Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2022 11:20

Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir

Hər bir dövlət ərazi bütövlüyünün qorunması üçün güclü orduya sahib olmalıdır. Azərbaycan tarixində də ordu quruculuğu həmişə prioritet məsələlərdən biri olub. 1991-ci ildə ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra güclü ordu strukturunun yaradılmasına olan tələb həllini tapmamışdı. Azərbaycanın nizamlı, müasir səviyyəli ordusunun qurulması ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra başladı. Keçirilən kompleks islahatların sayəsində nizam-intizam yüksəldildi, daxildə yaranan özbaşınalıq aradan qaldırıldı və vahid komandanlıq sisteminə tabe olan ordu yaradıldı. Arsenalına dövrün standartlarına cavab verən silah və texnikalar əlavə olunmağa başladı. Ulu Öndərin siyasi irqinin layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyev ordunun liderliyə gedən yolda növbəti sərkərdəsi oldu. Dövlət başçımızın apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır.
Ordumuzun bu yerə çatmasında hərb sahəsində tələb olunan keyfiyyətlərdən birinin peşəkarlıq olduğunu nəzərə alsaq, görərik ki, hərbi peşəkarlığın artırılmasında keçirilən məşğələlərin rolu böyükdür. Bunun üçün də təlim-tədris prosesi ordunun hərbi qüdrətinin, müdafiə qabiliyyətinin və ümumən döyüş hazırlığının artırılmasında seçilmiş əsas istiqamətlərdən biridir.
Bu gün də Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin döyüş hazırlığının artırılması istiqamətində qarşıya qoyduğu bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılmaqla, yüksək səviyyədə icra olunur. Cəsur hərbçilərimizin qarşı tərəfin törədə biləcəyi istənilən təxribata hər zaman hazır olmaları, layiqli və adekvat cavab vermələri üçün orduda daim işlər aparılır, plana uyğun olaraq dərslər, təlimlər və s. keçirilir. Yeni tədris dövrünə hazırlıq zamanı da hərbi qulluqçuların peşəkarlığına, habelə qoşunların döyüş hazırlığına ciddi fikir verilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişlərinə əsasən orduda təlimlərin və səhra məşğələlərinin intensivliyi gündən-günə artırılır.
2022-ci il üçün təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü artıq başlayıb.
Keçirilən məşğələlərdə əsas məqsəd komandir heyətinin çevik qərarqəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də, digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə üsullarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsidir. Bundan başqa, şəxsi heyətin ona təhkim olunmuş silahdan istifadə etmə bacarığının formalaşdırılması, bölmənin döyüş qabiliyyətinin və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, qarşılıqlı uzlaşmanın gücləndirilməsi, döyüş növbətçiliyinin düzgün təşkil olunması yeni tədris dövrünün əsas məqsədlərindəndir. Tədris dövründə öz ixtisası üzrə nəzəri və praktiki bilikləri mənimsəyən şəxsi heyət ordumuzda keçirilən müxtəlifmiqyaslı təlimlərdə əldə etdikləri bilik və bacarıqları sınaqdan keçirirlər.
Bununla əlaqədar "N" hərbi hissəsinin döyüşə hazırolma vəziyyətinin yoxlanması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etdik.
"Həyəcan" siqnalı dəqiqləşdirildikdən sonra bölmələr siqnal ilə qaldırıldı. Təyin olunmuş şəxsi heyət silah-sursat, fərdi mühafizə vasitələri ilə təchiz olunaraq bölmələrin mühafizəsini təşkil etdilər. Daha sonra döyüş sursatlarını, cihazları və digər əmlakın yerləşmə nöqtəsindən aparılması prosesi başlandı. Şəxsi heyət müvafiq döyüş vəziyyətinə gətirilərək sıra meydanında yerlərini tutdu. Tabeçilik üzrə komandirlər heyətlərin döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olması barədə məruzələr etdilər.
Bölmələrin düzülüşü bitdikdən sonra hərbi qulluqçulara yaxınlaşdım. Baş leytenant Samir Yusifli ilə həmsöhbət oldum. Gənc zabit Azərbaycan Ordusunun hər zaman olduğu kimi yeni tədris ilində də tədris proqramlarının, silah və texnikanın effektiv istifadəsinin, təhlükəsizlik qaydalarına riayət olunmasının və digər tapşırıqların müvəffəqiyyətlə yerinə yetiriləcəyini bildirdi. "Yeni tədris dövrünün başlanması bizim üçün ilk deyil. İldə iki dəfə hazırlıq planına uyğun olaraq şəxsi heyət tam tərkibdə "Həyəcan" siqnalı ilə qaldırılıb daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına hərəkət etdirilir. Bu tədbir 5 gün davam edir. Manqa, taqım, bölük, tabor və hərbi hissə şəklində olmaqla həyata keçirilir. Biz məşğələlərdə şəxsi heyətə siqnal verilən zaman hansı ardıcıllıqla və hansı tapşırıqları yerinə yetirməli olduğumuzu izah edirik. Təbii ki, ilk gün bir az çətinliklər yaranır. Çünki tərxis olunanların yerinə gələn gənc əsgərlər dərsin mahiyyətini nəzəri bilsələr də, praktiki olaraq məşq etməyiblər. Bizim də vəzifəmiz onlarda bu bacarığı təkmilləşdirməkdir. Növbəti həftələrdə isə tədris ilinin sonuna kimi manqa hazırlığından başlayaraq ardıcıllıqla digər məşğələlər keçiriləcək".
Zabit əlavə olaraq bildirdi ki, tədris dövründə keçirilən mövzuları yaxşı mənimsəyən əsgər təlimdə də, döyüşdə də hər zaman uğur qazanar. "Bütün döyüş növləri şəxsi heyətə öyrədilir - Taktika, Tibb, Kütləvi Qırğın Silahlarından mühafizə, Atəş və s. Əsas üstünlük taktiki hazırlığa verilir. Onun bütün sirləri - hücum, müdafiə, əks-hücum, yerdəyişmə kimi vərdişlər çöl məşğələlərində praktiki olaraq yerinə yetirilir. Bu sırada gördüyünüz hər əsgər öyrəndikləri bilik və bacarıqları təlimlər zamanı məharətlə nümayiş etdirəcək".
Növbəti müsahibim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nicat Quliyev oldu. O, ordumuzun döyüş hazırlığının hər zaman yüksək olduğunu vurğuladı. "Xidmət müddətimdə hər zaman tabeliyimdəki əsgərlərə intizamlı, bacarıqlı döyüşçü kimi formalaşmağı öyrətmişəm. Sadaladıqlarımı isə dərslərdə fəal iştirak etməklə, komandiri diqqətlə dinləməklə, verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirməklə qazanmaq olar. Bizim əsas məqsədimiz təkcə nümunəvi əsgər yetişdirmək deyil, Vətənə dözümlü, güclü döyüşçü, eləcə də cəmiyyətə layiqli vətəndaş yetişdirməkdir. İnanırıq ki, sırada dayanan əsgərlərimiz də bu ruhla xidmət edib, qalib ordunun hazırlıqlı əsgərləri olmaqları ilə qürur duyacaqlar".
Əsgər Rövşən Həsənov yeni tədris dövründə daha bacarıqlı olacağına və peşəkar komandirləri sayəsində öz döyüş hazırlığını daha da artıracağına söz verdi. "Xidmətə yeni gələndə bizə öyrədilənləri artıq ərazidə icra etməklə daha da peşəkarlaşırıq. Komandirlərimizin təcrübəsindən bəhrələnərək bütün hərbi sirlərə dərindən yiyələnəcəyik. Bizim borcumuzdur ki, vəzifələrimizi yaxşı bilək, döyüş hazırlığımızı daim yüksəldək və Vətənin müdafiəsində dayanaq. Biz igid əsgər və əsil döyüşçü kimi formalaşmalıyıq ki, qəhrəman oğullarımızın canı bahasına düşmən işğalından azad olunan vətən torpaqlarımızı mərdcəsinə qoruyaq".
Daha sonra əsgər Amil Məmmədov da əsgəri xidməti ilə bağlı mənimlə fikirlərini bölüşdü. "Hər bir Azərbaycan gənci müddətli həqiqi hərbi xidmətə gəldikdə, ordu nə deməkdir, xidmət necə təşkil olunur və sair kimi suallara hazır olur. Bunu bizə təhsil ocaqlarında "Çağırışaqədərki hazırlıq" dərslərində öyrədirlər. Məndə gəldiyim ilk gündən çalışmışam ki, nizam-intizamlı əsgər olum və hərbi nizamnamələrin tələbləri ilə hərəkət edim. Komandirlərin bir sözü var "Hərb peşə deyil, həyat tərzidir". Yaşadığımız bu həyat tərzi bizim gələcək illərimizdə çox müsbət rol oynayacaq. Vətənə layiqincə xidmət edən hər kəs yaxşı bilir ki, qoruduğumuz bu torpağın havasın, suyun istifadə edir, bərəkətli zəmilərində yetişən buğdanın çörəyin yeyirik. Onun üçün Vətənin keşiyində dayanmalı, göz bəbəyimiz kimi müdafiə etməliyik”.
Qeyd etmək lazımdır ki, yeni tədris dövründə keçiriləcək dərslər Vətən müharibəsində, habelə ondan əvvəl baş verən müasir döyüş əməliyyatlarında qazanılan zəfər təcrübələrimiz əsasında döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilir.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"