Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyun 2022 16:00

Əbədiyyət işığıdı bu birliyin işığı

Yolumuz qardaş ölkəyə - Türkiyə Respublikasınadır. Yadıma nə vaxtsa eşitdiyim bir musiqi düşür: "Sizə salam gətirmişəm". Azərbaycanın hərbi qulluqçularının Türkiyənin hərbi qulluqçularına ehtiramı kimi Azərbaycanımızdan Türkiyəmizə bir ürək tutumunca salam aparıram. Dönüşümdə bir ürək tutumunca "əleyk"lə qayıdacam...
Göylərlə bizim aramızda ancaq buludlardı. Şəhidlərimizi düşünürəm, onların ruhunun bu buludlardan da ucada olduğunu düşünürəm... Göylərdə - buludların arasında düşüncələr nə qədər bənzərsiz olurmuş! Şəhidlərin sıralarında kursant yoldaşlarım da var. Düşüncələrim məni gah keçmişə, gah da gələcəyə aparır. Hər bir kursant yoldaşımı o illərdəki kimi xatırlayıram... Biz zamanında yaşlaşacağıq, onlar həmişə şəhid olduğu yaşda qalacaqlar...
Türkiyə səmalarındaykən qəribə bir doğmalıq hiss edirəm. Bu gözlənilməz doğmalıq xatırladır ki, Türkiyə ilə Azərbaycanın dövlət maraqları həmişə qarşılıqlı sevgiyə, ehtirama, sədaqətə söykənib. Bu sədaqət tarixi sədaqətdir, obrazlı şəkildə desək, tarixləşmiş sədaqətdir. Türkiyənin istiqlal savaşında da,  Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsində də tarix yaradan bu sədaqət, bu birlik, bu birliyi şərtləndirən güc tarixin axarını dəyişdi. Bu birliyi, bu ayrılmazlığı XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kimi, XX əsrin ortalarında Heydər Əliyev "Bir millət, iki dövlət" kimi tarixləşdirdi. Bu kəlamlar dostluğu, qardaşlığa sədaqəti yaşadan, əbədiyyən yaşadacaq kəlamlardır.
Azərbaycanın ərazilərinin işğal edilməsi, işğalın 30 ilə yaxın uzanması, Ermənistanın regionda mövcud status-kvonu saxlamaq niyyəti Azərbaycanın ədalətli müharibəyə başlayacağını zəruriləşdirmişdi.
Azərbaycan bəşəri dövlət, azərbaycanlılar bəşəri xalq olsa da, belə bir şəraitdə müharibə istəyirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı - Vətən müharibəsi başladı. Türkiyənin Vətən müharibəsinə mənəvi dəstəyi Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da artırdı. Bu yüksəliş Zəfərlə tamamlandı...
Mustafa Kamal Atatürkün Azərbaycana sevgisini Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında belə ifadə etdi: "Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır".
Heydər Əliyevin Türkiyəyə sevgisini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "TEKNOFEST Azərbaycan" festivalında çıxışında belə ifadə etdi: "30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Biz iki həftə bundan əvvəl Türkiyənin gözəl yerlərindən biri olan Rizedə əziz qardaşımla bərabər idik, iki həftədən sonra Bakıda yenə də bərabərik. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq"...
Vətən müharibəsində qazanılan Zəfər Türkiyə ilə Azərbaycanın hərbi sahədə əməkdaşlığını daha sıx şəkildə möhkəmləndirdi. Bu əməkdaşlıq müxtəlif miqyaslı tədbirlərlə davam etdirilir.
Bu günlərdə Türkiyə Milli Müdafiə Nazirliyinin dəvəti ilə Mətbuat xidməti rəisinin müavini polkovnik-leytenant Anar Eyvazov, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin rəisi mayor İntiqam Cəfərov və mən Ankarada işgüzar səfərdə olduq. Bu səfər mahiyyəti etibarilə həm tanışlıq, həm də öyrənmə fəaliyyətini daha zəruri səviyyədə tənzimləmə baxımından memorandum xarakterli səfər idi. Hər iki dövlətin müvafiq hərbi qurumlarının fəaliyyətini ümumiləşdirməyə, qarşılıqlı inteqrasiyasını möhkəmləndirməyə xidmət edən bu səfərin başlıca missiyası təcrübə mübadiləsi idi.
"Xalqla ilişkilər" söz birləşməsi ilə "İctimaiyyətlə əlaqələr" söz birləşmələri arasında, sadəcə, səsləniş fərqi var. Türkiyədə də, Azərbaycanda da bu istiqamətdə fəaliyyət hərbi sirrin mühafizəsini gözləməklə dövlət maraqlarına, dürüstlüyün, gerçəkliyin ictimailəşdirilməsinə əsaslanır.
Üç gün müddətində xalqla ilişkilər Basın Müşavirliyində fəaliyyətin qurulması, koordinasiya edilməsi və ictimailəşdirilməsi ilə ətraflı tanış olduq.
Qurumun müşaviri albay Zəki Aktürk Türkiyədə bu fəaliyyət  mexanizmi haqqında ətraflı məlumat verdi. İnformasiyaların işlənilməsi, ictimailəşdirilməyə hazırlanması mexanizmi xırda fərqlərlə Azərbaycanda da etibarlı təşkil edilib. Bu istiqamətdə Azərbaycanla Türkiyənin müvafiq strukturlarının fəaliyyəti arasında əminlik çalarları da müşahidə edilir və bu, gələcəkdə daha da intensivləşdiriləcəkdir. Bu nəzəriyyə dövlət maraqlarıdır, milli-mənəvi dəyərlərdir, azərbaycançılıqdır, türkçülükdür.
Tarixi kadrlar tarix haqqında dərslikdir. Görsəl Yapım Mərkəzində İstiqlal savaşından əvvəl çəkilmiş sənədli film formatlı kadrlar XX əsrin əvvəllərində (konkret olaraq 1916-cı ildə) yaşamış Sultan Rəşidəddin kimi, Ənvər Paşa kimi tarixi şəxsiyyətləri tanıtmaq missiyası olmaqla dəyərlidir. Azərbaycanımızda Ənvər Paşa tanınıb da, sevilib də, tanınır da, sevilir də. O illərdə mehtər marşlarında sevgilərlə anılan Ənvər Paşaya xitabən deyilən misralar indi də yaşarıdır: Ənvər Paşa, çox yaşa! Azərbaycanı da, Türkiyəni də bağımsız (müstəqil, azad) görmək istəyirdi Ənvər Paşa. Türkiyə də müstəqildir, Azərbaycan da. Türkiyə də güclü dövlətdir, Azərbaycan da. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarı hansı səviyyədə sevindirdisə, Ənvər Paşanın ruhunu da həmin səviyyədə sevindirdi. Bu analogiyanı hamı Azərbaycanda da, Türkiyədə də türkçülüyün fəlsəfəsi bildi...
Müharibədən sonra döyüş kadrları çəkmək mümkün deyil - bu kadrlar hansı texnoloji yeniliklərin tətbiqi ilə çəkilir-çəkilsin, reallığı, gerçəkliyi tam əks etdirə bilməyəcək. Türkiyənin istiqlal savaşı indi tarixdir, qürurla xatırlanan tarixdir, Türkiyənin qurtuluş tarixidir. Bu gözəl (və gərəkli) tədbirdə istiqlal savaşını savaş içində yaşadıq - o illərdə İstanbula hücumu izləyə-izləyə yaşadıq. Bu kadrları çəkənlərə qəhrəman deyərdim. Bu kadrları izləyə-izləyə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsini, döyüşlərdə çəkilən kadrları, "Hərbi nəşriyyat"ın səyyar mətbəəsində "Azərbaycan Ordusu" qəzetinin redaksiyasının əməkdaşlarının döyüşlərin xronikası kimi tarixləşdirdiyi səyyar qəzetləri xatırladım. Vətən müharibəsində istiqlal savaşının ruhunun eynisini gördüm...
Azərbaycanda Vətən müharibəsinin tarixi öyrəniləndə bu məqam da öyrəniləcək - hərbi mətbuatın döyüş tarixi kimi, ictimaiyyətlə əlaqələrin yeri, zamanına görə gərəkli bir çaları kimi...
Tədbir müddətində hər nə gördük, könlümüzə yatdı... Hər nə eşitdik, düşüncələrimizə hopdu...
Tofiq Fikrətin "İstiqlal marşı"nı mən də çox dinləmişəm. Hər dinləyəndə türkçülüyün qüdrətindən mən də qürurlanmışam: "Ey sevgili millət, yaşa, var ol!" - sədasına türkün türkçülüyə xeyir-duası demişəm. Tədbirdən "İstiqlal marşı"nın fəlsəfəsinin mahiyyətini açan sənədli filmə baxanda Məmməd İlqar demişkən, "Nə könül doyurdu, nə göz əl çəkirdi", "Ey sevgili millət, yaşa, var ol!" müraciəti ilə "Ey qəhrəman millətin şanlı Vətəni!" müraciətinin doğmalığını orada da duydum.
Türkiyədə "İstiqlal marşı" hər türkün, Türkiyəni sevənlərin ruhunun marşıdır. Bu marş ötən əsrin 20-ci illərinin tarixində də, yaddaşlarda da yaşadığının, yaşadıldığının carçısıdır. Bu marş Azərbaycanda da Türkiyədə sevildiyi kimi sevilir.
Azərbaycanda beynəlxalq tədbirlərin birində iştirak edən türk zabitinin Azərbaycan Himnini hansı sevgilərlə dinlədiyini heç zaman unutmaram. Tədbirdən sonra ona minnətdarlığımı bildirəndə "İstiqlal marşı"nı da belə dinləyirəm..." - demişdi...
Türkiyə "Görsəl Yapım" Mərkəzinin rəisi yarbay Oktay Tunçcan "Xalqla İlişkilər" üzrə iş müşavirliyi, Planlama və Analiz şöbəsinin rəisi albay Tahir Engin Bilgin fəaliyyət haqqında tezislər formatında söhbətləri yaddaşımıza hopdu.
Albay Zəki Aktürk tədbirdən sonra bizi necə deyərlər, məxsusi qəbul etdi. Bu, doğmalığın, qardaşlığın təzahürü idi, şübhəsiz. Vətəndən danışdı, Türkiyə ilə Azərbaycanın tarixi qardaşlığından danışdı.
Albay Tahir Engin Bilginin qürurla danışdığı bir hadisəni dinlədik. İstiqlal savaşında heç kimin tanımadığı ana toxuduğu corabları mehmetçiklərə - döyüşən əsgərlərə göndərirmiş. Bir müddət sonra həmin xanım artıq mehmetçiyin "əsgər anası" simvoluna çevrilmişdi və heç bir bayramda unudulmurdu. Onunla keçirilən görüşlər mehmetçiklərin Vətən sevgisini kükrədirdi. "Sevmişik, sevirik Vətəni, oğul. Vətəni sevin, Vətənsiz mən nəyə lazımam, siz nəyə lazımsınız", - deyirdi ana. Bu ana xalq-ordu münasibətinin canlı tarixi idi - belə yaşayırdı, bu münasibət belə yaşadılırdı. Ana son nəfəsindən sonra əsgəri sevgilərlə dəfn edildi. Mehmetçik (əsgər) dəfn edilirdi sanki.
Mehmetçiyi (əsgəri) bu səviyyədə ehtiramlarla əhatələnən məmləkətdə, əlbəttə ki, dövlət bayrağı müqəddəslik mərtəbəsinə ucaldılır. Mehmetçiyə (əsgərə) ana olan Ana, əlbəttə ki, dünyadan tanımadığı mehmetçik (əsgər) oğullarının çiyinlərində köçür. Belə ana, əlbəttə ki, əsgəri sevgilərlə dəfn edilir.
Yadıma Vətən müharibəsində anaların döyüşən orduya göndərdiyi corablar, əlcəklər, boğaz şalları düşdü. Yeni gözəl analogiya gözəl ovqat yaratdı - vətənsevərlik, xalq-ordu münasibətləri Türkiyədə də, Azərbaycanda da gözəl qurulub, gözəl yaşadılır, gözəl yaşadılacaq...
Ruhumuzun tarixə tarixi borcu kimi Mustafa Kamal Atatürkün məzarını - qəbrini ziyarət etdik...
Xalqla ilişkilər (ictimaiyyətlə əlaqələr) xalq üçündü, dövlət üçündü, dövlətçilik üçündü. Bu səbəbdən bu ilişkilərə (əlaqələrə) dövlət səviyyəsində diqqət var, onlar hərbi xidmətin tərkib hissəsi kimi məsuliyyətlə yerinə yetirilir. Türkiyədə də, Azərbaycanda da...

Məhəmməd NƏSİRLİ "Azərbaycan Ordusu"