Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2022 16:50

Kursantlar üçün maarifləndirici gəzinti

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müəllimi olaraq başlıca vəzifəm dərs dediyim kursantları xalqımızın şərəfli tarixi, keçmişi ilə yaxından tanış etmək və onlara vətənpərvərlik hisslərini aşılamaqdır. Dərs prosesində kursantlara xalqımızın qəhrəmanlığından, müxtəlif adət-ənənələrimizdən ətraflı danışıram.
Bir gün dərsimizin mövzusu dənizçilərin fəaliyyəti haqqında idi. Dərsdən sonra kursantlarla birlikdə Bakıda yerləşən və uzun illərdən bəri fəaliyyət göstərən tanker-muzeyə ekskursiya etdik.
Hərbi lisey rəhbərliyinin köməkliyi ilə muzeyə yollandıq. Burada öyrəndik ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Suraxanı" gəmisi ölkəmizin dənizlə neftdaşıma tarixində mühüm rol oynamışdır. Uzunluğu 123,5 metr, çəkisi 4696 ton olan "Suraxanı" tankeri 1957-ci ildən istifadə olunmağa  başlayıb. "Suraxanı" tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilmişdir. Belə ki, tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı təmir və yenidənqurma işləri aparılıb. "Suraxanı" tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Hollandiya, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin bu sahədə böyük təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib. Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yeniliklər həyata keçirilib. Kursantlar Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış oldular. Bu muzeyin Bakıda fəaliyyət göstərməsi gələcəyin zabitlərinə Xəzərin və ölkəmizdə gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırdı. Kursantlar - Səid Əhmədzadə, Elxan Babazadə, Arif İslamzadə, Əliyar Burcalı və başqaları təəssüratlarını bölüşərək dedilər ki, belə gəzintinin təşkil olunması onların dünyagörüşündə dəniz və dənizçilər haqqında bir çox maraqlı və lazımi məlumatların əldə edilməsinə köməklik etdi. Muzeyi ziyarət zamanı gəmi kapitanının salamlaşması, şturman və mexaniklərin gəmi mexanizmləri haqqında ətraflı məlumatlar kursantların böyük marağına səbəb oldu. Qədim gəmilərin quruluşu və Morze əlifbası haqqında məlumatlar daha böyük marağa səbəb oldu.
Qeyd edim ki, gəmidə keçirilən intellektual oyunun qalibləri olan kursantlar Faiq Ağayev, Davud Hüseynli, Şükür Fərzəliyev, Murad Məhərrəmov gəmi heyəti tərəfindən mükafatlandırıldılar. Kursantlar dalğıc və xilasetmə geyimləri ilə yaxından tanış olub, digər müxtəlif ləvazimatlar haqqında da ətraflı məlumatlar aldılar. Onların arasında Hərbi Dəniz Qüvvələrində xidmət etmək arzusunda olanlardan Sübhan Ağayev, Əhədağa Əhədov, Niyaz Hüseynov, Amin Məmmədov və başqaları hərbi gəmilərin tarixi haqqında bildikləri maraqlı məlumatları daha da zənginləşdirdilər.
Ən şərəfli peşəyə yiyələnən kursantlar Vətənimizin yerüstü və yeraltı sərvətlərini qoruyub saxlamağa, xalqımızın adını uca tutmağa, Vətən uğrunda canını fəda etməyə hər zaman hazırdırlar. Ümid edirəm ki, gəzintimiz kursantların yaddaşına əbədi həkk olundu.
Muzeydən xoş təəssüratlarla ayrılan kursantlar bir daha Azərbaycan Respublikasının dünya ölkələri arasında tanındığının, özünəməxsus yer tutduğunun şahidi oldular. Belə maarifləndirici gəzintilərin təşkilində əməyi olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyinə və "Suraxanı" gəmisi heyətinə təşəkkürlərini bildirdilər.

Sevil QURBANOVA C.Naxçıvanski adına Hərbi Liseyin müəllimi