Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyul 2022 15:34

“Zəfər tarix kimi yaşadılacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə başlayan əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirildi. Bu, xalqın müharibəsiydi. Neçə illər, neçə on illər keçəcək, döyüşlər də unudulmayacaq, döyüşlərin nəticəsi kimi qazanıılan Zəfər də. Bəşəri Zəfər olduğu üçün tarixdə həmişə qürurla xatırlanacaq. Vətən müharibəsi iştirakçısı Rauf Şirinovun təəssüratlarında da bu əminliyin işığı var...
- Cənab polkovnik-leytenant, xidmət etdiyiniz hərbi hissə Vətən müharibəsinin başlanğıcından sonuna kimi döyüşlərdə iştirak edib.
- Hərbi hissəmiz üç istiqamətdə gedən döyüşlərə artilleriya dəstəyi verirdi. Bu, bizim döyüşümüz idi. Düşmənin qruplaşmalarını, mövqelərini məhv edən, müdafiə sədlərini dağıdan, canlı qüvvəsinə tələfat verən artilleriyaçılarımız da tarixdə və yaddaşlarda qalan döyüş yolu keçiblər. Müxtəlif qoşun növlərinin hücumunu dəqiqliklə dəstəkləməklə onların mövqe qələbələri qazanmasına vəsilə, bəlkə də vasitə olurdu. Bəzən düşmənin onlarla hədəfinin koordinatları eyni vaxtda verilirdi. Haradan, necə icra edilməsini qısa müddətdə müəyyənləşdirmək, döyüş - atəş əmri vermək yüksək hərbi səriştə, əmrə son dərəcə həssas münasibət tələb edirdi. Artilleriyaçılarımız verdiyimiz döyüş əmrlərini yüksək dəqiqliklə yerinə yetirirdilər.
- Müharibədə artilleriyaçılar döyüşlərdən bir qədər uzaqda olur.
- Bu uzaqlıq nisbi uzaqlıqdır. Artilleriyaçıların yerinə yetirdiyi əmrlər bilavasitə döyüşlər üçündü, yəni, artilleriyaçılar da bilavasitə döyüşlərdədi. Yəni, döyüşlərdən uzaqda olma ifadəsi bu baxımdan şərti xarakterlidir.
Döyüşçülərimiz Cəbrayıl ərazisinə daxil olma ərəfəsində düşmənin güman edilməyən mövqedə iri hərbi qruplaşması olduğu haqqında kəşfiyyat məlumatı əsasında bizə döyüş əmri verildi. Həm də bu əmr olduqca qısa müddətdə yerinə yetirilməli idi. Əmrin piyadaların döyüşü üçün son dərəcədə əhəmiyyətli olduğunu nəzərə alaraq, həmin mövqeyə iki istiqamətdən atış əmri verdik. Az sonra aldığımız informasiya qəlbimizi dağa döndərdi: düşmənin mövqeyi darmadağın edilib.
Düşmən geri çəkildikcə, ordu hissələrimiz qələbələr qazandıqca təlimata uyğun olaraq, biz də irəliləyirdik. Döyüşlər Cəbrayıl rayonunun ərazisində gedəndə bəzi divizionlar Xocavənd, bəziləri Hadrut, Tuğ istiqamətində dislokasiya edildi. Təbii ki, komandanlığın əmri ilə. Qələbələr piyadalarla artilleriyanın döyüş fəaliyyətinin koordinasiyası ilə əldə edilir. Qürurla deyə bilərik ki, bu və ya digər mövqe qələbəsinin, daha böyük qələbələrin qazanılmasında artilleriyamızın da böyük xidməti olub.
- Müharibənin gedişində sizi heyrətləndirməklə qürurlandıran nə oldu?
- Təkcə məni, bizim hərbi hissəmizi, ordumuzu deyil, Azərbaycanı sevənləri də heyrətləndirən bir məqam heç zaman unudulmayacaq. Böyük Tağlardan Şuşa istiqamətində bir cığırın bir gecədə yola çevrilməsini nə dünya, nə də tarix heç zaman unutmayacaq. Bu yol Vətən müharibəsinin Zəfər yolu oldu. Həmin vaxtlarda hərbi hissəmizin divizionları Böyük Tağlarda idi, Şuşa istiqamətində döyüşənlərimizə gərəkli artilleriya dəstəyi verirdi. Necə deyərlər, biz də Şuşa döyüşlərinin iştirakçılarıydıq...
- Bir hərbçi kimi, zabit kimi, vətəndaş kimi bütün qələbələr sizi də sevindirirdi, bəziləri ürəyinizi dağa döndərirdi. Hər halda, Zəfərə qədər hansı mövqe qələbəsini yaşadığınız anların ən gözəli bilirsiniz?
- Komandanlığın əmri ilə divizionlara düşmənin nəzərdə tutulan mövqelərinin koordinatlarını ötürməyi başa çatdırar-çatdırmaz olduqca təcili yerinə yetirilməli əmr aldıq. Füzuli rayonu ərazisində "N" yüksəkliyinə artilleriya zərbələri vurulmalıydı. Bu ad Məngəlanata dağının coğrafi ünvanı idi. Mənə doğma Məngəlanatanın. 1993-cü ilin avqustun əvvəllərində düşmənin Məngəlanatanı işğal etməsi mənə də təəssüflər yaşatdı. Bu məğlubiyyət Füzulinin işğal olunacağı gümanı idi...
Artilleriyaçılarımız əmri yerinə yetirmişdilər. Nəzərdə tutulan fasilə başa çatmaqdaykən komandanlıqdan əmr aldıq: Atmayın, bizimkilər "N" yüksəkliyindədir. Məngəlanata düşməndən təmizlənmişdi, Füzulinin işğaldan azad ediləcəyi günün ərəfəsindəydik.
Azərbaycanın hər qarışı mənə də doğmadı. Məni qınamayın, insan doğulduğu ərazini özünə daha doğma bilir. Füzulinin Gecəgözlü kəndində boya-başa çatmışam. Məngəlanatadan düşmən nəfəsinin çəkilməsi məni də, hərbi hissənin komandirini də çox duyğulandırdı. Bu mövqe qələbəsi Vətən müharibəsində yaşadığım anların ən gözəli oldu.
- Şuşanın işğaldan azad edilməsi dünyanın hərbi ekspertlərini də heyrətləndirmişdi. Bu heyrət qüdrətə inam heyrəti idi.
- Bəli. Bu qüdrət böyük qüdrət kimi indi də heyrətlə xatırlanmaqdadır. Rusiyada nəşr edilən "Natsionalnaya oborona" jurnalında İqor Kravçenkonun imzası ilə dərc edilmiş bir məqalədə bu heyrət belə ifadə edilmişdi: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar". Yəni, bu gözəl heyrət Azərbaycan Ordusunun gücünün, qüdrətinin, qalibiyyət ordusu olmasının etirafı idi. Belə etiraflar bu və ya digər söhbətlərdə, mükalimələşmələrdə, diskussiyalarda təhlilə çəkilən mövzunun şərhində, ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində əhəmiyyətli olur. Dünyanın tanınmış siyasətçiləri də, hərbi ekspertləri də, konfliktoloqları da Vətən müharibəsini ayrı-ayrı parametrlər əsasında təhlil etdikdən sonra bildiriblər ki, Azərbaycan Ordusu qalibiyyət ordusudur.
- Bu fikir hamımızı qürurlandırır.
- Zabit və Vətən müharibəsi iştirakçısı olaraq bizi daha çox qürurlandırır.
- 2020-ci ilin 8 noyabrından tarix kimi uzaqlaşdıqca Zəfərə mənən daha duyğusallıqla yaxınlaşırıq.
- Bu da Zəfərin qüdrətidir. Şagirdlər, yeniyetmələr, çağırışçılar Vətən müharibəsinin tarixini həm süjetlərdən öyrənirlər, həm oxuduqlarından, həm də eşitdiklərindən. Gördükləri də, oxuduqları da, eşitdikləri də qəhrəmanlıq tarixidir. Bu tarix vətənsevərliyin qələbəsiylə nəticələnən döyüşlərin tarixi olduğuna görə həmişə qürurla yaşadılacaq. Həm də döyüşlərin iştirakçılarının xatirələrində, təəssüratlarında yaşadılacaq. Zəfərə mənən yaxınlaşma budur...
- Zəfər günü ilk olaraq kimi təbrik etdiniz?
- Şəhid olmuş kursant yoldaşlarımın, xidmət yoldaşlarımın, əsgərlərimizin ruhuna gözaydınlığı verdim. Sonra hamı kimi mən də "Gözlərin aydın, Vətən!" - dedim.
- Vətən müharibəsi Zəfərlə başa çatdı. Bir daha təsdiqləndi ki, türk şairi Tofiq Fikrətin dediyi kimi, "Zülmün topu var, gülləsi var, qəlpəsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır".
- Bəli, bunu Azərbaycan Ordusu təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla dedi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". Bu qürur azərbaycançılığın qürurudur.
- Müharibədə görünməyən hədəfləri vurmaq nisbətən çətindir.
- Bu çətinliyi "rus artilleriyasının Allahı" kimi tanınan tam artilleriya generalı Əlağa Şıxlinskinin hərbi təxəyyülünün nəticəsi olan nəzəriyyə - "Şıxlinski üçbucağı" artilleriyanın inkişafında mərhələ oldu. Vətən müharibəsində artilleriyaçılarımızın döyüşləri də müharibələr tarixində diqqətçəkən döyüşlər oldu. Təkcə bizim hərbi hissənin artilleriyaçılarının düşmənin mövqelərinə atdığı minlərlə mərminin çox böyük əksəriyyəti dəqiq olmuşdu. Əsgərlərimiz müharibə tarixini də, hərbi hissəmizin döyüş rolunu da böyük maraqla öyrənirlər.
- Bu, mənəvi kamilləşmə prosesidir, şübhəsiz.
- Bəli. Əsgərlərimizin döyüş hazırlığı kimi mənəvi-psixoloji hazırlığını yüksəltmək də bizim hərbçi borcumuzdur.
- Cənab polkovnik-leytenant, "Azərbaycan Ordusu" qəzetinin kollektivi adından sizə, sizin timsalınızda bütün hərbi qulluqçularımıza Azərbaycan naminə xidməti uğurlar, cansağlığı arzulayıram.
- Sağ olun. Əminəm ki, əminik ki, hərbi mətbuatımızın "Azərbaycan Ordusu" bundan sonra da böyük yaradıcılıq uğurları qazanacaqdır...

 Söhbətləşdi:
 Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"