mayis Bərxudarov Aprel döyüşləri, Vətən müharibəsi, birliyin döyüş yolu barədə məlumat verdi. Aprel döyüşlərindən və Vətən müharibəsindən bəhs edən filmə baxdıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olundu.
Bundan əlavə, komando bölüyünün şəxsi heyəti qonaqlara hərbi hissənin təlim mərkəzində nümunəvi çıxışlar nümayiş etdirdi.
İşğaldan azad olunan ərazilərimizə səfəri başa vuraraq Bakıya qayıdan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssislər paytaxtın ən uca yerində yerləşən Şəhidlər xiyabanını ziyarət etdilər. Qonaqlar burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzdülər.
Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz və insanlığa qarşı törədilmiş ən ağır cinayət barəsində iranlı nümayəndələrə məlumat verildi. Qeyd olundu ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə 20 Yanvar faciəsinin xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldığı diqqətə çatdırıldı.
Sonda qonaqlar ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildə şəhidlərin xatirəsinə ucaldılan  "Əbədi məşəl" abidəsinin önünə əklil qoydular.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"