Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyul 2022 10:00

“Heydər Əliyevin xarici səfərlərinin mahiyyəti ictimaiyyətə peşəkar səviyyədə çatdırılırdı”

Böyük tarixi şəxsiyyət Heydər Əliyev bu gün milyonların xatirəsində yaşayır və dünya durduqca yaşayacaq. Bir vaxtlar bu dahi insanla ünsiyyətdə olanlar daim Ulu Öndəri xatırlayır və xatirəsini həmişə əziz tuturlar. Ümummilli lider Heydər Əliyev başqa sahələrlə yanaşı, mətbuata, media işçilərinə də böyük önəm verirdi. Daim mətbuatın inkişafına diqqət ayırır və qayğı göstərirdi. Bu sahədəki problemlərin həlli üçün vaxtaşırı yaddaqalan addımlar atır, daim jurnalistlərlə sıx təmasda olurdu.
Ulu öndər Heydər Əliyevin milli mətbuatımıza göstərdiyi diqqət və qayğı, həmçinin jurnalistlərlə yaratdığı ünsiyyət mövzusunda danışmaq üçün həmin illərdə Azərbaycan Televiziyasında çalışmış, Ümummilli Liderin xarici ölkələrə səfərlərini işıqlandırmış, rəsmi dövlət tədbirlərindən canlı reportajlar hazırlamış siyasi icmalçı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli ilə görüşüb söhbət etdik. Həmin söhbəti oxuculara təqdim edirik.
 - Qulu müəllim, siz uzun müddət ümummilli lider Heydər Əliyevin xarici ölkələrə rəsmi səfərlərini vaxtilə çalışdığınız Azərbaycan Televiziyasında işıqlandırmısınız. Ulu Öndər sizin xatirənizdə necə qalıb?
- Əlbəttə, Heydər Əliyev hər kəsin xatirəsində müəyyən epizodlarla qalıb. Ümumiyyətlə, görkəmli dövlət xadimi hər kəsin taleyində bu və ya başqa formada müəyyən rol oynayıb. O, jurnalistlərə xüsusi münasibət göstərirdi. Mənə dövlət başçısını xarici ölkələrə rəsmi səfərlərdə müşayiət etmək, onunla müxtəlif məsələlər barədə müzakirələr aparmaq qismət olub. Təbii ki, bu səbəbdən Ümummilli Lider mənim yaddaşımda parlaq şəxsiyyət kimi qalıb. O, mürəkkəb siyasi şəraitdə hakimiyyətə gəlmişdi, həmin tarixi məqamda sabitliyi qorumaq üçün olduqca gərgin fəaliyyət göstərmişdi. Sonrakı dövrdə ölkəmizin müstəqilliyini möhkəmləndirmiş, dövlətçiliyin inkişafına böyük səmərə verən bir çox layihələri həyata keçirmiş, Azərbaycanı beynəlxalq hüququn aktiv subyektinə çevirmişdi. Belə hesab edirəm ki, ulu öndər Heydər Əliyev xalqın yaddaşında həm də daha çox 1993-cü il 4 iyun qiyamından sonra ölkədə sabitlik yarada bilmiş xilaskar tarixi şəxsiyyət kimi qalıb.
- Ümummilli lider Heydər Əliyevin mediaya, mətbuata münasibəti barədə nə deyə bilərsiniz?
- Heydər Əliyev hələ sovet dövründə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən də mətbuat ilə çox aktiv işləyirdi, TV-yə xüsusi diqqət ayırırdı. Mətbuatın, televiziyanın gücündən, imkanlarından təbliğat vasitəsi kimi böyük bacarıq və məharətlə istifadə edirdi. Ümummilli məsələləri, dövlət vəzifələrini mətbuatın fəaliyyəti prizmasından təqdim etməyə çalışırdı. Bütün bunlara əsaslanıb demək olar ki, dövlət başçısının mətbuatla işləmək üçün çoxlarının bacara bilmədiyi xüsusi bir iş təcrübəsi var idi. Biz müstəqillik dövründə bunu daha da parlaq şəkildə gördük. Onu da qeyd edim ki, Heydər Əliyev həm yerli mətbuata, həm də xarici ölkə medialarına - "Azadlıq", "BBC", "Amerikanın səsi" kimi nüfuzlu radiostansiyalara davamlı müsahibələr verirdi. Heydər Əliyev müsahibələrində Azərbaycanın qarşılaşdığı problemləri, Naxçıvanın blokada şəraitində yaşaması fikirlərini çox cəsarətlə səsləndirirdi. Bütün bunlar hamısı onu təsdiq edir ki, Heydər Əliyev daim mətbuatla sıx təmasdaydı, mətbuatdan həm xalqı məlumatlandırmaq, həm də təşviqat işləri aparmaq üçün və eyni zamanda, maarifləndirici bir vasitə kimi həmişə bacarıqla istifadə etməyə çalışırdı.
- Siz ulu öndər Heydər Əliyevi nə vaxtdan tanıdınız, nə vaxt yaxından gördünüz və nə vaxtdan şəxsi ünsiyyətiniz yarandı?
- Mən Heydər Əliyevi hələ sovet dönəmində televiziyada görmüşdüm. Prezidenti ilk dəfə yaxından 9 May - Qələbə Günü münasibətilə Həzi Aslanovun məzarı üstünə əklil qoyanda görmüşəm. Dövlət başçısı ilə ilk görüşümüz 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında oldu. Biz bir qrup jurnalistlə Naxçıvandan keçib Türkiyəyə gedirdik. Türkiyəyə getməzdən əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevlə görüşdük. O, biz  jurnalistləri böyük sevgi ilə qarşılamışdı. Jurnalistlərin bütün suallarını özünəməxsus şəkildə cavablandırmışdı. Elə ilk görüşdən, ilk təmasdan Ulu Öndər mənim yaddaşımda güclü bir şəxsiyyət kimi qaldı. Müstəqillik dövründə ümummilli lider Heydər Əliyevi daha da yaxından tanımaq imkanı yarandı. Prezidentin xarici səfərlərinin işıqlandırılması, dövlət tədbirlərindən canlı yayımların aparılması Azərbaycan Dövlət Televiziyasında çalışdığım və siyasi icmalçı olduğum illərdə bir çox hallarda mənə həvalə olunurdu. Xarici səfərlərdə tarixi şəxsiyyət, əbədiyaşar komandan Heydər Əliyevi daha yaxından müşahidə edə bilirdim, müəyyən məqamlarda dialoqlar da olurdu, tapşırıqlar da verilirdi. Prezident onu müşayiət edən jurnalist qrupunun bütün üzvlərini tanıyırdı. Yeri gəldikcə jurnalistlərə suallar ünvanlayır, gərəkli məsləhət və tövsiyələr verirdi.
- Bildiyimiz kimi, Ulu Öndərin səfərləri zamanı jurnalist qrupunun tərkibində olmusunuz. Ən yaddaqalan təəssüratınız hansıdır?
 - 1994-cü ildə Heydər Əliyev Rusiyaya rəsmi səfərə getmişdi. Mən də jurnalist qrupunun tərkibindəydim. Prezidentin yaddaqalan xüsusiyyətlərindən biri də bu idi ki, səfərdən geri dönəndə jurnalistlərdən bir-bir səfər haqqında təəssüratlarını soruşurdu, mövqeyini öyrənirdi. Məndən də televiziya jurnalisti kimi bu səfərin ekranlarda necə işıqlandırılması ilə bağlı fikrimi soruşdu. Həmin vaxt dövlət başçısı ilə maraqlı bir dialoqumuz oldu. Səfər təəssüratlarımı bildirəndən sonra Prezident məndən soruşdu ki, sən televiziyada nə işləyirsən? Cavab verdim ki, həm "Xəbərlər" proqramında çalışıram, həm də "Yeddi gün" adlı analitik proqramın aparıcısıyam. Cavabımdan sonra Heydər Əliyev özünəməxsus bir intonasiya ilə dedi ki, mən baxıram o verilişə, pis proqram deyil. Sonra əlavə etdi ki, amma sən orada hərdən altdan-üstdən danışırsan. Bu sözlərdən bir az tutulan kimi oldum. Sonra Prezident çox müdrik, yaddaqalan bir söz də dedi. Dedi ki, əgər sən o cür danışmasan, sənin verilişinə heç kim baxmaz.
Verilişimin, danışıq tərzimin dövlət başçısının xoşuna gəlməsi ürəyimcəydi, təbii ki. Deməli, verilişimizin seçimi, tutduğu istiqamət və mövqe  düzgün idi. Heydər Əliyevlə belə yaxın görüşlərimiz, ünsiyyətimiz müxtəlif ölkələrdə və müxtəlif səfərlərdə də oldu. Amerika Birləşmiş Ştatlarında, Britaniyada, Fransada, Almaniyada, Norveçdə, Belçikada, Türkiyədə, Pakistanda, Əlcəzairdə və başqa ölkələrdə Prezidentin dövlət səfərlərini işıqlandırarkən epizodik, amma çox maraqlı dialoqlarımız olub.
Onu da xüsusi olaraq qeyd edim ki, Heydər Əliyev jurnalistlərə böyük sevgi və qayğı ilə yanaşırdı. Prezidenti müşayiət edən jurnalist heyəti intellektual baxımdan çox güclü idi. Demək olar ki, tanınmış jurnalistlərin hamısı o qrupda təmsil olunurdu. Məsələn, Elmira Axundova, Elmira Əmrahqızı, "Assa-İradə" agentliyinin rəhbəri İradə xanım, Rafael Hüseynov, Mərkəzi Televiziyanın təmsilçisi Mais Məmmədov, Aslan Aslanov, "Oqonyok" jurnalının müxbiri Vasif Səmədov və digərləri bu səfər və görüşlərdə iştirak edirdilər. Məhz belə bilikli və bacarıqlı jurnalistlərin peşəkarlığı sayəsində Heydər Əliyevin xarici səfərlərinin mahiyyəti ölkə ictimaiyyətinə dolğun şəkildə çatdırılırdı.  
- Ulu öndər Heydər Əliyevlə bağlı başqa maraqlı məqamlardan yadınızda qalanları varmı?
- Yaddaqalan maraqlı epizodlardan biri də dövlət başçısının Rusiya Federasiyasına rəsmi səfəri zamanı oldu. 1996-cı ilin yayı idi. Görüş Soçi şəhərində keçirilirdi. Rəsmi görüş başa çatdıqdan sonra Rusiya prezidenti Boris Yeltsindən Dağlıq Qarabağ məsələsi ilə bağlı müsahibə almaq istəyirdik. Operatorla elə bir mövqe seçdik ki, Rusiya prezidenti qapıdan çıxan kimi onunla görüşə bilək. Görüş başa çatanda gördük ki, budur, Boris Yeltsin bizə tərəf gəlir. Ətrafında da gözətçilərindən, köməkçilərindən kimsə yoxdu. Ona yaxınlaşıb salamlaşandan sonra həm görüşlə, həm də Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin uzanmasının səbəbləri ilə bağlı sual verdim. Yeltsin sualımıza cavab verməzdən əvvəl bizdən soruşdu ki, siz kimsiniz, hansı ölkənin jurnalistlərisiniz? Mən Azərbaycan Televiziyasını, Azərbaycan Respublikasını təmsil etdiyimizi dedim. Gözləmədiyimiz halda prezident Yeltsin dedi ki, siz Azərbaycanı yox, Rusiyanı təmsil edirsiniz, rus jurnalistlərisiniz. Bir neçə dəqiqə  prezidentlə yüngül mübahisəmiz oldu. Özü də Yeltsin yüksək səslə danışırdı. Bu vaxt səsi eşidib bizə yaxınlaşan Heydər Əliyev məsələnin nə olduğunu soruşdu. Biz də Rusiya prezidentinin sözlərini, fikirlərini Heydər Əliyevə çatdırdıq. Prezident Heydər Əliyev vəziyyətdən çıxmaq üçün çox gözəl bir variant taparaq bizi Yeltsinin əlindən qurtardı. Dövlət başçısı üzünü Yeltsinə tutub dedi ki, Boris Nikolayeviç, siz düz deyirsiniz, bunlar həm Rusiya, həm də Azərbaycan jurnalistləridir.
Bundan sonra Rusiya prezidenti sualımızı cavablandırdı. Uzun illərin müşahidələrinə əsaslanıb deyə bilərəm ki, Heydər Əliyev böyük şəxsiyyət olduğu kimi, həm də maraqlı bir insan idi. Mən dünyanın bir çox görkəmli adamlarından, siyasi liderlərindən müsahibələr almışam. Müsahibə aldığım ən çox yaddaqalan böyük şəxsiyyətlərdən, siyasi liderlərdən biri də ulu öndər Heydər Əliyevdir. Əminəm ki, Heydər Əliyev xalqımızın yaddaşında böyük tarixi şəxsiyyət, əbədiyaşar komandan kimi qalacaq.
- Müsahibəyə görə çox sağ olun!

Müsahibəni apardı:
Vahid MƏHƏRRƏMOV
"Azərbaycan Ordusu"