Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2022 12:42

Şuşa - dünyanın ən gözəl şəhəri

Mən də Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunda təhsil aldım. Azərbaycanın beynəlxalq əlaqələri, müdafiənin strategiyası və planlaşdırması, respublikanın təhlükəsizliyi ilə bağlı hərbi-strateji, iqtisadiyyatımızın inkişaf strategiyası və dünya iqtisadiyyatına inteqrasiyası, sosial-mədəni və milli təhlükəsizliyimizi, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsi dinləyiciləri  daha da təkmilləşdirdi.
Torpaqlarımızın işğaldan azad edilməsi üçün  silahımızla da döyüşdük, qələmimizlə də. Böyük şairimiz Səməd Vurğunun təəbirincə desək, hər birimiz bu Vətən üçün əsgər olduq.
Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunda Ali Baş Komandan İlham Əliyevin Dövlətin Müdafiə Siyasətində inkişafın Azərbaycan modeli kitabını yazdım.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev milli dövlətçiliyimizin mükəmməl konsepsiyasını yaratmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu konsepsiyanı uğurla davam etdirdi, indi də etdirir.
Kurs müddətində Şuşada da olduq. Şuşada olanda bu qala şəhərə xüsusi sevgilərlə yanaşan Ulu Öndəri bir daha xatırladım.
Ümummilli lider Heydər Əliyev Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı, Şuşa şəhərində Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə tapşırıq verirdi. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə abidə-məqbərə tikilmişdi. 1982-ci il yanvarın 14-də şairin məqbərəsi böyük təntənə ilə açıldı. Tədbirdə böyük tarixi şəxsiyyət Heydər Əliyev də iştirak etdi. Ulu Öndər Şuşada Üzeyir bəy Hacıbəylinin və Bülbülün ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi.
Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan XX əsrin sonlarında yenidən müstəqillik əldə etdi. Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinməkdən, keçmişdə olduğu kimi bölünməkdən qurtardı, vətəndaş müharibəsinin alovları söndürüldü, ölkədəki silahlı dəstələr ləğv edildi.
Azərbaycan dövlətinin müstəqillik əldə etdikdən sonra qarşısında duran ən vacib məsələ ölkənin ərazi bütövlüyünü, toxunulmazlığını təmin etmək, bunun üçün Silahlı Qüvvələri yenidən təşkil etmək olmuşdur. Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Dənizçilik, Təyyarəçilik məktəbləri, Təlim-Tədris mərkəzləri, Hərbi liseyləri ölkədə hərbi kadrların hazırlığında mühüm rol oynadı. Azərbaycan Respublikası Silahlı Qüvvələri daxilində ordu quruculuğunu gücləndirməklə yanaşı, dünya miqyasında peşəkar orduya çevrilməsi istiqamətində də işlər görür və bu məqsədlə beynəlxalq əlaqələrini genişləndirir.
Heydər Əliyev elə bir siyasi kursun əsasını qoydu ki, bu kurs Azərbaycan durduqca məmləkətimizin dövlətçilik konsepsiyası kimi yaşayacaq.
Azərbaycan davamlı inkişaf, dayanıqlı sabitlik və təhlükəsizlik məkanı kimi tanınır. Bu nailiyyətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik fəaliyyətinin xalq tərəfindən yekdilliklə qəbul edilməsi dayanır. Dövlət hərbi təhlükəsizlik baxımından ordusuna arxalanır.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət ən mühüm hadisələrindəndir. Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində hərbçi kadrların hazırlanması, ordunun ən müasir hərbi texnikalarla, uçuş aparatları ilə təchiz edilməsi, ikitərəfli, çoxtərəfli müqavilələr imzalanması Azərbaycan Ordusunun gücünün artırılmasına, nüfuzunun yüksəlməsinə səbəb oldu.
2016-cı ilin Aprel döyüşləri də, 2018-ci ilin mayında  Naxçıvan Muxtar Respublikasında Günnüt döyüşləri də ordumuzun gücünün təsdiqi oldu. Vətən müharibəsində qazanılan Zəfər bu qələbələri tamamladı.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan böyük hərbi qələbə ilə azad edildi. Prezident İlham Əliyevin bu il yanvarın 5-də imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasında 2022-ci il "Şuşa ili" elan edildi. Bu, Qarabağın tacı olan Şuşanın xalqımız üçün müqəddəs və əziz məkan olduğunun təsdiqidir. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur.
Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa tanınmış elm və mədəniyyət xadimlərinin vətənidir. Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Mir Möhsün Nəvvab, Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilər, Səməd bəy Mehmandarov, Xan Şuşinski, Seyid Şuşinski, Bülbül, Rəşid Behbudov Şuşanın yetirdiyi ziyalı xadimlər, xanəndə və sənətkarlardır.
İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 850-dən çox yaşayış binası və 300-dək mədəni və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə aid Şuşa qalasının divarları, Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansara, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi və bulağı, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, Realnı məktəbinin binası, Qız məktəbi, İsa bulağı və s. tarixi mədəniyyət nümunələridir.
Təhsilimizlə bağlı Şuşaya səfərimiz yaddaşımızda illərlə yaşayacaq. Mənə elə gəlir ki, Şuşadan başlanır Vətən!
"Salam, əziz Şuşam!", - dedim. Şuşanı görüncə ürəyim dağa döndü. Çox xoşbəxt idim...
Dahi sənətkar Bülbülün bərpa olunmuş ev-muzeyinin həyətində 1871-ci ildə əkilmiş ucaboy tut ağacı məni heyran etdi. Şuşanın havası, suyu, torpağı, qızılgüllərinin ətri, aparılan quruculuq işləri, Gövhər Ağa məscidinin bərpa olunması, ... baxana könül xoşluğu verir...
Şuşadan qayıtmaq istəmirdim. Gözlərim dolurdu. Şuşa elə bil övladını uzaq səfərə yola salan, ufacıq sözlərlə oxşayan bir ana idi. Təyyarə uçuş meydanından güc toplayıb göylərə qalxdığı kimi, mən də isti ana qoynundan - doğma Şuşadan gələcək arzularıma qovuşmağa niyyətliydim. Şuşanın torpağını, gülünü anama hədiyyə gətirmək mənə böyük sevinc verdi...
... Xarı bülbül çəmənləri bəzəyəcək, Şuşa dünyanın ən gözəl şəhərinə, Cıdır düzü isə ən şöhrətli məkanına çevriləcək. Zəfərin qüdrəti kimi...

Günel MƏLİKLİ Milli Müdafiə Universitetinin professoru