Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2022 12:45

Azərbaycan Ordusunda hərbi topoqrafiyanın rolu danılmazdır

Topoqrafiya geodeziya elminin bir hissəsi olub (yunan dilindən tərcüməsi "topo" - ərazi, "qrafo" - təsvir etmək), ərazinin təsviri deməkdir. Hərbi termin kimi "ərazi" döyüşün aparılması və ya döyüş tapşırığının yerinə yetirilməsi planlaşdırılan sahə nəzərdə tutulur. Döyüşün aparılmasına, təşkilinə, hücum və müdafiədə qoşunların tərtiblənməsinə, döyüş texnikalarının tətbiqinə təsir göstərən amillərin mütləq öyrənilməsi vacib şərtlərdir ki, hərbi topoqrafiya ixtisasında qeyd olunan məsələlər dərindən izah olunur. Bu sahənin dünyanın istənilən ordusunda xüsusi yeri var və bu mövzunu dərindən mənimsəmək hərbi fəaliyyətin düzgün təşkilində mühüm əhəmiyyət kəsb edir.
Belə ki, hərbi taktikanın mühüm hissəsi olan hərbi topoqrafiyada qazanılmış nəzəri biliklər, praktiki vərdişlər komandir və şəxsi heyətin döyüş fəaliyyətində böyük rola malikdir. Hər bir qoşun növü ilə sıx əlaqəli olan bu sahənin tarixinə nəzər salsaq görərik ki, dünya tarixində baş verən müharibələrin gedişatının, müqəddəratının kökü məhz bu elmlə birbaşa və yaxud bilavasitə əlaqəlidir. Real döyüş şəraitində komandirin ərazini dərindən öyrənməsi, günün müxtəlif vaxtlarında hərəkət etmə, səmtləmə bacarığı və digər zəruri bacarıqlar sayəsində uğur qazanması mümkündür. Əlavə olaraq döyüşün tərkib hissələrindən olan hərbi texnikaların və bölmələrin irəliləməsi zamanı ərazinin keçilmə imkanının mütləq qiymətləndirilməsi, onun qoruyucu xüsusiyyətləri (qoşunların ərazidə səpələnməsi, maskalanma tədbirləri və s.), səmtlənmə və müşahidə şəraiti də hərbi topoqrafiya elminin həyati əhəmiyyət kəsb edən mövzulardan ibarət olduğunu təsdiq edir.
Hərbi topoqrafiyanın vacibliyi və əhəmiyyətini nəzərə alaraq "N" hərbi hissəsində zabit Qədir Həsənovdan bu ixtisas haqqında zəruri məlumatlar aldıq. "Hərbi topoqrafiya elmində komandir heyəti ərazinin taktiki xüsusiyyətləri və təsnifatı barədə, ərazidə sadə üsullarla bucaq və məsafələrin təyini mövzusunda məlumatlar əldə edir. Ərazi döyüş tapşırıqlarının icra edildiyi yer olaraq nəzərdə tutulur. Bunun üçün də ərazinin taktiki xüsusiyyətlərinə, relyefinə, mövsümi dəyişikliklərinə xüsusi diqqət yetirmək lazımdır. Topogeodeziya təminatı dedikdə verilən tapşırıqların uğurla yerinə yetirilməsi üçün qərargahlara, qoşunlara zəruri məlumatların hazırlanması və göndərilməsi ilə bağlı tədbirlər kompleksi başa düşülür. Döyüşə hazırolma və döyüşün aparılması üçün ərazinin öyrənilməsində, qiymətləndirilməsində, həmçinin silah və texnikadan səmərəli istifadə edilməsində bu təminat növünün hazırladığı məlumatlar mühüm əhəmiyyət kəsb edir. Məsələn, artilleriya qurğularından atışlar zamanı hədəf koordinatlarının təyin edilməsi dəqiqliyinin artırılması və səmərəliliyin yüksəldilməsi, alçaqdan aparılan aviasiya uçuşları zamanı ekipajlara yer səthinin relyefi və ərazidəki tikililərin nisbi hündürlükləri haqqında daha dəqiq məlumatların verilməsi topogeodeziya təminatının əsas tapşırıqlarındandır. Dövrün müasir tələbləri nəzərə alınaraq, məlumatlar dəqiq və etibarlı olmalıdır. Bu gün Müzəffər Ali Baş Komandanın orduya göstərdiyi yüksək diqqət və qayğı nəticəsində bizim də təchizatımız modern tələblər səviyyəsində qurulur", - deyə zabit bildirdi.
Zabit İlqar Rəhimov Hərbi Topoqrafiya Xidmətində görülən işlərlə bağlı məlumat verdi. "Hərbi Topoqrafiya Xidməti Azərbaycan Ordusunda topogeodeziya təminatından irəli gələn tapşırıqların həyata keçirilməsinə cavabdehdir. Azərbaycan Ordusunun sifarişlər əsasında topoqrafik xəritələrlə və kartoqrafik təsviredici materiallarla təmin edilməsi, çöl topoqrafiya işlərinin həyata keçirilməsi, Azərbaycan Ordusunun hissə və müəssisələrinin topogeodeziya təminatı ilə bağlı vəziyyətini daim nəzarətdə saxlaması, rəhbəredici sənədlərin, təlimat və ədəbiyyatların tərtib olunması Hərbi Topoqrafiya xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Ordusunda bu sahə üzrə ixtisaslaşmış zabitlərlə yarışların, təlim metodiki toplanışların keçirilməsi, inkişaf etdirilməsi və müasir tələblər çərçivəsində saxlanılması üzrə tədbirlər görülür".
Keçirilən yarışların, görülən işlərin əhəmiyyətindən danışan zabit Fərid Ağayev bu sahənin inkişafının, təminatının yuxarı komandanlığın diqqətində olduğunu bildirdi. "Təsdiq olunmuş illik döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda hərbi topoqraf ixtisaslı zabitlərlə "Ən yaxşı topoqraf" adı uğrunda yarışlar keçirilir. İştirakçılar ərazidə səmtləşmə, mövqe təyin edən cihazlar vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir geodeziya cihazlarının normativə əsasən quraşdırılması, müasir proqramların tətbiqi ilə topogeodeziya təminatı tapşırıqlarının icrası, fiziki hazırlıq və digər elementlər üzrə bacarıqlarını nümayiş etdirirlər. Yarışda ən çox bal toplayan hərbi qulluqçu "Ən yaxşı topoqraf" adını qazanır və komandanlıq tərəfindən mükafatlandırılır".
Fəaliyyətin praktiki hissəsində öyrəndik ki, hərbi topoqrafların ərazidə səmtləşmə, GPS vasitəsilə dayanma nöqtəsinin koordinatlarını təyin etmə, müasir proqram təminatını düzgün istifadə etmə bacarıqları sınaqdan keçirilir. Zabit Zaur Ağayev topoqrafik alətlərlə ərazidə ölçü işlərinin aparılmasından danışdı. "Müdafiə Nazirliyinin birlik, birləşmə, qoşun növlərinin sifarişləri əsasında müasir elektron geodeziya alətlərindən istifadə edərək çöl topoqrafiya işləri həyata keçirilir. Bunun üçün ərazi sxeminin təyinatı önəmli faktordur. Ərazi sxemi - kiçik ərazinin və ya hərəkət marşrutunun böyük miqyasda əl ilə çəkilmiş sadə çertyojudur. Bu sxem bölmə komandirləri tərəfindən topoqrafik xəritə və aerofotoşəkil əsasında, yaxud bilavasitə ərazidə bucaqölçən və naviqasiya alətlərindən istifadə edərək gözəyarı planaalma üsulları ilə tərtib olunur. GPS Yerin süni peyklərindən istifadəyə əsaslanmış və Yer kürəsinin istənilən rayonunda, istənilən zaman anında və hava şəraitində obyektlərin koordinatlarını, yüksəkliyini, hərəkət sürətini və vaxtı təyin etmək imkanına malik, dövrümüzün ən mühüm radionaviqasiya sistemidir. GPS-in koordinatların təyin edilməsində rolu çox böyükdür. Belə ki, piyada qoşunları, maşınların, helikopterlərin, gəmilərin və s. hərəkəti üçün GPS zəruri ehtiyacları ödəmək qabiliyyətindədir. Bu alət vasitəsi ilə elektron kompasın istifadəsi ilə üfüqün cəhətlərinin təyin edilməsi, daxil olan koordinata görə hədəfin tapılması, sahənin ölçülməsi, yüksəklik və çökəkliyin təyin olunması fəaliyyətləri icra olunur. GPS-də yüzdən çox nöqtənin koordinatlarını yaddaşa yükləmək, hərəkətin sürətini və lazımi nöqtəyə çatmaq vaxtını hesablamaq asanlaşır".
Sonra kapitan Firuz Cəbrayılov xəritələrin elektron və kosmik görüntülər əsasında yoxlanılmasının xüsusi avadanlıqlarla təchiz edilmiş otaqlarda həyata keçirildiyini bildirdi. "Topoqrafik xəritələrdə obyektlərin (sahə, xətt, nöqtə), simvolların, yazıların oxunaqlığı və dəqiqliyi yoxlanılır. O cümlədən yeni kosmik şəkillər əsasında topoqrafik xəritələrin ərazi uyğunluğunun və ərazidə xəritələrin mövqe doğruluğunun yoxlanılması fəaliyyətlərinə də xüsusi diqqət yetirilir".
Firuz Cəbrayılovla birlikdə ərazi maketi və xəritə saxlancı olan otaqlara baş çəkdik. Ərazi maketinin hazırlanması prosesi müasir avadanlıqların tətbiqi ilə aparılırdı. Gizir Cəmil Muradov bildirdi ki, təchizatımızda olan müasir cihazların tətbiqi ilə xəritə üzərində müəyyən olunmuş ərazinin natura (yer) üzərində relyefi və obyektləri nəzərə alınmaqla təyin olunmuş miqyasa görə təsvirini təmin edirik. Cihaz ərazinin görüntüsünü zəruri materialın üzərində əks etdirir, ərazinin horizontalları (yüksəklik, çökəklik və s.) nəzərə alınaraq təsviri formalaşır və müəyyən zəruri fəaliyyətlər yerinə yetirildikdən sonra yekunlaşır. Sifariş əsasında, maket hazır olduqdan sonra Müdafiə Nazirliyinin birliklərinə, birləşmə, qoşun növlərinə göndərilir".
Xəritə saxlancında xidmət aparan baş gizir Teymur Vəliyev söhbətimiz zamanı qeyd etdi ki, buradan Azərbaycan Ordusunun birlik, birləşmə, qoşun növü və müxtəlif hərbi təyinatlı müəssisələrindən daxil olan sifarişlər əsasında topoqrafik xəritələrin şəhər planlarının çeşidlənib hazırlanması və aidiyyəti üzrə göndərilməsi təmin edilir.
Bu gün sevindirici haldır ki, işğaldan azad olunan ərazilərimizin xəritələri yenilənir və tarixi torpaqlarımızda düşmən mövqeləri anlayışı yoxdur.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"