Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Avqust 2022 12:45

Uğura gedən yol səmərəli keçirilən dərs və məşğələlərdən başlayır

Ordu quruculuğu bütün dövrlərdə, bütün dövlətlərdə insan amili - şəxsi heyət baxımından həmişə diqqət mərkəzində olub. Ordunun gücü təkcə silahlanmada olan silah və texnikaların növləri, qarşı tərəfə təsiretmə səviyyəsi ilə deyil, həm də şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı ilə də müəyyənləşdirilir. İkinci Qarabağ müharibəsində təsdiqləndi ki, Zəfər həm Azərbaycan Ordusunun gücü, həm də şəxsi heyətinin yüksək döyüş qabiliyyəti, qüdrəti ilə qazanıldı. O qabiliyyətin, qüdrətin başlanğıcı gənc əsgərlərin hazırlığıdır; bu hazırlıq dövrü ordu quruculuğu prosesinin mühüm tərkib hissələrindən biridir.
"N" hərbi hissəsindəyik. Gənc əsgərlər hərbi hissənin sıra meydanında verilən tapşırıqları yerinə yetirirlər. Məşğələ rəhbərləri onların hərəkətlərini diqqətlə izləyir, lazımi məsləhətlər və göstərişlər verirlər. Bu, öyrətmə prosesidir. Hərbi hissədə bizi müşayiət edən polkovnik-leytenant Eldəniz Aslanov gənc əsgərlərin keçdiyi hazırlıq prosesindən ətraflı məlumat verir:
- Hərbi xidmət Hərbi Andı qəbul etdikdən sonra başlayır və gənc əsgər hazırlığı ilə davam edir. Dərslər keçirilir, məşğələlər aparılır, ilkin təcrübi vərdişlər aşılanır və dərs saatının sonunda keçilən mövzular soruşulur, gənc əsgərlərin bilikləri necə mənimsədiyi müəyyənləşdirilir.
Zabit deyir ki, xidmətə yeni qəbul olmuş əsgərlərə keçirilən bu hazırlıq prosesi müxtəlif mərhələləri əhatə edir. "İlkin mərhələ hazırlıq dövrüdür və gənc əsgərin hazırlığı bu dövrdə sistemləşdirilir. Onlara ilkin anlayışlar, vərdişlər öyrədilir ki, bunlar da gələcəkdə keçiriləcək digər dərslərin bünövrəsi hesab edilir. Məlumdur ki, gənc əsgərlər xidmətə çağırılana qədər də ilkin hərbi biliklər əldə ediblər. Gənc əsgər hazırlığının növbəti mərhələsində çağırışaqədərki hazırlıq dövründə öyrədilmiş biliklər, aşılanmış hərbçi vərdişləri təkmilləşdirilir. Bu proses sadəlikdən peşəkarlığa keçid kimi yeni öyrətmə prosesidir. Orta məktəblərdə bəzi hərbçi vərdişləri haqqında ancaq məlumat verilir. Amma burada daha əhatəli - həmin məlumatlar bilavasitə göstərilir, praktiki icra edilir. Yəni gənc əsgər artıq peşəkar səviyyədə hazırlıq keçir. Bu mərhələdə onlara həm də ordu haqqında anlayışlar, məlumatlar verilir. Gənc əsgər özünü ordunun tərkibində hiss etdikcə öyrənməyə marağı daha da artır. Müşahidələr göstərir ki, bu mərhələdən sonra gənc əsgərlər ordu həyatına mənən bağlanırlar".
- Əsgərin özünə inamı da gənc əsgər hazırlığından başlayır, - deyə zabit sözünə davam edir. - Doğrudur, əsgərin hərbi xidməti məhz hazırlıq dövrü ilə bağlıdır. Həmin dövrdə şəxsi heyət təsdiq olunan proqrama uyğun olaraq müəyyənləşdirilmiş materialları ardıcıllıqla, əlaqələndirilməklə, sistemli şəkildə öyrənir, xidmət dövründə isə öyrəndiklərini tətbiq edəcəkdir.
"Gənc əsgər hazırlığının mahiyyəti tədris prosesidir. Daha konkret ifadə etsək, pedaqoji prosesdir", - deyirik. Polkovnik-leytenant Eldəniz Aslanov fikrimizi bəyənir və "Məhz buna görə bu həm Müdafiə Nazirliyinin, həm də cəmiyyətin marağında olan gərəkli proseslərdəndir", - deyir.
Sonra öyrənirik ki, bu mərhələdə məşğələlər gündəlik planlaşdırılır, komandir heyəti konspektlər hazırlayır. Dərs prosesində şəxsi heyətə atıcı silahların texniki-taktiki xüsusiyyətləri öyrədilir, onlardan istifadə qaydaları aşılanır, nəticə etibarilə gənc əsgər bu silahları mükəmməl mənimsəyir. Bundan əlavə, gənc əsgərlərə ümumi taktika, topoqrafiya, kəşfiyyat haqqında da anlayışlar izah edilir, atəş hazırlığı dərslərində praktiki atışlar icra olunur.
Planla müəyyənləşdirilmiş dərsləri peşəkar zabitlər aparırlar. Bu mühüm tədris prosesi klassik tədrislərdən yalnız öyrədilənlərin məzmunu ilə fərqlənir. Mövzusundan asılı olaraq dərs bəzən mühazirə kimi təşkil edilir, bəzən kiçik izahatdan sonra sual-cavab aparılır, bəzən isə praktiki qaydada icra etdirilir.
Daha sonra gənc əsgərlərin tədris yerlərinə yaxınlaşırıq. Dərs rəhbərinin nəzarəti altında şəxsi heyət dəzgahlı qumbaraatanın taktiki-texniki xüsusiyyətlərini, istifadə qaydalarını öyrənirlər. "Bu silahı istifadə etmək xüsusi bacarıq tələb edir. Onunla düşmənin müxtəlif hədəflərini, texnikasını məhv etmək mümkündür. Hədəfi həm optik, həm də mexaniki nişangahla müşahidə etmək olar. Çəkisi nişangahla birlikdə 49,5 kiloqramdır", - deyə məşğələ rəhbəri şəxsi heyətə ilkin məlumatları verir.
Məşğələnin gedişini müşahidə edən polkovnik-leytenant Əliheydər Fərəcovun maraqlı fikri düşüncələrimizi tərpətdi. Pedaqoji mahiyyətli fikir kimi, gənc əsgər hazırlığını daha yüksək səviyyədə aparılmasına yönəldilən fikir kimi:
- Gənc əsgər zabitdən öyrənir. Zabit zamanında kursant olur. Onlar da tədris prosesindən keçir. Yüksək vəzifəli, təcrübəli, peşəkar zabitlərin müəyyən mövzular üzrə Heydər Əliyev adına Hərbi İnstitutda mühazirə oxuması, seminarlar aparması kursantın zabit kimi hazırlığında hansı səviyyədə əhəmiyyətli olarsa, gənc əsgər hazırlığında da həmin səviyyədə səmərəli olur.
Hazırlıq prosesində hansı əsgərin hansı ixtisasa marağı olduğu da müəyyənləşdirilir.  Hazırlıq prosesinin son mərhələsində gənc əsgərin qabiliyyəti, hansı dərslərdə daha fəal və həvəsli olduğu nəzərə alınır. Bunlar ordunun döyüş hazırlığının artırılması naminə diqqətlə öyrənilir və bölgüdə bunlara da əsaslanılır...
Gənc əsgər hazırlığı təkcə onlara hərbi biliklər, vərdişlər öyrədilməsi ilə məhdudlaşmır, onların mənəvi-psixoloji hazırlığının artırılması, vətənpərvərlik duyğularının yüksəldilməsi də eyni səviyyədə digər məşğələlərlə paralel aparılır. Zabitlər təklif edilən mövzular üzrə tezislər əsasında əhatəli mühazirə mətnləri hazırlayır, mövzunu həyati faktlarla əlaqələndirirlər. İkinci Qarabağ müharibəsi, qazanılan Zəfər haqqında gənc əsgərlərə əlavə məlumatlar da verilir ki, bunlar həm müharibə tariximizin öyrədilməsində, həm də gənc əsgərlərin vətənpərvərlik duyğularının mətinləşdirilməsində əhəmiyyətli olur.
Gənc əsgər hazırlığına ordu rəhbərliyi həssas və əhəmiyyətli mövzu kimi baxır. Ona görə də dərslərə İkinci Qarabağ müharibəsində iştirak etmiş zabit və gizirlərin cəlb olunması dərslərin daha maraqlı, yaddaqalan edir, həm də müharibədə qazanılan təcrübəyə əsalanaraq praktiki vərdişlər aşılanır.
Digər dərs yerinə yaxınlaşırıq. Kapitan Müşfiq Əliyev əsgərlərə döyüş meydanında cəm hərəkət edən düşməni asanlıqla məhv edən, onun fikrini yayındıran pulemyotun atış xüsusiyyətləri, sökülüb-yığılması qaydası, döyüşçüyə verdiyi üstünlüklər haqqında nəzəri bilikləri öyrədir. Gənc əsgərlər onun hər hərəkətini diqqətlə izləyirlər.  
Əsgər Musa Əhmədov hərbi xidmətə Şəki rayonundan çağırılıb. Baxışları zabitin hərəkətlərindən üzülmür. Bunu zabit də müşahidə edir. Bəlkə, buna görə də ehtiram kimi şərti atışı yerinə yetirməyi ilk olaraq ona həvalə edir. Gənc əsgər tələsmədən pulemyotu atışa hazırlayır. Mənə elə gəlir ki, o, əmri nəfəs dərmədən yerinə yetirdi. Daha sonra maraqla zabitə baxır və komandirinin baxışlarında gördüyü razılıq atış bitəndən sonra yaranmış həyəcanın şərti ödənci olur...
Leytenant Nadir Nadirovun nəzarəti ilə tank əleyhinə qumbaraatan haqqında gənc əsgərlər bir-birilərini sorğu-sual edirlər. Maraqlı və klassik metodikadır. Bu üsul ən etibarlı öyrətmə metodlarından hesab edilir. Qürurlanırıq ki, Azərbaycan Ordusunda gənc əsgər hazırlığı ənənəvi elmi-pedaqoji üsullarla aparılır. "Biz kursant olanda komandirlərimiz bu üsuldan həmişə istifadə edirdi...", - leytenant Nadir Nadirov belə deyir. Bu xatırlama ordu quruculuğunda sələf-xələf münasibətlərinin yaşarılığının təsdiqi kimi dinlənilir...
Əsgərlər Həsən Zahirli və İlham Quliyev deyirlər ki, tanışlarımızdan İkinci Qarabağ müharibəsi təəssüratlarını maraqla dinləmişik, onlar bu silah haqqında da danışırdılar. "Əsgərlərimizin bu silahla düşmənin mövqelərini necə dağıtdıqlarından, döyüş texnikalarını və canlı qüvvəsini necə məhv etmələrindən söhbət edərdilər. Digər silahlar kimi qumbaraatanı da dərs zamanı maraqla dinləyir, mükəmməl öyrənməyə çalışırıq. Bacarıqlı əsgər kimi formalaşmalıyıq ki, qoşunlara göndəriləndə komandirlərimizə ilk məruzəmiz "İstənilən döyüş əmrinə hazırıq!" olsun".
Avtomatın sökülüb-yığılmasını necə də sərbəst, çevik və maraqla yerinə yetirirlər. Fikrimi eşidən kapitan Müşviq Əliyev gülümsünür:
- Onlar bu silahla davranmağı hələ orta məktəbdə oxuyanda öyrənirlər. Ona görə də avtomatın sökülüb-yığılması üzrə normativləri rahatlıqla yerinə yetirə bilirlər. Fərq onların normativləri nə qədər qabaqlamasındadır. Qürurla bildirim ki, bölüyümüzdə əsgərlərimizin əksəriyyəti normativi xeyli qabaqlayır.
Zabitin qürurunda hiss edilməsi çətin olmayan bir sevinc də var. O sevinc gənc əsgər hazırlığının uğurla aparılmasının, qoşunlara bacarıqlı əsgərlər gedəcəyinə inamın sevincidir...
Əsgərlər Rəhman Əsgərov da, Murad Calalov da avtomatı normativdən tez, sərbəst, həm də şövqlə söküb-yığırlar. "Söküb-yığmağınız gözəldi, atmağınız necədi?", - soruşuruq. Rəhman təbəssümlə, "İkinci Qarabağ müharibəsində məktəbliydik. "Qisas" əməliyyatında döyüşdə iştirak etsəydik, neçə-neçə işğalçı ölümünü bizim atdığımız güllələrdən tapardı...", - deyir və əsgər yoldaşlarına baxır. Yəni haqlıyammı? Əsgərlərin cəmləşən baxışlarında səmimi bir mətləb oxunur: Haqlısan, Rəhman, haqlısan...
Hərəkətlərindən hiss olunur ki, onlar məşğələlərdə böyük maraq və həvəslə iştirak edirlər, hərbi bilik və döyüş vərdişlərini yüksək səviyyədə mənimsəyirlər. Digər məşğələ rəhbəri gizir Amil Abbasov da dərsin mövzusunu gənc əsgərlərə  ətraflı izah edir. Mövzuya uyğun olaraq silahın müxtəlif hissə və detallarını şəxsi heyətə göstərir.
- Hərbi xidmətə yeni çağırılsalar da, dərs zamanı fəallıq göstərirlər, - deyə gizir Amil Abbasov keçdikləri məşğələlərdən söz açır. - Silahların atış qaydalarını dərindən öyrənmək üçün dərsin gedişində əsgərlər onları maraqlandıran suallar da verirlər. Buna uyğun olaraq biz onlara  ətraflı cavab veririk. Zabitlərimiz və gizirlərimiz gənc əsgərlərin tam hazırlıqlı olması üçün dərs prosesində bütün təcrübə və peşəkarlıqlarından səmərəli istifadə edirlər. Şəxsi heyətə təlim-məşqlər keçmək üçün komandanlıq hərbi hissədə hər cür şərait yaradıb. Biz yaradılmış mövcud şəraitdən səmərəli istifadə edərək hərbi bilik və döyüş vərdişlərini əsgərlərə yetərincə aşılayırıq. Müxtəlif mərhələlərlə davam edən gənc əsgərlərin hazırlıq kursu başa çatanda onlar təlimlərdə, xidmət edəcəkləri bölmələrdə böyük peşəkarlıq və ustalıq göstərəcəklər. Əminik ki, bu gün xidmətdə ilk addımlarını atan əsgərlərimizdən gələcəkdə xidmət edəcəkləri hərbi hissə və birləşmələrdən həmişə xoş soraqlar alacağıq.
Gənc əsgərlər Şəhriyar Hüseynov, Elvin Mirzəyev, Fəyyaz Fərəcov, Rəşad Hacıyev və Orxan Nəcəfli də dedilər ki, keçirilən dərs və məşğələlərdə silahların sirlərini və döyüş xüsusiyyətlərini mükəmməl öyrənəcək, ordumuzun peşəkar, bacarıqlı əsgərləri olacaq, yurdumuzu göz bəbəyimiz kimi qoruyacağıq.
Leytenant İbrahim Cəfərli də digər məşğələ yerində 12,7 mm-lik, uzaqmənzilli, bəzi hallarda hava hücumundan müdafiə vasitəsi kimi istifadə olunan ağır pulemyotun sirlərini, döyüş xüsusiyyətlərini gənc əsgərlərə həvəslə öyrədir. Pulemyotun bəzi texnikaların üzərinə də quraşdırıldığını, bir dəqiqə ərzində yüksək atəş açmaq qabiliyyətinə malik olduğunu əsgərlərin nəzərinə çatdırır. Zabit silah haqqında əhatəli, geniş və elə maraqla danışır ki, şəxsi heyət öyrənməyə həvəs göstərir. İllərcə əvvəl müxtəlif tədris ocaqlarında, xidmətdə əldə etdiyi bilik və döyüş vərdişlərini zabit indi gənc əsgərlərə öyrədir. Peşəkarlıqla tədris olunan hərbi vərdişlər elə peşəkarlıqla da mənimsənilir. Uğurlara gedən yol səmərəli keçirilən dərs və məşğələlərdən başlayır. Elə buna görə də hazırlıq kurslarını uğurla başa vuran əsgərlər bacarıqlı Vətən müdafiəçisi olurlar.
Dərs zamanı komandirini diqqətlə dinləyən və maraqla suallar verən əsgər Nadir Mirəliyevlə söhbət edirik. Ondan eşitdiyimiz xoş sözlər qəlbimizi qürurla doldurur. O deyir ki, əsgər olmaq vətəndaşlıq borcumuzdur və bunu məsuliyyətlə yerinə yetiririk. "Silahları öyrənmək, onlardan hədəflərə dəqiq atəş açmaq uşaqlıq arzumdur. Bir aydan çoxdur ordu sıralarındayıq. Xidmətə gəldiyimiz ilk günlərdən təcrübəli zabitlər bizə dərs və məşğələlər keçir, silahların atış qaydalarını və başqa hərbi vərdişləri öyrədirlər. Tədris olunan hərbi bilikləri mən də böyük maraqla mənimsəyirəm. Günlər arxada qaldıqca təcrübəmiz daha da artır. Bir sıra nəzəri bilikləri mənisəmişik. Bir müddət sonra praktiki məşğələlər başlayacaq. Əminəm ki, dərslərdə olduğu kimi praktik çalışmalarda da uğurlar qazanacağıq. Əsgər dostlarım Əli Şirinov, Zaur Mirzəyev və başqaları da  məşğələlərdə fəal iştirak edirlər. Məqsədimiz üzərimizə düşən tapşırıqları bacarıqla yerinə yetirmək, Vətənə layiqli əsgər olmaqdır.
Dərs prosesini izlədikcə əmin oluruq ki, gənc əsgərlər yaxın vaxtlarda qoşunlarda atıcı, pulemyotçu, rabitəçi, mühəndis-istehkamçı, artilleriyaçı kimi, ... məsuliyyətlə xidmət edəcəklər. Həm də yüksək hazırlıqlı əsgərlər kimi. Onda bu hərbi hissədə gənc əsgər hazırlığı günlərini də xatırlayacaq, deyilənləri öyrəndiklərinə, öyrəndiklərini təcrübi vərdişlərlə təkmilləşdirdiklərinə görə komandirlərinə hər zaman minnətdar olacaqlar.
 
Rəşid HÜSEYNOV, Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"