Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2022 15:15

Narkomanlığa qarşı mübarizə cəmiyyət üçün cəmiyyət vasitəsilə aparılmalıdır

Bəşəriyyətin üzləşdiyi ciddi problemlərdən biri də insanları, insanların timsalında dövləti fəlakətə yönəldən narkomanlıqdır. Narkomanlıq cinayətkarlığa aparır, cinayətlər cəmiyyətin sosial durumunu ciddi şəkildə pozur ki, bu da cəmiyyətin sabahı adlandırılan gəncliyin mənəvi şikəstliyinə, nəticə etibarilə dövlətin dövlətçilik təsisatlarında problemlərin yaranmasına səbəb olur.
XVIII əsrin əvvəllərindən XX əsrin sonlarına kimi narkomaniya dünyanın müxtəlif yerlərində dağıdıcı fəsadlar törətmişdir. Əgər daha geniş miqyasda, daha kəskin tədbirlər görülməsə, bu, qarşısıalınmaz təhlükəyə çevriləcəkdir. Dünya dövlətləri bu çevrilmənin qarşısının vaxtında və qətiyyətlə alınması üçün qabaqlayıcı tədbirlər görür, gərəkli dövlət proqramları reallaşdırır. Bu istiqamətdə dünyəvi, bəşəri dövlət kimi Azərbaycanda da müxtəlif zəruri tədbirlər görülüb, görülür, görüləcəkdir.
Müasir dövrdə bəşəriyyəti düşündürən qlobal problemlərdən biri ciddi bəlaya, təhlükə mənbəyinə çevrilən narkomaniyadır.
İnsanları fəlakətə sürükləyən, cinayətlərə səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi insanları tədricən məhv edir. XX yüzilliyin sonunda narkomaniya müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vurub, qarşısıalınmaz təhlükəyə çevrilib.
Milli Məclis 1999-cu il iyunun 18-də "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanun qəbul etdi. Bu qanun respublikada narkomanlığa qarşı aparılan mübarizənin sistemləşdirilməsində, məqsədyönlülüyündə, daha şəbəkəli olmasında əhəmiyyətli rol oynadı.
Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırırdı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram (2000-2006-cı illər)" müstəsna əhəmiyyətə malik oldu. Bu istiqamətdə mübarizə məhz bu sənədə əsaslanmaqla aparılırdı...
Narkomaniya orqanizmi zəiflədir, fiziki gücü azaldır. Belə olduğu halda cəmiyyətin sabahları necə olar? Dövlət, dövlətçilik necə qorunar? Narkomanlığın yayılması mexanizmi də son dərəcə qorxulu proqnozlar verir: orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qaraciyərin və böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Narkomaniyanın yaratdığı "Hepatit B" virusu qaraciyər iltihabına səbəb olan çox təhlükəli xəstəlikdir. Narkomanlar arasında geniş yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris, eləcə də virus hopmuş digər alətlərin birgə istifadəsi səbəb olur. Bu zaman hər bir xəstəliyə, o cümlədən "HİV"-ə və "QİÇS" xəstəliyinə yoluxma ehtimalları da mövcuddur. Mübarizə dönməzləşməlidir ki, meyil zəifləsin, aradan qaldırılsın, belə yayılmalar olmasın.
Narkomanlığa qarşı mübarizədə səmərəliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış Dövlət Komissiyası da, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş, 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Milli Proqram" da, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" da respublikamızda bu istiqamətdə çox ciddi mübarizə sistemi yaradıldığının təsdiqidir. Bu sistem cəmiyyətin "ağ ölümə" mübtəla olmasının qarşısını almaqda, mövcud faktların aradan qaldırılmasında yüksək mübarizə şəbəkəsidir. Cəmiyyət, bu sıradan hüquq-mühafizə orqanları şəbəkənin mübarizə daşıyıcılarıdır...
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Bu Proqramın məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəni daha da gücləndirmək, antinarkotik təbliğatı həm məzmun, həm də forma baxımından genişləndirmək, ictimai maarifləndirmə işinin əhatəliliyini təmin etmək, cəmiyyəti bu mübarizəyə cəlb etmək və s.-dir.
Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, vətəndaşların sağlamlığının, cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin qorunması həmişə dövlətin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifələrinin tərkib hissələrindən biri olub. Bu istiqamətdə aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq kimi cəmiyyətə dağıdıcı təsir göstərən bir problemin həlli üçün həm cəmiyyətin, həm də dövlətin və qeyri-hökumət təşkilatlarının bu istiqamətdə fəaliyyəti birləşdirilir, narkomanlığa qarşı kompleks mübarizə aparılması təmin edilir.
Gənclər arasında müxtəlif miqyaslarda və müxtəlif tədbirlərdə sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında istər elmi, istərsə də həyati faktlar əsasında geniş söhbətlər, müzakirələr, disputlar təşkil edilməsi yeniyetmələrin gənc kimi, gənclərin əsl vətəndaş kimi formalaşmasında son dərəcə gərəkli olardı. İctimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemlərin həllinə yönəldilməsi məqsədilə rayonun idarələrinin, müəssisələrinin və təşkilatlarının birgə fəaliyyəti nəticəyə hesablanmış tədbirlər kimi dəyərləndirilməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə istiqamətində rayonlararası təcrübə mübadiləsi də səmərəli olardı. Belə tədbirlərdə hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı gələcək fəaliyyətin istiqamətlərini müəyyənləşdirməkdə gərəkli nəticələri təmin edərdi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "...Coğrafi mövqeyindən, ictimai-siyasi quruluşundan, inkişaf səviyyəsindən, iqtisadi vəziyyətindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir..."
BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Bəyannaməsinə əsasən, 26 iyun "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya Mübarizə Günü" kimi qeyd olunur. Azərbaycanda bu istiqamətdə bütün günlərin mahiyyəti 26 iyun gününün mahiyyətinin eynidir, yəni, Azərbaycanda bu mübarizə müntəzəmdir, kəsilməzdir, dönməzdir...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin 2009-cu il aprelin 21-də Bakıda keçirilən konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunun da mahiyyətində narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gərəkliyi dayanır:  "...Terrorizm, separatizm, silahların və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılması kimi cinayətlər transmilli xarakter daşıdığından dövlətlərin birgə dinc yanaşı yaşamasına ciddi təhlükə yaradır. Ona görə də xalqlarımızın ümumi rifahına nail olmaq, təhlükəsizliyi təmin etmək məqsədilə sosial-iqtisadi, siyasi  tədbirlərlə yanaşı, cinayətkarlığa qarşı mübarizənin səmərəli şəkildə həyata keçirilməsi də vacibdir..." Prezidentimizin bu kəlamlarını, bu tarixi fikirlərini yekunlaşdıran vaciblik amili dövlətimizin daxili siyasətinin tərkib hissələrindəndir...
Narkomaniya indi təkcə tibbi problem deyil, yayılma arealına və səviyyəsinə görə böyük sosial problemdir. Buna görə də ona qarşı mübarizə sosial həyatın bütün tərəflərini əhatələməlidir.
Narkomaniyanın yayılması millətin sağlam həyat tərzinə təhlükə törədir. Bu mübarizə hüquq-mühafizə orqanları və cəmiyyət üçün cəmiyyət vasitəsilə aparılır...

Azər ƏLƏKBƏRZADƏ Şəmkir Hərbi Prokurorluğunun müstəntiqi