Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2022 15:15

“Teknofest Azərbaycan-Türkiyə qardaşlığının öz gənclərinə olan inamının təsdiqidir”

Elm və texnologiyanın müasir dövrün tələbləri əsasında qurulması və inkişaf etdirilməsi gənc nəslin üzərinə düşən əsas vəzifələrdən biridir. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə keçirilən görüşdə dediyi fikirlərdə tərəqqinin və inkişafın təməlində təhsil və bilik səviyyəsinin dayanması xüsusi vurğulanmışdı. "...Elmin, təhsilin inkişafı, infrastruktur layihələrinin icrası - bütün bunlar ölkəmizi gücləndirir... Əlbəttə, mən çox istərdim ki, Azərbaycanda alimlər ixtiralar ortaya qoysunlar, dünya elminə töhfələr versinlər. Əminəm ki, bu olacaq. Amma indiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Bu gün artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi dəyişir. O qədər də böyük orduya malik olmayan ölkələr bəlkə də hərbi cəhətdən ən güclü ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin (İnformasiya və Kommunikasiya Texnologiyaları), kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir. Xüsusilə bu, gənclərə aiddir. Burada təhsil, bilik ön plandadır…" Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinə bu gün müdrik, uzaqgörən siyasətin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi diqqət yetirir. Bu gün dövlətimizin inkişafı üçün yüksək intellektual potensiala malik gənclərin yetişdirilməsi dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas tapşırıqlardan biridir. Belə ki, gələcəyin qurucuları olan gənclərdə yeni texnologiyaya marağın artırılması, innovativ təşəbbüsün möhkəmləndirilməsi məqsədilə ölkə rəhbərliyi tərəfindən mühüm layihələr həyata keçirilir. Təsdiq edilmiş Dövlət Proqramları çərçivəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almaqdadır. Dövlət Proqramları çərçivəsində gənclərimizin həm ölkə hüdudlarında, həm də ölkə sərhədlərindən kənarda keçirilən elmi, texnoloji, intellektual sahələrdə təcrübə keçməsi, cəmiyyətin avanqard qüvvəsinə çevrilməsi ölkəmizin də seçdiyi prioritet istiqamətlərdəndir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən, paytaxtımızda keçirilən "TEKNOFEST  Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının hazırladığı "Xilaskar" pilotsuz uçuş aparatı "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülüb. Bu münasibətlə Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən professor, general-leytenant Heydər Piriyev Heydər Əliyev adına Hərbi İnstitutun "Hərbi Hava Qüvvələri" komandasını təltif edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb, nailiyyətlərini davam etdirmələri istiqamətində öz tövsiyələrini verib.
Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Hava Qüvvələri fakültəsinin kursantları Davud Hüseynəliyev, Nihad Əşrəfov, Nicat Məcidov və Ruslan Sultanov 15 kilometr radiusda hərəkət etmək qabiliyyətinə malik, təminat tapşırıqları təyinatlı "Xilaskar" pilotsuz uçuş aparatını hazırlayaraq festival çərçivəsində keçirilən müsabiqəyə təqdim ediblər. Nəticə etibarilə "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülərək medal, sertifikat, kubok və pul mükafatı ilə təltif ediliblər. Bu münasibətlə festivalda fərqlənən kursantlarımızla görüşdük. İlk müsahibim Nicat Məcidov oldu. Yarışın şərtləri və keçirilməsi ilə bağlı bizi məlumatlandıran kursant dedi: "Keçirilən Aviasiya, Kosmik və Texnologiya Festivalı - "TEKNOFEST"in beynəlxalq "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə şərtlərinə əsasən, ali təhsil müəssisələri tərəfindən uçuş aparatı dizayn edilir, müsabiqədə iştirak üçün təqdim olunur. Nümayiş etdirilən PUA-lar münsiflər heyəti tərəfindən qiymətləndirilir və qarşıya qoyulan tapşırıq müxtəlif mərhələlərdə (həm video formatda, həm də praktiki tətbiqetmə ilə) tam düzgün yerinə yetirildiyi təqdirdə uğurla sonlanmış hesab olunur. Qısa vaxt ərzində ərsəyə gətirdiyimiz "Xilaskar" pilotsuz uçuş aparatı 15 kilometr radiusda hərəkət etmək qabiliyyətinə malik müxtəlif təminat (ərzaq, tibbi ləvazimat, təchizat və s.) tapşırıqlarını icra edə bilmək imkanına malikdir. "Güclü komandalar var idi, inanmaq çətin idi ki, ilk dəfə iştirak etdiyimiz bu səviyyəli, mötəbər festivalda belə bir nəticə qazanacağıq. Əziyyətimiz bəhrəsiz qalmadı, üçüncü yerə layiq görülmək də bizim üçün böyük uğurdur. Komanda yoldaşlarım Davud Hüseynəliyev, Nihad Əşrəfov, Ruslan Sultanovla TÜBİTAK-ın prezidenti Hasan Mandal tərəfindən təltif edildik. Hər birimiz medallarla, komandamız isə kubok, sertifikat və pul mükafatı ilə təltif edildi. Ölkəmizdə aerokosmik texnologiyalara, müdafiə sənayesinə, rəqəmsal biliklərə malik və bu mövzularla yaxından maraqlanan soydaşlarımızı görmək mənim üçün həqiqətən qürurverici idi. "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının keçirilməsi gənclər siyasətinə və ölkəmizin tərəqqisinə, inkişafına yönəldilmiş fəaliyyətlərdən biri olaraq tarixləşdi. Bu cür tədbirlər sayəsində bizim timsalımızda bütün istedadlı gənclərimizə dəstək göstərilməsi, kadr potensialımızın gücləndirilməsi və digər zəruri məsələlər bir daha diqqət mərkəzinə çıxır və bu məsələlərin innovativ həlləri üçün əlverişli zəmin yaradılır".
Kursant Davud Hüseynəliyev də festivalla bağlı maraqlı fikirlər dedi: "Ölkəmizdə ilk dəfə təşkil olunan "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı ömrümdə silinməz izlər qoydu. Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Nobel mükafatı laureatı Əziz Səncərin və bütün türk dünyasına yaxşı tanış olan Selçuk Bayraktarın iştirak etdiyi mötəbər tədbirdə yer almaq ən əlamətdar hadisə kimi yaddaşıma həkk olundu. Həmçinin ölkəmizdə ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" müsabiqəsində kursant yoldaşlarımla birlikdə iştirak etdiyimiz üçün qürurlandıq. İlk dəfə iştirakçısı olduğumuz müsabiqədə fəxri kürsüyə yüksəlmək isə qürurumuzu daha da artırdı. Ən böyük arzumuz ölkəmizin müdafiə sənayesinin inkişafına öz töhfəmizi verməkdir. Bu tədbirdə çoxlu sayda gənc soydaşlarımızla tanış olduq. Onların hər biri elmə, texnologiyaya dərin marağı olan gənclər idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi "Hər məsələdə olduğu kimi, müdafiə sənayesində də gənclərimizin biliklərinə, enerjisinə, əzminə, səylərinə güvənirik. "TEKNOFEST" məhz bu güvənin rəmzi olan tədbirdir" fikri Azərbaycan-Türkiyə qardaşlığının öz gənclərinə olan inamının təsdiqidir. Biz bundan sonra da ölkələrimizin uğurları üçün çalışacaq, texnoloji yeniliklərə, müasir elmi düşüncələrə əsaslanan fəaliyyətlərimizi uğurla davam etdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik", - kursant belə dedi.
Kursant Nihad Əşrəfov da əlamətdar günün iştirakçısı olmaqdan və komandanlıq tərəfindən təltif olunmaqdan qürur hissi keçirdiyini bildirdi: "Bu gün sevincimizin həddi-hüdudu yoxdur. General-leytenant Heydər Piriyevin bizimlə görüşməsi, bizləri təltif etməsi hər birimiz üçün əvəzolunmaz stimul oldu. Göstərilən diqqət və qayğı hər birimizin əhval-ruhiyyəsinə müsbət təsir göstərməklə yanaşı, qarşıdakı xidmətimizin məsuliyyətini daha da artırır və qarşıda qazanılacaq yeni uğurlara səsləyir. Festivalda texnologiya və elm dahiləri ilə birlikdə olmaq, Əziz Səncər, Selçuk Bayraktar kimi mütəxəssislərdən məsləhətlər və təbriklər almaq çox qürurvericidir. Üzərimizə düşən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gəlməyə çalışacağıq. Çünki bu, bizim həm hərbçi, həm də vətəndaşlıq borcumuzdur".
Kursant Ruslan Sultanov qeyd etdi ki, müasir dövrün tələbləri çərçivəsində təşkil olunan "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı müddətində çoxsaylı şagird, tələbə, yerli və xarici vətəndaşların iştirak etməsi və Müdafiə Nazirliyimizin pavilyonlarına maraq göstərməsi və Türkiyə-Azərbaycan qardaşlığının böyük təzahürü hər bir vətənpərvər türk övladı üçün fəxr olunası hadisədir. Müsabiqədə ilk dəfə çıxış etməsinə baxmayaraq, komandamız üçüncü yeri tutdu. Təbii ki, könül istərdi ki, birinci olaq, lakin birinci olanlar da bizim əziz və doğmalarımız idi, o qədər də məyus olmuruq. "TEKNOFEST" boyunca səmada süzən Hərbi Hava Qüvvələrinin şahinlərinin şousu, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının təqdim etdiyi müxtəlif çıxışlar hər birimizin marağına səbəb oldu. Həmçinin qonaqlar Müdafiə Nazirliyimizin stendləri ilə də tanış oldular, burada nümayiş etdirilən nümunələri böyük maraqla qarşıladılar. Müstəqillik Günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin, qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalı ziyarət etməsi hər birimizə könül xoşluğu aşıladı. Dövlət başçılarının Azərbaycan-Türkiyə qardaşlığı, birliyi, gücü haqqında çıxışları hamımızın qəlbini fərəhləndirirdi. "TEKNOFEST Azərbaycan" festivalı bizim birliyimizdən əlavə, gücümüzün və müttəfiqliyimizin də bütün dünyaya nümayişi oldu. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!"
Sonda Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakültəsinin baş müəllimi mayor Qurban Paşayev festivalın tarixindən və ölkəmizdə möhtəşəm təşkilindən danışdı. "2018-ci ildən etibarən hər il təşkil olunan "TEKNOFEST" Aviasiya, Kosmos və Texnologiya Festivalında 2021-ci ildən iştirak edən ölkəmiz bu il mayın 26-29 tarixlərində adı çəkilən festivala ev sahibliyi etdi. "TEKNOFEST"in Türkiyə hüdudlarından kənarda ilk dəfə məhz paytaxtımızda keçirilməsi və 28 May - Azərbaycan Respublikasının Müstəqillik Gününə təsadüf etməsi iki ölkə arasındakı münasibətlərin möhkəmliyinin və sarsılmazlığının göstəricisi idi. Məlumdur ki, ölkəmizdə keçirilən festival maraqla qarşılandı. Burada Azərbaycan Ordusunun da şəxsi heyəti iştirak edirdi. Tədbir boyunca keçirilən hava şoularında ordumuzun dəmir şahinləri - Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin təcrübəli pilotları solo və komanda şəklində uçuşlar həyata keçirdilər. Onlarla birlikdə qardaş Türkiyənin "Türk Ulduzları" və "Solo Türk" aerobatika komandalarının, helikopterlərinin və PUA-ların da iştirakı ilə nümunəvi uçuşlar yerinə yetirildi. Bundan başqa, Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda arsenalımızda olan müasir hərbi-texniki avadanlıqlar ziyarətçilərin böyük marağına səbəb oldu. Hər iki ölkənin elm və təhsil nümayəndələrinin, gənclərinin (şagird və tələbələr), vətəndaşlarının iştirakı ilə keçirilən festivalda nümayiş etdirilən şou-proqramlar, burada salınmış müxtəlif pavilyonlarda texnika, layihə və məhsullarla (müxtəlif texnologiyalar, müdafiə sənayesi, innovativ sahibkarlıq və s. təyinatlı) tanışlıq və müxtəlif innovativ attraksionlarda və simulyatorlarda turlar təşkil olundu. Bir sözlə, bu festival Azərbaycan və Türkiyənin qardaşlığının, müttəfiqliyinin təsdiqi ilə yanaşı, hər iki ölkənin gənclər siyasətinə, dövrün standartlarına, elmi tərəqqiyə verdiyi önəmin də təzahürü oldu. Belə tədbirlər gələcəyimizin memarları olacaq gənclərin ölkə tərəqqisinə, iqtisadi, elmi, texnoloji inkişafına təkan verəcək amillərdir. Bunun üçün də ilk dəfə paytaxtımızda keçirilən gəncliyin bilik yarışı, texnologiya festivalı olan "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı uzun illər yaddaşlarda qalacaq, gələcəkdə ölkəmizin alim, mütəxəssis və mühəndislərinin yetişməsinə mühüm təkan verəcəkdir.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"