Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyul 2022 13:33

Qalibiyyət ordusudu Azərbaycan Ordusu!

 

Hərbi anda sədaqətin əsgəriyik



"Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikri Vətən müharibəsindən əvvəl demişdi. Vətən müharibəsi, Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Ordusunun qüdrətinin göstəricisi oldu.
Azərbaycan Ordusu 104 yaşındadır. Bu rəqəm Azərbaycanı sevənlərin qürurunun tarix göstəricisidir. Azərbaycan əsgəri Azərbaycan dövlətçiliyinin də, Azərbaycan Ordusunun da tarixini yaxşı bilir. Hərbi hissədə keçirilən disputu Azərbaycan Ordusuna böyük sevginin, Hərbi anda dönməz sədaqətin təsdiqi bildik.
Əsgərlərin ordumuzun tarixini həvəslə öyrənməsi, bilməsi, bu bilginin Vətən sevgisinin tərkib hissəsi olması könlümüzə yatdı. Bir daha əmin olduq ki, Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlığa malikdir.
"Azərbaycan Ordusu"
Yayın istisində sərin meh əsir. Elə bil payızın orta ayıdı. Xatırlayırıq ki, 2020-ci ilin payızı da belə sərin keçirdi. Müharibənin gedişatında təsadüfən həmsöhbət olduğum ağsaqqalın dediyi kəlmələri indi böyük ehtiramlarla xatırlayıram: “Təbiət də əsgərlərimizin döyüşlərinə uğurlar diləyir!” Belə uğurlar noyabrın 8-də Zəfərlə tamamlandı - Zəfər Günü belə tarixləşdi. İndi də həmin ovqatın eyni olan ovqatdayıq - əsgərlərimiz Vətən müharibəsini, qazanılan Zəfəri, Zəfəri qazananları böyük qürurla xatırlayırlar.
1918-ci ilin 28 mayını xatırlayırıq. Şərqdə ilk demokratik Cümhuriyyətin tarixi kimi xatırladığımız bu günün cazibəsində 104 ildə ordu quruculuğunun mərhələlərindən danışırıq. Cümhuriyyət ordusunun yaranmasının gənc Azərbaycan Respublikasının dünyəvi dövlətlər sırasında yerini müəyyənləşdirmədə rolundan danışırıq. Yarana-yarana formalaşan, formalaşa-formalaşa güclənən, gücləndikcə düşmənlərə qarşı kəskin, gərgin mübarizə aparan, döyüşən bir ordunun qurucularından danışırıq...
Zabit Faiq Mehdiyev Cümhuriyyət Ordusundan, Hərbiyyə Nazirliyinin yaranmasından, Səməd bəy Mehmandarovdan, Əliağa Şıxlinskidən, Məmməd bəy Sulkeviçdən, Cəmşid xan Naxçıvanskidən, İbrahim ağa Vəkilovdan danışır. Əsgərlərdən - "Azərbaycanda ordu quruculuğunda olduqca gərəkli bir mərhələ neçənci illə səsləşir? - soruşur. Bu sorğu disputun mahiyyəti haqqında başlayacaq söhbətin başlanğıcı olacaqdı. Ali təhsilini Fransada tamamlayan əsgər Rövşən İsmiyev deyir ki, bu gərəkli mərhələ 1971-ci illə - diviziya komandiri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasıyla səsləşir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə yaratdığı bu məktəbin Azərbaycanda ordu quruculuğunda müstəsna xidmətləri oldu. Bu da ordumuzun tarixidir. Moskvanın ciddi etirazlarına baxmayaraq ümummilli lider Heydər Əliyev tərəfindən Bakı şəhərində ibtidai hərbi məktəbin açılması, həm də ona sovet hökumətinin xalq düşməni kimi güllələtdiyi böyük sərkərdə Cəmşid xan Naxçıvanskinin adının verilməsi bu gün də qürurla xatırlanmaqdadır.
Əsgərin dedikləri xoş ovqat yaradır. Bu ovqatın Vətənə sevgi olduğu aydınlığıyla duyulur...
Mayor Faiq Mehdiyev əsgər Rövşən İsmiyevin fikirlərini başqa bir məqamla qoşalaşdırır:   böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə general-leytenant Valeh Bərşadlı Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəisi təyin edildi. Bu təyinat məktəbə azərbaycanlı kursantların qəbulunun sayının artması ilə nəticələndi. İstər Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması, istərsə də Ali Ümumqoşun Komandirləri Məktəbində bu təyinat sonralar - Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən, xalqın ciddi tələbi ilə böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunda nə səviyyədə gərəkli olduğu təsdiqləndi...
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Diplomatiya Akademiyasının məzunu əsgər Şahlar Tağıyev Horadiz əməliyyatını xatırladır:
- Ordumuzun qələbəsi ilə başa çatan Horadiz əməliyyatı ilk qələbələrimizdəndir. Bu qələbə ilə Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu əməliyyat da ordumuzun şərəfli tarixlərindəndir.
Ordu quruculuğunda həyata keçirilən böyük islahatlar ordunun döyüş qabiliyyətini artırır, mənəvi-psixoloji hazırlığını yüksəldirdi. Ali Baş Komandanın ön xətdə, səngərlərdə əsgərlərə məsləhətlər, tövsiyələr verməsi şəxsi heyətin döyüş əzmini, qələbə ruhunu yüksəldirdi. Azərbaycan Ordusu torpaqlarımızı danışıqlardan yayınan, mövcud status-kvonu saxlamağa çalışan işğalçı Ermənistanın ordu hissələrindən təmizləmək üçün Ali Baş Komandanın verəcəyi əmri yerinə yetirməyə hazır idi.  Bu haqda da danışırlar:
- Neçə-neçə yeni hərbi hissə tikildi, ordunun silahlanmasına ən müasir atıcı silahlar, uçuş aparatları daxil edildi. Bunlar ordunun gücünün artırılmasında vasitə oldu (baş leytenant Natiq Məmmədzadə);
- Bizdən əvvəl xidmət edən əsgərlər səngərdən birbaşa döyüşə atılmaq istəyirdilər (əsgər Tamerlan Rəsulov);
- Böyük qardaşım sizin qəzetdə oxuduğu bir məqamı heç zaman unutmur. Tərxis edilən əsgər əsgər yoldaşlarına deyib ki, ürəyimi bu dağlarda qoyub gedirəm. Yəni, Vətən müharibəsinə kimi xidmət edənlərin hamısı döyüşənlərin sırasında olmaq istəyirmiş (əsgər Əziz Qurbanov);
Əsgər Məcid Şirin 2016-cı ilin Aprel döyüşlərini xatırladır:
- Bu döyüşlər Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərdi. Düşmən gördü ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməyə qadirdir.
Əsgərlər Vətən müharibəsini xatırlayırlar. Bu xatırlama böyük sevgidir, böyük qürurdur. 2020-ci ilin 27 sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdən danışırlar. Deyilənlər təkcə müharibənin tarixi kimi deyil, həm də ordu quruculuğunun bir mərhələsini ifadə edən gerçəkliklər kimi dinlənilir.
Mayor Faiq Mehdiyev Vətən müharibəsidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi bir fikri xatırladır: "Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz..."
Əsgərlər Vətən müharibəsinin tarixini, deməli, ordumuzun tarixini, tariximizi bilirlər, sevirlər.
Bu bilgini də sevirik, bu sevgini də:
- Cəbrayıl oktyabrın 4-də azad edildi, Füzuli  oktyabrın 17-də azad edildi, Zəngilan oktyabrın 20-də azad edildi, Qubadlı  oktyabrın 25-də azad edildi, Şuşa noyabrın 8-də azad edildi...
Mayor Faiq Mehdiyev əsgərlərin sevgisinin qələbə ovqatını ifadə edən fikirlərini uzun illərin ən gözəl xəbəriylə tamamlayır: Noyabrın 8-də ordumuz Şuşa şəhərini işğaldan azad etdi. Bu qüruru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri ilə yekunlaşdırır: "...Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır...".
Bu fikirlər də ordumuzun tarixinə sevginin təzahürü kimi xatırladılır...
Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu Zəfər də, bu Zəfərin davamı olan Şuşa Bəyannaməsi də Azərbaycan Ordusunun tarixidir. Əsgərlər bu tarixi də düşüncələrində yaşadırlar. Əsgər Kamal Mustafazadə deyir ki, Şuşa Bəyannaməsi Vətən müharibəsi tarixində, deməli, Azərbaycan Ordusunun tarixində həmişə qürurla xatırlanacaq.
Mayor Faiq Mehdiyev ordumuzda yaradılan yeni qoşun növündən - komandolardan söz açaraq deyir ki, Vətən müharibəsində xüsusi təyinatlıların döyüşlərini, bu sıradan Şuşa döyüşlərini dünya ictimaiyyəti indi də heyrətlə xatırlayır. Əsgər Məcid Şirin deyir ki, Vətən müharibəsində orta məktəbdə oxuyurduq. Vətən müharibəsi haqqında televiziyadan, evdə atamızdan, məktəbdə müəllimlərimizdən  eşidirdik. Noyabrın 8-i gecəsi hamı sevincini sevinənlərlə bölüşmək üçün küçələrdəydi. Onda bizdən yaşlılar bunu ordumuzun tarixi adlandırırdılar. Bu fikrin nə qədər gözəl fikir olduğunu hərbi xidmətə gələndən sonra daha əhatəli dərk etdik...
Əsgərlərə neçə illər əvvəl yaşadığım ön xətdən, səngərlərdən, düşmənlə təmas xəttində döyüş növbətçiliyindən danışıram. Deyirəm ki, bunlar Vətən müharibəsinə qədər yaşanılıb, Azərbaycan Ordusu ön xətt, təmas xətti ifadələrini 2020-ci ildə Vətən müharibəsində qazandığı zəfərlə işləklikdən çıxartdı. Əsgərlərə xitabən onu da deyirəm ki, siz bu Zəfəri qazananların davamçılarısınız, bu Zəfəri siz yaşadırsınız, sizdən sonra xidmət edəcək əsgərlər yaşadacaqlar. Yəni, Vətən müharibəsi Azərbaycan Ordusunun 104 illik tarixində ən qüdrətli mərhələdir.
- Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malik idi, müasir atıcı silahlarla, uçuş aparatlarıyla təchiz olunmuşdu, xalq-ordu münasibətləri ən yüksək səviyyədəydi. Bunlarla bir sırada bəşəri heyrət səviyyəsində Vətən sevgisi də dünyanın heyrətinə dönmüşdü. Bunlar Qələbəni - işğalı sonlandıran Zəfəri şərtləndirirdi və Azərbaycan Ordusunun tarixində qüdrət salnaməsi oldu, - əsgər Şahin Tağıyev belə deyir. Gözəl kəlmələr gözəl ovqat yaradır. Əsgər hərbi hissəyə çataçatda düşüncələrimə sarılan bir fikri xatırladır: Hələ Vətən müharibəsindən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi: "Azərbaycanın qarşısında duran bütün məsələləri həll etmək qüdrətində olan çox güclü ordusu olmalıdır". Azərbaycan belə orduya malikdir - Vətən müharibəsində Zəfər qazandı, torpaqlarımızı işğaldan azad etdi...
Yayın istisində sərin meh əsir. Əsgərlərin baxışlarından oxunan "Hərbi anda sədaqətin əsgəriyik" kəlmələri ürəyimizi dağa döndərir. Bu kəlmələri disputun məntiqi uvertürası bilirik...
 
Kapitan
Ceyhun CƏFƏRLİ
"Azərbaycan Ordusu"

 

 

Şeiri könül dünyanıza işıq bilirik



Gün aydın, Azərbaycan əsgəri! Bu gözəl fikri Vətən müharibəsindən əvvəl səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlərimizdən də eşitmişik, Vətən müharibəsində döyüşlərarası nəfəs dərimlərində döyüşçülərdən də, Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə xidmət edən əsgərlərimizdən də...
Şeir sizi duyğulandırır  - duyğularınızın səhər mehinə dönür, dan yeri sökülüncə şeh çiçək ləçəklərinə necə sığınırsa, şeir də sizin düşüncələrinizə elə sığınır - şeiri düşüncələrinizə göyqurşağı bilirsiniz. Ona görə ehtiyatda olan mayor, şair, Əməkdar jurnalist Rəşid Faxralının (Hüseynov) Azərbaycan Ordusunun 104-cü ildönümünə həsr etdiyi "Bəşərilik bayrağıdı, bayrağımız" poemasını da belə oxuyacağınıza əminik.
Şeiri könül dünyanıza işıq bilirik...

"Azərbaycan Ordusu"

Səngərindən dikələn
qətiyyəti görüncə,
İşğalın gözlərinə
qaranlıqlar çökürdü.
Azərbaycan əsgərinin
tətik sıxan barmağı
təntiyən yerin-göyün
güman ilmələrini
misra-misra sökürdü:
 
Əsgər nəfəsidi oyadan yeri,
Səngər, bizi döyüşlərə uğurla.
Oyanınca üzə gülür dan yeri,
Səngər, bizi döyüşlərə uğurla!
 
Yal-yamacda dolaşanda küləklər,
Dərə keçib, yal aşanda küləklər,
Kola-kosa daraşanda küləklər,
Səngər, bizi döyüşlərə uğurla!
 
Göy üzündə uğur yaşı üzülsün,
Damla-damla yarpaqlara süzülsün.
Avtomatın qundağına düzülsün,
Səngər, bizi döyüşlərə uğurla!
 
Zəfər "Ruhani"siydi
misraların ləngəri,
Ruhun təntənəsiydi
isindirən səngəri.
Hər misra ərənliyin
dağ dikəldən səsiydi,
"Döyüş əmri olacaq!" -
deyən hər əsgər üçün
döyüşdə son döyüşün
sonuncu gülləsiydi...

 

 

***



2020...27 sentyabr...
O payız gecəsində
qanadları qırılmış
bir dəli rüzgar əsdi,
nəki gücü var, əsdi...
Azərbaycan əsgəri
rüzgarın qarşısını
qətiyyətiylə kəsdi...
Döyüş cəngisi oldu
"Qarabağ şikəstəsi".
Əsgərləşdirdi xalqı
Vətən müharibəsi...
 
Ataların yerə-göyə sığışmayan
sorğusu da, sualı da döyüşürdü.
Anaların
gecələrin köynəyini ilmələyən,
Gümanları bir-birinə kürmələyən
fikri-zikri, xəyalı da döyüşürdü...
Təbiətin Azərbaycan əsgərinə
sevgisi də, mehiri də döyüşürdü,
Şairlərin
əsgərləşən şeiri də döyüşürdü...
 
Analar qoşa ovuc açırdı
yağan ağ yağışlara.
Düşmənin murazına
şapalaq yağışlara.
Yorğun-arğın damlalar
bir az nəfəs dərirdi ana dualarında.
Salavatı olurdu şeir duaların da:
 
Qılınc qınından sıyrılan kimi
sıyrıl, Zəfərim!
Qurtuluş suyu olsun torpağa
gəlişin ilə gələn şəhərim!
Tarixə dönsün ötüşən anım.
Ermənistanı
zəbun eləsin Azərbaycanım!

 

 

***



Ana Vətən, əsgərlərin
min illərin qəzəbiylə döyüşürdü,
Tarixlərin o üzündən
boy göstərən ruhumuzun
əsəbiylə döyüşürdü.
Ağdabanın, Bağanis-Ayrımın,
Meşəlinin, Qaradağlının,
Xocalının adı da döyüşürdü.
Dədə Qorqud qaladığı
Min illik ocaqların odu da döyüşürdü.

Yusifləşib döyüşürdü,
Şirinləşib döyüşürdü,
Vəzirləşib döyüşürdü...
Döyüşdülər...
Mübarizi  ana-ana döyüşürdü...
Sınaq olub
tarixin tərs sınağına, döyüşdülər...             
Yağılığın bayrağını
uca-uca dağ başından,
Otuz ilin yaddaşından
üzə-üzə döyüşürdü.
Gözləriylə iz saldılar
o tərəfdən bu tərəfə
düşən izə, döyüşürdü...
Döyüşdülər...
Ermənilik niyyətini
əzənəcən döyüşdülər,
Yağılığın boğazını
üzənəcən döyüşdülər...
 
Oktyabrın 3-də Suqovuşanda,
Oktyabrın 4-də Cəbrayılda,
Oktyabrın 9-da Hadrutda,
Oktyabrın 17-də Füzulidə,
Oktyabrın 20-də Zəngilanda,
Oktyabrın 25-də Qubadlıda
dalğalandı
Azərbaycan Ordusunun
qalibiyyət bayrağı!
Göyləri salamladı
tarixi qələbənin
bəşəriyyət bayrağı!
 
Bir şair ana
Yazırdı il qəmindən,
Yazırdı el qəmindən,
sözü "Şuşa!" - deyirdi.
Hər axşam xəyalında,
Hər səhər xəyalında,
səngər-səngər dolaşan
dərbədər xəyalında
Hər elin hər evində
Qaladığı ocaqda
közü "Şuşa!" - deyirdi.
 Yazırdı misra-misra,
Yanırdı misra-misra
"Daş da, dağ da Vətəndi,
Sərt qaya, gen dərə də,
Ovçusu şəhid olmuş
bənd-bərə də  Vətəndi.
Gözəllik ilmələri
mərmi-mərmi sökülmüş
göy yaylaq da Vətəndi...  -
Deyirdi hər kəlmənin
İşığına boylanan gözü
"Şuşa!" - deyirdi...
Ömrə sədaqət üçün,
Müqəddəs niyyət üçün,
Şair, ziyarət üçün
hər şəhid anasının
dizi "Şuşa!" - deyirdi.

 

 

***



İki döyüşçü...İkisi də yaralı...
Döyüşdə döyüşçülər
şəhidlikdən bir nəfəs
çəkimiycə aralı...
 
Barmaq tətik sıxırdı,
Şuşanın göylərində
bəxtindən, taleyindən
küsən ulduz axırdı...
Barmaq tətik sıxırdı, güllələr açılınca
varından yox olurdu
yaralı döyüşçünün sızıltısı, ağrısı.
Döyüşçünün birinin
yarasından axan qan -
o biri döyüşçünün -
yarasının sarğısı...
 
Belə döyüşürdülər...
Qətiyyət döyüşüydü,
cəsarət döyüşüydü,
Min-min illik tarixə
sədaqət döyüşüydü...
 
İşğal niyyətini kül eləyənlər,
İşğalı gözündən güllələyənlər,
Sıldırım dağları yol eləyənlər
Döyüşə-döyüşə çatdı, Şuşaya,
Təbiət gözünü sürmələyirdi,
Gecənin zülməti axırdı çaya...
 
İsa bulağının şirin avazı,
Yaralı dağlara "Heyratı" idi,
Dünya gözlərini döyürdü...
Zəfər
Tarixin tarixi heyrəti idi.
Azərbaycan əsgəri
güllə-güllə durultdu
qaranlığın içindən
boy göstərən səhəri.
Qılınc kimi sıyrıldı
işğalçının qınından
ruhumuzun şəhəri...

 

 

***



Vətən, ər əsgərlərin,
hünərvər əsgərlərin
dolaşıq cığırları irdələyib seçdilər,
Neçə qaya-daşların
arasından keçdilər,
Qaragözlü gecənin
qarasından keçdilər.
Yol keçib döyüşdülər,
Dan yeri sökülüncə
and içib döyüşdülər...
 
Analar Zəfəri nur əvəzi
Köçürərək gözünə,
Şükur uğurlayırdı
baxdıqca göy üzünə.
Qəlbindən yol salırdı
döyüşən oğulların
güllələrlə açdığı qalibiyyət izinə,
Qəlbindən yol salırdı
döyüşlərə boylanan
görklü Cıdır düzünə...
 
Sərin payız günündə
"Qarabağ şikəstəsi"
dağım-dağım dağıtdı
həsrətin tağlarını.
Didik-didik elədi işğalın bağlarını.
Şuşanın dağlarına uğur duası bildi
"Şuşanın dağları"nı.

Ana Vətən,
Böyük Kirsin, Kiçik Kirsin,
Şişqayanın, Qızıldaşın, ...
dumanından keçənlərin,
Ermənilik
gümanından keçənlərin
döyüşdülər...
İşğalçılıq izlərini  izimizdən
üzənəcən döyüşdülər,
Bu niyyəti əzənəcən döyüşdülər,
Yağılığın boğazını
üzənəcən döyüşdülər...
 
Yeri göyə dikəltdi
"Heyratı" Şuşamızda.
Çiçək ləçəklərinə
çisək kimi çilədi
heyrəti Şuşamız da!..

 

 

***



Bu da Zəfər -
Azərbaycan əsgərinin
qalibiyyət təntənəsi!
Bu işığa
qüdrət dedi Yer kürəsi!
Vətən, Zəfər zirvəsindən
Yer üzünü salamladı,
Bir istəyin,
      bir murazın,
            bir niyyətin,
sədaqətə məhəbbətin
gündüzünü salamladı
Şuşamızda dalğalanan bayrağımız:
Bəşərilik bayrağıdı,
Azərbaycan bayrağımız!..

Rəşid FAXRALI
“Azərbaycan Ordusu”