Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2022 11:20

“Mənim taleyimdə Heydər Əliyev xeyir-duası var”

Oçerk


Bu kəlmələrdə qürur var, özünə inam var, bu gündən sabahlara düşən işıq var...

Bu kəlmələr bir ömrün özünə hesabatının başlanğıcıdı...

Bu kəlmələr dünənlərə ehtiram olmaqla sabahlar üçün deyilib bəlkə?!..

Düşüncələrimiz niyə deyilməsinin deyil, nə deyilməsinin cazibəsindədi...

Qədim Yunanıstan əsatirlərindən birində deyilir ki, əfsanəvi həkim Asklepi (Eskulap) insanlara sevgisinə, xoş və xeyirxah əməllərinə görə ölümsüzlüyə qovuşaraq ilahi bir qüvvəyə çevrilib. Düşünürəm: hər bir əfsanənin söykəndiyi bir həqiqət başlanğıcı var. Həkimlər üçün ölümsüzləşmək xəstələrinin ürəklərini fəth etməkdi bəlkə?!..
Bunu bütün həkimlər kimi, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Yoluxucu xəstəliklər bölməsinin həkim-radioloqu Aynurə Muradova da bilir.
Aynurə Hidayət qızı Muradova 1981-ci il sentyabrın 6-da Bakı şəhərində anadan olub.
Uşaq yaşlarında tərcüməçi olmaq istəyirdi. Dil öyrənməyə xüsusi qabiliyyəti vardı. Müəllimləri ona "Məktəbimizin poliqlotu" deyirdi.  Hərdən bu müraciətdən utanırdı da. Sonralar altı dil bilən bu xanım belə müraciətin niyə deyildiyini dərk edəndə gülümsünürdü...
Uşaqlıq istəyi dəyişkən olur. Aynurədə də belə olub. Sonralar polis zabiti olmaq istəyib. Çox mərhəmətli yeniyetməydi Aynurə. "Bu xasiyyətlə polis zabiti ola biləcəyəmmi?" - qəlbində başaçılmaz tərəddüdlər baş qaldırırdı. O mərhəmət hissi insanlara köməkliyin gərəkliyini yaşadırdı Aynurəyə. Anası Göyçək xanımın onu həkim görmək arzusu özünün mərhəmətlilik duyğularının səmtini müəyyənləşdirdi: həkim olmaq!
1998-2004-cü ildə ali tibbi təhsilini yüksək nəticələrlə bitirərək, Akademik M.Ə.Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutunda İnterna kursu keçdi. Həkim funksional-diaqnostika ixtisasına yiyələndi. O anlarda anasını görməyə tələsdi: sənin də arzun yerinə yetdi, ay ana, mənim də! - deməyə...
- Vətənpərvər bir ailənin övladıyam, - deyir Aynurə xanım. Hərbi formaya sevgim sonsuzdur. Atam polis zabiti idi. Bu sevginin təməli də bəlkə, elə bununla bağlıdır.  İlk dəfə bu formanı daşımağın nə qədər çətin, məsuliyyətli olduğunu 1990-cı ilin 20 Yanvar hadisələri zamanı hiss etdim. Atam şəhərin müdafiəsində idi. Anamın göz yaşları içində Uca Yaradana  uzanan əlləri, duaları uşaqlıq dünyamdan ucalıqlarda dayanırmış, mən bunları dərk edirdim. Sonra başlanan Birinci Qarabağ müharibəsi, Xocalı soyqırımı... Bütün bunlar mənim hərbi formaya, Vətən müdafiəsində dayananlara sevgimi ümmana döndərdi. O ümman həyatın qayəsini anlatdı mənə. Bu gün də belə bir qurumda işləməyimlə qürur duyuram.    
1996-cı ildə ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Azərbaycan Gənclərinin Forumu keçirilirdi.
Aynurə xanım da 1999-cu ildə Respublika sarayında (indiki Heydər Əliyev adına saray)  keçirilən II forumun iştirakçısı olub. "Forumda ümummilli liderimiz Heydər Əliyev də iştirak edirdi. Tədbirin aktiv iştirakçılarından idim. Çıxışım da vardı. Ulu Öndərin qarşısında çıxış etmək çox məsuliyyətli idi. Bir qədər həyəcanlı olsam da, bunun öhdəsindən layiqincə gəldim. Tədbir bitdikdən sonra Ulu Öndər səhnə arxasında gənclərlə görüşdü. O zamanlar mən zəif, balaca qız idim. Soruşdu ki, o çox fəal, balaca qızcığaz vardı, onu görmürəm, haradadır? Qarşıya çıxaraq "Mən buradayam, cənab Prezident", dedim. Ulu Öndər əlini çiynimə qoyaraq, "Vaxt gələcək, sən Azərbaycanın tanınmış həkimi olacaqsan. Bunu sənə mən deyirəm", - dedi. Sonralar Ulu Öndərin verdiyi bu xeyir-dua həyatımın ən çətin anlarının işığı oldu...
Bütün ömrünü insanların gözlərinə nur paylamağa həsr etmiş unudulmaz həkim, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın bu şərəfli peşə sahibləri haqqında dediyi  "Həkimlər insanlara günəş kimi lazımdır" sözləri onun da düşüncələrinə əbədi hakim kəsilib.
Aynurə xanım 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq qeydiyyata düşüb. Ulu Öndərin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün çıxışlarını diqqətlə  izlədiyini deyən Aynurə xanım səmimiyyətlə deyir ki, torpaqlarımızın işğaldan azad olunacağına inanırdım.
Bəli, Ulu Öndərin Qarabağ münaqişəsi ilə bağlı bütün çıxışlarında, müsahibələrində təkrar-təkrar dediyi bir cümlə də vardı: "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur, ola bilməz". Eyni fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də deyirdi: "Şuşasız olmaz"...
Aynurə xanım da həmin günlərdə Ali Baş Komandanımızın əmrlərini həyata keçirənlərin sırasında olmaq istəyirdi. Bu arzusuna Vətən müharibəsində çatdı.
Müsahibim deyir ki, Tovuz döyüşlərindən sonra mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dəfələrlə müraciət edib. “Hər gün əlaqə saxlayır, həmçinin Müdafiə Nazirliyinin qaynar xəttinə də zəng vururdum”.
Aynurə xanım Vətən müharibəsinin ilk günlərindən Zəfərə kimi Baş Klinik Hospitalın həkimləri ilə birlikdə Ağdam, Füzuli, Tərtər istiqamətindən Daşaltıya kimi  fəaliyyətdə iştirak edib. Həmin vaxtlarda Müdafiə Nazirliyinin Tibb xidmətinin rəhbərliyi də onun fəaliyyəti ilə yaxından tanış olub. Aynurə xanım qeyd etdi ki, müharibədən öncə cərrah assistenti işləyib. "Bu da burada mənə çox kömək oldu. Ümumiyyətlə, onda mən həkiməm, o tibb bacısıdı, o sanitardı deyilməzdi, deyilmirdi. Hər kəs əlindən gələni edirdi. Müharibədə  mən bir daha əmin oldum ki, həkim xalatını hərbçi forması ilə birlikdə daşımaq çətin, həm də daha məsuliyyətlidir. İnsanlar dar gündə tanınır deyimi əbəs deyilmiş. Müdafiə Nazirliyinin Tibb xidmətinin rəhbərliyi məni daha yaxından tanıyandan sonra işə dəvət etdi. Sevindim, təklifi sevinclə  qəbul etdim. Hazırda Vətənimizin hərbi qulluqçularının sağlamlığının keşiyində dayanmağımla qürur duyuram".
Aynurənin Vətən müharibəsi ilə bağlı xatirələri çoxdur. Həyatda qalması üçün əlindən gələni etdiyi döyüşçülərin minnətdarlıq dolu baxışları da xatirədi. Yaralı bir əsgərin ailəsi ilə əlaqə saxlayaraq onların intizarına son qoymaq istəməsi də xatirədi...
Ona Vətən müharibəsini hər gün xatırladan və xatırladacaq daşıdığı o iz. Hadrutda olarkən hər hansı təhlükəyə qarşı cibində gəzdirdiyi bıçağın ağzı açıq olduğu üçün ayağını dərindən yaralayıb. İndi bu iz ona hər toxunuşda o günləri xatırladır.
Müharibə bitəndən sonra bir çox həkimlər geri qayıtsa da, Aynurə xanım əvvəlki iş yerinə qayıtmayıb. Çünki həkimlərin işi hələ də çox idi. "Müdafiə nazirinin əmri ilə bütün hərbçilər, sərhəddə olanlar belə qrup-qrup gələrək tam müayinə olunurdular. Mən də həkim yoldaşlarımdan dəstəyimi əsirgəyə bilməzdim. Onlarla birlikdə çiyin-çiyinə işləmək mənə olduqca xoş idi. Biz axı ən ağır günləri birlikdə arxada qoymuşduq. Noyabrın ortalarında azad olunan torpaqları gəzdik. Bu, tamam fərqli bir duyğudur. İnsan daxilən bir sakitlik, rahatlıq hiss edirdi. Şəhid övladları üçün bağrı qana dönən torpaq da sanki sevinirdi, gülürdü. Sözlə izah edilməsi mümkünsüz hisslər idi".
Xalqımızın o ağır günlərdə Ali Baş Komandanın "Dəmir yumruğ"unun ətrafında sıx birləşərək həmrəylik, birlik, şəfqət və qarşılıqlı yardım kimi ən ali insani xüsusiyyətlərini sərgiləməsi qürurverici idi.  “Bildiyiniz kimi, həmin vaxt Koronavirus (COVID-19) pandemiyası dövrü idi. Anam da bu virusa yoluxmuşdu.  Mən iki oğlumu - Hüseyn və Həsəni  evdə  bibilərinin nəzarətində qoyub getmişdim. Qonşularımız da bibiləri kimi onlarla doğması kimi maraqlanmış, qayğı göstərmişdilər. O zaman mən Ulu Öndərin də dediyi kimi azərbaycanlı olmağımla fəxr etdim”.
- Əzəli və əbədi torpaqlarımız düşməndən azad olunandan bir neçə gün sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi torpaqlarımıza səfərləri, orada üçrəngli bayrağımızın yenidən dalğalanmağı hər birimizi qürurlandırdı.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir. Qarabağda aparılan yenidənqurma beynəlxalq aləmin də diqqət mərkəzindədir. Aynurə xanım o yerlərə erməni faşistlərinin vurduğu ciddi ziyanı öz gözləri ilə görən biri kimi sürətlə aparılan bu dəyişimdən - quruculuq-abadlıq işlərindən qürur hissi keçirir.
Vətən müharibəsini həyatının dönüş nöqtəsi adlandırır bu xeyirxah sənət sahibi. “Mən çox xoşbəxtəm ki, o ağır günlərdə xalqım məni həkim Aynurə Hidayətqızı kimi tanıdı və sevdi. Axı mənim taleyimdə Heydər Əliyev xeyr-duası vardı!..”
...Aynurə xanım tərcüməçi olmadığına sevinirmi?..

Aynurə xanım polis zabiti olmadığına sevinirmi?..

Aynurə xanım həkim olmağına dünyəvi istəklərlə sevinir. Bu sevinc bəşəri sevincdi...

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"

foto Namiq PƏNAHOVUNDUR