Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2022 11:20

Azərbaycanda hərb işinin təşkili dövlət quruculuğunun tərkib hissəsidir

Azərbaycanın dövlət quruculuğunda ordu ənənələrini yaşatmaq mühüm vəzifələrindən biri olub. Ordu dövlətin müdafiə qüdrətinin artırılmasında, yadelli işğalçılardan, xarici müdaxilələrdən qorunmasında əsas qüvvədir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də milli ordunun qurulması dövlət quruculuğunun mühüm tərkib hissəsi, konkret tarixi şəraitdə ərazi bütövlüyünün qorunması üçün atılan zəruri addım oldu. Yeni yaradılacaq ordu Müsəlman Korpusunun bazasında təşkil edildi. Ordu quruculuğuna rəhbərlik üçün ilk hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik yaradıldı və Xosrov Paşa bəy Sultanov hərbi nazir təsdiq edildi. Qısa müddətdə fəaliyyət göstərən bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv olundu. Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik hökumətin qərarı ilə Qafqaz İslam Ordusu komandanı Nuru paşaya həvalə olunmuşdu. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsinə İsmayıl xan Ziyadxanov təsdiq edilmişdi.
1918-ci il iyunun 26-da hökumətin qərarı ilə Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Tam artilleriya generalı Əlağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi.
Ordu quruculuğu sahəsində irəliləyişə nail olmaq üçün hökumət bir sıra tədbirlər həyata keçirdi. 1918-ci il iyunun əvvəllərində Gəncə Hərbi məktəbi, 1919-cu ilin sonunda Hərbiyyə Məktəbi, həmçinin milli hərbi kadrlar hazırlayan istehkamçılar, hərbi dəmiryolçular və hərbi feldşer məktəbləri də açılmışdı.
1918-ci ilin noyabrın 1-də Hərbi Nazirliyin yenidən bərpa olunması qərara alındı. İlk vaxtlar Hərbi Nazirliyə rəhbərliyi Nazirlər Şurasının sədri Fətəli xan Xoyski öz üzərinə götürdü. Nazir müavini isə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi.
Nazirlər Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, 29 dekabr 1918-ci il tarixli qərarı ilə tam artilleriya generalı Əlağa Şıxlinski hərbi nazirin müavini təyin edildi.
Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı formalaşdırıldı. Buraya ümumi qərargah, ləvazimat idarəsi, general-kvartirmeyster şöbəsi və digər strukturlar daxil idi. Kifayət qədər hərbi biliyə və təcrübəyə malik olan zabitlər - Əlağa Şıxlinskinin, Həbib bəy Səlimovun, Murad Gəray bəy Tlexasın, İbrahim ağa Usubovun, Həmid bəy Qaytabaşının, İbrahim ağa Vəkilovun, Süleyman bəy Əfəndiyevin, Cavad bəy Şıxlinskinin, Feyzulla Mirzə Qacarın və başqalarının Azərbaycan Ordusunun yaradılmasında, milli ordunun formalaşmasında əvəzsiz xidmətləri olmuşdur.
19 mart 1919-cu ildə böyük ordu təcrübəsinə malik general-leytenant Məmməd bəy Sulkeviçin Baş Qərargah rəisi təyin edilməsi ilə Azərbaycanın milli qoşun hissələrinin formalaşdırılması sürətləndirildi, döyüş hazırlığı xeyli təkmilləşdirildi.
20 fevral 1920-ci ildə təcrübəli ordu zabiti general-mayor Həbib bəy Səlimov Hərbi Nazirliyin yeni yaradılan Vahid Qərargahının rəisi təyin olundu.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra milli ordu qüvvələri məcburi şəkildə XI qırmızı ordunun çevrəsinə daxil edildi.
Azərbaycan 70 il sovet imperiyası tərkibində hərb işinin təşkilinə və müdafiənin artırılmasına böyük töhfələr verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa olundu.
Azərbaycan Respublikası Ali Soveti məhz həmin gündə Milli Şuranın 1918-ci ilin mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinə və ənənələrinə sadiq qalaraq, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Azərbaycan Ali Sovetinin 1991-ci ilin 30 avqust tarixli bəyannaməsini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdi, müstəqil Azərbaycan Respublikasının dövlət, siyasi və iqtisadi quruluşunun əsaslarını müəyyənləşdirdi.
Ordunun tezliklə təşkili üçün respublikada əlverişli mühit olmasa da, 1991-ci ilin sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə fərman imzalandığı gündən nazirliyin formalaşdırılması kimi heç də asan olmayan mürəkkəb bir işə başlanıldı. Qısa müddət ərzində Müdafiə Nazirliyinin ştatı hazırlandı.
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycanın ərazi ölçülərinin miqyasını nəzərə alıb ordu quruculuğunda daha çevik olan briqada sisteminə üstünlük verdi. Azərbaycan Ordusunun ilk briqadasının strukturu elə hazırlanmışdı ki, o bütöv şəkildə formalaşdırıldığı halda müstəqil surətdə döyüş aparmaq imkanına malik olmalı idi. 1991-ci il oktyabrın 1-də ilk desant-hücum briqadasının formalaşması başa çatdırıldı. 1991-ci il oktyabrın 9-da Ali Sovet "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun qəbul etdi.
1992-ci ilin yay-payız hücum kampaniyası xalqda Azərbaycan Ordusunun hissə və bölmələrinin gücünə, işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə inam yaratdı. Ordu bölmələrinin nəyə qadir olduğunu təsdiqləmək üçün hücum əməliyyatı vacib idi. Bu əməliyyat 11 iyun 1992-ci il "Goranboy əməliyyatı" oldu. "Goranboy əməliyyatı"nın hərbi dəyəri təkcə Ağcakənd (keçmiş Şaumyan kənd) qəsəbəsinin və həmin qəsəbəyə hüquqi baxımdan tabe edilmiş kəndlərin düşməndən təmizlənməsi ilə məhdudlaşmır. O zaman bu əməliyyat təsdiqlədi ki, erməni hərbi birləşmələri  heç də məğlubedilməz deyil. Öz torpağını müdafiə edən ordu həmişə qələbə qazanıb. Bu qələbə Azərbaycan Ordusunun hərb tarixini daha neçə qələbə ilə tamamlayacaqdı. "Goranboy əməliyyatı" xalqımızın müharibə tarixində qanla, qeyrətlə, şəhidliklə yazılmış bir hərbi əməliyyatdır, qəhrəmanlıqla dolu müharibə salnaməsinin bir səhifəsidir. Azərbaycan Ordusunun Goranboy və Tərtər ərazilərində əldə etdikləri qələbələr Qarabağın dağlıq hissəsinin də erməni işğalçılarından təmizlənməsi əməliyyatlarına psixoloji-hərbi təsir göstərəcəkdi.
Lakin ölkədə baş verən xaos, vətəndaş qarşıdurması cəbhədə hərbi vəziyyətin gərginləşməsinə və erməni quldur dəstələrinin daha da fəallaşmasına səbəb oldu.
Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin 1993-cü il noyabrın 2-də televiziya ilə ölkə vətəndaşlarına müraciəti müasir ordu quruculuğu sahəsində əsaslı dönüşün başlanğıcı oldu. Ölkə rəhbərinin çağırışına cavab olaraq minlərlə azərbaycanlı gənc könüllü olaraq silaha sarılıb doğma torpaqlarımızın düşmən işğalından xilası naminə döyüşə atıldı. Döyüşçülərimizin hünəri sayəsində 22 yaşayış məntəqəsi erməni hərbi birləşmələrinin işğalından azad edildi. Bununla da təcavüzkar Ermənistan 1994-cü il mayın 12-də atəşkəsi nəzərdə tutan Bişkek protokoluna imza atmaq məcburiyyətində qaldı.
Ulu Öndərin bir-birinin ardınca imzaladığı sənədlər ordu quruculuğuna güclü təkan verdi. Artıq Azərbaycan Ordusu bir mərkəzdən - vahid komandanlıqdan idarə olunan mütəşəkkil hərbi struktura çevrilməyə başladı.
Ordunun maddi təminatı və təchizatı xeyli gücləndirildi. Ulu Öndərin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbi (indiki Heydər Əliyev adına Hərbi İnstitut) müstəqillik dövründə yenidən quruldu. Ümumilikdə, hərbi təhsil sistemi də dünya standartlarına uyğun qurularaq yenidən formalaşdırıldı. Ümummilli Liderin gərgin zəhməti sayəsində təkcə respublikamızda deyil, xarici ölkələrin hərbi məktəblərində də Azərbaycan Ordusu üçün yüzlərlə təcrübəli hərbçi kadr hazırlandı. Bu gün Azərbaycan Ordusunda xidmət edən zabitlərimizin əksəriyyəti məhz Ulu Öndərin qayğısı sayəsində Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Çin, İtalya, Rumıniya və digər ölkələrin akademiyalarında təhsil aldılar.
1994-cü ilin mayında NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşuldu.
Müasir Azərbaycan Ordusunun qurucusu, ulu öndər Heydər Əliyevin 1998-ci ilin mayın 22-də imzaladığı fərmanla Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan edildi.
Bəli, bu gün Azərbaycanın bütün çətinlikləri müvəffəqiyyətlə dəf etmək qüdrətinə və çevik idarəetmə sisteminə malik güclü, sarsılmaz ordusu var. Dahi rəhbər Heydər Əliyevin müqəddəs ideyalarının mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun dünya standartlarına tam uyğunlaşdırılması, onun daha güclü və müasir silahlarla təchiz edilməsi, orduya ayrılan xərclərin ilbəil artırılması, zabit korpusunun peşəkarlıq səviyyəsinin, döyüşçülərimizin mübarizə əzminin daha da güclənməsi sahəsində gərgin və səmərəli iş aparılmaqdadır.
Azərbaycan Ordusunun güclənməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həll ediləcəyi təqdirdə sözsüz ki, ölkəmizin üstünlüyünü gündən-günə artırdı. Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan heç vaxt nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcəkdir. "Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe barədə dəfələrlə rəsmi bəyanatlar da verilibdir. Mən də öz çıxışlarımda bəyan etmişəm - Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu başlıca şərtdir. Bunun kənarında heç bir razılaşma, heç bir saziş mümkün deyildir. İşğalçı qüvvələr zəbt olunmuş torpaqlardan çıxmalıdır", - deyə dövlət başçımız bəyan etmişdi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində erməni hərbi birləşmələrini darmadağın edərək, işğalçı qüvvələri torpaqlarımızdan qovdu. Bu gün Azərbaycan Respublikasının Prezidenti böyük inamla, qürurla qeyd edir: "...İşğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə - hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan  Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi".
Beləliklə, ordunun uğurlu inkişaf prosesi bir daha göstərdi ki, ordu quruculuğu dövlət quruculuğunun ciddi elmi əsaslarla və sınanmış təcrübəyə dayanmasını tələb edən mühüm sahələrdən biridir. Azərbaycan Ordusunun qarşısında ölkənin müdafiəsinin, ərazi bütövlüyünün qorunması kimi mühüm vəzifə dayanır. Qüdrətli ordumuz bu mühüm vəzifəni yerinə yetirir və yetirəcəkdir.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"