Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyul 2022 13:33

“Əsgərlərinin ürəyini fəth etməlisən”

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu illər hərbi peşə sahiblərinə yüksək qiymət verir, zabit, gizir, əsgərlərə hər zaman dərin rəğbət bəslədiyini vurğulayırdı.  Orduda xidmət edən gəncləri həmişə əziz, qiymətli və dəyərli tutan Əbədiyaşar Komandan hərbçilərə olan rəğbətini çıxışlarının birində  belə ifadə edirdi: "Dünyada çox peşələr var. Hər bir ölkədə, o cümlədən müstəqil Azərbaycanda da. Amma bütün peşələrdən xalq üçün, millət üçün, hər bir vətəndaş üçün, dövlət üçün ən vacib, ən dəyərli peşə milləti, xalqı, torpağı qorumaq peşəsidir - yəni, hərbi peşədir".
Hər peşənin özünəxas çətinlikləri, özəl xüsusiyyətləri vardır, amma hərbçi olmaq hamısından fərqlidir. Bu peşə vətənpərvər, fədakar insanların seçə biləcəkləri bir sənətdir. Həmişə bölmələrimizdə ömrünün yeniyetmə çağlarından bu peşəyə ürəkdən bağlanmış gənc  zabitlərlə tanış olmaqdan fərəh duyuram. Vətən sevgisi qəlbində dərin kök atan gənclərimizin hər biri zabit olmaqdan, şərəfli vəzifələr yerinə yetirməkdən qürur duyduqlarını bildirirlər. Belə gənclərdən biri də leytenant Elçin Mehdiyevdir.
"N" hərbi hissəsində komandirləri Elçin haqqında müsbət fikirlər söylədilər. Onun peşəsinə bağlılığından, nizam-intizamından, savadından, bölmədə xidmətin düzgün təşkilindən, şəxsi keyfiyyətlərindən ağızdolusu danışdılar. Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiyini vurğuladılar. Artilleriya ixtisaslı zabit komandiri olduğu bölmə ilə birlikdə verilən koordinantlara dəqiq atəşlər açaraq düşmənə ağır zərbələr endirdiyini bildirdilər. Döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunduğunu da dedilər.
...Bir neçə saatdan sonra leytenant Elçin Mehdiyev rəhbərlik etdiyi əsgərlər ilə birlikdə təlim nöqtəsindən qayıtdı. Onunla salamlaşıb birlikdə xidmət etdiyi bölməyə getdik. Buradakı işgüzar mühit, səliqə-sahman, nizam-intizam gənc zabitin bacarıqlı və səriştəli olmasından xəbər verirdi. Üzündə məğrurluq, vətənpərvərlik hiss edilən zabiti daha yaxından tanımaq qərarına gəldim. Elçin 1998-ci il martın 4-də Mingəçevir şəhərində dünyaya göz açıb. Əslən Ağdam rayonunun Saybalı kəndindəndir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam işğal olunanda ailəsi ilə birlikdə doğma ev-eşiyindən didərgin düşərək Mingəçevirdə məskunlaşıblar. O gündən Elçin və ailəsi üçün yeni bir həyat başlayır. O, Azərbaycanın Milli Qəhrəmanı şəhid Dilqəm Nağıyev adına orta məktəbdə oxuyur. Təhsil müddətində hərbçi olmağı qərara alır.
Öyrəndik ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (indiki Heydər Əliyev adına Hərbi İnstitut) məzunudur. Atası Eldəniz kişi də müharibə veteranıdır. Birinci Qarabağ müharibəsində könüllülər dəstəsində  vuruşub. Atasının döyüş xatirələrini dinlədikcə Elçində zabit olmaq arzusu yaranıb. "Atam həmişə doğma yurdumuz Ağdamın özünəməxsus gözəlliklərindən danışırdı. Azərbaycanın böyük elmi, iqtisadi potensiala malik iri şəhərlərindən biri olan Ağdamın, Qarabağın mədəni mərkəzi, musiqi beşiyi olduğunu deyirdi. Atam Birinci Qarabağ müharibəsində şəhərimiz  uğrunda gedən döyüşlərdən danışdıqca hərbçi olmaq, Ağdam və işğalda olan digər torpaqlarımızın azadlığı uğrunda döyüşənlərdən olmaq istəyirdim. Bu istəyimə ən çox sevinən və dəstək olan da məhz  atam oldu. İllər keçdi, arzularım reallaşdı. Zabit kimi ordu sıralarında xidmətə başladım. 2020-ci ilin 27 sentyabrında düşmən təxribatına qarşı ordumuz əks-hücuma keçdi. Sevincim yerə-göyə sığmırdı. Çünki atamın döyüş xatirələrini dinləməklə keçmişdi uşaqlığım. Atalarımızın mübarizəsini layiqincə davam etdirib, torpaqlarımızı işğaldan azad etməyin məqamı çatmışdı. Şükürlər olsun ki, haqq savaşımızı tarixi zəfərlə başa vurduq, xalqımıza qələbə sevincini yaşatdıq".
Həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan inamlı qələbələr, ordumuzun peşəkar və savadlı zabitlər tərəfindən idarə olunduğunu bir daha göstərdi. Komandir heyətinin döyüşü mükəmməl şəkildə idarə etməsi sayəsində ordumuz döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdi. Qazandığımız nailiyyət həm də onun göstəricisi oldu ki, ordu quruculuğunda peşəkar zabitlərin hazırlanması işi prioritet məsələlərdəndir. Elçinin də gələcəkdə peşəkar zabitlərimizdən olacağına inamım böyükdü. Yuxarı komandirlərinin onun haqqında dediyi ürəkaçan fikirləri də bu inamımı təsdiqlədi. Deməli, gənc zabit peşəsinə olan sevigisi, şəxsi keyfiyyətləri, bacarığı və savadı ilə bu inamı çoxdan qazanıb.
Leytenant Elçin Mehdiyev dedi ki, fikrimcə, əsl vətəndaş mənsub olduğu dövlətin, xalqın ağrı-acılarını yaşamalıdır. “Torpaqlarımızın işğalda olması, ölkəmizin üzləşdiyi müharibə şəraiti məni bu peşəni seçməyə sövq etmişdi. Düzdür, çətin peşədir, lakin hər kəs ürəkdən seçdiyi peşənin çətinliklərinə sinə gərməyi bacarmalıdır. Peşəmə sevgim və bağlılığım bütün çətinlikləri unutdurur. Həm də çətin olsa belə, şərəfli vəzifələr yerinə yetirdiyini dərk edirsən”.
E.Mehdiyev haqlıdır, əgər bir peşənin ürəkdən vurğunu olursansa, bu yolda qarşılaşdığın çətinliklər adamı qorxutmur. Peşəsinə olan sonsuz sevgisi, bacarığı ilə qısa zamanda yuxarı komandirlərinin etimadını qazanan zabit sonda bu sözləri dedi. "Güclü  komandir olmaq üçün tabeliyində olan əsgərlərin hər birinin hörmətini, inamını qazanmalısan. Onlara doğma münasibət göstərərək, hər birinin ürəyini fəth etməlisən. Bu isə asan məsələ deyil. Sən bütün bacarığını, idarəçilik qabiliyyətini sübuta yetirməlisən. Şəxsi heyət sənə inanmalı, güvənməli və səni liderləri olaraq qəbul etməlidir. Bunun üçün hər bir komandir əsgərlərindən nizam-intizam tələb edərkən, qanun-qaydaya riayət etməli, özü bu barədə nümunə olmalıdır. Komandirin özünün şəxsi nümunə olması  bölmədə sağlam mühitin, yüksək əhval-ruhiyyənin, möhkəm nizam-intizamın yaradılmasında mühüm əhəmiyyət kəsb edir".

Baş leytenant
Mahmud MÖHBALIYEV
"Azərbaycan Ordusu"
foto
Coşqun CƏFƏROVUNDUR