Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2022 12:45

“Təhsil millətin gələcəyidir”

Azərbaycanda hər bir sahədə olduğu kimi, təhsil sektorunda da müşahidə olunan inkişaf tendensiyası xüsusi diqqət cəlb edir. Bu inkişafın əsası isə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. "Təhsil millətin gələcəyidir" sözlərini deyən Ulu Öndər bu sahəyə hər zaman diqqət və qayğı ilə yanaşıb. Ümummilli Liderin 30 mart 1998-ci il tarixli müvafiq Sərəncamı ilə ölkəmizdə təhsil sahəsində beynəlxalq standartlara uyğun islahatların keçirilməsini müəyyənləşdirən proqramın hazırlanması məqsədi ilə Dövlət Komissiyası yaradıldı. Bundan əlavə, Ümummilli Liderin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli fərmanı müstəqil Azərbaycanda ali təhsilin inkişafı və təşkilində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Heydər Əliyev təhsili millətin gələcəyi olaraq görürdüsə, onun siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə kimi yüksək dəyər verərək diqqətdə saxlayır. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti ölkəmizdə elm və təhsilin sürətli inkişafına köməklik göstərən əsas amildir.
Son illər aparılan məqsədyönlü islahatlar nəticəsində müasir düşüncə tərzinə malik, bilikli, dövlətçiliyə sadiq vətənpərvər gənclər yetişir. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi əsas vəzifələrdən hesab edilir. Bu məqsədlə təhsil müəssisələrinin bütün pillələrində gələcəyin memarlarına vətənpərvərlik ruhu aşılanır, onlar Vətənə, dövlətə məhəbbət hissi ilə tərbiyə olunur. Gənclərdə bu hisslərlə yanaşı, hərb peşəsinə məhəbbəti təbliğ edən yarım əsrlik tarixə malik Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müstəsna rolu vardır.
Hərbi lisey xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb. Təsis edilən zaman ona "Respublika ixtisaslaşdırılmış internat məktəbi" adı verilmiş və həmin ildən etibarən məktəb general Cəmşid Naxçıvanski adını daşımışdır. 24 noyabr 1997-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılıb. 2003-cü il aprelin 19-da Ulu Öndər liseyi ziyarət edərək "Döyüş bayrağı"nı təqdim edib, şəxsi heyətlə görüşüb, onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. Həmin gündən etibarən 19 aprel "Cəmşid Naxçıvanski adına Hərbi Lisey" Günü kimi qeyd edilir.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ölkəmizdə həyata keçirilən ordu quruculuğu prosesində və Silahlı Qüvvələr üçün milli zabit kadrların hazırlanmasında müstəsna rolu vardır. Hərbi liseyin məzunları Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək, qəhrəmanlıq nümayiş etdirib, "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, müxtəlif orden və medallarla təltif olunublar.
Hərbi Liseydə tədris prosesi Azərbaycan Respublikası müdafiə nazirinin 23 iyul 2016-cı il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş "Xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat" və "Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi"nin tələblərinə uyğun olaraq təşkil olunur və keçirilir. Cəmşid Naxçıvanski adına Hərbi Lisey texniki riyaziyyat-iqtisadiyyat təmayüllü liseydir və burada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, fizika, kimya, Azərbaycan tarixi, ümumi tarix, coğrafiya, ingilis dili, rus dili, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fənləri respublikanın digər ümumtəhsil məktəblərində olduğu kimi, tədris proqramına uyğun olaraq keçirilir. Hal-hazırda Hərbi liseydə müəllimlərin bir neçəsi elmi dərəcəli müəllimlərdir. Gənc müəllimlərin pedaqoji ustalığının artırılması məqsədilə mütəmadi olaraq metodiki müşavirələr keçirilir və onlar ixtisasartırma və təkmilləşdirmə kurslarına cəlb edilirlər. 2018-ci il mayın 30-da respublikanın bütün ümumtəhsil məktəblərinin müəllimləri ilə yanaşı, Hərbi liseyin müəllim heyəti də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş "Müəllimlərin diaqnostik qiymətləndirməsi"nə cəlb edilmişdir.
Dərslərin daha da keyfiyyətli keçirilməsi məqsədilə tədris binasında ingilis dili fənni üzrə linqafon sinifləri, fizika ve kimya laboratoriyaları, kursantların sağlamlığının möhkəmləndirilməsi, orqanizmin dözümlülüyünün artırılması üçün voleybol va futbol meydançaları, trenajor zalı va hovuz fəaliyyət göstərir. "Azərbaycan Ordusunda xarici dillərin öyrənilməsi sisteminin optimallaşdırılması haqqında" müdafiə nazirinin 5 sentyabr 2018-ci il tarixli müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunda xarici dil bilmə səviyyəsinin yüksəldilməsi məqsədilə ingilis dili fənnini zəif oxuyan kursantlarda rabitəli nitqin inkişaf etdirilməsi təkmilləşdirilir. Həmçinin yazı qabiliyyətinin yüksəldilməsi və dil qaydalarının mənimsənilməsi, eləcə də buraxılış imtahanına hazırlıq məqsədilə Azərbaycan dili fənni üzrə dərsdənkənar məşğələlər təşkil olunur. Kursantlarda fiziki keyfiyyətlərin inkişaf etdirilməsi üçün fiziki tərbiyə fənni üzrə üzgüçülük, atletika, basketbol, güləş dərnəkləri keçirilir. Bundan əlavə, liseydə Azərbaycan dili, riyaziyyat, fizika, kimya və ingilis dili fənni üzrə liseydaxili olimpiada, inşa müsabiqəsi, mini futbol, voleybol, şahmat, basketbol, yüngül atletika üzrə lisey birinciliyi, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş hərbiləşdirilmiş idman tədbirləri keçirilir. Yüksək nəticə əldə edən kursantlar mükafatlandırılır və növbəti mərhələlərdə iştirak etmək şansı qazanır.
Ötən il Xaçmaz rayonunda "Zəfər Günü"nə həsr olunmuş "Vətənin müdafiəsinə hazıram" devizi altında respublika çempionatı üzrə poliatlon çoxnövçülük yarış keçirildi. Bu yarışda Hərbi liseyin kursantlardan ibarət komandası rəqib komandaları geridə qoyaraq respublika çempionu oldular. Bu isə liseydə fiziki hazırlığın yüksək səviyyədə olmasının əyani göstəricisidir.
Kursant heyəti ilə müstəqil hazırlıq saatlarında ayda bir dəfədən az olmayaraq taqım va bölük komandirlərinin iştirakı ilə "Gilavar" atış trenajorunda məşqlər keçirilir. 1-ci kursda təhsil alan kursantlara tədris ilinin sonunda Bakı qarnizonunun hərbi hissələrində çöl təlimi keçirilir.
Bu yaxınlarda Dövlət İmtahan Mərkəzi tərəfindən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 2-ci kurs (11-ci sinif) kursantları ilə keçirilən buraxılış imtahanında kursant Xəyyam Məmmədov digər yoldaşlarından fərqlənərək 300 baldan 284,6 bal toplayaraq ən yüksək nəticə göstərmişdir. Qeyd edək ki, liseyə qəbul zamanı Xəyyam 241 bal toplayıb. Bu isə liseydə dərslərin yüksək səviyyədə keçirilməsinin və müəllimlərin peşəkar olmasının göstəricisidir. Kursant Məmmədovla söhbətimiz zamanı Ulu Öndərin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almağın qürurunu yaşadığını bildirdi. "Qəbul olduğumuz gündən etibarən müəllim və komandir heyətinin diqqət və qayğısı ilə əhatələnmişik. Ali Baş Komandanın göstərişi ilə bizim lisey əsaslı şəkildə təmir olundu və yenidənqurma işləri aparıldı. Bu isə biliyimizin hərtərəfli artırılmasına müsbət təsir göstərdi. Müəllimlərimizin təcrübəsindən bəhrələnərək Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda yüksək nəticə göstərdim. Bunun üçün də müəllim və komandir heyətinə öz təşəkkürümü bildirirəm. Ümid edirəm ki, mən və kursant yoldaşlarım gələcəkdə Azərbaycan Ordusunda yüksək rütbəli zabitlər olacaq və Vətənimizin müdafiəsini təmin edəcəyik".
Kursant Rəvan Babayev də imtahanlarda yüksək nəticə göstərib. O, 2020-ci ildə qəbul imtahanında 217 bal toplayaraq liseyə daxil olub. "Liseydə yüksək səviyyədə təhsil almağımız üçün hər bir şərait yaradılıb. Burada müasir standartlara cavab verən siniflər, fizika-kimya labaratoriyaları sayəsində nəzəri və praktiki biliklərimizi artırırıq. Tədris prosesində müəllimlərin köməkliyi ilə lazımi məlumatlar əldə edirik. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul balımın 217 olmasına baxmayaraq müəllimlərin səyi nəticəsində 2022-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanında 250 bal topladım. Bu isə təhsil ocağında tədrisin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Ümid edirəm ki, Heydər Əliyev adına Hərbi İnstitutu da müvəffəqiyyətlə bitirəcək, rəşadətli Azərbaycan Ordusu sıralarında xidmət edəcəyəm".
 
Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"