Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2022 12:50

Mətbuat dövrünün aynasıdır

Azərbaycanda maarifçilik ənənələrinin yaranmasında və inkişafında, təbliğ olunmasında milli mətbuatımız mühüm rol oynamışdır. Milli mətbuatımız xalqımızın maarifçilik ideyalarının təbliğində ən yüksək kürsüyə çevrilərək, kəsərli söz qılıncı ilə ölkədə dini fanatizmə, cəhalətə, feodal qayda-qanunlarına qarşı ciddi mübarizə aparmışdır. Dövrün işıqlı, aydın insanları xalqımızı cəhalət yuxusundan ayıltmaq üçün mətbuatın yaranmasına önəm verir və məqsədlərinə nail olurdular. Beləliklə, ilk milli mətbuatımız  olan "Əkinçi" Şərqdə  bir  günəştək doğuldu.       
İlk milli mətbuat yaratmaq XIX əsrin ikinci yarısında maarifçilik bayrağını yüksəklərə qaldıran, bütün maneələrə sinə gərən mübariz jurnalist-publisist  Həsən bəy Zərdabiyə nəsib oldu. Azərbaycan xalqının başına gələn və gətirilən bir çox bəlaların səbəblərini maarifin, elmin yoxluğunda, təhsilin məhdudluğunda görən böyük maarifçinin 1875-ci ildə "Su altına qoyduğu daş" artıq mirur ilə əriməyə başladı, müstəmləkə altında əziyyət çəkən Azərbaycan xalqı hüquqları və azadlığı uğrunda mübarizəyə qalxdı. Həsən bəy Zərdabi bütün yaradıcılıq qabiliyyətini, jurnalist əzmini "Əkinçi"nin ərsəyə gəlməsinə səfərbər etdi. Nəhayət, nəşrə başladığı ilk günlərdən çarizmin müstəmləkəçilik ideyalarını tənqid atəşinə tutan "Əkinçi"nin birinci nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxdı. Bu barədə həyat yoldaşı Hənifə xanım xatirələrində yazırdı: "Həsən bəyin gözləri sevincdən yaşarmışdı. O, çox həyəcanlı bir halda evə gəldi. Bu gün onun həyatının ən xoşbəxt bir günü idi".
Ana dilində ilk milli qəzetin nəşri H.Zərdabinin həmfikirlərini, ziyalıları fərəhləndirdi. Qəzet bütün Rusiyada olan müsəlmanları hərəkətə gətirdi. "Əkinçi" maarifçi, demokratik ideyalar haqqında söhbət açdığı üçün hər tərəfə  səs saldı. Qafqazın müxtəlif guşələrindən, Omskdan, Orenburqdan, Ufadan, Volqa boyundan, Krımdan və Dağıstandan təbriklər, məqalələr, abunələr gəlməyə başladı. Maarifpərvər şair Seyid Əzim Şirvani isə öz sevincini bu misralarla xalqa bəyan edirdi:

Həzəran şükr kim, bir
                şəxsi-aliqədr himmətdən,
Qəzet bünyadına Rusiyədə
                            izn aldı dövlətdən.
Məlikzadə Həsən bəy arifü
                               danayi-Zərdabi
Götürdü əhli-islami bu gün
                           xaki məzəllətdən.

Görkəmli mütəfəkkir, xalqımızın maarifpərvər oğlu Mirzə Fətəli Axundovun "Əkinçi"yə qayğısı xüsusilə qeyd olunmalıdır. Zərdabinin Rusiyada təhsil alan tələbələri Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani qəzetin nəşrini böyük sevinc və məhəbbətlə qarşıladılar. N.Vəzirov müəlliminə yazırdı: "Qəzetin ilk iki nömrəsini aldım. Mənə qəzetin proqramını göndərin. Hərçənd çətin olsa da, burada abunəçilər taparam".
Nəşrinin ikinci ilində qəzetin oxucu şəbəkəsi daha da  genişlənir, müxbirlərin sayı artır. M.F.Axundov, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Gorani, Əhsənül-Qəvaid, Məhəmməd Tağı Şirvani, Ə.Heydəri, Məmnun Əlqədari və Məhbus Dərbəndinin şeir, məqalə və məktubları qəzeti  oxunaqlı edir.
H.Zərdabi maarifçi-demokratik ideyaların carçısı və tribunası olan "Əkinçi"ni kəsərli ideya silahına çevirir. Qırılmaz tellərlə mütərəqqi ideya mənbələrinə bağlanan "Əkinçi" bir tərəfdən Azərbaycanda maarifçi-demokratik ruhlu elm, ədəbiyyat nümayəndələrinin, digər tərəfdən inqilabçı demokratların, Avropa mütəfəkkirlərinin ədəbi-elmi və publisist irsində, habelə Şərq müdrikliyindən bəhrələnirdi.
"Əkinçi" geriliyə, cəhalətə, xurafata qarşı kəskin mübarizə aparırdı. Qəzet elmin, maarif və mədəniyyətin təbliği, mövhumat və cəhalətin tənqidi ilə kifayətlənməyib, feodal istismarına qarşı etiraz edir, xalqı var-yoxdan çıxaran, onun hüquqlarını əlindən alan, insan şəxsiyyətini tapdalayan mövcud üsul-idarəyə etirazını bildirirdi.
H.Zərdabi xalqların dinclik və dostluq şəraitində yaşamasının tərəfdarı idi. O, müharibə əleyhinə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi uğrunda, dini ayrı-seçkilik nəticəsində baş verən çəkişmələrin aradan qaldırılması yolunda səy və bacarığını əsirgəmirdi. Ana dilinin saflığı və publisistikanın formalaşmasında qəzetin tarixi xidməti vardır. N.Vəzirov Zərdabiyə yazırdı ki, "Əkinçi" mənim ana dili müəllimimdir. Bu sözlərdə böyük bir həqiqət ifadə olunmuşdur.
"Əkinçi"nin bir qərinə əvvəl yandırdığı maarifçilik məşəli 1905-ci il inqilabının təsiri ilə doğulmuş mütərəqqi mətbuat orqanlarında yenidən parladı. Bu ideyaları təzə əsrin ibtidasında davam və inkişaf etdirən demokratik mətbuat nümunələrindən biri də ətrafına Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi kimi yaradıcı ziyalıları toplamış məşhur "Molla Nəsrəddin" məcmuəsi idi.
"Əkinçi" və "Molla Nəsrəddin" öz dövrünün parlaq salnaməsidir. Həmin mətbu orqanlar fikrən, əqidəcə çox yaxın idi. "Əkinçi"nin dövrün qulağına pıçıldadıqlarını "Molla Nəsrəddin" zamanın üzünə ucadan söyləmişdi. "Əkinçi", sözün həqiqi mənasında, "Molla Nəsrəddin"in sələfidir. Mübaliğəsiz demək olar ki, "Əkinçi"dən "Molla Nəsrəddin"ə gedən yol ədəbiyyat və incəsənətimizdə realizmin möhkəmlənə-möhkəmlənə irəlilədiyi magistraldır. "Molla Nəsrəddin" öz ləyaqətli sələfinin mütərəqqi ideyalarını yeni şəraitdə yeni vüsətlə işıqlandırırdı.
Qeyd edək ki, "Əkinçi" öz dövrünün ədəbi aynası oldu. M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani, N.Vəzirov, Əhsənül-Qəvaid, M.T.Şirvani, Ə.Gorani, Ə.Heydəri kimi tərəqqipərvər yazıçı və publisistlərin yaradıcı əməyi sayəsində Azərbaycanda maarifçi-realist ədəbiyyatın bayrağını yüksəkliklərə qaldırdı, ictimai, elmi və fəlsəfi fikrin inkişafında böyük rol oynadı.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"